Liderliyin İlham
Əliyev nümunəsi
Vaxtilə Azərbaycandan israrla güzəşt
istəyənlər, indi bizim Prezidentin tələb etdiyi
güzəştlərə razılaşırlar
Son həftə ərzində qlobal geosiyasi proseslərdə baş verən olaylar beynəlxalq münasibətlər sistemində, həmçinin Azərbaycanın aid olduğu bölgənin siyasi həyatında yeni bir mərhələnin başlanğıcından xəbər verir. Avropa Birliyinin qurucu-təsisçilərindən sayılan İngiltərənin bu təşkilatdan ayrılması ilə dünyanın əsas güc mərkəzlərindən birinin artıq ciddi nüfuz və fəaliyyət böhranına düşməsi qaçılmaz görünür. Beləliklə, Qərbin bu iqtisadi-siyasi qüdrət aktorunun müxtəlif qitələrə, o cümlədən Qafqaza təsiri minimuma enməklə bərabər, ümumiyyətlə, onun perspektiv mövcudluğuna skeptik yanaşılır.
Digər tərəfdən, ölkəmizin ən yaxın strateji tərəfdaşları olan Türkiyə, Rusiya, İsrail arasında ikitərəfli münasibətlərdə baş vermiş müsbət dəyişikliklər bölgədə mövcud gərginliyin qismən səngiməsinə şərait yaradır. İsrailin Türkiyənin bütün şərtlərini qəbul etməsi və rəsmi Ankaranın Rusiyadan üzr istəməsi bu ölkələrin uzun müddətdir yürütdükləri xarici siyasi kursuna əsaslı düzəlişlər gətirir.
Ən düzgün xarici siyasəti Azərbaycan Prezidenti yürüdür
İndiyədək buraxılan yanlışlardan nəticə çıxarılaraq münasibətləri yeni səhifədən başlamaq barədə bu dövlətlərin təşəbbüsləri rəsmi Bakı üçün iki yönümdən təqdirəlayiqdir. Əvvəla, dostlarımız da öz aralarında artıq dost olmağa qərar verirlər. Digər tərəfdən, xarici siyasətdə baş verən bu dəyişikliklər, qarşılıqlı üzristəmələr, səhvlərin etirafları və bu kimi digər proseslər kontekstində Azərbaycanın xarici siyasət kursunun düzgünlüyü, hətta müdrikliyi özünü tam aydınlığı ilə göstərir.
Prezident İlham Əliyevin hələ onilliklər öncə mənimsədiyi diplomatik bilgilərinin fövqündə dayanan şəxsi bacarığı, peşəkarlığı, xarakterindən irəli gələn prinsipiallığı bu kursun uğurla həyata keçirilməsinin əsas şərtidir. Populizmdən uzaq olan, sözə yox, yalnız real əmələ söykənən Azərbaycan Prezidenti 23 il öncə ulu öndər tərəfindən əsası qoyulan xarici siyasət konsepsiyasını 13 ildir layiqincə yürüdür, onu davamlı nailiyyətlərlə zənginləşdirir.
İlham Əliyev xarici siyasətin strateji istiqamətlərini, taktiki gedişlərini elə mükəmməl formada müəyyənləşdirir ki, onları sonradan dəyişməyə, təshih etməyə ehtiyac da qalmır!
İlham Əliyev elə müdrik kurs yurudur ki, ətrafdakı fövqəldövlətlər, yaxud güclü ölkələr bir-birləri ilə az qala savaşa girib sonradan üzrxahlıqla barışsalar da, bu proseslərin Azərbaycana mənfi təsirləri olmur!
İlham Əliyev açıq münaqişədə olan fövqəldövlətlər arasında səmimi vasitəçilik missiyası aparır. Azərbaycan Prezidentinin barışdırıcılıq fəaliyyətinin nəticəsi Türkiyə-Rusiya münasibətlərinin bugünkü inkişaf xəttidir! Baş nazir Binali Yıldırımın məlum təşəkkürü isə İlham Əliyevin şəxsiyyətinə beynəlxalq miqyasda verilən növbəti böyük dəyər, layiqli qiymətdir!
İlham Əliyev elə müstəqil siyasət həyata keçirir ki, heç bir dövlət bizi onunla digəri arasında seçimə məcbur etmir!
İlham Əliyev başqa liderlərdən fərqli olaraq, hər zaman ədalətli və haqlı çıxır!
İlham Əliyevin sözü Azərbaycanın sözüdür və o, hər zaman sözünün arxasındadır, bu söz heç bir halda qüvvədən düşə bilməz!
İlham Əliyevin nüfuzu Azərbaycanın nüfuzudur və onu daha da möhkəmləndirən amil isə Prezidentin öz qətiyyətindən, prinsipiallığından zərrə qədər geri çəkilməməsidir!
Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlət başçımızın nümayiş etdirdiyi mövqeni siyasi baxımdan güzəştsiz, mənəvi-psixoloji istiqamətdə isə əsl kişilik, mərdlik, cəsarət nümunəsi tək dəyərləndirmək olar.
İlham Əliyev hər zaman mövqeyini haqlı saydı və bu haqqın arxasında çəkinmədən sonadək dayandı!
Gizlətməyək, illər öncə Azərbaycana Qarabağ mövzusunda güzəştlə bağlı ciddi təzyiqlər vardı. ABŞ, Rusiya, Fransa birmənalı şəkildə rəsmi Bakıdan separatçıların müstəqil yaşamaq hüququnu tanımağı tələb edirdilər. Bununla yanaşı, Türkiyə Ermənistanla sərhədləri açmağı müzakirə edir və buna hazırlaşırdı. Azərbaycan təklənmişdi...
Amma İlham Əliyev məmləkətinin təklənməsinə imkan vermədi! Tək varlığı ilə - beynəlxalq miyqasda arxasız-dayaqsız bütün bu “fövqəllər”ə dirəniş göstərdi, onlara “yox!” dedi, arxasınca Azərbaycana aprel zəfərini yaşatdı!
İndi isə vəziyyət tam fərqlidir. Artıq Prezident İlham Əliyev separatçının, təcavüzkarın və onların himayədarlarının Azərbaycanın şərtlərini qəbul etmələrinə nail olur, onlardan güzəşt tələb edir!
İlham Əliyevdən israrla güzəşt istəyənlər, indi İlham Əliyevin onlardan tələb etdiyi güzəştləri müzakirə etmək məcburiyyətindədirlər!
Dövlətin nüfuzunu yalnız onun iqtisadi potensialı, hərbi gücü müəyyənləşdirmir. Ən azından, Azərbaycanın timsalında görürük ki, dünya xəritəsində nöqtə boyda yer tutan ölkəmizin nüfuzu, onun liderinin sözü qosqocaman dövlətçilik tarixinə, böyük iqtisadi-hərbi qüdrətə malik olan ölkələrdən daha artıq, daha əzəmətlidir!
“Liderliyin İlham Əliyev nümunəsi”nin formulu göründüyü kimi sadə, eyni zamanda sadə olduğu qədər də möhtəşəmdir!..
İlham ƏLİYEV: “Bizə heç kim şərt qoya bilməz”
Prezident İlham Əliyevin Ali Baş Komandan statusunda Silahlı Qüvvələrin şəxsi heyətlə keçirdiyi son görüş əhəmiyyəti, həm də müstəqil siyasətin uğur hesabatının səslənməsi ilə əlamətdar oldu. Dövlət başçısının mesajları, əslində, bütün dünyaya ünvanlanmışdı.
İlham Əliyevin şəxsində Azərbaycan bəyan edirdi:
* Aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq;
* Bizə heç kim şərt qoya bilməz;
* Mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz;
* Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmamışdır;
* Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir...
Sankt-Peterburq görüşündən sonra tərəflərin hansı nizamlama modelini müzakirə etməsi məsələsi ətrafında süni ajiotajlar yarandı. Azərbaycanın hərbi gücü qarşısında artıq imitasiyalarla heç nəyə nail ola bilməyəcəyini və dalana dirəndiyini anlayan Ermənistan rəhbərliyi mütəmadi olaraq dövriyyəyə səhv informasiyalar buraxır. Lakin rəsmi Bakı elə ilk gündən əsl həqiqəti ortaya qoydu: danışıqlarda mərhələli həll variantı müzakirə edilir! Yerevan rəhbərliyi bu faktı gündəmdən yayındırmağa çalışsa da, elə bu ölkənin rəsmiləri mərhələli həll variantının müzakirəsinin təsdiqini mətbuata sızdırdılar.
Dövlət başçımız da hərbçilərlə görüşündə bu faktı doğruladı. Azərbaycanın danışıqlara heç bir şərt qəbul etmədən qoşulduğunu xatırladan Prezident Sankt-Peterburq görüşünün müsbət nəticələrini qeyd etdi. Onun fikrincə, indi əsas məsuliyyət Ermənistanın və vasitəçilərin üzərinə düşür: “Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil. Ermənistan həmişə çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin, danışıqlar prosesini və mərhələli həll variantını pozsun. Ancaq bizdə olan fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib çıxara bilər”.
Ölkə rəhbəri mərhələli həll variantının Azərbaycan üçün ən mübahisəli məqamı olan sonuncu məsələyə - Dağlıq Qarabağın statusu mövzusuna da toxundu. Bunu “sonranın işi” kimi dəyərləndirən Prezident bu kontekstdə Naxçıvan Muxtar Respublikası modelini və digər ölkələrdəki mütərəqqi təcrübəni, müxtəlif statusları misal çəkdi. Amma əsas məsələ budur: bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır.
Səhvlərini düzəldən, yanlışlarından nəticə çıxardan dünya birliyi Azərbaycana münasibətdə də artıq düzgün mövqeyə yönəlir. Prezident İlham Əliyevin indi əsas fəaliyyət istiqaməti mövcud situasiyadan bəhrələnərək ölkəmizin beynəlxalq miqyasda daha vacib aktora çevrilməsi və Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsidir.
Prezident
proseslərin məhz belə yekunlaşacağına
əmindir!
Əgər İlham Əliyev
əmindirsə, deməli,
bütün Azərbaycan
xalqı əmindir!
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.-2016.- 29 iyun.- S.1.