Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü
və planlı şəkildə aparır
Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev hərbçilər üçün
inşa edilmiş binada yaradılan şəraitlə
tanış olub
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də
Bakının Xətai rayonunda hərbçilər
üçün inşa edilmiş yaşayış
binasında yaradılan şəraitlə tanış olub.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Müdafiə naziri Zakir Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına bina haqqında məlumat verdilər.
Bildirildi ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib. Sərəncama əsasən Müdafiə Nazirliyinin xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədi ilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılıb. Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u ikiotaqlı, 26-sı isə üçotaqlıdır. İkiotaqlı mənzillərin sahəsi 91, üçotaqlı mənzillərin sahəsi isə 100 kvadratmetrdir. Binada sərnişin və yük liftləri quraşdırılıb. Domofon, yanğınsöndürmə, siqnalizasiya, havalandırma və kombi sistemləri ilə təmin olunan mənzillərə telefon, internet, televiziya xətləri çəkilib. Təbii qazla təchiz olunan binanın həyətində yanğın və içməli su anbarları inşa edilib, idman avadanlıqları qoyulub, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb. Binanı daimi su ilə təchiz edən nasos stansiyası və zirzəmidə müasir avtomobil dayanacağı yaradılıb.
Bu cür müasir yaşayış binalarının inşası sübut edir ki, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə mühüm layihələr icra olunur. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirir.
Sonra dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev hərbçilərlə görüşdü.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin
çıxışı
-Əziz hərbçilər, hörmətli mərasim
iştirakçıları.
İlk növbədə, sizi və bütün Azərbaycan
xalqını qarşıdan gələn Silahlı Qüvvələr
Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan
Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə
yeni uğurlar arzulayıram.
Bu gözəl bayram ərəfəsində biz hərbçilər
üçün tikilmiş yeni yaşayış
binasının açılışına
toplaşmışıq. Bu bina qısa bir
müddətdə tikilibdir, 65 mənzildən ibarətdir.
Mən indi mənzillərlə tanış
oldum, gördüm ki, doğrudan da şərait çox
yaxşıdır, bütün mənzillər təmirlidir. Əminəm ki, burada hərbçilər,
onların ailələri rahat yaşayacaqlar.
Bu binanın tikintisi bir daha onu göstərir ki, hərbi
qulluqçuların mənzil-məişət problemləri Azərbaycanda
uğurla həll edilir. Bildiyiniz kimi, 2011-ci ilin sonunda imzaladığım
müvafiq Sərəncam əsasında 20 il
ərzində hərbi xidmətdə qüsursuz xidmət
göstərmiş hərbçilərə dövlət tərəfindən
dövlət vəsaiti hesabına tikilmiş mənzillər
verilir. Bu proqram çərçivəsində
artıq 900-ə yaxın hərbçi mənzillə təmin
edilib, yüzlərlə hərbçinin mənzil-məişət
problemləri yaxın zamanlarda öz həllini tapacaq. Bu proqramın icrası üçün bu günə
qədər dövlət büdcəsindən 100 milyon manatdan
çox vəsait ayrılmışdır. Yəni, biz həm ordumuzu gücləndiririk, ordunun
maddi-texniki bazasını möhkəmləndiririk, bununla bərabər,
hərbçilərin məişət problemləri öz həllini
tapır.
Hərbçilərin xidmət şəraiti də
yaxşılaşır. Bu gün Azərbaycanın müxtəlif
ərazilərində yerləşən hərbi hissələrdə,
hərbi şəhərciklərdə müvafiq göstərişlər
əsasında təmir-bərpa işləri aparılır,
yeni hərbi bazalar tikilir. Keçən il
biz Silahlı Qüvvələr Günü ərəfəsində
Hərbi Dəniz Qüvvələrinin Bakıda, Xəzər
sahilində tikilmiş bazasının
açılışını qeyd etmişdik. Bu baza Xəzərdə ən böyük hərbi
obyektlərdən biridir və orada bütün şərait
yaradılıbdır. Eyni zamanda,
bütün digər hərbi hissələrdə təmir-bərpa
işləri aparılır və qarşıya vəzifə
qoymuşam ki, bir dənə də təmirsiz hərbi hissə
olmasın. Hərbçilərin
yaşayış və xidmət şəraiti yaxşı
olmalıdır. Bu, bir daha onu göstərir
ki, Azərbaycanda ordu quruculuğu prosesinə çox
böyük diqqət göstərilir, bu da təbiidir. Hər bir ölkə bunu etməlidir, xüsusilə
müharibə şəraitində yaşayan bir ölkə.
Azərbaycanın iqtisadiyyatı artır, bizim maliyyə
imkanlarımız genişlənir və bildiyiniz kimi, dövlət
büdcəsinin əsas xərcləri hərbi məqsədlərə
sərf olunur.
Büdcə xərclərinin artması nəticəsində
son illər ərzində Azərbaycanda görülən
işlər göz qabağındadır. Bu
gün ordumuz maddi-texniki təchizat baxımından
güclü ordular sırasındadır. Son
illər ərzində əldə etdiyimiz texnika, silah-sursat ən
yüksək standartlara cavab verir. Bu gün
ordumuz yüksək dəqiqliyə və çox böyük
dağıdıcı qüvvəyə malik olan hərbi
silahlardan istifadə edir. Yəni, ordumuzun
bütün ehtiyacları təmin edilir. Bununla bərabər,
bir neçə ildir ki, artıq əsgərlər hərbi
hissələrdə mülki işlərə cəlb
olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb
edilibdir və biz burada iki məqsədi güdürük - ilk
növbədə, əsgərlər orduda xidmət etməli
və öz peşəkarlıqlarını
artırmalıdırlar, digər tərəfdən, bu,
mülki vətəndaşlar üçün yeni iş yerlərinin
açılması deməkdir. Bu proqram çərçivəsində
artıq minlərlə mülki şəxs hərbi hissələrdə
işləyir, yaxşı maaş
alır. Mən hərbi hissələrdə
olarkən onlarla da söhbət edirəm və görürəm
ki, onlar da bu işlərdən çox razıdırlar.
Bir sözlə, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü
və planlı şəkildə aparılır, görülən
işlər də göz qabağındadır. Bununla paralel
olaraq, Azərbaycanda hərbi–sənaye kompleksi yaradılıb
və mindən çox adda hərbi təyinatlı məhsul
istehsal edilir. Bu, həm ordumuzun
ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici
bazarlara da çıxmışıq. Bakıda
keçirilmiş müdafiə sənayesi sərgisi bir daha
onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə
də böyük uğurlara imza atıb. Çünki
birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı
məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən
istehsal edilmişdir və onlardan bir hissəsini artıq Azərbaycan
əldə edib. Beləliklə, müxtəlif
ölkələrdə keçirilən ənənəvi
müdafiə sənayesi sərgiləri ilə yanaşı,
bu gün Azərbaycan da bu məsələdə öz
imzasını qoyub.
Qeyd etdiyim kimi, Azərbaycanda ordu quruculuğu prosesi
planlı şəkildə aparılır. Əlbəttə
ki, bu prosesdə maddi–texniki təchizat mühüm yer tutur.
Çünki bu gün dünyada inkişaf edən
texnologiyalar nəinki elmdə, sənayedə, iqtisadiyyatda, eyni
zamanda, hərbi sahədə də özünü göstərir
və növbəti onilliklərin müharibələri
texnologiyalar müharibələri olacaq. Əlbəttə,
adi silahlar da həmişə olduğu kimi, öz rolunu
oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə,
müharibələrdə, toqquşmalarda
gördüyümüz mənzərə bundan ibarətdir ki,
hərbi üstünlüyü bütün digər amillərlə
yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə
müəyyən edir. Ona görə, Azərbaycana
gətirilən ən müasir silah-sursat, texnika yüksək
texnoloji səviyyəyə cavab verir.
Mən maddi-texniki təminatı daha da genişləndirmək
və yaxşılaşdırmaq üçün bu
yaxınlarda müvafiq göstərişlər vermişəm. Artıq Azərbaycana
yeni silahlar, texnikalar gətirilir. Bu, son
bir-iki ay ərzində baş verir. Bu proses davam etdiriləcəkdir.
Bizim kifayət qədər maddi
imkanlarımız var və biz bir çox ölkələrdən
hərbi təyinatlı məhsullar alırıq. Yəni, demək istəyirəm ki, bir mənbədən
asılı deyilik. Biz bütün
başqa sahələrdə olduğu kimi, bu sahədə də
şaxələndirmə yolu ilə gedirik. Əlbəttə, biz gələcəkdə də
çalışmalıyıq və
çalışacağıq ki, Azərbaycan Ordusuna daim ən
müasir silahları və texnikanı gətirək. Əminəm, buna nail olacağıq. Bununla paralel olaraq, əlbəttə, bizim hərbçilərimiz
də müvafiq təlim kursları keçərək bu
texnikadan istifadə etmək üçün artıq
böyük peşəkarlığa malikdirlər və son
vaxtlar təmas xəttində baş vermiş hadisələr
bunu bir daha təsdiqlədi.
Ordu quruculuğu prosesi, təbii ki, təkcə
maddi-texniki təminatla məhdudlaşmır. Döyüş
qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji
durumu mühüm yer tutur. Mən tam əminliklə
deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu
güclü ordular sırasındadır. Döyüş
qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət
çox müsbətdir, vətənpərvərlik ruhu,
nizam–intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi
gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə
qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya
miqyasında güclü ordular sırasındadır və
aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla
hesablaşmaq lazımdır.
Azərbaycan nəinki iqtisadi və sənaye gücünə
malikdir, biz hərbi sahədə də artıq böyük
nailiyyətlərə çata bilmişik. Bu proses daim
aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir
və Azərbaycan qarşıda duran bütün vəzifələri
bundan sonra da uğurla icra edəcəkdir.
Biz müharibə şəraitində
yaşayırıq və təbii ki, hərbi məsələlərə
ən böyük diqqət göstərilir. Bu, bizim
gündəlik işimizdə əsas prioritet məsələdir
və qeyd etdiyim kimi, dövlət büdcəmizdə də
bu siyasət öz əksini tapır.
Uzun illərdir ki, torpaqlarımız işğal
altındadır. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma
və prinsipləri Ermənistan tərəfindən
kobudcasına pozulur, beynəlxalq təşkilatların qəbul
etdikləri qərarlar, qətnamələr icra edilmir,
kağız üzərində qalır və beynəlxalq
hüquq əslində işləmir. Belə
olan halda, əlbəttə ki, biz hərbi
gücümüzü daha da artırmalıyıq. Bununla bərabər, əlbəttə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün diplomatik və siyasi səylərimizi davam
etdirəcəyik.
Bildiyiniz kimi, Ermənistan danışıqlar prosesini
pozmaq və danışıqlar prosesinə zərbə vurmaq
üçün aprel ayında bizə qarşı silahlı
təxribata əl atdı. Bizim mövqelərimiz
atəş altına düşdü. Mülki
vətəndaşlara qarşı silahdan istifadə edildi və
6 mülki şəxs erməni təxribatı nəticəsində
həlak oldu. Hərbçilərimiz həlak
oldular, yaralandılar. Təbii ki, Azərbaycan
düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri,
- mən bunu artıq demişəm, - tarixdə bizim
böyük hərbi qələbəmiz kimi qalacaqdır.
Azərbaycan Ordusu böyük qəhrəmanlıq
göstərib, işğal edilmiş torpaqların bir hissəsini,
daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının bir hissəsini işğalçılardan
azad edib və strateji yüksəklikləri öz nəzarəti
altına qaytarıbdır.
Əminəm ki, bu hadisələr həm Ermənistana, həm
də bu məsələ ilə məşğul olanlara ciddi
siqnal oldu. Çünki Ermənistanın istəyi sirr deyil.
Onlar bu prosesi sonsuz proses kimi görmək, status-kvonu saxlamaq istəyirlər.
Görəndə ki, onlara qarşı beynəlxalq
vasitəçilər tərəfindən təzyiq artır,
müxtəlif təxribatlara əl atırlar. Məsələn, 2014-cü ilin noyabrında bizə
qarşı silahlı təxribat törətdilər və biz
layiqli cavab verəndən sonra bundan istifadə edərək,
bunu bəhanə gətirərək Ermənistan
danışıqları demək olar ki, dondurmuşdu. 2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər
demək olar ki, heç bir danışıq
aparılmırdı. 2015-ci ilin
dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin
görüşü formal xarakter daşıyırdı.
Görəndə ki, bu il onlara vasitəçilər
tərəfindən siyasi təzyiq artır, növbəti
silahlı təxribata əl atdılar. Amma əminəm
ki, indi bunun acısını çəkirlər.
Münaqişə
tezliklə həll olunmalıdır, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini
tapmalıdır. Bizim mövqeyimizdə heç bir dəyişiklik
yoxdur, ola da bilməz. Azərbaycanın
ərazi bütövlüyü bütün dünya tərəfindən
tanınır. BMT Təhlükəsizlik
Şurası bu məsələ ilə bağlı 4 qətnamə
qəbul edibdir. BMT Təhlükəsizlik
Şurasından daha ali beynəlxalq orqan
yoxdur və bu qətnamələrdə göstərilir ki, erməni
silahlı birləşmələri dərhal və qeyd-şərtsiz
bizim torpaqlarımızdan çıxarılmalıdır və
çıxarılacaqdır.
Ona görə, budur məsələnin həll
yolları. Heç vaxt Azərbaycan dövləti öz tarixi
torpaqlarında ikinci erməni dövlətinin yaranmasına
imkan verməyəcək və bu, danışıqlar
mövzusu deyil, heç vaxt olmamışdır. Məsələ mərhələli yolla öz həllini
tapa bilər və əminəm ki, biz məsələni bu
yolla həll edə bilərik. Ancaq əlbəttə
ki, burada işğalçı Ermənistana beynəlxalq vasitəçilər
və geniş mənada beynəlxalq birlik tərəfindən
daha da ciddi təzyiq göstərilməlidir.
Bildiyiniz kimi, aprel hadisələrindən sonra Ermənistan
rəhbərliyi danışıqları davam etdirmək
üçün bir neçə şərt irəli
sürmüşdür. Onların heç biri, təbii ki, qəbul
oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları
aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa
düşür ki, əgər danışıqlar dondurulsa,
ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi
danışıqlara heç bir şərt qəbul etmədən
qoşulmuşdur. Vyana
görüşü Amerika Birləşmiş
Ştatlarının təşəbbüsü ilə
keçirilmişdir. Hesab edirəm ki, Vyana
görüşünün müsbət nəticələri
olmuşdur. Yəni, Ermənistan tərəfinin
qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə
imza atmadı. Sadəcə olaraq, həmsədr
ölkələr öz bəyanatını verdilər, bu,
onların bəyanatıdır.
Müsbət hal ondan ibarətdir ki, Vyana
görüşündən bir ay keçəndən sonra
artıq Rusiya tərəfinin təşəbbüsü ilə
Sankt-Peterburq şəhərində növbəti
görüş keçirilmişdir. Bu
görüşü biz müsbət qiymətləndiririk.
Xarici İşlər Nazirliyi Azərbaycanın
rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii
ki, ictimaiyyət üçün də açıqdır.
Mən
öz tərəfimdən qeyd etmək istəyirəm və
hesab edirəm ki, Sankt-Peterburq görüşünün
müsbət nəticələri var. Ümid edirəm ki, bu
proses sürətlə davam etdiriləcəkdir. Yenə də heç bir şərt qəbul etmədən
biz bu danışıqlara gedirik. Danışıqlar
mənalı, predmetli olmalıdır, sadəcə olaraq
görüntü, imitasiya naminə aparılmamalıdır.
Sankt-Peterburq görüşünün nəticəsi
olaraq birgə bəyannamə qəbul edilmişdir. O da ictimaiyyət
üçün təqdim edildi. O bəyannamədə hər
şey, xüsusilə, məsələnin həlli yolları
göstərilir. Bununla bərabər, ATƏT sədrinin
şəxsi nümayəndəsinin ofisinin işçilərinin
say tərkibinin artırılması məsələsi də
müzakirə edilmişdir. Düzdür,
orada say göstərilmir. Ancaq mən deyə bilərəm
ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə,
bu, maksimum 2 dəfə, 2,5 dəfə
artırıla bilər. Yəni, burada
böyük missiyadan söhbət getmir. Nəzərə
alsaq ki, təmas xətti on kilometrlərlə
ölçülür, bu işlərin başqa mənasını
axtarmaq lazım deyil. Ofisin mandatı da
yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə
12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam.
O ki
qaldı ermənilərin şərt kimi ortaya qoyduqları
insidentlərin araşdırılması mexanizminin tətbiqinə,
hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur.
Birincisi, bu mexanizmlər yoxdur. Bizə
heç kim konkret demir ki, bu, nədən
ibarət olacaqdır. Belə olan halda, bu məsələyə
bu gün baxmaq düzgün olmazdı. İkincisi,
bunun mənası nədən ibarətdir. Əgər bunun mənası ondan ibarətdir ki,
münaqişə dondurulsun və təmas xəttində
hansısa əlavə tədbirlər görülsün, əlbəttə,
Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində
müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri
görək, bilək ki, nə vaxt bizim torpaqlarımız
işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif
mexanizmlər işlənə və o vaxt bu məsələyə
baxıla bilər.
Mən Sankt-Peterburqda qəbul etdiyimiz bəyanatda bir
mühüm məsələyə də toxunmaq istəyirəm. Orada qeyd edildi
ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs
bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir.
Belə olan halda, heç bir insidentlərin
araşdırılması mexanizminin tətbiqinə ehtiyac
qalmır. Yəni, o şərt də qəbul
edilmədi.
Bir daha demək istəyirəm ki, biz məsələnin
mahiyyəti əsasında danışıqlar
aparmalıyıq. Ermənistanın işğalçı
siyasətinə son qoyulmalıdır. Biz
bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə
vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən
dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni
ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil.
Ermənistan həmişə
çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin,
danışıqlar prosesini və mərhələli həll
variantını pozsun. Ancaq bizdə olan
fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib
çıxara bilər.
Yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan
dövlətinin məsələnin həlli ilə
bağlı prinsipial mövqeyi ortadadır. Bu mövqedə
heç bir dəyişiklik olmamışdır və
olmayacaqdır. Bir daha qeyd etmək istəyirəm
ki, məsələ Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Heç vaxt
Dağlıq Qarabağa müstəqillik verilməyəcək,
heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni
dövləti yaranmayacaq.
Bu, əsas məsələdir. O ki qaldı Dağlıq
Qarabağın statusuna, bu, sonranın işidir. Əlbəttə
ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan
Muxtar Respublikası mövcuddur. Bunun
muxtariyyət statusu var. Avropada, digər ölkələrdə
mütərəqqi təcrübə və müxtəlif
statuslar var. Ancaq bu status ölkəmizin ərazi
bütövlüyünü pozmamalıdır.
Bir məqamı da qeyd etmək istəyirəm ki, həm
2008-ci ildə Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin
imzaladıqları sənəddə, - ona “Mayn Dorf” bəyannaməsi
deyirlər, - həm də bu ay Sankt-Peterburqda qəbul
edilmiş bəyanatda Helsinki Yekun Aktına istinad edilir. Ermənistan tərəfi
getsin Helsinki Yekun Aktını diqqətlə oxusun. Orada prinsiplər açıq-aydın göstərilir
və ərazi bütövlüyü prinsipi
üstünlük təşkil edir. Düzdür, orada
xalqların öz müqəddəratını müəyyənetmə
prinsipi də var. Amma birincisi, erməni xalqı öz müqəddəratını
müəyyən edib, onların Ermənistan dövləti
var. Baxmayaraq ki, o dövlət də tarixi Azərbaycan
torpaqlarında yaradılıbdır. İkincisi,
xalqların müqəddəratını təyinetmə,
müəyyənetmə prinsipi ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır. Bu, beynəlxalq prinsiplərdir və hər bir
ölkə buna riayət etməlidir.
Biz ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcəyik. Bu məsələ
- ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq.
Azərbaycan Ordusu bu gün istənilən vəzifəni
icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik
illərində belə sürətlə inkişafı, əlbəttə
ki, hər bir Azərbaycan vətəndaşını
sevindirir. Biz fəxr edirik ki, bizim
güclü ordumuz var. Mən dəfələrlə demişəm
ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın
güclü ordusu var.
Əziz hərbçilər, sizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin açarlarını və müqavilələrini təqdim etdi.
X X X
Mənzil alan hərbçilərin və ailə üzvlərinin minnətdarlığını çatdıran mayor Əhməd QAFAROV dedi:
-Möhtərəm
Prezident, cənab Ali Baş Komandan. Biz hərbçilər
Sizdən həmişə diqqət və qayğı
görürük. Bu gün Sizin yeni
mənzillərin açarlarını bizə təqdim etməyiniz
hər birimizin ailəsi üçün böyük fəxrdir.
Cənab Prezident, Sizi əmin edirik ki, göstərilən etimadı Vətənə, xalqa, dövlətə və ulu öndərimiz Heydər Əliyevin ideyalarına sədaqətli xidmətimizlə doğruldacağıq. Çox sağ olun, cənab Prezident.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2016.- 26 iyun.- S.1-3.