Prezident İlham Əliyev Nardaran
qəsəbəsinin sakinləri ilə görüşüb
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşüb.
Qəsəbə sakinlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi işində çox əlamətdar bir gündür. Daxili yolların təmiri başa çatıb və biz bu gün birlikdə bu yolların açılışını qeyd edirik.
Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət etmiş, qəsəbəyə dəvət etmişlər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Bu gün bu yollar açılır. Mən çox şadam ki, artıq bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, genişlənib. Köçürülmüş binalar üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə qəsəbə sakinləri də iştirak edirlər. Yəni, bu, gözəl layihədir. Bu layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşır. Demək olar ki, bu infrastruktur layihələrinin böyük əksəriyyəti artıq həll olunub. O ki qaldı yol infrastrukturuna, əlbəttə ki, bu infrastruktur digər layihələrlə uzlaşmalıdır. Xüsusilə kanalizasiya xətlərinin çəkilişi ön planda olmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın.
Bakı bizim gözəl şəhərimizdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə ki, Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə, qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq.
Əlbəttə, iş yerlərinin açılması prosesi daim getməlidir. Son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb, ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Ancaq, eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı, bax, bu demoqrafik vəziyyətə uyğun şəkildə inkişaf etməlidir. Ona görə, iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər ərzində bir milyondan artıq iş yeri yaradılıbdır, biz, əlbəttə, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir, dövlət, özəl sektor sərmayə qoymalıdır. Buna görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir.
Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır. İctimai infrastruktur yaradılır - məktəblər, tibb mərkəzləri, ictimai binalar, parklar. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində çox gözəl şərait olsun, o cümlədən Nardaran qəsəbəsində. Son aylar ərzində görülən işlər göz qabağındadır. Buna heç bir şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış yeridir. Burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir.
Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir. Mən bu yaxınlarda iftar süfrəsində bu məsələlərlə bağlı fikirlərimi bir daha demişəm. Azərbaycanda məscidlər, digər dinlərin məbədləri tikilir, təmir olunur. Biz nadir bir ölkədə yaşayırıq. Bunu biz yaratmışıq. Bütün dinlərin nümayəndələri rahat yaşayırlar və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə, bütün bu məsələlər kompleks şəkildə öz həllini tapır.
Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə dünya miqyasında oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının, onun rəhbərlərinin Azərbaycanla, Azərbaycanda gedən proseslərlə bağlı fikirləri, - bunlar mətbuatda dərc edilib, - bizdə dini məsələlərə onlar tərəfindən verilən yüksək qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı deyir. Bu təşkilat həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.
Yəni, Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib.
Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ XIX əsrdə Azərbaycan dünya neftinin yarısını verirdi, XX əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Ancaq Sovet İttifaqı dağılanda hamımız yaxşı xatırlayırıq biz nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın. Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir.
Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın, o cümlədən Nardaran sakinləri. Onların da bu işlərdə çox dəyərli töhfələri var. Əminəm ki, burada bundan sonra işlər daha da yaxşı gedəcək.
Mən bu gün xüsusilə Nardaran qəsəbəsinə gəlmişəm ki, bu mübarək Ramazan ayında sizinlə birlikdə olum, sizi, bütün Azərbaycan xalqını bir daha bu mübarək ay münasibətilə təbrik edim və bu gözəl yenilikləri biz birlikdə qeyd edək. Bundan sonra da daim yeniliklər olacaq. Bilməlisiniz ki, bu qəsəbənin problemləri digər qəsəbələrin problemləri kimi daim diqqət mərkəzindədir. Bu gün Bakıətrafı qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri bunu göstərir. Bütün qəsəbələrdə, harada ki, indi ehtiyac var, yol, su, kanalizasiya xətləri çəkilir, məktəblər tikilir, iş yerləri açılır. Bu proses daha da sürətlə getməlidir və gedəcək. Sizi bir daha salamlayıram, sizə uğurlar arzulayıram.
X X X
Göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Prezident İlham Əliyevə minnətdarlıq edən qəsəbə sakini Ağasəid ORUCOV dedi:
-Möhtərəm cənab Prezident, qəsəbəmizə xoş gəlmisiniz. İcazə verin, bu mübarək günlərdə öz dəyərli vaxtınızı sərf edib bizimlə görüşə gəldiyinizə görə qəsəbəmizin əhalisi adından Sizə minnətdarlığımızı bildirim.
Cənab Prezident, ölkəmizin hər yerində olduğu kimi, bizim Nardaran qəsəbəsində də gördüyünüz kimi, böyük abadlıq-quruculuq işləri həyata keçirilib. Qəsəbəmizdə qaz, su, işıq barədə demək olar ki, heç bir problem qalmayıb.
Prezident
İlham Əliyev: Həll olunub?
Ağasəid Orucov: Bəli, həll olunub. Dünyada iqtisadi-siyasi böhranın getdiyi bir dönəmdə ölkəmizin daxili və xarici siyasətində apardığınız
uğurlu işlərin
hamısını hər
birimiz xatırlayırıq,
hər birimizin bu barədə məlumatı var. Xüsusilə
qeyd etmək istəyirəm ki, son vaxtlarda, yəni, aprel ayının əvvəllərində ordumuzun
erməni işğalçılarına
qarşı apardığı
dörd günlük müharibədə Azərbaycan
əsgərinin göstərdiyi
şücaət, cənab
Prezident, Sizin təbirinizcə desək,
sübut etdi ki, Azərbaycan güclü dövlətdir,
onun güclü ordusu var. Bizim təbirimizcə desək,
həmin ordunun başında öz xalqını, Vətənini
canından da artıq sevən Sizin kimi Ali Baş Komandanımız var, cənab Prezident.
Prezident
İlham Əliyev: Sağ ol.
Ağasəid Orucov: Sizinlə
fəxr edirik, qürur duyuruq, cənab Prezident. Sizin məhz qətiyyətli siyasətiniz nəticəsində
Ermənistanın prezidenti
son qısa müddət
ərzində iki dəfə danışıqlar
masası arxasında oturmağa məcbur oldu. Biz bunu dünən də hiss etdik, gördük. Bu yolda Sizə
uğurlar arzu edirik. Cənab Prezident, Sizi əmin edirik ki, bütün Azərbaycan əhalisi kimi, Nardaran əhalisi də Sizin yürütdüyünüz
siyasəti bəyənir,
- bunu sözdə demirəm, həqiqətən
də belədir, - dəstəkləyir və
bu yolda Sizə uğurlar arzu edirik. İnanırıq
ki, inşallah, Sizin rəhbərliyiniz
ilə torpaqlarımız
tezliklə işğaldan
azad olunacaq. Bu mübarək Ramazan
günlərində Sizə
və ailənizə Ulu Tanrıdan cansağlığı, uzun
ömür arzulayırıq.
Allah Sizi qorusun,
cənab Prezident.
Prezident
İlham Əliyev: Çox sağ
olun.
X X X
Sonra Prezident
İlham Əliyev qəsəbə sakinləri
ilə söhbət etdi.
Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Adil
Vəliyev Prezident İlham Əliyevə son dövrlərdə Nardaranda
aparılan abadlıq-quruculuq
işləri barədə
məlumat verdi.
Qeyd etdi ki, qəsəbədə
Mədrəsənin tikintisi
davam edir.
Prezident
İlham Əliyev: Tezliklə mədrəsə
tikilməlidir və orada tədris prosesi başlamalıdır.
Mən şeyx həzrətləri
ilə bu yaxınlarda bu barədə danışmışam.
Ağasəid Orucov: Söküləndə
elə dedilər, cənab Prezident. Adil müəllim gəldi, camaatla görüş keçirdi.
Adil Vəliyev: Möhtərəm
Prezident, burada 9700 nəfər əhali yaşayır. İki tam orta məktəbin, xəstəxananın, poliklinikanın
binaları Sizin
göstərişinizlə tam təmir olunub. Burada iş yerləri ilə bağlı vaxtilə heç kəsə olmayan güzəştlər
edilib. Balıqçılıqla məşğuldurlar, özlərinin şəxsi
təsərrüfatları var, tədarük edirlər. Yeni iş yerlərinin yaradılması ilə bağlı tapşırıq
vermisiniz. Bununla bağlı İqtisadiyyat
Nazirliyi ilə danışmışıq, işlər
görüləcək.
Prezident
İlham Əliyev Nardarandakı “Rəhimə
Xanım” məscid-ziyarətgah
kompleksi ilə tanış olub
21 İyun 2016
İyunun
21-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə
Xanım” məscid-ziyarətgah
kompleksi ilə tanış olub.
Kompleksin
rəisi Hacı Ədalət dövlətimizin
başçısını salamlayaraq dedi: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident
İlham Əliyev:
Salam. Xoş gördük. Necəsiniz?
Hacı
Ədalət: Sağ olun. Siz necəsiniz?
Prezident
İlham Əliyev: Yaxşıyam. Sağ olun.
Hacı
Ədalət: Gələn
qədəmləriniz mübarək
olsun. Bu əziz
bayramda bizi yad etmisiniz. Xoş gəlib, səfa gətirmisiniz.
Prezident
İlham Əliyev: Bəli, mən xüsusi olaraq bu mübarək ayda gəlmişəm.
Hacı
Ədalət: Siz buraya əvvəl də gəlmisiniz, hədiyyəniz də var.
Prezident
İlham Əliyev: Bəli, olub. Yadınızdadır?
Hacı
Ədalət: Bəli.
Siz buraya iki hədiyyə
vermisiniz. Onlardan biri
pansionatdır.
Prezident
İlham Əliyev: Bəli, pansionatı vermişəm, düzdür.
Hacı
Ədalət: Buraya bir dənə də çilçıraq
hədiyyə etmisiniz.
Allah Sizə cansağlığı
versin.
Prezident İlham Əliyev: O vaxt burada ağsaqqallarla görüşmüşdüm. O görüşdə Siz də iştirak edirdiniz?
Hacı Ədalət: Bəli, Siz pansionatın sənədlərini şəxsən mənə verdiniz. Çox sağ olun, Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Çox sağ olun.
“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi Azərbaycanın ən qədim dini məbədlərindən biridir. VIII əsrdə inşa olunan bu ziyarətgah əhali və dövlət tərəfindən bu günədək qorunub saxlanılıb.
Qeyd edək ki, 1994-cü ildə ulu öndər Heydər Əliyev bu müqəddəs məkanı ziyarət edib.
Azərbaycan Prezidentinin dini və tarixi abidələrə qayğıkeş münasibəti burada da hiss olunur. Prezident İlham Əliyev 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışarkən bu ziyarətgahda olub. Dövlətimizin başçısının həmin vaxt bu müqəddəs məkan üçün 10 hektar torpaq sahəsinin ayrılması barədə qaldırdığı təşəbbüs nəticəsində ziyarətgahın ərazisi xeyli genişlənib. Prezident İlham Əliyev, həmçinin 2004-cü ildə bu dini kompleksə hədiyyələr təqdim edib.
“Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2016.- 22 iyun.- S. 3.