Şəki “İpək
yolu” VII Beynəlxalq musiqi festivalına start verilib
Təşkilatçılar da məmnundurlar, iştirakçılar
da...
Şəki daha bir möhtəşəm
tədbirə evsahibliyi
etməyə başlayıb. İyunun
27-də bu qədim və zəngin ənənələri ilə
seçilən məkanda
növbəti musiqi bayramı - Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalına start verilib.
Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının
və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Yaponiya, Türkiyə, İran və türkdilli ölkələrdən gəlmiş
musiqi və rəqs kollektivləri, sənətçilər, həmçinin
Azərbaycanın tanınmış
musiqi kollektivləri iştirak edirlər.
Şəki şəhərindəki Yay teatrında keçirilən mərasimi
festivalın bədii rəhbəri, Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə açaraq möhtəşəm musiqi
bayramı kimi gözəl bir ənənəyə çevrilən
və artıq 7-ci dəfə keçirilən
Şəki “İpək
yolu” Beynəlxalq musiqi festivalının bu dəfə də şəkililərə
və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb.
Bədii rəhbər
bildirib ki, Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrin
musiqiçilərinin ifasında
heyrətamiz, rəngarəng
və unudulmaz musiqi sədaları festivalı bəzəyəcək,
Şəkidə özünəməxsus
ab-hava yaradacaq.
TÜRKSOY-un Baş Katibi
Düsen Kaseinov Şəkidə ənənəvi
olaraq keçirilən
“İpək yolu” Beynəlxalq musiqi festivalında iştirak etməyin çox önəmli olduğunu söyləyib. Builki festivalın açılışı
kimi fəxri missiyanın TÜRKSOY-a həvalə
olunduğunu diqqətə
çatdıran qurumun
rəhbəri 11 türkdilli
ölkənin musiqiçilərini
özündə cəmləşdirən
xalq çalğı
alətləri orkestrinin
çıxışının Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının tarixində dərin iz buraxacağını vurğulayıb.
Açılış mərasimində çıxış
edən şəhər
icra hakimiyyətinin başçısı Elxan
Usubov Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının əlamətdar
bir dövrə təsadüf etdiyini bildirib. Qeyd edilib ki, ötən il Türkmənistanın
Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət
nazirləri Daimi Şurasının 33-cü toplantısında
Şəki 2016-cı il
üçün “Türk
dünyasının mədəniyyət
paytaxtı” elan olunub.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin
təbliğinə daim
böyük diqqət
və qayğı göstərildiyini vurğulayan
Elxan Usubov cari ilin yanvarında
Prezident İlham Əliyev tərəfindən
Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı imzalanan sərəncamın
əhəmiyyətini xüsusi
qeyd edib. Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun
UNESCO-nun Ümumdünya Mədəni
İrs Siyahısına
daxil edilməsi istiqamətində də lazımi iş aparılır.
İcra hakimiyyətinin başçısı
vurğulayıb ki, Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha da artıracaq, ortaq türk mədəniyyətini gələcək
nəsillərə çatdırmaq
və dünyaya tanıtmaq istiqamətində
mühüm rol oynayacaq.
Rəsmi hissədən sonra
TÜRKSOY-un Beynəlxalq Xalq
Çalğı Alətləri
Orkestri və türkdilli ölkələrin
solistləri geniş konsert proqramı ilə çıxış
ediblər.
Orkestrin bədii rəhbəri və dirijoru Qazaxıstanın tanınmış
musiqiçisi Marat Jalbirovdur.
TÜRKSOY-un Baş Katibliyinin təşəbbüsü ilə yaranan və üzv ölkələrin musiqiçiləri ilə təmsil olunan bu orkestrin heyəti Türk Dünyası etnik xalq çalğı alətlərinin ifaçılarından ibarətdir. Türk xalqlarına məxsus ənənəvi musiqini dombra, bağlama, kobiz, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigen və qanun kimi alətlərdə ifa edən orkestr ilk dəfə 2016-cı ilin martında beynəlxalq Novruz bayramı tədbirləri çərçivəsində Ankara, İstanbul, Nyu York və Vaşinqtonda konsertlər verib.
Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb.
Orkestrin çıxışı və solistlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi - festivalın simvolu təqdim olunub.
Qeyd edək ki, festival iyulun 1-dək davam edəcək və tədbir çərçivəsində iştirakçılara maraqlı proqramlar təqdim olunacaq. “Şimdi” ansamblının (rəhbəri Şirin Pancaroğlu), İstanbul Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Türkiyə xalq mahnı və rəqs ansamblının, “Vas-Liqa” Yaponiya musiqi ansamblının, Şəki “Zirvə” ansamblının ifaları, Gəncə Dövlət Flarmoniyasının konserti Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı, Azərbaycan Respublikasının xalq artisti, professor Ağaverdi Paşayevlə görüş festivalın repertuarını daha da zənginləşdirməklə iştirakçılara xoş anlar yaşadacaq.
Əli
SƏLİMOV,
Azərbaycan.-2016.- 29 iyun.- S.7.