Multikultural tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik

Goranboyda Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, sonra mərkəzdə ulu öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən muzeylə tanışlıq olub.

Konfrans dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək bildirib ki, respublikamızda, o cümlədən Goranboyda tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıblar. Hazırda rayonda türk, rus, kürd və digər millətlərin nümayəndələri yaşayır. Rayonun ərazisində yaşayan azsaylı xalqların nümayəndələrinin problemlərinə həssaslıqla yanaşılır və qaldırılan məsələlər tez bir zamanda həllini tapır.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Qeyd olunub ki, ölkə əhalisinin böyük əksəriyyəti müsəlman dininə etiqad etsə də, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Lakin, bununla belə Azərbaycan müsəlman dünyasının bir hissəsi olduğu üçün İslam aləmində baş verən bir sıra xoşagəlməz ictimai, siyasi-iqtisadi proseslər ölkəmizdə də müəyyən narahatlıqla qarşılanır. Ona görə də müəyyən dövlət qurumları ilə yanaşı, ictimaiyyət də bu cür proseslərin - terrorun, dini radikalizmin, zərərli dini cərəyanların, qeyri-ənənəvi dinlərin ölkədə yayılmasının qarşısının alınmasında vətəndaş fəallığı göstərməlidirlər.

Vurğulanıb ki, son dövrlərdə Azərbaycandakı mövcud siyasi sabitlik, sosial-iqtisadi uğurlar bəzi xarici qüvvələri narahat etməyə başlayıb. Odur ki, ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən bir sıra radikal təmayüllü qrupların ayrı-ayrı vaxtlarda respublikada fəaliyyətinə cəhdlər göstərilir. Bu cür hallara qarşı hər kəs ayıq-sayıq olmalıdır.

Konfransda adət-ənənələrin icrasında yol verilən bəzi nöqsanlar haqqında da danışılıb, İslam dinində əksini tapmayan, lakin sonradan bəzi şəxslər tərəfindən uydurulan ayin və mərasimlərin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Azərbaycan.-2016.- 29 iyun.- S.5.