Tovuz üzümçülük sahəsində geniş potensiala malikdir

Rayonda keçirilən müşavirədə kənd təsərrüfatının gəlirli sahələrinin, o cümlədən üzümçülüyün perspektivləri müzakirə olunub

 

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq kənd təsərrüfatı məsələləri üzrə yaradılmış işçi qrupunun üzvlərinin aqrar sektorda mövcud vəziyyətlə tanış olmaq və perspektivləri müzakirə etmək üçün rayonlara səfərləri davam edir. İşçi qrupunun növbəti səfəri iyunun 22-də Tovuz rayonuna olub.

Əvvəlcə “Tovuz Baltiya” şirkəti, Torpaqqala ərazisində kartof sahəsi, Düz Qırıqlı kəndindəki istixanalar, Aşağı Quşçu kəndində meyvə və üzüm bağları ilə tanışlıq olub, Tovuzçay su anbarına baxış keçirilib.

Fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, təsərrüfat rəhbərlərinin iştirakı ilə rayon mədəniyyət evində keçirilən müşavirədə icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Tovuzda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verib. Bildirib ki, rayonda 26818 hektar əkinəyararlı torpaq sahəsinin 23198 hektarı suvarılandır. Bu il iyunun 1-nə olan məlumata əsasən, 11846 hektarda yazlıq bitkilər səpilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 800 hektar, yəni 7,2 faiz artım deməkdir. O cümlədən qarğıdalı, günəbaxan, kartof, tərəvəz məhsulları və bostan bitkiləri sahələrində də artım var. İxracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində də mühüm işlər görülür. Bu il 150-dən çox kümçü tərəfindən 1503 kiloqram barama istehsal olunub.

Sonra işçi qrupunun rəhbəri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Diqqətə çatdırılıb ki, rayonlarda keçirilən bu cür görüşlərdən məqsəd aqrar sahədə potensialı və imkanları öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışan Azər Əmiraslanov qeyd edib ki, Prezident İlham Əliyevin aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından irəli gələrək, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə ixractutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, ölkədə kənd təsərrüfatının inkişafı üçün ixtisaslaşma əsas amillərdən biridir. Torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, bazarlara çıxış, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq qeyri-neft sektorunun inkişafına, əhalinin məşğulluq probleminin həllinə gətirib çıxaracaq.

Azər Əmiraslanov deyib ki, ölkədə pambıqçılıq, baramaçılıq və tütünçülüyün inkişafı üçün məqsədyönlü tədbirlər görülür. Belə ki, tütünün qiyməti 18 qəpikdən 20 qəpiyə, baramanın kiloqramı 3 manatdan 8 manata, pambığın kiloqramının alış qiyməti isə 41 qəpikdən 50 qəpiyə qaldırılıb. Taxıl, tütünbarama istehsalçılarına subsidiyaların verilməsi həyata keçirilir. Yaxın zamanlarda baramaçılıqla məşğul olan sahibkarlara da subsidiyaların verilməsi gündəmdədir.

Tovuzda üzümçülüyün perspektivlərindən danışan işçi qrupunun rəhbəri deyib: “Vaxtilə rayonda 10 min hektardan çox üzüm bağı vardı. 100 min tondan artıq məhsul istehsal olunurdu. Hətta məhsuldarlıq 138 sentnerə qədər yüksəlmişdi. Bu baxımdan rayonda üzümçülüyün inkişafı üçün şərait və təcrübə var. Hazırda 700 hektar üzüm bağı mövcuddur. 2017-ci ilədək Tovuzda üzüm bağlarının 2 min hektara çatdırılması planlaşdırılır”.

Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Sahibkarlar tərəfindən rayonda sənaye məhəlləsinin, toxumçuluq təsərrüfatının yaradılması, üzümün xarici bazarlara çıxarılmasının dövlət tərəfindən dəstəklənməsi, məhsuldar üzüm sortlarının rayonlaşdırılmasına dövlət dəstəyi göstərilməsi, Tovuzçay su anbarının layihə gücünə çatdırılması və bu dəryaça ilə Azaflı və Bayramlı kəndlərinə suvarma suyunun verilməsi, kənd təsərrüfatı məhsullarının təbii fəlakətlərdən sığortalanması qaydalarına baxılması və s. təkliflər səsləndirilib.

 

AZƏRTAC

Azərbaycan.-2016.- 23 iyun.- S.2.