Dəyərli insanlar haqqında səmimi etiraflar

 

Filosoflar insanları yer üzünün əşrəfi, dünyanın bəzəyi hesab ediblər. Həmin fikri belə işlədiblər: bu qoca dünyanın bəzəyi və yaraşığı, dayağı və bünövrəsi- təməl daşıdır insanlar.

Dünyanın əşrəfini açılmamış, oxunmamış kitablara da bənzədiblər. Axı hər kəsin özünəməxsus fəlsəfi dünyası var. Mətbuatda can qoymuş, saç-saqqal ağartmış qələm sahiblərindən biri kimi tanınan İdris Hacızadəni oxucularla görüşə gətirən “Dünyamızın bəzəyidir insanlar” kitabı da məhz  belə bir mövzuya həsr edilib. Əslində, kitabı uzun illər dövri mətbuatda çalışan müəllifin müxtəlif janrmövzularda qələmə aldığı məqalələrinin  toplusu da adlandırmaq olardı. Maraq çəkən məqamlardan biri odur ki, burada müxtəlif sosialictimai mahiyyət daşıyan məsələlər öz əksini tapıb. Hər müsahibədə bir insan xarakteri açıldığı kimi, hər zarisovka, yaxud publisistik düşüncədə sosial həyatda mövcud olan problemlər, insanları düşündürən, həllini gözləyən məsələlər işıqlandırılır.

Kitabda xalqımızın müxtəlif kateqoriyalı ziyalılarının vətən sevdalılığını, torpaq, yurd təəssübkeşliyini təsdiqləyən fikir və düşüncələrinin real həyatda təsdiqini özündə əks etdirən, əməli fəaliyyətlərinə ayna tutan bir-birindən maraqlı yazılar toplanıb. Müəllif ön söz yerindəki qeydlərində yazır ki, 50 ildən artıqdır yaşından və vəzifəsindən asılı olmayaraq belə insanlarla yaxından ünsiyyət saxlayıb, onların haqqında geniş məlumat toplayıb, zəngin və nümunəvi həyat tarixçələrinə yaxından bələd olub, sonra isə müxtəlif qəzet və  jurnallarda geniş oxucu auditoriyasına çıxarıb.

Belə insanların arasında müharibədə dəfələrlə ölümlə üzləşsə də, Allahın qüdrəti ilə salamat özünü anasına yetirməyə nail olan şair Fətəli Sahib, ədəbiyyatımızın bəxtiyar şairi Bəxtiyar Vahabzadə, onun saf əqidə dostu, kristalloqraf  alim, Qarabağ dərdinə dözməyən, paklıq və saflıq mücəssəməsi  Xudu Məmmədovdan söz açılır. 36 ay erməni əsirliyində zülm-zillət çəkib yarımcan olan beyləqanlı Fariz Şükürovun qanayan yarası “sarınır”. Yazıçı-publisist, əməkdar incəsənət xadimi Yasif Nəsirli, neft maqnatlarımızdan biri, Bakı milyonçusu, “İsmailiyyə” kimi əzəmətli binanı xalqına hədiyyə etmiş Ağamusa Nağıyev, muğamla cazın sintezinin ilk müəllifi Vaqif Mustafazadə ilə yanaşı, mədəniyyət tariximizə adlarını əbədi həkk etdirən incəsənət xadimləri də burada xatırlanır. Eləcə də Milli Məclisdə millət vəkili kimi tanınanların da fədakarlıqlarından bəhs edən yazılar bir qələm adamının səmimi etiraflarıdır.

 

M.SADIQZADƏ,

Azərbaycan.-2016.- 24 iyun.- S.8.