Möhtəşəm tarix - modern inkişaf

Lahıc sənətkarlıqla elmin qovuşduğu məkandır

 

Odlar yurdu Azərbaycanın hər eli, hər obası müqəddəsdir, doğmadır. İstər aran olsun, istər dağ, istər qışlaq, istərsə də yaylaq. Hər oymağın da Haqdan gələn ruzisi var. Dağ sakinləri yaşamında əsasən mala, davara güvənirsə, arandakının günəşin təbii şüasından şirə alan, şipşirin meyvələri, masalara bəzək, bədənə sağlamlıq bəxş edən tərəvəzi var. Qeyd olunanlarla yanaşı, bir sıra məkanlarımız da var ki, onlar özünəməxsus sənət nümunələri ilə, əsrlərlə qorunan və günümüzə qədər şərəflə gətirdikləri adət-ənənələrlə də seçilirlər.

Sadalanan meyarlar formasından asılı olaraq bu və ya digər şəkildə bütün ellərdə özünü təzahür etdirir. Üstünlük, cəlbedicilik isə ondan ibarətdir ki, bu coğrafiyada yaşayan insanların hamısı təmsil etdiyi etnik qrupdan, milli mənşəyindən asılı olmayaraq bütün fəaliyyətlərində azərbaycançılıq ideyasına sadiqliyini təsdiqləyir və bu xalqın nümayəndəsi olmalarına görə qürurlandıqlarını gizlətmirlər. Lahıclılar kimi...

Lahıcda yaşayan insanlardan bəhs edərkən isə hər sözün, hər cümlənin yazılışında ehtiyatlı olmağa çalışırsan. Düşünürsən ki, Azərbaycanın dünyada tanınmasına çalışan, o cümlədən bütün danışıqlarında hansısa etnosun deyil, məhz bu xalqın nümayəndəsi olduqlarını deyən və qürurlandıqlarını gizlətməyən insanların qəlbinə dəymək olmaz. Çünki hər şeydən əvvəl etibarlı və sədaqətli insanlardır lahıclılar...

Hələ çəkic vurmaqdan kobudlaşmış əllərinin arxasında dayanan kövrək qəlblərini, sənətlərinə bağlı incə davranışlarını demirik. Bunun üzərinə də dağın, daşın, dəmirin içərisindən çıxıb hətta ölkə hüdudlarından da kənarda görkəmli ziyalıları ilə Azərbaycanı tanıtmalarını əlavə etsək, Lahıcın əhəmiyyəti daha da artmış olur.

Ətrafda yerləşən kəndlərdə yaşayanlar arasında həm lahıclılar, həm də Azərbaycan dilində danışanlar var. Məsələn, Əhən kəndinin sakinləri tam lahıc dilində danışırlar. Sadəcə olaraq, onlar danışarkən ləhcə hiss olunur. Adətləri isə azərbaycandillilər yaşayan kəndlərlə tam eynidir.

Lahıc camaatının razılaşmadıqları məqamlardan biri də onların gəlmə və ya etnik qrup adlandırılmasıdır. Halbuki Azərbaycan ərazisində Suraxanıda, Qubada yaşayan bəlli sayda insanlar tatlar adlandırılır. Hətta dağ yəhudiləri də tat dilində danışırlar. Lakin lahıclıların dili heç də bu dillə uyğunlaşmır. Bu da lahıclıların özlərinin dedikləri kimi, əsl türk oğlu türk olmalarından xəbər verir.

İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbinin direktoru, əməkdar müəllim Hikmət Haqverdili deyir: - Lahıcın yaşı haqqında dəqiq məlumat yoxdur. Bəzi mənbələrdə Lahıcın yaşının 2 min il olduğu bildirilsə də, bu, bir qədər müəmmalıdır. Lahıcın özəl cəhətlərindən olan və insanların marağını cəlb edən xüsusiyyətlərindən biri də onun küçə və meydanlarında daş döşəmələrin, artıq suların axıdılması üçün çaydaşıdan tikilmiş yeraltı kürəbəndlərin (kanalizasiyalar) olması və hazırda da istifadə edilməsidir. Küçə və meydanların, dalanların daş döşəmələri sanitar-gigiyenik tələblər baxımından əhəmiyyətə malik olmaqla yanaşı, eyni zamanda tez-tez yağan gur yağışlar zamanı küçələrin sel suları ilə yuyulub dağılmasının qarşısını alır. Yeraltı kürəbəndlər tikilərkən bütün qəsəbəni əhatə edən bir sistem yaradılıb və zaman-zaman bu ərazidə yaşamış insanların çirkab maddələrini və artıq suları axıtmaq imkanı yaranıb. Kürəbəndlərin və döşəmələrin təxminən 8 yüz il öncə inşa olunduğu güman edilsə də, bəzi mənbələrdə Lahıcın kanalizasiya sisteminin iki min il əvvəl də olduğu bildirilir. Hətta bu kanalizasiya sistemi Avropa ölkələrində quraşdırılanları da qabaqlayır.

Lahıcın tarixinin qədim olmasını təsdiqləyən daha bir fakt son dövrlər aşkarlanıb. Bu yaxınlarda Lahıcın Ərəzit məhəlləsində fərdi ev tikintisi üçün bünövrə qazılarkən orada qədim tarixə aid olan eksponatlar tapılıb. Həmin eksponatlar əsasən 7 ədəd küp qəbirdən ibarət olub. Həmin qəbirlərdəki insanların ölçüləri nəhəng olması ilə seçilib: uzunluqları 2 metri keçib. Xüsusən də əlləri və onurğaları həcminə görə daha çox diqqət çəkib. Həmin skeletlərə toxunulduqda toz kimi ovulduğu müşahidə olunub. Maraqlıdır ki, onların hər birinin başları kəsilərək yanlarına qoyulub. Hər qəbirdə də bir ədəd saxsı kuzə olub. Milli Elmlər Akademiyasının mütəxəssisləri həmin kuzəni tədqiq edərək qabın 5 min illik tarixə malik olmasını təsdiqləyiblər.

 

Lahıclılar Azərbaycan xalqının bir hissəsidir

 

Faktlardan da göründüyü kimi, Lahıc camaatı hazırda yaşadıqları məkana heç də gəlmə insanlar deyillər. Həmişə burada yaşayıblar və Azərbaycan xalqının bir hissəsi olmalarını etiraf edirlər. Azərbaycanlılarla ciddi fərqləri də yoxdur. Mənbələrdən əldə olunan məlumatlara görə İranda gedən müharibələr zamanı Sasanilər bu məkana köç ediblər. Birgəyaşayış zamanı gəlmələr say etibarilə daha çox olduqlarından, yaxud da hansısa səbəblərdən onların dili buradakı xalqa da təsir göstərib və hazırkı Lahıc dili yaranıb. Ümumilikdə isə lahıc dilində istifadə olunan sözlərin çox hissəsi Azərbaycan-türk dilindən keçib. Bəzi sözlərin isə tərcüməsi belə yoxdur.

Qeyd olunan fikirləri daha da gücləndirmək üçün bir məqama diqqət yetirək. Ehtimallara görə, Lahıc Albaniyanın mühüm müdafiə əhəmiyyətli şəhər qalası olub. E.ə. III əsrdə İranda Sasanilər hakimiyyətə gələndən sonra onlar Albaniyanı özlərinə tabe etmək, sərhədlərini strateji əhəmiyyətə malik təbii sərhəd olan Böyük Qafqaz dağlarınadək genişləndirməyə başlayıblar. Bu zaman Lahıcın əhəmiyyəti daha da artıb. Sasani hökmdarları I Qubad (488-531) və I Xosrov Ənuşirəvan (531-579) dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün hərbi istehkamlar tikdiriblər. Onlar özlərinə yerli əhali arasında etnik dayaq yaratmaq üçün İrandan xeyli irandilli əhalini ölkənin şimal sərhədlərinə yaxın ərazilərə köçürüblər. Ola bilsin ki, həmin köçürülmə zamanı Lahıcda da yerləşdirilənlər olub. Lakin həmin vaxt Lahıc mövcud idi. Orada əhalinin sayı heç də az deyildi.

Hətta mənbələrdən aydınlaşıb ki, Lahıcın yaxınlıqdakı Niyaldağ deyilən ərazidə Niyal və ya Girdiman qalası deyilən məkan olub. Onların qalıqları günümüzə qədər gəlib çıxıb. Bildirilir ki, bu, Cavanşirin atası Varazın qalasıdır. Talıstan kəndində Cavanşir qalası, Qalacıqda Qız qalası adlanan yer adları mövcuddur. Niyaldağda olan qala da məhz həmin silsilədən olan istehkam qalasıdır. Sadəcə olaraq bu qala məhz Cavanşirin atası Varaz tərəfindən tikilməsi baxımından daha qədimidir. Niyal və ya Girdiman qalası zamanında möhtəşəmliyi ilə seçilib. Onun qalıqları ilə tanış olduqda buna bir daha əmin olursan. Uzun müddət həmin yer Xan qalası adı ilə tanınıb. Bunun da izahı ondan ibarətdir ki, həmin dövrlərdə xanlıq olmayıb. Sadəcə olaraq XVIII əsrdə Fit dağında Mustafa xan adında insan yaşayıb. Belə ehtimal edilir ki, Niyal qalası istiqamətində fayton yolu olub. Mustafa xan da müdafiə məqsədilə qaladan istifadə edib. Ona görə də bu yer həm də Mustafa xanın qalası adlanıb.

 

İngiltərə və Həbəşistandan Lahıca mis gətirilirmiş

 

Təsadüfi deyil ki, Lahıc sənət növlərinin çoxluğuna və sənətkarlarının sayına görə təkcə Şirvan elində, yaxud da Azərbaycanda deyil, eləcə də Yaxın Şərqdə tanınıb. Zamanında Lahıcda 123 sənət növü olub. Hazırda onlardan çox az bir hissəsi qalıb. Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvanı ilə Lahıca yola salırmışlar. Hələb, İstanbul, İngiltərə və Həbəşistandan da Lahıca mis gətirilirmiş. Hər bir tacirin daimi müştəri ustaları olub. Ustalar tacirdən aldıqları xam misin əvəzinə hazırladıqları sənətkarlıq məhsullarını verirmişlər. Tacirlər də bu sənətkarlıq məhsullarını Azərbaycanın ən izdihamlı bazarlarında satmaqla kifayət qədər gəlir götürürmüşlər. Lahıc sənətkarlarının hazırladıqları məhsulları almaq üçün tacirlər arasında güclü rəqabət gedirmiş.

Hazırda Lahıcda yaşayan insanların sayı təxminən iki min nəfərdən bir qədər çoxdursa, vaxtı ilə dəfələrlə artıq olub. Hətta mənbələrdən birində qeyd olunur ki, vaxtı ilə bir gündə sübh tezdən Lahıcdan 1700 karvadar çıxırmış. Onlar da özlərində və qonşularda olan sənət nümunələrini götürərək yaxın ərazilərdə yerləşən Kürdəmir, Ağsu, Şamaxı və sair ərazilərdə satdıqlarını satar, aldıqlarını alar və axşama evə qayıdarmışlar.

Uzun müddət Lahıcın ətraf aləmlə əlaqələnməsi üçün avtomobil yolu olmayıb. Bura asfalt yolu 1966-cı ildən sonra çəkilib. Lahıcın yaxınlığında yerləşən və hazırda Namazgah adlanan yer isə Lahıc karvadarlarının namaz qıldıqları yer olub. Qaranohur deyilən ərazi isə dayanacaq funksiyasını daşıyıb. İsmayıllıdan avtobus adamları dayanacağa kimi gətirərmiş, qalan yolu isə onlar köhnə məzənnədə 10 manat verərək karvadarların müşayiəti ilə atla Lahıca gələrmişlər.

Dünyada 7 məkanda

 

“Lahıc” adı ilə bağlı yerlər varmış

 

Maraq doğuran məqamlardan biri də Lahıc toponiminin geniş bir coğrafiyada təmsil olunmasıdır. Faktlara nəzər yetirək. Məsələn, respublikamızın şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonunda Lahıc kəndi var. Lahıclıların daimi yaşayış məntəqələri ilə həmin kənd arasında bağlılığın olması isə şübhəsiz ki, düşündürücüdür. Belə fərziyyə var ki, Lahıc camaatının Gürcüstanla sıx əlaqəsi olub. Bir zamanlar Tbilisinin Şeytan bazarında çoxlu lahıclı yaşayıb. İndi də orada qalanlar var. Hətta Tbilisidən Telaviyə gələndə həmin yolun üzərində yerləşən Qumburi kəndinin əhalisi tamamilə lahıclardan ibarətdir. Böyük ehtimal var ki, Zaqatalada olan Lahıcın kökü də məhz Gürcüstan istiqamətinə get-gəl edən lahıclılara bağlıdır. Lahıclıların Gürcüstana giriş-çıxışı Alazan-Həftəran vadisi vasitəsilə olub. Marşrut isə kənddən çıxandan sonra Qəbələ-Şəki-Qax-Zaqatala-Balakən-Laqodexi yolu üzrə müəyyənləşib. Get-gəl zamanı yolüstü xəstələnən, yaxud da Gürcüstanla daha sıx əlaqəsi olan insanlar hazırkı məkanda binə qurublar.

Daha bir Lahıc kəndi isə Goranboy rayonu ərazisində olub. Göygöl rayonu yarandıqdan sonra isə kənd inzibati ərazi vahidi kimi həmin əraziyə düşüb. Onun da tarixinin Azərbaycanın Gədəbəy və tarixi torpaqlarımız olan, indi isə Ermənistan ərazisinə qatılan Qafan-Alaverdi mis mədənlərinin uzun müddət lahıclıların əlində olması faktı mövcuddur. Misgərlik sənətinin vətəni bu kənd olduğu üçün xammal da müəyyən dövrdə əsasən Lahıca axıb. Ümumilikdə isə dünyada 7 məkanda “lahıc” adı ilə bağlı yerlər var. Məsələn, Bakıda Lahıc bağları, Yəməndə Lahıc şəhəri, İranda böyük əyalət olan Lahican bunlara nümunə göstərilə bilər.

 

Fərqli və oxşar adətlər

 

Müsahibimiz adət-ənənələrdən də söz saldı. Bildirdi ki, indiki halda demək olar ki, İsmayıllının digər kəndləri ilə Lahıcın xeyir-şər məclisləri arasında elə bir fərq yoxdur. Əvvəllər üç gün üç gecə toy çalınıb. Birinci gün xınayaxdı, ikinci gün qız toyu, nəhayət isə oğlan evində toy çalınıb. Oğlan toyunda məhəllələrlə, xüsusi təmtəraqla gedib qızı gətirərdilər.

Lahıcda digər bölgələrimizdən fərqli üstün məqamlardan biri də burada insan dünyasını dəyişdikdən sonra 3 gün ərzində ehsan verilməməsidir. Bu da bir növ insanların öz doğmalarına olan rəğbətindən irəli gəlir. Bu insanlar başa düşürlər ki, insan dünyasını dəyişdiyi ilk 3 gündə bütün dünya malı, maddiyyat yaddan çıxarılmalı və bütün düşüncə haqqın dünyasına qovuşmuş şəxsə yönəldilməli, təziyə saxlanmalıdır. Hətta mərhum qəbir evinə aparılıb dəfn edildiyi ana kimi bir stəkan çay belə içilməz.

Lahıcın mətbəxinə gəldikdə isə müəyyən özünəməxsus cəhətləri var. Xüsusilə adla deyilən, yeyənlər üçün isə ağız tamı olan Lahıc dolması tamamilə fərqlidir. Bu dolmanın bişirilməsində xüsusi ədviyyatlardan istifadə edilir. Bükülməsində isə heyva və fıstıq yarpağı ideal hesab olunur. Bundan başqa, iriliyinə və dadına görə fərqlənən qutabları var. Baharın başlanğıcında çıxan və soğankimilər fəsiləsinə aid olan pəl adlanan bitkidən hazırlanan qutabın dadı isə tamamilə bambaşqadır.

Tarixdən o da məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə devriləndən sonra həbsdən canını qurtarmaq məqsədilə Məmməd Əmin Rəsulzadə məhz sığınacaq yeri kimi Lahıcı seçir. O, Lahıcda yaşadığı 6 ay müddətində təhlükəsizlik baxımından düz 17 ev dəyişir. Hətta “Əsrimizin Səyavuşu” əsəri də Lahıcda ərsəyə gəlir. Sonradan Tbilisiyə getmək üçün Lahıcı tərk etsə də, Qaraməryəm adlanan ərazidə tutulur, Bakıya aparılsa da, məhz Stalinin ona olan rəğbəti sayəsində həbsdən qurtarır.

 

Lahıc həm də beyin mərkəzidir

 

Lahıcdan çıxan çoxlu sayda maraqlı və savadlı insanlar da var. Lahıcın 20-yə yaxın sakini zamanında təhsilinə görə seçilən müqəddəs yerlərdən olan “Nəcəfül-əşrəfi” bitirib. Onlardan biri də tibb sahəsində nüfuz qazanan Hacı Seyid Əşrəf Ağadır.

Elm sahəsində olan insanlardan Soltan Mehdiyev xüsusilə xatırlanmalıdır. O, Azərbaycanın neft kimyası üzrə görkəmli alimlərindəndir. İkinci Dünya müharibəsi zamanı onun yüksək oktanlı benzin istehsalında məxsusi xidmətləri olub. Hazırda Neft-Kimya Prosesləri İnstitutunda vaxtı ilə işlədiyi laboratoriya onun adını daşıyır, adına küçə də var.

Məşhur inqilabçılardan Qasım İsmayılov, Əli Bayramov və Ağa Sultanov da Lahıc sakinləri olublar. Hətta Ağa Sultanov sovetlər dönəmində Abxaziya Respublikasının birinci katibi işləyib. Azərbaycanın təhsil komissarı vəzifəsi də ona etibar olunub.

Qeyd olunanlardan da göründüyü kimi, kürəyini qürurlu dağlara söykəyən Lahıc iki sahədə irəlidə olub: sənətkarlıq və elm. Mürəkkəb iqlim və relyef uyğunsuzluğu səbəbindən aqrar sektoru inkişaf etdirmək üçün şərait olmayan bu məkanda insanlar məhz intellektlərinə güvəniblər. Tanrının bu zəhmətkeş insanlara bəxş etdiyi bəsirət açıqlığı isə onların Azərbaycanı, Azərbaycanın isə lahıclıları dünyada tanıtmalarına dəstək verib.

Bu gün Lahıcın siması günbəgün daha da dəyişir. Bu da özünü həm yollarda, həm də daha da abadlaşan digər infrastruktur sahələrində göstərir. Son dövrlərdə inşa olunan sosial binalar, mərasim zalı, icma mərkəzi və digərləri isə Lahıcın onsuz da özünəməxsus olan təbii rənginə yeni çalarlar qatır.

Əli SƏLİMOV,

Azərbaycan.-2016.- 23 iyun.- S.1-7.