Bakı “Formula-1” Avropa
Qran-prisinə layiqli evsahibliyi etdi
Bakı daha bir mötəbər
idman yarışına
- “Formula-1” Avropa Qran-prisinə
layiqincə evsahibliyi etdi. Xəbər verildiyi kimi,
yekunda “Mercedes” komandasının
almaniyalı pilotu Niko Rosberq qalib
oldu. O, yarışların
ümumi hesabında da liderliyini qorudu. “Ferrari” komandasını
təmsil edən daha bir alman
- Sebastyan Fettel ikinci yerdə qərarlaşdı. Üçüncü yeri isə yarışboyu
böyük əzmkarlıq
nümayiş etdirən
meksikalı pilot Serxio
Peres (“Force İndia”) tutdu.
Təntənəli mükafatlandırılma mərasimindən
sonra hər üç idmançı
mətbuat konfransında
yarışlarla bağlı
öz təəssüratlarını
bölüşdü.
Niko
ROSBERQ: “Bu gün və
ümumiyyətlə, həftə
sonu, həqiqətən,
çox maraqlı keçdi. Bakıda bizi qonaqpərvərliklə
qarşılayan hər
kəsə təşəkkür
edirəm. Yarış çox
maraqlı idi. Möhtəşəm trek inşa
edilmişdir. Bu trek, həqiqətən, həyəcanverici
idi. Əlbəttə, yarış mənim
üçün mükəmməl
keçdi - sıralanma
turu, final və ümumiyyətlə, hər
şey planlaşdırıldığı
kimi oldu”.
Sebastyan
FETTEL: “Hər şeydən
əvvəl hamıya
öz təşəkkürümü
bildirirəm. Biz Azərbaycana ilk dəfə
gəlmişik. Bizi nə
gözlədiyindən məlumatsız
idim. Lakin indi qeyd etmək istərdim ki, trek əla idi. Mən çox böyük
zövq aldım və böyük mehribanlıqla qarşılandım.
Fikrimcə, trek bənzərsiz
idi! Burada yarışmaq və
bir-birinə yaxın bəzi döngələrdə
sürətlə hərəkət
etmək üçün
xüsusi hazırlıq
tələb olunurdu.
Bu gün hamımız
böyük səy göstərdik”.
Serxio
PERES: “Podiuma çıxmaq
ehtimalımın olduğunu
bilirdim. Amma buna çox çətinliklə nail oldum.
İlk dövrədə inanılmaz
həmlə edərək
“Williams” və “Toro Rosso”
komandalarını geridə
qoydum. Fikrimcə, üçüncü yeri tutmağımızın
əsas səbəblərindən
biri budur. Zənnimcə, Bakı treki bizim komandanın
bolidi üçün
əlverişli oldu...
Aydındır ki, avtomobilimizin
güc aqreqatı yaxşı idi və trek boyu tarazlığı saxlamağa
müvəffəq olduq.
Digər
pilotlar bizimlə müqayisədə daha çox çətinliklə
üzləşdilər və
bu, yüksək mövqeyə yiyələnməyimizə
zəmin yaratdı”.
“Formula
One Management” prezidenti Berni
Ekklstoun yarışın
ölkəmizdə təşkil
edilməsini yüksək
qiymətləndirmişdir: “Bakı Şərq və Qərb mədəniyyətlərini özündə
birləşdirən nadir şəhərdir.
“Formula-1” yarışlarında
şəhərin gözəlliyi,
tarixi və coğrafiyası mühüm
amil hesab olunur. Biz də
Bakının tarixini və gözəlliyini bütün dünyadakı
“Formula-1” azarkeşlərinə nümayiş etdirmək qərarına gəldik”.
Bakıda keçirilən “Formula-1” Avropa
Qran-pri yarışlarını
dünyanın 187 ölkəsində
500 milyondan çox azarkeş televiziya ilə izləmişdir. Bundan əlavə,
ölkəmizə təşrif
buyurmuş minlərlə
əcnəbi turist və şəhərimizin
qonaqları möhtəşəm
yarışa canlı
tamaşa etmək imkanı qazanmışdır.
Onların arasında bizimlə
öz təəssüratlarını
bölüşənlər də vardı.
Hollandiyalı turist AC.Tenheyli şəhərimizin gözəlliyinə
valeh olduğunu bildirir: “Red Bull” komandasının
azarkeşiyəm. Yarışları canlı izləmək üçün Bakıya
gəlmişəm. Burada hər
şey çox gözəldir. Xəzər dənizi,
bulvar çox füsunkardır. Təhlükəsizlik tədbirləri də yüksək səviyyədədir”.
Bu yay məzuniyyətini
Azərbaycanda keçirməyi
qərara almış
iraqlı cütlük
- Faiz İbadi və Ruzeyha İbadi həkimdirlər. İstirahətlərini
ölkəmizdə keçirən
iraqlıları məzuniyyətlərinin
“Formula-1” yarışları ilə üst-üstə düşməsi xeyli sevindirmişdir: “İlk dəfədir bu cür tədbiri canlı izləyirik. İçərişəhərdə səyahət etməkdən
də doymuruq. Burada xeyli qədim abidə var. Qaladan kənara çıxdıqda
isə füsunkar gözəlliyi olan müasir şəhər görürsən. Heyif ki,
indiyədək biz ölkənizə
gəlməmişik. Vətənə - Nəcəf şəhərinə
qayıtdıqdan sonra
Bakı haqqında ən xoş təəssüratlarımızı yaxınlarımız və
dostlarımızla bölüşəcəyik”.
Gürcüstanlı jurnalist Georgi Mancavidze isə CDS telekanalına Bakıdan reportajlar ötürür. O deyir:
“Bakı məni heyran etdi. Azərbaycanlılar bizim ən yaxın
dostlarımızdır. Hər bir gürcüstanlı
ölkənizə səfər
etməyə can atır.
Çünki qonaqpərvərliyiniz, mehriban davranışınız,
gözəl mətbəxiniz,
qədim mədəniyyətiniz
dillər əzbəridir”.
Jurnalistin
həmvətəni Qvantsa
Papuaşvili də Bakı haqqında xoş sözlər deyir: “Adət-ənənəniz,
mədəniyyətiniz, incəsənətiniz,
mətbəxiniz - ümumiyyətlə,
burada hər şey mənim ürəyimcədir. İnsanlarınız bizi valeh etdi.
Qədim
şəhərlə yeni
şəhərin vəhdəti
isə xüsusilə
heyranedicidir. Sizin kimi
dostlarımızın olmasından
qürur hissi keçiririk. Ürəklərimiz bir döyünür.
“Formula-1” yarışlarına
gəldikdə isə,
bunu canlı izləmək başqa bir aləmdir. Artıq mənim bir arzum da çin
oldu - biz ilk dəfədir
belə bir mötəbər tədbirin
iştirakçısıyıq. Əminəm
ki, buradan aldığımız təəssüratlar
heç vaxt xatirimizdən silinməyəcək”.
İngiltərəli iş adamı Valter King də Bakıya
ilk dəfədir təşrif
buyurub. O da öz heyranlığını
gizlədə bilmir: “Çox gözəl istirahət edirəm. Musiqiniz, buradakı əyləncələr,
üstəlik, həyəcanverici
“Formula-1” yarışları - bunlar mənə böyük zövq verir. Könüllülər də lazım
olan vaxt istənilən məsələdə
köməyimə çatırlar”.
Rusiyanın Sankt-Peterburq şəhərindən
gəlmiş menecerlər
Emil Dauranov və
Sergey Murzinov “Formula-1” yarışlarında
həmyerliləri Daniil
Kvyatın və azarkeşlik etdikləri
Luis Hamiltonun çıxışlarından
narazı olsa da, Avropa Qran-prisinin
yüksək səviyyədə
təşkilindən, Bakıda
keçirilən mədəni
proqramlardan, dünya şöhrətli musiqiçilərin
çıxışlarından, Azərbaycan paytaxtının
gözəlliyindən unudulmaz
təəssüratlarla ayrılacaqlar”.
İranlı turistlər Əmirhüseyn Mirhüseyni və Sona Salah “Ferrari” komandasının azarkeşləridir. Onların sevimli pilotu Sebastyan Fettel “Formula-1” yarışlarında uğurlu çıxış edərək ikinci yeri tutmuşdur. “Qədim tarixi abidələriniz, mədəniyyətiniz, incəsənətiniz, qonaqpərvərliyiniz, milli mətbəxiniz bizdə əla təəssüratlar yaratdı. Üstəlik, Bakı treki azarkeşlik etdiyimiz komanda üçün də düşərli oldu. Bütün bunlara görə minnətdarlığımızı bildiririk”.
Rizvan HİLALOĞLU,
Azərbaycan.-2016.- 23 iyun.- S.6.