Bakı bulvarı “Formula-1” həyəcanını daha da unudulmaz etdi

 

Dənizkənarı Milli Parkda müxtəlif millətlərin nümayəndələrini görmək mümkün idi

 Bakı Bulvarı ötən həftə sonu füsunkarlığı ilə daha da cəlbedici görünürdü. Səbəb isə “Formula-1” üzrə Avropa Qran-prisi ilə əlaqədar təşkil edilən əyləncə mərkəzləri və saysız-hesabsız əcnəbilər idi. Məkan hələ bir neçə il əvvəl Bakıda keçirilən “Eurovisionmusiqi yarışması və I Avropa Oyunları zamanı bütün dünyanın diqqətini özünə çəkmişdi. Bu dəfə isə Xəzərin boyunbağısı “Formula-1” tamaşaçılarını, sözün yaxşı mənasında, təəccübləndirdi.

İlk növbədə, yarış gözlənildiyi kimi, çox yüksək səviyyədə keçirildi. Bakı növbəti beynəlxalq sınaqdan uğurla, həm də üzüağ çıxdı. Yarış həyəcanı ilə bərabər, Bakı Şəhər Halqasının sərt dəmir karkaslarının arxasında yerləşən möhtəşəm Bakı Bulvarı “Formula-1” Avropa Qran-prisinin bilet sahiblərinə 16 iyundan başlayaraq dörd günlük bir bayram əyləncəsi yaşatdı. Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Bulvar boyu uzanan əyləncə zonaları, mədəniyyət sərgiləri və müxtəlif konsertlər insanların zövqünü oxşadı. İstənilən tribunaya bileti olan azarkeşlər üçün təşkil olunmuş Pit Yolu Gəzintisi zamanı “Formula-1” aləminə daha da yaxınlaşmaq mümkün oldu. Yarış günlərində - 17-19 iyunda dünya musiqisinin ən məşhur ulduzlarından - Kris Braun, Enrike İqlesiasFarel Vilyamsın bulvar ərazisində qurulmuş səhnədə çıxışları isə, sözün əsl mənasında, izləyiciləri coşdurdu.

Həmçinin həftəsonunda Bakı Bulvarını ziyarət edən hər bir qonaq yerli mədəniyyət nümunələri ilə də tanış oldular. İyunun 17-dən etibarən fəaliyyətə başlayan Azərbaycan Mədəniyyəti Guşəsində qonaqlar Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri, o cümlədən xalçaçılıq, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araqçın və çarıq hazırlanması, naxış tikmə və kəlağayı boyama ilə tanış oldular.

 

Paytaxtda tam fərqli mənzərə vardı

 Tədbirin keçirilməsindən əvvəl yaradılan şəraitlə yaxından tanış olmaq üçün biz də yarış məkanına, eləcə də Dənizkənarı Bulvara baş çəkdik. Əvvəlcə “Sahil” metrostansiyası istiqamətindəki girişdə yoxlamadan keçdik və əraziyə daxil olduq. İlk diqqətçəkən məsələ turistlərin gözləniləndən də çox olması idi. Az sonra onların yerli vətəndaşlarla necə qaynayıb-qarışdığının şahidi olduq. Bulvarboyu tamaşaçılara, o cümlədən paytaxt sakinləri və şəhərimizin qonaqlarına müxtəlif cür xidmət göstərən iaşə obyektləri fəaliyyət göstərirdi. Həmin iaşə obyektlərinin xidmətindən yararlanmaq üçün yaxınlıqdakı köşklərdən xüsusi yemək və içki kuponları əldə etmək lazım idi.

Yerli müğənnilərin ifa etdiyi mahnıların sədaları altında irəlilədik. Səhnədə konsertə hazırlıqlar gedirdi. Buna qədər isə səsgücləndiricilər vasitəsilə müxtəlif ritmik mahnılar səsləndirilirdi. Bir az irəlidə azarkeşlər açıq kinoteatrda, böyük monitor vasitəsilə “Formula-1” həyəcanı yaşayırdılar. Çəmənlikdə qoyulmuş xüsusi oturacaqlar, sərin içkilər, çaykofe isə bu həyəcanı daha da maraqlı etmişdi. Əsasən də turistlər hansı komandanın irəlidə, hansının geridə olmasını diqqətlə izləyirdi. Bu arada bir məqamı xüsusi vurğulamaq istərdik: istər “Eurovision” yarışması, istərsə də I Avropa Oyunları ərəfəsində Bakıya təşrif buyuran turistlərin əsasən qərbli və ingilisdilli olduğu diqqət çəkirdi. İndi isə paytaxtda tam fərqli mənzərə vardı. Demək olar ki, burada bütün xalqların, irqlərin nümayəndələri ilə rastlaşmaq mümkün idi. Uzaq Cənubi Afrikadan, Argentinadan tutmuş, Yaponiyaya qədər turist vardı. Təkcə bu amil “Formula-1”in dünya üzrə necə məşhur yarış olduğunu bir daha təsdiqlədi.

 

Xarici qonaqlar Azərbaycanın mədəniyyət və incəsənət incilərinə heyran oldular

 

Ölkəmizin tarixi sənətkarlıq və ticarət ənənələrinin sirlərini özündə əks etdirən Azərbaycan mədəniyyəti guşəsi, eləcə də “Formula-1” suvenirləri və komandaların rəsmi geyimlərinin satıldığı köşklər paytaxt sakinləri ilə yanaşı, qonaqların da xüsusi marağına səbəb olmuşdu. Müşahidələrimizə görə turistlər bu guşələrlə daha yaxından maraqlanır, suvenir hədiyyələr alır, könüllülərin tərcüməçiliyi ilə sənətkarları danışdırır, onlardan sənətin incəlikləri barədə məlumat öyrənirdilər. Satışa çıxarılan malların baha qiymətə təklif olunduğu diqqət çəkirdi. Məsələn, üzərində “Formula-1” yazısı olan 1 ədəd köynək 100-150, papaq 100, fincan 40, açarlıq 50 manata təklif olunurdu. Bəzi idman geyim dəstlərinin qiyməti isə 350-500 manat təşkil edirdi. Satıcı qiymətlərin baha olmasını malların orijinallığı ilə əlaqələndirirdi. Deyirdi ki, bu məhsullarla daha çox əcnəbilər maraqlanırlar. Yerli sakinlər çox az hallarda bu geyimlərdən və aksesuarlardan alırlar.

Valideynlərinin müşayiəti altında uşaqlar, həmçinin böyüklər də çoxsaylı əyləncə növlərindən istifadə edirdilər. Bəzisi 3D “Formula-1” simulyatorunda və elektromobillərdə yarışır, bəzisi 8 metr hündürlüyündəki dırmanma divarının ən yüksək nöqtəsinə qədər çıxmağa çalışırdı. Əyləncə zonasında müxtəlif maili enişyoxuşlarda skeyt və velosipedsürənlər öz məharətlərini nümayiş etdirirdilər. Təcrübəli akrobatlar batut şousu, motosikletçilər isə böyük dəmir kürənin içərisində mürəkkəb nömrələr göstərirdilər.

Ərazidə 3-4 metr boyu olan “Taxtaayaqlılar”, “şüşə adamlarda insanları əyləndirir, onlarla xatirə şəkli çəkdirirdilər. Yarış təşkilatçıları Ramazan ayı olduğundan oruc tutan ziyarətçiləri də yaddan çıxarmamışdı. Ərazidə bir neçə yerdə Ramazan çadırı quraşdırılmışdı və burada iftar zamanı oruc tutanlara pulsuz çay, xurma və müxtəlif şirniyyat növləri təklif edilirdi. Bulvarda müəyyən məsafədən bir tibb məntəqələri, məlumat mərkəzləri də fəaliyyət göstərirdi.

Satış məntəqələri istisna olmaqla, yuxarıda adları çəkilən bütün əyləncə xidmətləri pulsuz idi. Yeganə olaraq Bakı Şəhər Halqasının hər hansı bir tribunasına olan bilet tələb edilirdi.

Bir sözlə, 2016-cı il “Formula-1” Avropa Qran-prisinin elə bir unikal və görünməmiş əyləncəvi istirahət proqramı hazırlanmışdı ki, azarkeşlər bir dəqiqə belə darıxmağa imkan tapmırdılar. Şübhəsiz ki, “Formula-1” Avropa Qran-prisi və GP2 Dəstək yarışları ilə yanaşı, Xəzər dənizi sahilindəki gözoxşayan Dənizkənarı Milli Parkda təşkil edilmiş fərqli əyləncələr yarışların hər bir pərəstişkarında xoş təəssüratlar yaratdı və bu, avtomobil idmanı bayramını unudulmaz etdi.

Elgün MƏNSİMOV,

Azərbaycan.- 2016.- 22 iyun.- S. 7.