Azərbaycan Memarlıq
və İnşaat Universitetinin 40 illik yubileyi qeyd edilib
İyunun
23-də “Gülüstan” sarayında
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin (AzMİU) müstəqil ali
təhsil ocağı
kimi fəaliyyətə
başlamasının 40 illiyinə
həsr olunan yubiley mərasimi keçirilib.
Mərasimdə dövlət və
hökumət rəsmiləri,
Milli Məclisin deputatları, elmi ictimaiyyətin təmsilçiləri,
dünyanın müxtəlif
ölkələrindən olan
alimlər, ali
məktəb rektorları,
Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil
qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə
tər güllər düzülüb.
Tədbirdə əvvəlcə Dövlət
himni səsləndirilib,
AzMİU-nun 40 illiyinə
həsr olunan film nümayiş etdirilib.
Universitetin rektoru professor Gülçöhrə
Məmmədova AzMİU-nun
keçdiyi inkişaf
yolundan, ölkəmizdə
95 illik memarlıq və inşaat ali təhsilinin
tarixindən, bu illər ərzində əldə edilən uğurlardan, qarşıda
duran vəzifələrdən
danışıb. Universitetin
yaradılmasında və
inkişafında xalqımızın
ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərinin
olduğunu vurğulayan
G.Məmmədova ulu öndərin həmişə
bu ali
təhsil ocağına
xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edilib ki,
1975-ci ildə ümummilli
lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə
yaradılan
AzMİU ötən müddətdə
zəngin inkişaf yolu keçib. Hazırda inkişafının
yeni mərhələsini
yaşayan AzMİU-da Prezident İlham Əliyevin qayğısı
və dəstəyi ilə son illərdə müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş tədris laboratoriyaları və mərkəzlər istifadəyə
verilib.
Universitetin akademik göstəriciləri
haqqında məlumat verən G.Məmmədova təhsil ocağının
zəngin maddi-texniki imkanlara və qabaqcıl təcrübəyə
malik olduğunu bildirib. Qeyd olunub ki, universitetdə yeddi minədək tələbənin
təlim-tərbiyəsi ilə
550-dək müəllim və
elmi işçi məşğul olur.
AzMİU-da dünyanın 14 ölkəsindən 700 əcnəbi
tələbə təhsil
alır. Təhsil Nazirliyinin
təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı
kadr hazırlığı
həyata keçirmək
məqsədilə yaradılmış
“SABAH” qrupları AzMİU-da
uğurla fəaliyyət
göstərir.
Diqqətə çatdırılıb ki,
hazırda dünyanın
aparıcı universitetləri
ilə əməkdaşlıq
edən AzMİU bir sıra beynəlxalq
qurumların üzvüdür,
dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom proqramı
üzrə mütəxəssislər
hazırlayır. Rektor gənclərin elmə, təhsilə, maraqlarının
artması nəticəsində
bu ali
təhsil ocağının
bundan sonra daha böyük nailiyyətlər qazanacağına
əminliyini bildirib.
G.Məmmədova vurğulayıb ki,
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
AzMİU-nun bir qrup əməkdaşı
“Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” və “Tərəqqi” medalı ilə təltif edilib, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Rektor yüksək
təltiflərə görə
dövlət başçısına
universitetin kollektivi adından dərin minnətdarlığını bildirib.
Universitetin kollektivini yubiley münasibətilə təbrik
edən təhsil naziri Mikayıl Cabbarov zəngin ənənələrə malik
AzMİU-nun 40 illik elmi-pedaqoji fəaliyyətindən,
ölkəmizdə elm və
təhsilin inkişafına
göstərilən dövlət
qayğısından danışıb. Azərbaycanda
ali təhsil
sahəsində həyata
keçirilən islahatların
əsas istiqamət və hədəflərindən
bəhs edən nazir vurğulayıb ki, əldə olunan uğurlar davamlı xarakter daşıyır. O deyib:
“Ali təhsilin qloballaşması
nəticəsində alətlər
dəyişir, təhsil
sisteminin real iqtisadiyyatla
bağlantısı daha
da artır. Müasir dünyada ali təhsil
müəssisələri təkcə
elm-tədris funksiyasını
deyil, həm də iqtisadi artım mərkəzi rolunu oynayır”.
Təhsil naziri dövlət başçısının yubiley münasibətilə AzMİU-nun əməkdaşlarının ali dövlət mükafatları ilə təltif olunması barədə sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb, mükafatları sahiblərinə təqdim edib.
Azərbaycanda son dövrdə həyata keçirilən geniş tikinti və quruculuq işlərindən danışan Baş nazirin müavini Abid Şərifov vurğulayıb ki, bu gün paytaxtımızda və regionlarda aparılan bu işlər ölkə Prezidentinin bu sahəyə göstərdiyi böyük diqqətin təzahürüdür. Son illər ölkəmizin bir sıra nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən möhtəşəm idman yarışlarının keçirildiyi məkana çevrildiyini bildirən A.Şərifov xarici qonaqların Bakının müasir və tarixi binalarının arxitektura gözəlliyinə heyran qaldıqlarını vurğulayıb. O, ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafında və peşəkar kadrların hazırlanmasında AzMİU-nun fəaliyyətini yüksək dəyərləndirib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə AzMİU-nun fəaliyyətindən, qazandığı uğurlardan danışıb, kollektivi yubiley münasibətilə təbrik ediblər.
Azərbaycanda memarlıq və inşaat təhsilinə göstərdikləri diqqət və qayğıya görə bir çox dövlət və özəl şirkətlər AzMİU rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Eyni zamanda, universitetdə keçirilən tədbirlərin mətbuatda işıqlandırılmasına göstərdikləri informasiya dəstəyinə görə bəzi KİV-lər mükafatlandırılıb.
AzMİU-nun bir qrup əməkdaşına Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanı təqdim olunub.
Sonda universitetin
kollektivi adından Prezident
İlham Əliyevə
ünvanlanmış müraciət oxunub.
Azərbaycan.-2016.- 24 iyun.- S.3.