Muğam ocağı

 

Avropanın ən gözəl və böyük dənizkənarı bulvarlarından biri Bakıdakıdır. Diqqəti burada ilk baxışdan qədim musiqi aləti olan tar formasında, modern üslubda inşa edilmiş bir bina cəlb edir. Bu, Beynəlxalq Muğam Mərkəzidir. Muğam... Xalqımızın ən qədim, ən sehrli musiqisi... O muğam ki, uca xalqımızın həm kədərli, həm də xoş günlərində qəlblərə məlhəm olub, öz sehrli aurası ilə insana güc-qüvvət verib. O həm də öz fəlsəfi hekayəsi ilə mənəviyyatları zənginləşdirib, insanları xoşbəxtliyə, gözəlliyə, xeyirxahlığa, mübarizəyə səsləyib.

Nə gizlədək? Son on ilə qədər bu gözəl musiqimizə yad nəzərlərlə baxanlar, hətta onukeçmişin qalığı” adlandıranlar da var idi. Ancaq xalqımız təfəkkür xəzinəsindən süzülüb gələn muğamlarımıza heç zaman biganə qalmayıb, sevgisini gizlətməyib, onu köhnəlməyə qoymayıb. İllər, əsrlər keçir, onu yaşadanlar qocalır, həyatdan köçür. Lakin hər gələn yeni nəsillə muğam da gəncləşir, yeni-yeni çalarlar kəsb edir, daha da müdrikləşir. Çünki muğamın sehri də, əsrarəngizliyi də xalqın əbədiliyidir, onun fəlsəfəsi xalqındır.

Beynəlxalq Muğam Mərkəzinə daxil olan hər kəsi ilk andaca o qədim musiqinin korifeylərinin büstləri qarşılayır. Bir zamanlar onların zəngulələri, ifa etdikləri muğamlar konsert salonlarını titrədib, könülləri oxşayıb, əvəzsiz musiqi xəzinəsi - muğam sərvəti yaradıb.

Onların simaları daş büstlərə çevrilsə də, oxuduqları muğamlar insanların qəlbində canlı heykələ dönüb!

Min illərin o tayından, genetik kodumuzdan, qan yaddaşımızdan süzülüb durulan və zehniyyəti duruldan muğam könül yaralarına məlhəm, duyğulara sığal olub.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyada ilk muğam ocağı - Beynəlxalq Muğam Mərkəzi yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır və nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətlərini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanı muğamsız təsəvvür etmək mümkün deyil və muğamı da Azərbaycansız təsəvvür etmək mümkün deyil”.

Beynəlxalq Muğam Mərkəzi ulu xəzinənin, unikal səslərin, şanlı tarixin saxlancına, milli dəyərlərin dünyada təbliğat mərkəzinə çevrildi.

Başı qarlı dağların, gurşad suların, saf havanın, nurlu çöhrələrin vəhdətində yetişən sənətkarların hər birinə bir abidə qoyuldu mərkəzdə. Buradakı büstlər, sadəcə, bir heykəltəraşlıq əsəri deyil, muğam tarixinin hər gün vərəqlənən salnaməsi, tükənməyən ünlü tarixdir. Mehriban Əliyevanın gerçəkləşdirdiyi layihələr sayəsində Azərbaycan muğamı dünyanın möhtəşəm salonlarını fəth etdi, əcnəbiləri belə öz ahənrübasına çəkdi.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Muğam Mərkəzi haqqında fikirləri olduqca dəyərlidir: “Bu gün biz tam əminliklə deyə bilərik ki, Muğam Mərkəzi bütün dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib. Bu gündən etibarən burada çox gözəl, ölməz musiqi - muğam səslənəcək”.

Muğam təkcə bədii-estetik, lirik-duyğusal məziyyətlərdən, kövrək notlardan ibarət deyil. O həm də inad, mücadilə, mübarizə, məfkurə işığı, kosmoqonik fəth deməkdir.

Beynəlxalq Muğam Mərkəzinin yaradılması respublikamızın ictimai, mədəni həyatında böyük hadisə idi. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, UNESCO-nun ovaxtkı baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu. Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirildi.

2008-ci il dekabrın 27-də Azərbaycan Respublikası Prezidentininbirinci xanımın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı oldu.

Beynəlxalq Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2009, 2011, 2013 və 2015-ci illərdə “Muğam aləmi” Beynəlxalq Muğam festivalları keçirib. Bu tədbirlər çərçivəsində Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistanın nümayəndələri Azərbaycana gəliblər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən muğam müsabiqələrinin seçim turları, “Muğam Televiziya Müsabiqəsi-2011”, “Muğam Televiziya Müsabiqəsi- 2013” və “Muğam Televiziya Müsabiqəsi-2015” böyük rezonans doğurdu.

Beynəlxalq Muğam Mərkəzi görkəmli sənət ustalarının xatirə gecələrini, yubileylərini və yaradıcılıq axşamlarını da təşkil edir. Xan Şuşinskinin 110, Cabbar Qaryağdıoğlunun 150, Qurban Pirimovun 130, Yaqub Məmmədovun 80, Bəhram Mənsurovun 100, Hacı Məmmədovun 90, Mənsum İbrahimovun 50, Zamiq Əliyevin 60, Fəxrəddin Dadaşovun 60, Sadıq Zərbəliyevin 60, Əhmədxan Bakıxanovun 120, Sara Qədimovanın 90, Səxavət Məmmədovun 60, Qədir Rüstəmovun 80, Qənbər Hüseynlinin 100 illik yubiley tədbirləri yüksək səviyyədə təşkil edilmişmusiqi ictimaiyyətinin marağına səbəb olmuşdur.

Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində düzənlənən konsertlər də yaddaşlara həkk olunub.

Beynəlxalq Muğam Mərkəzində hər il Bakı Caz Festivalı çərçivəsində konsertlər reallaşdırılıb. İran, Fransa, Türkiyə, Polşa, Belçika Krallığı, Amerika Birləşmiş Ştatları, Koreya, Norveç, Almaniya, Litva, İsveçrə, İtaliya səfirliklərinin təşəbbüsü ilə müxtəlif tədbirlər həyata keçirilib.

Son illər xalq artisti Alim Qasımovun dünyanın bir sıra ölkələrində həmin xalqların görkəmli musiqi ustalarının iştirakı ilə Azərbaycan musiqisi, o cümlədən muğamın sintezi ilə həyata keçirdiyi layihələr böyük maraq doğurub. Qeyd etmək lazımdır ki, Azərbaycanın muğam sənətinin görkəmli nümayəndəsi, məşhur xanəndə Səttar hələ XIX əsrin ortalarında ilk dəfə olaraq Tiflis şəhərində Azərbaycan muğamı ilə Qərb musiqisi arasında sintez yaratmış, Tiflisdə qastrol səfərində olan İtaliya operasının nümayəndələri ilə birlikdə konsert vermişdir. Bu gün Beynəlxalq Muğam Mərkəzi həmin ənənələrə sadiq qalaraq Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə belə konsertlərin təşkilinə geniş yer ayırır.

Bu ilin may ayında mərkəzdə etnokonsertlər silsiləsindən Yunanıstan, İtaliya, İspaniya etnik musiqiçiləri ilə Azərbaycanın tanınmış muğam ifaçıları arasında birgə konsertlər keçirilib.

Beynəlxalq Muğam Mərkəzi bədii və sənədli filmlərin təqdimat mərasimlərinə, musiqi və incəsənət sərgilərinə də evsahibliyi edir. Mərkəz yarandığı gündən zəngin və ulu Azərbaycan mədəniyyətinin təbliği, onun beynəlxalq arenaya inteqrasiyasını özünün prioritet fəaliyyət istiqaməti kimi müəyyənləşdirib və bu məqsəd uğrunda uğurla fəaliyyət göstərir.

Bir sözlə, Beynəlxalq Muğam Mərkəzi tamaşaçıları maraqlı və irimiqyaslı layihələrlə sevindirməyi qarşısına məqsəd qoyub.

Gülhüseyn KAZIMLI,

filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan.-2016.- 24 iyun.- S.7.