Qurban Pirimovun
yadigarı
İstedad sorağında
Zaman-zaman Qarabağdan boy verən musiqi və ifaçılıq sənəti də irsən nəsildən-nəslə keçir. Musiqi beşiyində dünyaya göz açanların laylası muğam, nəvazişi segah olur.
Hələ sinəsində tarı əməlli-başlı saxlaya bilməyən balaca Asim Pirimovun da taleyinə belə genetik xoşbəxtlik yazılıb: ulu babası Qurban Pirimovun tar ifaçılıq sənətini yaşatmaq missiyası üzərinə düşüb. O hələ bu ulu və bəşəri sənətin uzun yoluna yenicə qədəm basır, həm də titrək və kövrək. Dədə-babası Qarabağın füsunkar guşələrinin birindən, Ağdamın Gülablı kəndindən olub. Doğma yurdları erməni vandalizminin qurbanına çevriləndən Asimin də ata-anası Bakıda müvəqqəti məskunlaşıb. Kiçik yaşlarından ailədə muğam, segah və xalq mahnılarına məhəbbət duyan Asimin tara meyli ata-anasını, əslində, təəccübləndirmədi: kökdən gələn sənətə məhəbbət bulaq kimi qaynayırdı, onun qarşısını almaq mümkün deyildi. İldən-ilə bir buğda boyda boy atsa da, tara sevgisi ümmana dönürdü. Ona görə də 2010-cu ildə K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbinin tar ixtisası üzrə birinci sinfinə daxil olanda sevincinin həddi-hüdudu yox idi.
Cəmi dörd ildən sonra Asim Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirir. İstedadı və musiqiyə həvəsi onu həmyaşıdlarından seçdirir: dəfələrlə məktəbdə keçirilən musiqili-nəğməli tədbirlərdə iştirak edir. Ötən il onun üçün uğurlu sayılır: “Milli musiqi alətlərimizi unutmayaq” layihəsinin iştirakçısı olub.
Ulu babasının tar ifaçılıq sənətini sevə-sevə öyrənən və yaşatmağı özünə mənəvi və irsi borc bilən, hələ ilk addımlardan qazandığı uğurlarda müəllimi Elşən Salmanovun əməyinin çox olduğunu dilə gətirən balaca Asim üçün bu il də uğurla başlayıb: aprel ayında Q.Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər”in III Respublika elmi-ifaçılıq müsabiqəsinin qaliblərindən sayılıb.
Ecazkar sənət və kamil sənətkarlıq özü məktəb yaradır. Musiqi tariximizdə bir çox ilkinliyə imza atan Qurban Pirimov məktəbi də bu gün yaşayır və sorağı sənətdə ilk addım atanlardan başlayaraq dünyanın nəhəng mədəniyyət ocaqlarından, eləcə də UNESCO-dan gəlir. Azərbaycan tarı yaşayır və yaşadılır, həm də Asim kimi sənət beşiyində göz açanların sinəsində və barmaqlarında!
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2016.- 25 iyun.- S.8.