Mixail Zabelin,
politoloq: Yerevanın mərkəzində Hitlerin sovet
məhkəməsi tərəfindən
məhkum edilmiş əlaltısının heykəli
açılıb
“Komsomolskaya pravda” qəzetinin
portalında Azərbaycan politoloqu Mixail Zabelinin “Yerevanın mərkəzində
Hitlerin sovet məhkəməsi tərəfindən məhkum
edilmiş əlaltısının heykəli
açılıb” sərlövhəli məqaləsi verilib
(http://www.msk.kp.ru/daily/26546.4/3562280/). AZƏRTAC məqaləni
təqdim edir.
Mayın 28-də Rusiyada Sərhədçi günü qeyd edilib. Bu bayram həm Moskvada, həm də uzaq zastavalarda, o cümlədən xarici sərhədləri Rusiyanın “yaşıl furajkalı” hərbi qulluqçuları tərəfindən qorunan MDB ölkələrinin sərhədlərində təntənəli şəkildə qeyd olunub. Həmin ölkələr sırasına Ermənistan da daxildir – onun İran və Türkiyə ilə sərhədlərini indiyə qədər rusiyalı sərhədçilər qoruyur.
Ermənistanın özündə isə həmin gün ... Hitlerin əlaltısı, hərbi cani, sovet məhkəməsi tərəfindən məhkum olunmuş Qaregin Njdenin heykəlinin açılışı olub.
Qaregin Njde (əsl adı Qaregin Ter-Arutyunyan) 1886-cı
ilin yanvar ayında Naxçıvanda (Azərbaycan - red.) anadan
olub. O, hələ
XX əsrin əvvəlində “inqilabi terror”a sevgisi ilə fərqlənirdi.
Sonra “erməni milli ordusu” yaratmaqla məşğul
olub, Vedibasarda və doğulduğu Naxçıvanda azərbaycanlılara
qarşı amansız etnik təmizləmələr həyata
keçirməsi ilə məşhurlaşıb. 1921-ci ildə Ermənistanda Sovet hakimiyyəti
qurulanda Qaregin Njde Avropaya köçüb, orada artıq
otuzuncu illərdə faşizm ideyaları ilə ciddi
maraqlanıb və xaricdə yaşayan ermənilər
arasında “Seqakron” adlı faşist təşkilatı
yaradıb. 1942-ci ildə Qaregin Njde şəxsən
Berlinə gedib, orada Fürerə ehtiramını bildirib və
bundan sonra general Drastamat Kanayan (Dro) ilə birlikdə “Erməni
SS legionu” yaratmağa başlayıb, bu legionun komandirinin
müavini vəzifəsini tutub. Onun
başçılığı ilə on minlərlə insan
məhv edilib.
Ola bilsin
ki, bəzi oxucular bu məqamda fikirləşəcəklər:
müəllif ağ eləmir ki? Lakin bu cür nəticələr çıxarmazdan əvvəl
gəlin faktlarla danışaq. Faktlar isə
inandırıcı şəkildə göstərir: Njde
hitlerçilərlə əməkdaşlıq edirdi,
açıq-aşkar və çox fəal şəkildə.
Dronun və Njdenin başçılığı ilə
erməni SS-çilər tərəfindən törədilmiş
qanlı cinayətlər barədə bu gün də arxivlərdə
çoxlu məlumat var. Onlar partizanlara qarşı əməliyyatlar
keçirib, yəhudiləri və qaraçıları məhv
ediblər. 809-cu erməni piyada batalyonu Ukraynada və Polşada
o qədər fəallıq göstərib ki, Vermaxtın
Ukraynadakı komandanı Gitsinger və Şərq hissələrinin
komandanı general-mayor İgen bu batalyonu tərifləyib.
Erməni SS batalyonunun tərkibinə daxil olan
“Dromedar” zonderkomandası Şimali Qafqaz cəbhəsi
qoşunlarının arxasında kəşfiyyat-təxribat tədbirləri
həyata keçirir, fürsət düşdükcə “untermenş”ləri
məhv edirdi. Bir sözlə, Qaregin Njdenin
hitlerçi hakimiyyətlə münasibətləri
Banderanın və Şuxeviçin münasibətlərindən
daha yaxın olub. Sözün qısası, bu hadisələrin
miqyası “erməni-azərbaycanlı münasibətləri”nin çərçivəsindən kənara
çıxır.
Gəlin “erməni işinə xidmət nümunəsi”
olan Njdenin bioqrafiyasına qayıdaq. Qaregin Njde artıq
1944-cü ildə başa düşür ki, cəbhədə
Fürerin işləri şuluqdur. O, Bolqarıstana
qaçır, orada onu həbs edib Sovet komandanlığına
təhvil verirlər. Sovet məhkəməsi Njdeni 25 il həbs cəzasına məhkum edib. O, 1955-ci
ildə Vladimir mərkəzi həbsxanasında ölüb.
Məhkum edilmiş bu hərbi caninin adı bu gün Ermənistanda
əməlli-başlı pərəstiş obyektinə
çevrilib.
Hitlerin əlaltısının şərəfinə
xatirə sikkələri zərb edilir. Ermənistanın
hakim respublikaçılar partiyasının proqramında
açıq-aydın deyilir: “Tanrının adı ilə erməni
xalqının dərindən dərk edilmiş ali
məqsədi vətəndə əbədi olmaq, öz həyat
qabiliyyətini, yaradıcılıq dühasını və
azad iradəsini bərqərar etməkdir. Bu hədəfin
reallaşdırılmasının təminatı erməni
milli ideologiyasıdır. Ermənistan
respublikaçılar partiyasının qəti inamına
görə Qaregin Njdenin təlimi bu ideologiyada mühüm yer
tutur”. Yerevanda bir meydana Qaregin Njdenin adı
verilib. Lakin Rusiyanın rəsmi
strukturları, o cümlədən RF-nin Ermənistandakı səfirliyi
susublar və yenə susurlar. Rusiya kino
ulduzlarının iştirakı ilə Njde haqqında
“bioqrafik film” çəkilişlərinə heç bir rəsmi
münasibət bildirilmədi. Bu rəsmi sükut erməni
diasporunda “Njdenin davamçıları”nı
o qədər ruhlandırdı ki, bir neçə il bundan əvvəl
ona ... Rusiya ərazisində heykəl qoymağa cəhd
göstərdilər. Bu heykəl Njdenin son
günlərini yaşadığı Vladimir mərkəzi həbsxanasında
qoyulmalı idi, lakin ictimaiyyətin və Böyük Vətən
müharibəsi veteranlarının etirazları sayəsində
bu niyyət baş tutmadı.
Lakin Rusiyada baş tutmayan məsələni Ermənistanda
uğurla reallaşdırmaq olarmış. Yerevanın
lap mərkəzində, hökumət binalarının
yanında Qaregin Njdenin dəbdəbəli heykəli
açılıb.
Hitlerin əlaltılarına nəinki bəraət verilməsi,
hətta onların qəhrəmanlar kimi təqdim edilməsi
baxımından bundan daha əyani nümunə təsəvvür
etmək olarmı?!
Ən kədərlisi
odur ki, bu heykəl Rusiyanın müttəfiqi sayılan və
ondan çoxsaylı preferensiyalar alan
ölkədə rusofobiyanın artmasının heç də
yeganə nümunəsi deyil.
2015-ci ilin dekabrında Moskvada “Avrasiya” Strateji
Araşdırmalar İnstitutunun eksperti Tatyana Borzovanın mətbuat
konfransı keçirilib. Bu tədbir postsovet məkanı
ölkələrində rusdilli vətəndaşların vəziyyətinə
dair araşdırmanın təqdimatına həsr
edilmişdi. Orada sözün həqiqi mənasında
şok məlumatlar səsləndi: məlum oldu ki, Rusiyanın
müttəfiqi sayılan Ermənistanda rusdilli vətəndaşların
vəziyyəti Baltikyanı ölkələrdəkindən də
pisdir.
Borzova həqiqətən fundamental bir
araşdırmanın nəticələrini təqdim etdi. Buraya qanunvericiliyin tədqiqi,
sosioloji sorğular, rus dilində təhsil məsələsinin
öyrənilməsi daxil idi... Tədqiqatın müəllifləri
yazırdılar: “Hazırda keçmiş SSRİ ərazisində
rusdilli əhaliyə aid edilən və yaşadıqları
ölkələrdə milli azlıqlar sayılan 25 milyondan
çox vətəndaş yaşayır. Aşkardır
ki, hər hansı başqa xalq kimi rus xalqı da onun mənafelərinin
sıxışdırıldığı, özünü məzlum
vəziyyətdə hiss edən ölkədə yaşamayacaq
və imkan daxilində həmin ölkəni tərk etmək
üçün yollar axtaracaq”.
Məlum oldu ki, Rusiyanın müttəfiqi sayılan Ermənistan
ölkəni tərk etmiş rusdilli sakinlərə münasibətdə
postsovet məkanında birinci yeri tutur. “İnterfaks”
agentliyinin mərkəzi ofisində keçirilən mətbuat
konfransında bu məlumatı “Avrasiya” Strateji
Araşdırmalar İnstitutunun eksperti Tatyana Borzova təqdim
edib.
O deyib:
“Biz son 12 il üçün sosioloji məlumatları
araşdırmışıq. Bizi ən
çox heyrətləndirən Ermənistandakı vəziyyət
oldu. Ermənistan mühacirlərin
ümumi sayında ölkəni tərk etmiş rusdilli sakinlərin
nisbətinə görə birinci yeri tutur – 64 faiz. İkinci yerdə Qazaxıstan (54 faiz), sonrakı yerləri
Moldova və Dnestryanı bölgə (50 faiz) tutur”.
Məlum
olub ki, rusların və rusdilli əhalinin ən az sayda yaşadığı ölkə məhz
Ermənistandır. Ermənistan praktiki olaraq monoetnik
ölkədir. Araşdırmanın
formulası çox həyəcan doğuran vəziyyət
yarandığını göstərir. Ermənistan
Respublikasında təhsilin başqa dillərdə
aparıldığı məktəblərin mövcud
olmasına, ümumiyyətlə, icazə verilmir. Erməni dilindən fərqli dildə heç olmasa
ibtidai təhsilə icazə verilməsi cəhdi Ermənistanda
narazılığın artmasına səbəb olub.
“Modus
Bivendi” mərkəzinin rəhbəri Ara Papyan deyib: “Məgər
aydın deyilmi ki, Puşkinin nağıllarının təsiri
altında böyümüş uşaq və Tumanyanın
nağıllarının təsiri altında böyümüş
uşaq tamamilə müxtəlif ermənilərdir?” Ermənistanda 1410 orta ümumtəhsil məktəbindən
yalnız biri dövlət rus məktəbidir.
Lori vilayətindəki Fiolotevo kəndində yerləşən
bu məktəbin110-dan çox yaşı var. Bu məktəbin
şagirdləri RF-nin Ermənistandakı səfirliyi tərəfindən
verilən Rusiya dərslikləri ilə təchiz olunur.
Bundan əlavə, 39 özəl məktəbin yalnız
ikisi tamamilə rus dilində işləyir, qalan məktəblərdə
birinci sinifdən 11-ci sinfə qədər təhsilin rus dilində
olduğu siniflər var. Rus siniflərinə uşaqların
seçilməsi Ermənistan Təhsil Nazirliyində
aparılır. Uşağın rus dilində oxuya bilməsi
üçün onun valideynlərindən biri etnik erməni
olmamalıdır.
Bir müddətdən sonra həmin uşaqlar təhsilin
erməni dilində olduğu siniflərə keçirilir. Əgər rus siniflərinin
məzunları məktəbi bitirəndən sonra universitet təhsili
almaq istəyirsə, onlar təhsilin erməni dilində
olduğu dövlət və özəl ali
məktəblərə daxil ola bilərlər. Bu ali məktəblərə qəbul
imtahanlarını da erməni dilində vermək
lazımdır. Hərçənd, Yerevanda Rusiya-Ermənistan
Universiteti var. Ermənistanda yeganə olan bu dövlət ali məktəbində tədris rus dilində
aparılır, lakin orada ixtisaslar çox məhduddur.
Araşdırmanın müəllifləri başqa bir
faktı da qeyd ediblər. Onların sözlərinə
görə, “Ermənistan layihə
iştirakçılarının siyahısında yeganə
ölkədir ki, Rusiya Federasiyası dövlət hakimiyyətinin
nümayəndələri və Avropa Şurası
araşdırmanın mövzusu ilə əlaqədar vəziyyətdən
narazı olduqlarını açıq bildirirlər.
Avropa Şurası Ermənistana tövsiyə edir ki,
milli və dini zəmində dözümsüzlük təzahürlərinə
qarşı daha qətiyyətli mübarizə tədbirləri
görsün”.
Öz tərəfimizdən
əlavə edək: Rusiyanı çox sevdiyini güman etmək
çətin olan “Amerikanın səsi” (!) deyib: “Ermənistanda
rus dilinin statusu məsələsi əvvəllər də
qaldırılıb. Mübahisələr hələ
2010-cu ildə yaranıb. O vaxt Ermənistan Təhsil
Nazirliyinin təqdim etdiyi qanun layihəsində ölkədə
təlimin xarici dillərdə olduğu məktəblər
açılması nəzərdə tutulurdu. Təhsil
və elm naziri Armen Aşotyanın sözlərinə görə,
bu qanun çərçivəsində cəmi iki xarici məktəb
açılıb və onların hər ikisində təhsil
ingilis dilindədir”.
Əlbəttə, burada artıq neçənci dəfə
xatırlamaq olar ki, Ermənistan prezidenti vəzifəsində
Serj Sarkisyanın sələfi olmuş Robert Koçaryan ruslar
barədə çox etinasızlıqla
danışırdı. Aleksandr Proxanov özünün “Odlu yollar” kitabında
bu barədə yazır: “1998-2008-ci illərdə Ermənistanı
idarə edən Robert Koçaryan özünün “Jiqulisində”
məni öz “Krunk” cəmiyyətinin gizli qərargahlarına
aparan Robik idi (80-ci illərdə “Krunk” Dağlıq
Qarabağda bu muxtar vilayətin Ermənistanla birləşməsi
uğrunda çıxış edirdi – red). O vaxtkı söhbətimizdə
bir məsələ məni hədsiz heyrətləndirdi və
həmişəlik yadımda qalıb. Biz,
ümumiyyətlə, imperiya barədə, millətin problemləri,
Rusiya, ruslar və ermənilər barədə
danışırdıq. Robik dedi: “Siz mənimlə
razılaşarsınız ki, bax siz, ruslar yalnız
ağır sənaye sahələrində, metallurgiyada işləyə
bilərsiniz, məsələn, hansısa ağır
maşınlar düzəldə bilərsiniz, amma biz ermənilər
daha incə, yüksək peşə adamlarıyıq, daha
yüksək intellektə, kosmik ziyaya malik insanlarıq...”.
İndi isə Ermənistanda Rusiyanın səfirliyi qarşısında mitinqlər keçirilir. Mitinq iştirakçıları əllərində RF XİN başçısı Lavrovun ünvanına təhqiramiz sözlər yazılmış plakatlar tutur, Moskvanı Ermənistana xəyanət etməkdə təqsirləndirirlər, “Rusiya agentləri” axtarmağa başlayıblar. İndi isə məhkum edilmiş hərbi caniyə - Hitlerin əlaltısına heykəlin təntənəli açılışı olub. Özü də Ermənistanın paytaxtının lap mərkəzində.
YERİ
GƏLMİŞKƏN
Moskva Yerevanın bu addımını rəsmən pisləyib. Moskva Yerevanda Vermaxtın erməni legionunu yaradanlardan birinə - general Qaregin Njdeyə heykəl qoyulmasından heyrətlənib. Bu barədə RİA “Novosti” RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat verib. İnformasiya agentliyi XİN-in rəsmi nümayəndəsinin aşağıdakı sözlərini sitat gətirib: “Böyük Vətən müharibəsinə bizim münasibətimizi hamı çox gözəl bilir. Nasizmin, Neonasizmin, ekstremizmin hər hansı təzahürlərinin dirçəldilməsinin, bunun qəhrəmanlıq kimi qələmə verilməsinin hər hansı formalarına bizim münasibətimizi də hamı yaxşı bilir. Bu münasibət beynəlxalq sənədlərdə təsbit olunub. Göstərilən heykəlin nə üçün qoyulması bizə aydın deyil. Axı biz hamımız erməni xalqının qəhrəmanlığını bilirik. Erməni xalqı Böyük Vətən müharibəsi, İkinci Dünya müharibəsi dövründə unudulmaz igidliklər göstərib”. Zaxarova daha sonra əlavə edib ki, Moskva üçün “Böyük Vətən müharibəsi barədə tarixi həqiqətin qorunub saxlanması məsələsinə dair Yerevanın rəsmi mövqeyinin əsas indikatoru bizim hamımız üçün ümumi Qələbə gününə, 9 may bayramına münasibətdir”.
Zaxarova deyib: “Ermənistan BMT Baş Məclisinin məlum qətnaməsinin müəlliflərindən biridir. Bu qətnamənin adı belədir: “Nasizmin, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün eskalasiyasına şərait yaradan praktikanın digər növlərinə qarşı mübarizə”. Yeri gəlmişkən, həmin qətnamədə “...nasist hərəkatının istənilən formada, o cümlədən heykəllər və memoriallar ucaldılması yolu ilə şərəfləndirilməsi” pislənilir.
Amma indiki halda bunu anlamaq olmur. Xatırladaq ki, Njdenin
heykəli şəxsi təşəbbüs çərçivəsində
kiminsə həyətində deyil, paytaxt Yerevanın mərkəzi
meydanlarının birində, yüksək kabinetlərin pəncərələrindən
baxanda birbaşa görünən yerdə qoyulub. Sadə
dildə desək, Ermənistanın iki mövqeyi
varmış: biri Rusiya üçün, bu halda Zaxarovanın
dediyi BMT-nin “antinasist” qətnaməsi dəstəklənir, digəri
isə “özününkülər üçün”. Bu halda nasist Njde milli qəhrəman elan edilir, partiyanın
proqramında onun ideyalarına sadiq qalacaqlarına and
içirlər, onun şərəfinə sikkələr zərb
edilir, medallar təsis olunur. İndi isə heykəl
də açılır.
Azərbaycan.-2016.- 24 iyun.- S.5.