Azərbaycan investisiyalar
üçün çox
cəlbedici ölkədir
İlham ƏLİYEV: “Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq
maliyyə qurumları
qeyd edir”
Son illər ölkəmizdə
əhalinin etibarlı
sosial müdafiəsinin,
habelə vətəndaşların
yüksək rifah halının təmini istiqamətində həyata
keçirilən ardıcıl
tədbirlər respublikamızın
milli inkişaf modelinin sosialyönümlü
səciyyə daşıdığını
tam təsdiqləyib. Qlobal böhrana
baxmayaraq, vətəndaşların
sosial müdafiəsi ilə bağlı xərclər nəinki azaldılmamış, hətta
bir sıra sahələr üzrə artırılmışdır.
Azərbaycanda həyata keçirilən
sosial siyasətin əsas prioritetlərindən
biri bu sahədə
inkişaf indekslərinin
Avropa tələblərinə
uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi
mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı
ilə təsdiq olunmuş “2014-2020-ci illərdə
Azərbaycan Respublikasında
pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə
sosial müdafiə tədbirlərinin əhatəsinin
gücləndirilməsi, aztəminatlı
ailələrin maddi imkanlarının yaxşılaşmasına
yönəlik sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi
məqsədilə islahatların
həyata keçirilməsi,
sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması
ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.
Bütün bunlar bir daha
təsdiqləyir ki,
son 13 ildə inkişaf
göstəricilərinə görə dünya miqyasında lider mövqelərini qoruyub saxlamağa müvəffəq
olmuş Azərbaycanda
həyata keçirilən
siyasət insan amilinin yüksəlişinə
xidmət etmişdir. Cənab
İlham Əliyevin təşəbbüsü və
rəhbərliyi altında
ölkədə işsizlik
probleminin həlli, yeni sosial infrastruktur
obyektlərinin - təhsil,
mədəniyyət, səhiyyə,
rabitə müəssisələrinin
qısa müddət ərzində tikilərək
istifadəyə verilməsi,
yeni yolların, su, qaz, elektrik,
rabitə xətlərinin
çəkilişi son nəticədə
Azərbaycan vətəndaşının
mədəni-intellektual səviyyəsinin
yüksəlişinə, mənəvi-əxlaqi
dəyərlərin cəmiyyətimizdə
əsas meyara çevrilməsinə xidmət
edir.
Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə
yeni mərhələsində
insan və vətəndaş mənafeyinə
xidmət edən islahatların dərinləşdirilməsini
də vacib sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri
çərçivəsində yaradılmış “ASAN xidmət”
mərkəzləri qısa
müddətdə ictimaiyyətin
böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə
özəl sektorda geniş yayılmış
“müştəri məmnunluğu”
ideyasının geniş
tətbiqinə, dövlət
qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə
yeni müstəviyə
keçməsinə təkan
vermişdir. Vətəndaşlara göstərilən xidmətlərin
“vahid pəncərə”
əsasında həyata
keçirilməsi ölkədə
vətəndaş-dövlət münasibətlərini yeni
keyfiyyət mərhələsinə
yüksəltmişdir. Bu təşəbbüs vətəndaşların dövlətə
olan inam və etimadını, güvənini artırmaqla
yanaşı, ölkə
rəhbərinin neqativ
hallara qarşı mübarizədə prinsipial
siyasi iradə nümayişinin bariz təcəssümü olmuş,
respublikamızın beynəlxalq
arenada nüfuzu daha da yüksəlmişdir.
Dünyada maliyyə və iqtisadi böhranın yeni mərhələyə
keçdiyi bir şəraitdə Azərbaycanda
sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlər nəticəsində
bütün makroiqtisadi
parametrlər üzrə
inkişaf təmin edilib. İqtisadi aktivliyin hökumət
tərəfindən dəstəklənməsi
iqtisadiyyatın inkişaf
dinamikasına müsbət
təsir göstərib,
xaricdən gələn
müəyyən inflyasiya
meyillərinə baxmayaraq,
makroiqtisadi sabitlik qorunub. Eyni zamanda, yüksək
iqtisadi inkişaf meyilləri iqtisadiyyatın
qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına
imkan verib. Xarici sərmayələrin üstünlük
təşkil etməsi
bir daha göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə
qorunur.
Prezident
İlham Əliyev Dünya Azərbaycanlılarının
IV Qurultayında deyib:
“Bu gün Azərbaycanda
sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər
beynəlxalq maliyyə
qurumları qeyd edir. Son 20 il
ərzində - 1995-ci ildən
bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur.
Bu sərmayənin təxminən yarısı
xarici investisiyalardır.
Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gündən-günə
yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən
imzaladığım sərəncamlar,
fərmanlar nəticəsində
bu istiqamətdə çox ciddi dönüş yaranmışdır.
Bütün bürokratik əngəllər
aradan götürülür,
şəffaflıq tam təmin
edilir. Bütün bunların nəticələrini
biz gündəlik həyatda
görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında
və bəyanatlarında
görürük. Ona görə
sərmayə qoyuluşu
üçün Azərbaycan
dünya miqyasında ən cəlbedici ölkələrdən biridir”.
Bazar iqtisadiyyatı
prinsipləri bir sıra liberal xüsusiyyətləri
ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri
də özündə
ehtiva edir. Sosial müdafiə
sistemi ilk növbədə
hər bir insanın konstitusion hüquqlarının müdafiəsini
nəzərdə tutur.
Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən
dərəcədə aradan
qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün
təbəqələri üçün
eyni başlanğıc
şərtlərini təmin
edən sosial ədalət prinsipləri
reallaşır. Prezident İlham
Əliyevin göstərişinə
uyğun olaraq, ölkə iqtisadiyyatına
kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində
atılmış qətiyyətli
addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi
təşkilatlar tərəfindən
(Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə
adekvat qiymətləndirilməklə
dəstəklənib.
İnsan amilini əsas tutan sosialyönümlü
iqtisadi siyasət sayəsində son illər
Azərbaycanda işsizliyin
səviyyəsində də
nəzərəçarpacaq dərəcədə azalma
müşahidə olunur. Qeyri-neft sektorunun
və sahibkarlığın
inkişafı, yeni müəssisələrin işə
salınması istiqamətində
həyata keçirilən
sistemli tədbirlər
əmək qabiliyyətli
əhalinin iqtisadi fəallığının yüksəlməsinə,
eləcə də ölkənin məşğulluq
strategiyasının səmərəliliyinə
imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə
işsizlik probleminin həllinə gətirib çıxarıb. Son 12 il ərzində 1 milyon 500 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimidir. Azərbaycanda işsizlik, ötən
ilin yekunlarına görə, 5 faiz səviyyəsində olub.
Bu müsbət proseslər ölkədə orta aylıq əməkhaqqının
5,6 dəfədən çox,
əhalinin gəlirlərinin
7 dəfə artması,
yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən
3 dəfə aşağı,
yəni 5 faizə qədər azalması ilə müşahidə olunub. Yeni qlobal çağırışlara
uyğun olaraq ölkədə yeni postenerji dövrü üçün qeyri-neft sektoru üzərində davamlı iqtisadi inkişafın təmin olunmasına yönələn
islahatlar, eyni zamanda sosial rifah amilinə, əhalinin gəlirlərindəki
sabit artım tempinin qorunub saxlanmasına yönəlib.
Təsadüfi deyil ki, son vaxtlar milli iqtisadiyyata artan mənfi xarici iqtisadi təsirlərə baxmayaraq,
cari ilin yanvar-aprel aylarında muzdla işləyənlərin
orta aylıq nominal əməkhaqqı 7,8 faiz artıb. Əhalinin gəlirlərində
isə bu ilin yanvar-may aylarında 8,3 faiz artım qeydə alınıb.
Bütün bunlar o deməkdir ki, dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirir, islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsinə çalışır. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.
Prezident İlham Əliyev aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub.
Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, ölkə iqtisadiyyatının artımı, büdcə- fiskal dayanıqlığı təmin edilib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü təsdiq edir.
Elnur HACALIYEV,
Azərbaycan.-2016.- 23 iyun.- S. 1-2.