Şirvan şəhərində
çoxmənzilli binaların dam
örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
dövlət proqramlarının uğurla yerinə yetirilməsi
nəticəsində Şirvan şəhərində əsaslı
infrastruktur layihələri yerinə yetirilmiş,
genişmiqyaslı abadlıq-quruculuq işləri
aparılmış, o cümlədən çoxmənzilli
binaların sakinlərinin yaşayış şəraitinin
yaxşılaşdırılması, onları narahat edən
problemlərin aradan qaldırılması sahəsində
müəyyən işlər görülmüşdür.
Bu
istiqamətdə tədbirlərin davam etdirilməsinin
vacibliyini nəzərə alaraq, şəhərin mənzil
fonduna daxil olan 21 çoxmənzilli binanın dam
örtüyünün dəyişdirilməsi və 7
çoxmənzilli binanın lift təsərrüfatının
yenidən qurulması məqsədi ilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Şirvan şəhərində çoxmənzilli binalarda zəruri
təmir işlərinin aparılması məqsədi ilə
Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2016-cı il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1,2 milyon (bir milyon iki yüz min) manat,
o cümlədən çoxmənzilli binaların dam
örtüklərinin dəyişdirilməsi üçün
400,0 (dörd yüz) min manat, lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün 800,0 (səkkiz
yüz) min manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 iyun 2016-cı il
Azərbaycan.-2016.- 29 iyun.- S.2.