Prezident İlham Əliyev: "Bizim artan
ordu potensialımız danışıqların
tezliklə başa çatmasına xidmət
göstərir"
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin
29-cu cildi çapdan çıxıb.
Nəşrin bu cildi Azərbaycan
Prezidenti İlham Əliyevin Çex Respublikasının Prezidenti
Vatslav Klausa təbrik məktubu ilə başlanır.
Dövlətimizin başçısının bu
yazının sərlövhəsinə
çıxarılmış sözləri Xanlar şəhərində ümummilli
lider Heydər Əliyevin abidəsinin açılış mərasimində
nitqindən götürülüb. Prezident
deyib: "Bütün
dünya Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır, dəstəkləyir
və münaqişə
yalnız bu əsasda öz həllini tapa bilər. Heç vaxt separatist qüvvələrə
heç bir güzəşt olmayacaq,
biz heç vaxt Dağlıq Qarabağın
Azərbaycandan ayrılmasına
imkan verməyəcəyik,
bu, heç vaxt baş tutmayacaqdır.
Ermənistanda bunu nə qədər tez başa düşsələr,
onlar üçün
bir o qədər yaxşı olacaqdır.
Mən bəyan edirəm ki, Azərbaycan bundan sonra da
öz prinsipial mövqeyində qalacaq və münaqişəni
ancaq və ancaq bizim ərazi
bütövlüyümüz çərçivəsində həll edəcəyik.
Biz hələ ki, danışıqlara sadiqik, hələ ki, bəzi ümidlərimiz
var. Ancaq bununla bərabər, siz onu da bilirsiniz
ki, biz hərbi gücümüzü artırırıq.
Bəzi hallarda beynəlxalq təşkilatlar bizi tənqid edirlər ki, Azərbaycan ordu quruculuğuna nə üçün bu qədər vəsait ayırır?
Birincisi,
bu bizim işimizdir və heç kimə dəxli yoxdur. Biz kasıb olanda,
imkanlarımız olmayanda
bizə əl tutan olmamışdı, indi isə bizə
məsləhət verməyə
çalışırlar ki,
bu vəsaitdən harada istifadə edək. Biz bu
vəsaitdən hər
yerə istifadə edirik. Həm məktəb tikirik,
xəstəxana tikirik,
yol çəkirik, elektrik stansiyaları tikirik və həm də ordumuzu gücləndiririk və gücləndirəcəyik.
Bizim artan ordu potensialımız
danışıqların tezliklə
başa çatmasına
xidmət edir".
Çoxcildliyin bu kitabına daxil olan materiallar
2008-ci ilin fevralından
aprelinədək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin buraxılışına
məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin
başçısının MDB üzvü olan ölkələrin dövlət
başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak
etmək üçün
Moskvaya səfərinə,
Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin ilə
görüşünə, Prezident İlham Əliyevə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adının verilməsinə,
onun, həmçinin Polşaya rəsmi səfərinə, Prezident
Lex Kaçinski ilə görüşünə,
bu ölkədə apardığı danışıqlara,
Polşa Respublikasının
"Xidmətlərə görə"
Böyük Xaç ordeni ilə təltif edilməsinə,
eləcə də
NATO-nun sammitində iştirak
etmək üçün
Rumıniyaya səfərinə,
sammit çərçivəsində
bir sıra ölkələrin dövlət
başçıları ilə
keçirdiyi görüşlərə
dair materiallar verilib.
Prezident
İlham Əliyevin Azərbaycana işgüzar
səfərə gəlmiş
Bolqarıstan Prezidenti
Georgi Pırvanovla görüşünə, dövlətimizin
başçısının Rusiya, ABŞ, Türkmənistan,
Gürcüstan, Yunanıstan,
Səudiyyə Ərəbistanı,
Türkiyə, Ukrayna və Vatikandan, habelə ATƏT-in, NATO-nun, "Internaional Crisis Group"un,
Avropa İttifaqının,
MDB-nin ölkəmizə
səfər etmiş yüksək vəzifəli
və nüfuzlu şəxslərini, Azərbaycanda
keçirilən beynəlxalq
tədbirlərin iştirakçılarını
qəbul etməsinə
dair materiallar da bu kitabda
yer alıb.
Kitabda regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsilə əlaqədar
dövlətimizin başçısının Gəncə, Naftalan, Xanlar şəhərlərinə,
Samux, Füzuli, Beyləqan,
Biləsuvar rayonlarına səfərlərinə, ictimaiyyət
nümayəndələri ilə görüşlərinə
dair materiallar, Nazirlər
Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında giriş və yekun nitqləri
də verilib.
Azərbaycan Prezidentinin "Mir" televiziya kanalının rəhbəri, "Azadlıq" radiosunun prezidenti ilə görüşlərinə dair informasiyalar, "İnterfaks" agentliyinə müsahibəsi, habelə məktubları da çoxcildliyin bu nömrəsində yer alıb.
Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.
"Azərnəşr" tərəfindən buraxılan 29-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub
Azərbaycan.-2016.- 24 iyun.- S.3.