“Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti
hesabına ipoteka kreditinin, o cümlədən güzəştli
ipoteka kreditinin verilməsi Qaydası
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir
Əlavə 2
1. Ümumi müddəa
Bu qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan sonra - ipoteka krediti) verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, ipoteka krediti üzrə hüquqların əldə olunmasını və geri alınmasını, habelə ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir.
2. Əsas anlayışlar
2.0. Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. ipoteka krediti - yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;
2.0.2. müvəkkil bank - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Cəmiyyət ilə müvafiq müqavilə bağlamış bank;
2.0.3. baş saziş - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan razılaşma;
2.0.4. xidmət müqaviləsi - Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunmuş ipoteka kreditinə xidmət göstərilməsinə dair Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan müqavilə;
2.0.5. borcalan - müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı;
2.0.6. ipoteka kreditinin ilkin maliyyələşdirilməsi - Cəmiyyətin müəyyən etdiyi şərtlərlə müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi;
2.0.7. ipoteka kreditinin yenidən maliyyələşdirilməsi - müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Cəmiyyət tərəfindən əldə olunması;
2.0.8. Cəmiyyətin kotirovka dərəcəsi - Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunan ipoteka kreditinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi.
3. İpoteka kreditinin verilməsinə dair tələblər
3.1. Cəmiyyətin vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:
3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;
3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına
verilməlidir;
3.1.3. kredit 3 ildən 25 ilədək, güzəştli
ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir;
3.1.4. kredit, üzərində mülkiyyət
hüququ dövlət qeydiyyatına alınmış
yaşayış sahəsinin alınmasına verilməlidir;
3.1.5.
kredit yaşayış sahəsinin 1 kvadratmetri
üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə
tarixinə Bakı şəhəri, habelə onun qəsəbə
və kəndləri üzrə zonalarda, ölkənin digər
şəhər və rayon ərazilərində orta bazar qiymətindən
artıq olmayan və təmirli yaşayış sahələrinin
alınmasına verilməlidir;
3.1.6.
kreditin, o cümlədən güzəştli ipoteka kreditinin
maksimal məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin
təhlili əsasında Cəmiyyətin Müşahidə
Şurası tərəfindən müəyyən edilir
(maksimal məbləğ Azərbaycan Respublikası Vergi Məcəlləsinin
220.8.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
Bakı şəhəri üzrə 7-ci zonada yerləşən,
sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin
1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən
artıq olmamalıdır);
3.1.7. kredit, o cümlədən güzəştli
ipoteka krediti üzrə illik faiz dərəcələri Cəmiyyətin
Müşahidə Şurası tərəfindən müəyyən
olunur;
3.1.8. güzəştli ipoteka krediti kreditin verildiyi
tarixə ipoteka ilə yüklü edilən yaşayış
sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir
(güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən
az olması barədə borcalanın rəsmi müraciət
etdiyi hallar istisna olmaqla);
3.1.9.
güzəştli ipotekaya aid olmayan kreditin məbləği
kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən
yaşayış sahəsinin qiymətinin 85 faizindən
çox və 75 faizindən az olmamalıdır (ipoteka
kreditinin məbləğinin 75 faizdən az olması barədə
borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);
3.1.10. ipoteka krediti üzrə ödəniləcək
aylıq məbləğ borcalanın (borcalanların)
aylıq məcmu gəlirinin 70 faizindən çox
olmamalıdır;
3.1.11. kreditin son ödəniş tarixinə
borcalanın yaşı qanunla müəyyən olunmuş
pensiya yaşı həddindən çox olmamalıdır;
3.1.12. kredit yaşayış sahəsinin ipotekası
ilə təmin olunmalıdır;
3.1.13. ipoteka ilə yüklü edilən
yaşayış sahəsini müstəqil qiymətləndirici
qiymətləndirməlidir;
3.1.14. ipoteka saxlayanın hüquqları qanunla müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına
alınmalıdır;
3.1.15. kredit üzrə əsas borc və
hesablanmış faizlər hər ay bərabər hissələrlə
(annuitet ödənişlər) ödənilməlidir;
3.1.16. borcalan ölüm və əmək qabiliyyətinin
itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş
yaşayış sahəsi isə bazar qiyməti əsas
götürülərək, ipoteka ilə təmin edilən
kreditin həcmindən az olmamaq şərtilə,
sığortalanmalıdır.
3.2.
Aşağıdakı şəxslər güzəştli
ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
3.2.1. gənc ailənin üzvü olan
aşağıdakı şəxslər:
1. şəhid ailəsinin üzvü (əri/arvadı,
övladları);
2. Milli Qəhrəman
(özü, əri/arvadı, övladları);
3. məcburi köçkün və ya ona bərabər
tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda
qulluq edən, o cümlədən dövlət qulluğunun
xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil
məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi
olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri
olan şəxs (fəxri bədən tərbiyəsi və
idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I
yer), beynəlxalq miqyaslı yarışların
mükafatçısı (I, II və ya III yer);
3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs;
3.2.3. ən azı 15 il dövlət qulluğunda
qulluq edən şəxs;
3.2.4. ən
azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi
hərbi xidmətdə olan hərbi qulluqçulardan
başqa), həmçinin ehtiyata və istefaya
buraxılmış Azərbaycan Respublikasının hərbi
qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı,
41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və
42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda
ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçular istisna olmaqla);
3.2.5. ən azı 3 il daxili işlər
orqanlarında xidmət keçən xüsusi rütbəsi
olan şəxs.
3.3.
Güzəştli ipoteka kreditindən istifadə etmək
hüququ olan ailə və ya şəxs bu hüquqdan
yalnız bir dəfə istifadə edə bilər.
3.4.
Güzəştli ipoteka krediti dövlət büdcəsindən
ayrılan vəsait hesabına, habelə dövlət zəmanətli
istiqrazların emissiyasından əldə olunan vəsaitin
güzəştli ipoteka kreditinə yönəldilən hissəsi
hesabına verilir. Dövlət büdcəsindən
ayrılan vəsait yalnız güzəştli ipoteka kreditinin
maliyyələşdirilməsinə yönəldilir.
3.5. Cəmiyyət
müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi
ilə alır. Kotirovka dərəcəsi Cəmiyyətin
Müşahidə Şurası tərəfindən kredit, o
cümlədən güzəştli ipoteka krediti üzrə
müəyyən olunan illik faiz dərəcələrinin 70
faizi səviyyəsində müəyyənləşdirilir.
3.6.
Kotirovka dərəcəsi barədə məlumatı Cəmiyyət
müvəkkil banklara yazılı olaraq göndərir, öz
rəsmi saytında yerləşdirir və kütləvi
informasiya vasitələrində dərc etdirir.
3.7. Cəmiyyət
hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə
limit tətbiq edir. Limitin müəyyənləşdirilməsi
qaydasını Cəmiyyətin Müşahidə
Şurası təsdiq edir.
4.
İpoteka kreditinin verilməsi proseduru
4.1. Cəmiyyətin
vəsaiti hesabına ipoteka kreditini, bu qaydanın 3-cü hissəsində
müəyyən edilmiş tələblərə müvafiq
olaraq, müvəkkil banklar verir.
4.2.
İpoteka kreditinin verilməsi “Elektron hökumət”
portalında olan “Elektron ipoteka” sistemi (bundan sonra - elektron
sistem) vasitəsilə həyata keçirilir.
4.3.
İpoteka kreditinin verilməsi üçün ipoteka krediti
almaq istəyən şəxs tərəfindən birbaşa və
ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən
həmin şəxsin adından elektron sistem vasitəsilə
müraciət edilir. Müraciətlər
növbəlik əsasında qeydiyyata alınır və
baxılır. Müraciət etmiş
şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə
verilir.
4.4.
İpoteka krediti aşağıdakı sənədlər əsasında
verilir:
4.4.1. şəxsin şəxsiyyətini təsdiq edən
sənəd və sənədin surəti;
4.4.2. nikah (və ya nikahın pozulması) haqqında
şəhadətnamə və sənədin surəti;
4.4.3. şəxsin yetkinlik yaşına
çatmamış ailə üzvlərinin şəxsiyyət
vəsiqələri və ya doğum haqqında şəhadətnamələri
və həmin sənədlərin surəti;
4.4.4. şəxsin iş yerini və gəlirlərini
təsdiq edən sənədlər;
4.4.5. şəxs fərdi sahibkar olduqda:
1. sahibkarın vergi orqanlarında qeydiyyatdan
keçdiyi barədə şəhadətnamənin surəti;
2. vergi orqanları tərəfindən qəbul
olunmuş gəlir vergisi və ya sadələşdirilmiş
vergi bəyannaməsi;
4.4.6. şəxsin güzəştli kateqoriyaya aid
olduğunu təsdiq edən sənəd (şəxs güzəştli
kateqoriyaya aid olduqda).
4.5. Bu
qaydanın 4.4-cü bəndində nəzərdə
tutulmuş hər hansı sənədin elektron sistem vasitəsilə
alınması mümkün olmadıqda, ipoteka krediti almaq istəyən
şəxs həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil
bank təqdim olunmuş sənədi elektron sistemdə həmin
gün yerləşdirməlidir.
4.6.
Müvəkkil bank elektron sistem vasitəsilə əldə
olunan sənədlər və həmin sistem vasitəsilə əldə
edilməsi mümkün olmadığı üçün
şəxsin təqdim etdiyi sənədlər əsasında
3 iş günü müddətində ipoteka krediti almaq istəyən
şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin
razılıq və ya əsaslandırılmış imtina
barədə qərar qəbul etməlidir. Həmin
qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən
şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.
4.7.
İpoteka krediti almaq istəyən şəxs, müvəkkil
bank tərəfindən kreditin verilməsinə dair ilkin
razılıq qərarı elektron sistemdə yerləşdirildiyi
gündən 45 gün müddətində ipoteka krediti
hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə,
müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən
həmin yaşayış sahəsinin qiymətləndirilməsini
aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən
şəxsin müraciət etdiyi gündən 3 iş
günü müddətində qiymətləndirməni
apararaq, qiymətləndirmə aktını müraciət edən
şəxsə təqdim etməli və elektron sistemdə
yerləşdirməlidir.
4.8. Qiymətləndirmə
aktı elektron sistemdə yerləşdirildikdən sonra
müvəkkil bank 5 iş günü müddətində
kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış
imtina) qəbul etməlidir. Həmin qərar qəbul
edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə
bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.
4.9.
Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə
razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi
gündən 10 iş günü müddətində ipoteka
kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi
həyata keçirilir.
4.10.
İpoteka kreditinin verilməsi zamanı bu qaydanın 4.7-ci və
4.9-cu bəndlərində nəzərdə tutulmuş
müddətlərə ipoteka krediti almaq istəyən şəxs
tərəfindən riayət edilmədikdə (qiymətləndirici
tərəfindən bu qaydanın 4.7-ci bəndinin ikinci
cümləsində nəzərdə tutulmuş müddətin
ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən
elektron sistem vasitəsilə avtomatik şəkildə imtina
edilir.
4.11. Bu
qaydada nəzərdə tutulmamış əsaslara görə
ipoteka kreditinin verilməsindən imtina edilə bilməz.
4.12.
İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin
ipoteka krediti almaq üçün təkrar müraciət etmək
hüququ vardır.
5.
İpoteka krediti üzrə hüquqların əldə
olunması
5.1.
İpoteka kreditinin maliyyələşdirilməsi və onlara
xidmət Cəmiyyət və müvəkkil bank arasında
bağlanan baş saziş və xidmət müqaviləsi əsasında
həyata keçirilir.
5.2.
Müvəkkil bank verilmiş ipoteka kreditinin ilkin və yenidən
maliyyələşdirilməsi üçün Cəmiyyətə
müraciət edir və tələb olunan sənədlərin
surətlərini Cəmiyyətə təqdim edir.
5.3.
İpoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi
qaydasını, o cümlədən təqdim edilməli sənədlərin
siyahısını Cəmiyyətin Müşahidə
Şurası müəyyən edir.
5.4. Cəmiyyət
ipoteka kreditinin bu qayda ilə müəyyən edilmiş tələblərə
uyğunluğunu yoxlayır və müvəkkil banka ilkin maliyyələşdirmə üzrə
qərarını 3 iş günü, yenidən maliyyələşdirmə
üzrə qərarını isə 10 iş günü
müddətində bildirir.
5.5. Cəmiyyət
ipoteka krediti üzrə hüquqların əldə edilməsinə
razılığını bildirdiyi təqdirdə, müvəkkil
bank kredit sənədlərinin əsli ilə Cəmiyyətin
tanış olmasını təmin edir.
5.6. Yenidən
maliyyələşdirilməsinə razılıq verilmiş
ipoteka krediti, ipoteka kağızının üzərində
qanunla müəyyən olunmuş qaydada indossamentlə verilmə
qeydi aparılaraq, Cəmiyyətə ötürülür.
5.7. Cəmiyyət
ipoteka kreditini ipoteka kağızında göstərilən
qiymətlə yenidən maliyyələşdirir.
5.8.
Müvəkkil bank Cəmiyyət tərəfindən əldə
edilmiş ipoteka kreditini bu qaydanın 6-cı hissəsində
müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi
götürür.
5.9. Tərəflər
arasında imzalanmış sənədlər əsasında
yaranmış hüquqlar dövlət qeydiyyatına
alındıqdan sonra müvəkkil bank baş sazişdə
müəyyən olunan sənədləri təhvil-təslim
aktı ilə Cəmiyyətə təhvil verir.
5.10. Cəmiyyət
ilə müvəkkil bank arasında bağlanan müqavilələrin
təsdiq edilməsi və ipoteka saxlayanın
hüquqlarının əlavə dövlət qeydiyyatına
alınması ilə bağlı xərcləri müvəkkil
bank ödəyir.
5.11.
Müvəkkil bankların Cəmiyyət qarşısında
öhdəliyi onların borcalanlarla münasibətlərindən
asılı deyildir. Borcalanların müvəkkil
banklar qarşısında öhdəliklərini yerinə
yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil
bank Cəmiyyət qarşısında öz öhdəliklərini
yerinə yetirməlidir.
6. Müvəkkil
bank tərəfindən ipoteka kreditinin geri alınması
6.1.
Aşağıdakı hallarda Cəmiyyət müvəkkil banka bildiriş göndərərək kredit
üzrə tələb hüququnun geri alınmasını tələb
edir:
6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas
borc və faizləri) vaxtında və ya tam həcmdə
ödəməyi 90 gün gecikdirdikdə;
6.1.2. qəbul edilmiş sənədlərin bu qaydaya
uyğun olmadığı müəyyənləşdirildikdə.
6.2. Bu
qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş
bildirişə geri alınmalı ipoteka krediti barədə məlumat
əlavə edilir.
6.3.
İpoteka kreditinin geri alınması zamanı təhvil-təslim
aktına əsasən sənədlərin əsli müvəkkil
banka qaytarılır.
6.4.
Müvəkkil bank Cəmiyyətdən ipoteka kreditini kredit
üzrə əsas borcun ödənilməmiş
qalığını və cərimə olduğu halda
onların cəmini özündə əks etdirən məbləğdə
geri alır.
7.
Keçid müddəalar
7.1.
Elektron sistem fəaliyyətə başlayanadək:
7.1.1. ipoteka krediti almaq istəyən şəxs Cəmiyyətin rəsmi internet səhifəsi vasitəsilə və ya birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər;
7.1.2. bu qaydanın 4.6-cı, 4.8-ci və 4.10-cu bəndlərində nəzərdə tutulmuş qərarlar müvəkkil bank tərəfindən ipoteka krediti almaq istəyən şəxsə həmin qərarlar qəbul edildiyi gündən 2 iş günü müddətində rəsmi qaydada göndərilməli və ya təqdim edilməlidir;
7.1.3. bu qaydanın 4.7-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddət bu qaydanın 4.6-cı bəndində nəzərdə tutulmuş ilkin razılıq qərarını ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır;
7.1.4. bu qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş müddət qiymətləndirici tərəfindən qiymətləndirmə aktının müvəkkil banka təqdim edildiyi gündən hesablanır;
7.1.5. bu qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş müddət bu qaydanın 4.8-ci bəndində nəzərdə tutulmuş qərarı ipoteka krediti almaq istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır.
7.2. Cəmiyyətin
Müşahidə Şurası tərəfindən kredit, o
cümlədən güzəştli ipoteka krediti üzrə
illik faiz dərəcələri müəyyən olunana qədər,
kredit üzrə illik faiz dərəcəsi 8 faizdən,
güzəştli ipoteka krediti üzrə isə 4 faizdən
çox olmamalıdır.
Azərbaycan.-2016.- 24 iyun.- S.5.