Sülh carçısı, Zəfər
ünvanı...
Avropa
“Formula-1” Qran-prisinə evsahibliyi edən Azərbaycanı yenidən
kəşf etdi
Bakıda keçirilən “Formula-1” Avropa Qran-pri yarışı bir daha Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş və böyük nüfuz sahibi kimi qəbul olunduğunu təsdiqlədi. Eyni zamanda, bu yarış tarixə Azərbaycanın qazandığı yeni bir uğur kimi yazıldı. Bu onu göstərir ki, Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə imza atır.
Azərbaycanın evsahibliyi etdiyi bu möhtəşəm idman tədbirinin keçirilməsi ölkəmizdə yay turizm mövsümünün başlanması ilə üst-üstə düşdü. Məhz bu baxımdan deyə bilərik ki, digər beynəlxalq tədbirlər kimi, “Formula-1” yarışması da ölkəmizə turist axınının sürətlənməsinə, əcnəbi vətəndaşlar tərəfindən daha yaxından tanınmasına, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına müsbət təsir göstərdi.
Qran-pri yarışını Milli Məclisin komitə sədrləri, deputatlar da böyük maraqla izləyiblər. Fikirlərini öyrəndiyimiz siyasətçilər qeyd etdilər ki, Azərbaycan bundan öncə evsahibliyi etdiyi beynəlxalq yarışlarda olduğu kimi, “Formula-1”i də öz adına layiq möhtəşəm səviyyədə keçirdi və yeni bir tarix yazdı.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, “Formula-1” yarışı dünyada populyar idman növlərindən biridir və bu mötəbər idman yarışı Azərbaycana yeni uğurlar qazandırdı: “Bu yarışların Bakıda keçirilməsi Azərbaycanı dünyada tanıtdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın inkişafını, tərəqqisini bir daha gördülər. Bakıya kifayət qədər turist gəldi, şəhərin otellərində boş yer tapmaq mümkün deyildi. Bu yarış ölkədə ictimai-siyasi sabitliyin olmaması, müharibə zonası kimi Azərbaycana getməyin təhlükəliliyi ilə bağlı fikirləri darmadağın etdi. Bu yarışlar 5 il Azərbaycanda keçiriləcək. Düşünürəm, bu yarışdan kifayət qədər gəlir əldə olunacaq. Yarışın növbəti mərhələlərində həm reklam, həm də turizmlə bağlı gəlirlər artacaq”.
Siyavuş Novruzovun fikrincə, ölkəmizdə bir sıra önəmli beynəlxalq idman yarışlarının təşkili onun siyasi-iqtisadi nüfuzundan xəbər verir. Eyni zamanda, Azərbaycan dövləti bununla dünyaya sülh mesajını çatdırdı: “Bu gün Azərbaycan dünyada beynəlxalq yarışların keçirilməsi üçün ən təhlükəsiz ölkə sayılır. Keçirilən tədbirlər bunu təsdiqləyir. “Formula-1” yarışlarının Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq idman arenasında oynadığı müsbət rolu ilə əlaqədardır. Üstəlik, dünyada ölkəmizə baxış dəyişməkdədir. Çünki idman özü təbliğat vasitəsidir”.
S.Novruzov bu yarışdan öncə tənqidi fikirlər səsləndirənlərə də cavab verib: “Bakıda keçirilən “Formula-1” yarışlarını tənqid edənlərin fikirləri Azərbaycanı istəməyən qüvvələrin mövqeyi ilə üst-üstə düşür. Çünki ölkəmizdəki müəyyən qüvvələr Avropada fəaliyyət göstərən erməni lobbilərinə xidmət edir. Yəni nə edirsən, et, həmin qüvvələr üçün fərqi yoxdur. Onlar ancaq səhv cəhət axtarmağa çalışırlar”.
Yarışları maraqla izləyənlərdən biri də Milli Məclisin deputatı Elman Məmmədovdur. Deputat vurğuladı ki, “Formula-1” dünyanın ən reytinqli yarışlarından biridir. Başladığı 1950-ci ildən bəri bu yarış dünyanın yalnız 27 ölkəsində keçirilib. Hər ölkənin müraciəti qəbul edilmir. Çünki bu, yüksək tələblərə cavab verməlidir. İlk növbədə, həmin ölkənin mədəniyyəti, tarixi, turistlərin öz vaxtını səmərəli keçirmək üçün müvafiq infrastrukturun olması, eləcə də yarışların təhlükəsizliyi vacib şərtlərdən biri kimi götürülür. Təbii ki, Azərbaycanın da müraciəti böyük məmnuniyyətlə qəbul edildi. Çünki ölkəmiz bütün sınaqlardan yüksək səviyyədə çıxıb və Bakı idman şəhəri statusunu alıb: “Bu gün Azərbaycan nəinki Avropa standartlarına çatıb, hətta bəzən bu standartları keçib. Azərbaycanın keçirdiyi I Avropa Oyunları buna nümunədir. I Avropa Oyunlarının təşkilatçılığı bir daha göstərdi ki, Azərbaycan bəzi məsələlərdə Avropanı qabaqlayıb və Qərb dövlətləri üçün nümunə təşkil edir.
Elman Məmmədovun fikrincə, “Formula-1” Qran-prisi ilə Avropa qitəsi ilə Asiya qitəsinin kəsişməsində yerləşən, Şərq dəyərləri ilə yaşayan, eyni zamanda, mütərəqqi Qərb dəyərlərini qəbul etmiş bir xalq, dövlət kimi Azərbaycan bütün dünyaya xalqının sülhsevər, mehriban, qonaqpərvər, tolerant, yüksək mədəni-mənəvi dəyərlərə malik olduğunu nümayiş etdirdi.
Deputat vurğulayıb ki, əldə olunmuş bu zəfərlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin bəhrəsidir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan dünyaya günəş kimi parlayır: “Tam əminliklə vurğulamaq lazımdır ki, Azərbaycanda idmanın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Son illər həm paytaxtımızda, həm də regionlarda çoxlu sayda Olimpiya idman komplekslərinin, idman qurğularının və meydançalarının tikilib istifadəyə verilməsi bunun əyani təzahürüdür. Həmçinin respublikamızın mötəbər yarışlara evsahibliyi etməsi ölkəmizdə idmanın sürətli inkişafından, Azərbaycanın idman dövləti imicini qazanmasından xəbər verir”.
Milli Məclisin deputatı Tahir Rzayevə görə isə, son illər bir sıra beynəlxalq əhəmiyyətli idman oyunlarının ölkəmizdə keçirilməsi sübut edir ki, Azərbaycan nəinki iqtisadi-sosial cəhətdən inkişaf edən, həm də idman sahəsində təkmilləşən bir dövlət kimi dünyanın diqqət mərkəzindədir.
Onun sözlərinə görə, yüksək səviyyədə keçirilən I Avropa Oyunlarından az müddət sonra milyonlarla insanın diqqətini yenidən Azərbaycana yönəldən “Formula-1” Qran-pri yarışları deməyə əsas verir ki, artıq ölkəmiz idman yarışlarının mərkəzinə çevrilib: “Beynəlxalq səviyyəli idman yarışları həm də dövlətlərarası münasibətlərin yaxşılaşması, ölkələrin yaxınlaşması, dostluq və əməkdaşlığın möhkəmlənməsi, dərinləşməsi, dövlətlərin hansı imkanlara və hansı təşkilatçılıq qabiliyyətinə malik olması baxımından da çox əhəmiyyətlidir”.
Deputatin fikrincə, Azərbaycan I Avropa Oyunlarının təşkilində elə bir standart tətbiq etdi, elə bir təşkilatçılıq nümunəsi göstərdi ki, bu gün nəinki Avropa, bir çox dünya ölkələri bu standartları tətbiq etməkdə çətinlik çəkirlər. “Formula-1” yarışları və onun gedişatı da bu baxımdan diqqət çəkdi və sözsüz ki, Azərbaycana yeni-yeni uğurların qazanılmasında bir stimul olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2016.- 23 iyun.- S.6.