Bakıda atıcılıq
üzrə Dünya Kuboku
yarışının açılış mərasimi keçirilib
Bakı Atıcılıq Mərkəzində keçirilən 15 Olimpiya atıcılıq növü üzrə Dünya Kuboku yarışının iyunun 21-də açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının vitse-prezidenti Vladimir Lisin çıxış ediblər.
Çıxışında Azərbaycanda idmanın inkişafından danışan A.Rəhimov Bakıda mötəbər beynəlxalq yarışların keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib: “Bir neçə gün əvvəl Formula-1 Avropa Qran-prisinə yekun vuruldu. İndi isə atıcılıq üzrə Dünya Kubokunun növbəti mərhələsinə Bakıda start verilir. Bizim atıcılıq üzrə Olimpiya çempionumuz var. Zemfira Meftahətdinova idmanın bu növündə uğur qazanıb. Azərbaycanda keçirilən bütün yarışlar gənclərimizin uğur qazanmalarına, onların fiziki sağlamlıqlarına mühüm təsir göstərir”. Nazir yarışa qatılan bütün idmançılara uğurlar arzulayıb.
Hafiz Cəfərov və Vladimir Lisin də çıxışlarında Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb, iştirakçılara uğurlar diləyiblər.
Vladimir Lisin ötən il Azərbaycanda keçirilən birinci Avropa Oyunlarındakı xidmətlərinə görə Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentləri Rasim Rzayevə, Hafiz Cəfərova və atıcılıq üzrə dəfələrlə Azərbaycan çempionu Emin Cəfərova xüsusi sertifikat və xatirə hədiyyələri təqdim edib.
Çıxışlardan sonra
Azərbaycan Respublikasının dövlət himni
səsləndirilib və yarış rəsmi olaraq
açıq elan olunub.
Azərbaycan.- 2016.- 22 iyun.- S. 6.