Qafqazın ən güclü, modern, hazırlıqlı ordusu

Azərbaycan Ordusu aprel zəfəri ilə işğal altındakı torpaqlarımızı hər an azad etmək iqtidarında olduğunu göstərdi

 

Bu gün mübariz ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edərək regionun qüdrətli Silahlı Qüvvələrinə çevrilən Azərbaycan Ordusu möhtəşəm bir hadisəni - yaranmasının 98-ci ildönümünü təntənəli surətdə qeyd edir.

Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən 1918-ci ildə əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuşdur. Bu tarixi gün respublikamızda hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Qəlbində vətən, yurd sevgisi olan, ordusu ilə qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə şərəfli və əlamətdardır.

Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu dövrdən başlayaraq ümummilli liderin rəhbərliyi altında Silahlı Qüvvələrin komplektləşdirilməsi, nizam-intizamın, döyüş əhvali-ruhiyyəsinin yüksəldilməsi, Milli Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı. Yeni yaradılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamənin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin mərkəzləşdirilmiş maddi-texniki təminatının, maliyyə-təsərrüfat fəaliyyətinin nizama salınması Azərbaycan Silahlı Qüvvələrini keyfiyyətcə yeniləşdirdi.

Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 13 ildə bu sahədə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Azərbaycan Ordusunun qüdrətini cari il aprelin əvvəllərində işğalçı Ermənistan, eləcə də dünya ictimaiyyəti bir daha gördü.

Müzəffər Azərbaycan Ordusunun aprelin əvvəllərində düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi Ermənistan başda olmaqla, onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.

Apreldə baş verən hadisələr bir sıra reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycan xalqının milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktikistrateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdı. İndiki dövr üçün qarşıya qoyulmuş məqsədin reallaşdığını, müəyyən geosiyasi amilləri, habelə müxtəlif ölkə və təşkilatların rəhbərlərinin çoxsaylı çağırışlarını nəzərə alan ölkə rəhbərliyi atəşkəsin dayandırılmasına qərar versə də, dördgünlük müharibə ərzində xalqımız həsrətində olduğu qələbənin şirinliyini dada bildi.

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində bildirib: “Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olubbu üstünlüyü əldən verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü biliriköz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirikaprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi.

Mən hesab edirəm ki, bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu. Eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər”.

Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları - düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər səmərəsini verir. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 13 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, yüksək döyüş ruhuna malik Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadir olduğunu sübuta yetirdi.

Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir” deyən Prezident İlham Əliyev Azərbaycan Ordusunun xalqdan böyük dəstək aldığını bir daha bəyan etdi. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının silaha sarılaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.

Son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu ərazilərdə, kəndlərdə ardıcıl olaraq təxribatlar törədərək əhaliyə qarşı iriçaplı silahlardanartilleriya qurğularından istifadə edirdi. Əhali arasında itkilərin qarşısının alınması üçün erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələrin endirilməsi, düşmənin hərbi birləşmələrinin kəndlərimizdən daha uzaq yerə çəkilməyə məcbur edilməsi ilkin mərhələ üçün başlıca hədəf idi. Əminliklə demək olar ki, bu məqsədə tam nail olundu.

Aprelin əvvəllərində Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı üstünlüyü və təşəbbüsü ələ alaraq haqlı mövqeyini qətiyyətlə ortaya qoydu. Ermənistan, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər başa düşdülər ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Aşkar göründü ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan işğalçı dövlət ideoloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azərbaycana uduzur.

Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.

Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin nəzərəçarpacaq dərəcədə artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsindən orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, başkiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.

Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını düşmən tərəfi Bakının Azadlıq meydanında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən möhtəşəm paradda da görmüşdü. Bakı səmasında nümunəvi uçuşlar edən Azərbaycan “şahinləri” hər bir azərbaycanlıda böyük qürursevinc hissləri doğurmuşdu. 2014-cü il 26 iyun taixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi ordumuzun möhtəşəmliyini bir daha göstərdi. Ümumilikdə təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək hərbi və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Dördgünlük müharibənin ermənilər üçün sarsıdıcı nəticələri son illər faktiki dalana dirənmiş danışıqlar prosesində rəsmi Bakının hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişənin həlli ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək öz torpaqlarını azad, ərazi bütövlüyünüsuverenliyini təmin etmək əzmindədir. Ən əsası, Ermənistanın havadarlarının hansı mövqe tutmasından asılı olmayaraq, Azərbaycan iqtidarı xalqının və qüdrətli ordusunun köməyi ilə bu addımı atmağa qadirdir!

Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Uzun illər regiondasiyasi arbitrrolunda çıxış etməyə iddialı bəzi dövlətlərin hazırda respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycan diplomatiyasının ən mühüm uğurlarındandır.

Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə kifayət qədər böyük uğurlar qazanmışdır. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. İşğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks təqdirdə təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək.

Elnur HACALIYEV,

Azərbaycan.-2016.- 26 iyun.- S.1-7.