Mismar və saplardan yaranan incə sənət: filoqrafiya
İncəsənətin çox nadir hesab edilən növlərindən
biri filoqrafiyadır ki, Mərkəzi Asiyada yaransa da, materikin bir
yanından digər tərəfinə qədər
yayılıb. Lakin hazırlanması olduqca çətin olduğundan insanların maraq dairəsindən kənarda qalıb. Xalçaçılıqda əriş-arğacdan, tikməçilikdə
iynə-sapdan, rəssamlıqda
fırça və boyadan istifadə olunduğu kimi, bu sənətdə də özünəməxsus istifadə
materialları var: mismar və ip (sap). Bəli, mismar və ipdən (sapdan) məharətli
əllərlə gözoxşayan
incəsənət əsəri
yaratmaq mümkündür.
İngilis dilində “xətt
yazısı” mənasını
verən bu incəsənət növü
ölkəmizdə geniş
yayılmayıb. Bəlkə çoxları
belə bir sənətin mövcudluğundan
xəbərsizdir.
Görəsən, bəs əsərlərindən
nümunələrlə tanış olduğumuz
Aytən Əliyevada, çoxlarından fərqli
olaraq, incəsənətin
bu növünə maraq haradandır? O, filoqrafiya
sənətini
ölkəmizdə yaradan,
yaşadan və yayan sənətkarlardan birinci olduğunu deyir. İxtisasca rəssam belə olmayan Aytən Əliyevanın bu sənətə marağı,
özü demişkən,
təsadüfidir: “Mərdəkanda
əl işləri dükanı vardı. İlk dəfə bu sənətin nümunələrini
orada gördüm və açığı,
heyran oldum. Düşündüm ki, bu qeyri-adi sənətdə özümü sınaya bilərəm. İxtisasca tibb
bacısı olsam da, incəsənətə,
xüsusən rəssamlığa,
o cümlədən tətbiqi-sənətə
böyük marağım
olub. Fikirləşdim və qəti
qərara gəldim ki, mən də
nəsə bir şey düzəldə bilərəm”. Sonra internetdə
araşdırıb belə
bir sənət növünün mövcudluğunu
öyrəndim”.
Bu sahədə mütəxəssis
kimi tanınsa da, Aytən Əliyeva cəmi bir ildir filoqrafiya
ilə məşğul
olduğunu deyir. Həvəskar olsa da, o, bu
sənətin peşəkarı
kimi qısa müddət ərzində
bir-birindən maraqlı
nümunələr yaradıb.
Əvvəlcə kiçik
işlərdən başlayan
rəssam-tikməçi getdikcə
əsərlərinin sayını artırıb,
ölçülərini genişləndirib.
Hazırladığı nümunələrdə
əsasən dövlət
atributlarına və milli ornamentlərə üstünlük verib, üstəlik, əlamətdar
günlərlə bağlı
yaratdığı tablolar
da az deyil.
Mismar və iplər vasitəsilə sənət
nümunələri yaratmaq
ilk baxışdan asan
görünsə də,
bu iş yaradıcılıq, qabiliyyət
və səbir tələb edir. İş prosesində lazım olan ləvazimatlar müxtəlif ölçülü
mismarlar, taxta lövhə, kəlbətin,
ip və çəkicdən ibarətdir.
İşin texnikası isə
daha qəlizdir. Kiçik ölçülü lövhənin
üzərindəki tabloya
əvvəlcə mismarlar
vurulur. Onların arası isə
təxminən 5 mm olur.
Diqqət tələb edən
digər məqam belə sıx vurulmuş mismarların arası ilə iplərin keçirilməsidir
(hörülməsi) ki,
bunu da necə
gəldi etmək olmaz. Yəni iplər mismarlara
xüsusi nizamla toxunmalıdır.
Artıq
bu qeyri-adi incəsənət növündə
özünü usta kimi təsdiqləyən Aytən Əliyeva deyir ki, işə
başlamamışdan öncə
xeyli düşünür:
“Bəzən bu düşünmə iki gün davam edir. Düşünürəm ki, hansı
tablonu işləyəcəyəm.
Əvvəlcə həmin
işin fonunu fikirləşirəm.
Çünki əsas fonun
rəngidir. Sonra şəklə
uyğun rəngləri
seçirəm. İşləmək
üçün əsas
alətlər bunlardır:
çəkic, kəlbətin,
taxta və mismar. Mismarlar tikintidə işlədilən,
əsasən də xarratların istifadə etdiklərindəndir”.
Tablonu yaradarkən çətinliklərlə üzləşən Aytən xanım deyir ki, mismarla işləmək əsasən kişilərə xasdır. Ona görə də ilk vaxtlar mismarlarla “dil tapmayıb”. O, bir işin ərsəyə gəlməsi üçün onun texnikasını mənimsəməyə 3 ay vaxt sərf edib. Bir hörgü isə, ən azı, 15 dəqiqə vaxt aparır.
Aytən yaratdığı əsərlərdən zövq almaqla yanaşı, onlardan maddi qazanc da əldə etdiyini gizlətmir. Əsərlərinin qiyməti, ölçülərindən asılı olaraq, 20-250 manat arasında dəyişir. Məqsədi yeni hesab edilən incəsənətin bu növünə cəmiyyətdə maraq oyatmaq, gənclərə onun sirlərini öyrətməkdir. Buna görə də bir dərnək yaratmaq istəyindədir.
2014-cü ildən tətbiqi-dekorativ sənətlə məşğul olan Aytən Əliyevanın əl işləri bir neçə sərgidə nümayiş etdirilib, hətta əcnəbi qonaqlar, turistlər onun əsərlərini alaraq öz ölkələrinə aparıblar.
XVII əsrdə İngiltərədə bu sənət növü əvvəllər çox sadə şəkildə işlənib: taxta üzərində hər hansı bir fiqurun görüntüsünü mismarla həkk etmək, sonra isə onların arasını sapla toxumaq. Son 50 ildə Türkiyədə geniş yayılan filoqrafiya ölkəmizdə də özünə geniş şəbəkə yaratmaqdadır.
İctimai şüurun formalarından biri olan incəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətinin ifadəsidir. Daha sadə dillə desək, incəsənət həyatın bədii əksidir və onun müxtəlif növləri məlumdur. Estetik zövqün və dünyagörüşün formalaşmasında incəsənətin hər bir növünün əhəmiyyəti danılmazdır. Ona görə də incəsənət əsərlərinin daha geniş formada təqdim edilməsi üçün layihələrin reallaşması ilk növbədə onun inkişafına dəstəkdir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2016.- 29 iyun.- S.7.