Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondu haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 24 iyun tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Fond bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Fond müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi, məcburi dövlət sosial sığorta vəsaiti, büdcədənkənar vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Fond Bakı şəhərində yerləşir.
2. Fondun fəaliyyət istiqamətləri
2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, həmin siyasətin həyata keçirilməsini təmin edir;
2.1.2. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması, sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarının müəyyən edilməsində iştirak edir.
2.1.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təşkil edir, tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyətini və inkişafını təmin edir;
2.1.4. əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
3. Fondun vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq fondun vəzifələri aşağıdakılardır:
3.1.1. Fondun büdcə layihəsini hazırlayıb Nazirliyə təqdim etmək;
3.1.2. fondun növbəti il üzrə təsdiq olunmuş büdcəsinin gəlir və xərclər göstəricilərinə uyğun olaraq yerli orqanların gəlir və xərclər proqnozunu təsdiq edilməsi üçün Nazirliyə təqdim etmək;
3.1.3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək;
3.1.4. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək;
3.1.5. sığortaolunana dövlət sosial sığorta şəhadətnaməsi vermək;
3.1.6. işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;
3.1.7. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların əldə edilməsi qaydalarını izah etmək;
3.1.8. sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul etmək;
3.1.9. işəgötürənlərdən və sığortaolunanlardan dövlət sosial sığorta sistemində fərdi uçot qanunvericiliyində müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;
3.1.10. məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək;
3.1.11. sığortaedənlərdə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına və ödənilməsinə nəzarət etmək;
3.1.12. məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedənlərin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulmasına dair “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbir görmək;
3.1.13. ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün bu cür tələblər üzrə Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsi ilə müəyyən edilmiş iddia müddəti ərzində məhkəmələrdə iddia qaldırmaq;
3.1.14. əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək;
3.1.15. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı sosial yardımların, digər sosial ödəmələrin və sosial xidmət xərclərinin maliyyələşdirilməsi üçün Nazirlik tərəfindən təmin edilən vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
3.1.16. məcburi dövlət sosial sığortası, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiyaları və digər sosial ödəmələr sahəsində normativ hüquqi aktlarının tələblərinin özünün yerli orqanları tərəfindən yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;
3.1.17. fondun büdcəsinin icrası ilə bağlı normativ hüquqi aktlarda müəyyən olunmuş orqanlardan aylıq, rüblük və illik hesabatlar almaq, ümumiləşdirmək və onları aidiyyəti orqanlara təqdim etmək;
3.1.18. mühasibat uçotu və statistik hesabatlar
aparmaq;
3.1.19. ünvanlı dövlət sosial yardımı
üçün müraciət etmiş ailələrin maddi-məişət
şəraitinin monitorinqinin keçirilməsini təmin etmək;
3.1.20. əmək pensiyalarını, sosial müavinətləri,
təqaüdləri, kompensasiyaları, ünvanlı sosial
yardımları və digər sosial ödənişləri
bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin
etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət
xidməti üzrə kompleks tədbirləri aidiyyəti
qurumlarla birlikdə həyata keçirmək;
3.1.21. yetkinlik yaşına çatmayanların
baxımsızlığının profilaktikası tədbirlərini
həyata keçirmək, həmin şəxslərin valideynləri
və ya digər qanuni nümayəndələri barəsində
aidiyyəti qurumlarla birlikdə fərdi profilaktik işi təşkil
etmək;
3.1.22.
yetkinlik yaşına çatmayanlar üçün
ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin,
habelə yetkinlik yaşına çatmayanlara və onların
ailələrinə sosial xidmət göstərən digər
müəssisə və xidmətlərin fəaliyyətinə
sosial reabilitasiyanın müasir metodikalarını və
texnologiyalarını tətbiq etmək, onların fəaliyyətinə
nəzarət etmək, həmin müəssisə və xidmətlər
şəbəkəsinin inkişafına dair təkliflərini
Nazirliyə təqdim etmək;
3.1.23. penitensiar müəssisələrdə cəza
çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası üzrə tədbirləri həyata
keçirmək, cəza çəkməkdən azad
edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə
birdəfəlik pul müavinəti vermək;
3.1.24.
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq insan alveri
qurbanlarının sosial reabilitasiyası üzrə tədbirləri
həyata keçirmək, onlar üçün yardım mərkəzləri
yaratmaq və həmin mərkəzlərin fəaliyyətinə
nəzarət etmək;
3.1.25.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq çətin həyat şəraitində
olan şəxslərə (ailələrə) və sosial
müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə
(ailələrə), habelə fondun tabeliyindəki sosial xidmət
müəssisələrində yaşayan bu kateqoriyadan olan
şəxslərə sosial xidmət göstərilməsini təşkil
etmək, müvafiq sosial xidmətlərin təkmilləşdirilməsi
və səmərəliliyinin artırılması üzrə
tədbirlər görmək və bu sahədə nəzarəti
həyata keçirmək;
3.1.26. əlillərin mənzil problemlərinin həllinə
köməklik göstərilməsi və onların
yaşayış şəraitinin
yaxşılaşdırılması üçün nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi ilə
bağlı müvafiq tədbirlər görmək;
3.1.27. əlillərin və sağlamlıq
imkanları məhdud uşaqların sanatoriya-kurort müalicəsi
üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə
həyata keçirmək;
3.1.28. əlillərə və sağlamlıq
imkanları məhdud uşaqlara müvafiq yardımların
göstərilməsini, ictimaiyyətin diqqətinin onların
problemlərinə cəlb edilməsini, sağlamlıq
imkanları məhdud uşaqların təhsili ilə
bağlı onlara texniki yardım göstərilməsini təmin
etmək;
3.1.29. əlillər
və sağlamlıq imkanları məhdud uşaqlarla
bağlı məlumat bazasının təşkili, internet
saytının yaradılması, seminar və konfransların təşkil
edilməsi, əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların sosial müdafiəsinə dair təhlillər
aparmaqla hesabatların hazırlanması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların asudə
vaxtlarının səmərəli təşkili, bədən
tərbiyəsi və idmana cəlb etməklə onların
beynəlxalq yarışlarda iştirakı üçün
şəraitin yaradılması, əlillər və
sağlamlıq imkanları məhdud uşaqlar
üçün ixtisaslaşdırılmış idman
sağlamlıq mərkəzlərinin yaradılması və
istedadlı əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların aşkar edilməsi məqsədi ilə
müvafiq tədbirlər görmək;
3.1.30. əhalinin sosial müdafiəsi barədə
kütləvi informasiya vasitələrində məlumatlar dərc
etdirmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını
təmin etmək;
3.1.31. vətəndaşların qəbulunu təşkil
etmək, ərizə, təklif və şikayətlərə
“Vətəndaşların müraciətləri haqqında”
Azərbaycan Respublikasının Qanununda müəyyən
olunmuş qaydada və müddətdə baxılmasını
təmin etmək;
3.1.32. fondun yerli orqanlarında işin təşkilinə
metodiki və əməli kömək göstərmək,
işdəki qabaqcıl təcrübəni öyrənmək
və yaymaq;
3.1.33. əhalinin sosial müdafiəsi ilə
bağlı digər vəzifələri yerinə yetirmək.
4. Fondun
hüquqları
4.1. Fond
öz vəzifələrini həyata keçirmək
üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. məcburi dövlət sosial sığorta
haqlarının yığılması, habelə qanunda nəzərdə
tutulmuş sosial müdafiə məqsədlərinə
çəkilən xərclərin maliyyələşdirilməsi
qaydaları barədə təlimat, metodiki göstərişlər
və digər normativ sənədlər barədə Nazirliyə
təkliflər vermək;
4.1.2. sosial sığorta ödəmələrinin həcmi
və verilmə əsasları barədə sığortaedənlərdən
arayış almaq;
4.1.3. dövlət orqanlarından və büdcə
təşkilatlarından, habelə hüquqi şəxslərdən,
onların filial və nümayəndəliklərindən,
habelə sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərdən, eləcə də
sığortaolunanlardan məcburi dövlət sosial
sığortasına aid olan məlumatları və sənədləri
tələb etmək;
4.1.4. fondun yerli orqanlarından görülmüş
iş barədə hesabat almaq, onların fəaliyyətini təhlil
və müzakirə etmək və müvafiq qaydada aidiyyəti
üzrə qərar qəbul edilməsi barədə Nazirliyə
təkliflər vermək;
4.1.5. dövlət sosial sığorta sistemində fərdi
uçotun həyata keçirilməsi ilə əlaqədar
izahatlar vermək;
4.1.6. işəgötürənin fərdi uçot
barədə təqdim etdikləri məlumatların
dürüstlüyünü yoxlamaq;
4.1.7.
“Dövlət sosial sığorta sistemində fərdi
uçot haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq işəgötürənin fərdi uçot
qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə
ilk dəfə yazılı xəbərdarlıq etmək,
növbəti qanun pozuntuları hallarında isə qanunla
müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərini
tətbiq etmək;
4.1.8. fondun büdcəsinin xərcləri hesabına
maliyyələşdirilən tədbirlər üzrə aidiyyəti
orqanlardan hesabatlar almaq;
4.1.9. aztəminatlı ailələrin, çətin
həyat şəraitində olan şəxslərin (ailələrin)
sosial müdafiəsi sahəsində normativ hüquqi
aktların təkmilləşdirilməsinə dair təkliflərini
Nazirliyə təqdim etmək;
4.1.10. dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
4.1.11. tabeliyində idarə və təşkilatların
yaradılması, ləğvi və yenidən təşkili
barədə Nazirliyə təkliflər vermək;
4.1.12. əhalinin sosial təminatına dair yerli və
beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, bu
sahədə beynəlxalq təcrübəni öyrənmək
və xarici və yerli ekspertləri, məsləhətçiləri
öz fəaliyyətinə cəlb etmək;
4.1.13. nəşr, reklam-informasiya fəaliyyətini həyata
keçirmək;
4.1.14. əhalinin sosial müdafiəsi sahəsində
digər hüquqları həyata keçirmək.
5. Fondun fəaliyyətinin
təşkili
5.1. Fondun
aparatı, şəhər, rayon şöbələri (bundan
sonra - yerli orqanlar), fondun fəaliyyətini təmin edən digər
qurumlar fondun vahid sistemini təşkil edir.
5.2. Fonda Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə
təyin edilən və vəzifədən azad edilən fondun
direktoru rəhbərlik edir.
5.3. Fondun
direktoru fonda həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsinə və funksiyaların həyata
keçirilməsinə görə şəxsən məsuliyyət
daşıyır.
5.4. Fondun
direktorunun, onun təqdimatı əsasında Azərbaycan
Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri tərəfindən vəzifəyə təyin
və vəzifədən azad edilən 3 müavini vardır.
5.5. Fondun
aparatının və yerli orqanlarının inzibati vəzifə
tutan işçiləri “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə
qəbul edilirlər.
5.6. Fondun
direktoru:
5.6.1. fondun fəaliyyətini təşkil edir və
ona rəhbərlik edir;
5.6.2. fondun səlahiyyətinə aid olan məsələlər
üzrə Nazirliyə təkliflər verir;
5.6.3. işçilərin peşə
hazırlığı və əlavə təhsili
üçün zəruri tədbirlər görür;
5.6.4. fondun aparatının yardımçı vəzifə
tutan işçilərini işə qəbul və işdən
azad edir;
5.6.5. müəyyən olunmuş əməyin ödənilməsi
fondu və işçilərin say həddi daxilində fondun
aparatının, yerli orqanlarının strukturunu, xərclər
smetasını və ştat cədvəlini təsdiq
üçün Nazirliyə təqdim edir;
5.6.6. fondun aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
5.6.7. fondun büdcəsində nəzərdə tutulmuş vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;
5.6.8. fondun direktorunun müavinləri və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq fondun aparatının struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsünü aparır;
5.6.9. fondun aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirlik qarşısında məsələ qaldırır;
5.6.10. fondun aparatının və yerli orqanlarının işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;
5.6.11. fondun işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;
5.6.12. dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqı və işəgötürənlər birlikləri ilə, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə fondu vəkalətnaməsiz təmsil edir;
5.6.13. fondun strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
5.6.14. fondun fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.6.15. fondun qəbul etdiyi qərarlardan verilmiş şikayətlərə baxır və əsas olduqda, həmin qərarları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;
5.6.16. fonda ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;
5.6.17. fondun fəaliyyət istiqamətləri
üzrə digər səlahiyyətləri həyata
keçirir.
Azərbaycan.-2016.- 26 iyun.- S.5.