ADA Universiteti
və “Təmiz Şəhər” ASC yay
düşərgəsi təşkil edib
Bu gün ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay düşərgəsi öz işinə başlayıb.
Bu barədə AZƏRTAC-a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev yeniyetmələrin düşərgədə faydalı biliklər əldə edəcəyini bildirib. Rektor yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verəcəyinə diqqət çəkərək düşərgə iştirakçılarının əldə etdikləri biliklərin onların gələcək inkişafında xüsusi əhəmiyyət daşıyacağını söyləyib.
“Təmiz Şəhər” ASC-nin rəhbəri Etibar Abbasov da yay düşərgəsinin yeniyetmə və gənclər üçün əhəmiyyətindən danışıb. O, gənclərin öz gələcək karyeralarını çox vaxt bu cür məktəblərdə qurduqlarını, “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsinin sonradan səhmdar cəmiyyətdə işlə təmin olunduğunu deyib. E.Abbasov budəfəki yay düşərgəsi iştirakçıları arasında da gələcək ADA Universiteti tələbələrinin və “Təmiz Şəhər” ASC əməkdaşlarının yetişəcəyinə əmin olduğunu bildirib.
Məktəblilərin (13-17 yaşlı) birinci qrupu iyunun 20-dən iyulun 1-dək, ikinci 40 nəfərlik qrup isə iyulun 4-dən 15-nə kimi düşərgədə olacaq.
Düşərgə proqramı akademik və yaradıcı hissədən ibarət
olacaq. İştirakçıların ümumi dünyagörüşü,
məntiqi və tənqidi təfəkkürü inkişaf etdiriləcək, onlar
yeni dostlar qazanacaqlar. Yeniyetmələr üçün
kommunikasiya, media, fotoqrafiya, kompyuter
proqramı təminatı kimi sahələr
üzrə də dərslər keçiriləcək. Bununla
yanaşı, məktəblilər tullantılarla rəftar, ətraf
mühitin qorunması, Bakıda
tullantıların idarə olunması ilə bağlı təlimlərdə
iştirak edəcək, “Təmiz Şəhər”in
Balaxanı qəsəbəsindəki tullantıların
çeşidlənməsi və yandırılması
zavodlarının iş prosesi
ilə yerində tanış olacaqlar.
Həmçinin Qala qəsəbəsində
yerləşən “Tullantıdan Sənətə” muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallardan istifadə edərək müxtəlif
əşyaların hazırlanması öyrədiləcək.
Azərbaycan.- 2016.- 21 iyun.- S. 8.