Əsassız erməni
iddiaları və tarixi faktlar
Suallar və
cavablar
Son vaxtlar qondarma erməni “soyqırımı”
ilə bağlı avantüralar yenidən dünya gündəmindədir.
Real tarixi faktları görməzdən gələrək,
heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq
ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn
bu kimi bədnam kampaniyalar çərçivəsində əsl
həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri
ehtiyac yaranır. 2011-ci
ildə Ankarada
“Centerfor Strategic Research” tərəfindən
ingilis dilində nəşr edilən “Armenianallegations and
historicalfacts. Questions and answers”
(“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı bu baxımdan erməni
yalanlarına qarşı mübarizədə əsas vasitələrdən
biri hesab oluna bilər.
Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı
Gövhər BAXŞƏLİYEVA tərəfindən Azərbaycan
dilinə tərcümə olunan və dərci
üçün müəyyən ixtisarla redaksiyamıza təqdim
edilən bu kitab yalnız elmi ictimaiyyətə deyil,
ümumilikdə hər bir azərbaycanlı üçün
tarixi gerçəkləri öyrənmək baxımından
dəyərli istinad mənbəyi ola bilər. Onu
müəyyən hissələrlə diqqətinizə təqdim
edirik.
1-ci sual:
Şərqi
Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi
Erməni tarixçiləri özləri bu fikirlə
razı deyillər. Anadolu tarixini nəzərdən keçirərək
onların bəzi ziddiyyətli mülahizələrinə diqqət
yetirək.
1.
İncildə Nuh nəzəriyyəsi. Bu fikrə
görə, ermənilər İncildə adı çəkilən
Nuhun nəvəsi Haykdan törəyiblər. Nuhun gəmisi
Ararat dağına yan aldığına görə bu fikrin tərəfdarları
belə bir nəticəyə gəlirlər ki, ermənilərin
qədim yurdu Şərqi Anadolu olmalıdır və əlavə
edirlər ki, Hayk 400 ilə yaxın yaşamış, öz
hökmranlığını ta Babilə kimi
yaymışdır. Bu iddia bütövlükdə rəvayətlərə
əsaslanır, onun heç bir elmi sübutu yoxdur, bu
baxımdan müzakirə obyekti ola bilməz.
Tarixçi Avqust Karriyer ümumiyyətlə bu fikri rədd
edir və yazır: “Bu, tamamən erməni tarixçiləri
tərəfindən yayılan məlumatlara əsaslanır,
onların əksəriyyəti isə uydurmadır”.
2. Urartu nəzəriyyəsi.
Bəzi ermənilər iddia edirlər ki, onlar eramızdan 3 min
il əvvəl Anadolunun şərqində
mövcud olan Urartunun əhalisini təşkil ediblər. Urartu sonralar Midiya dövləti tərəfindən
süquta yetirilmiş və
dağıdılmışdır, ərazisi bir zamanlar Lidiya və
Midiya dövlətləri arasında mübahisəyə səbəb
olmuş və sonda Midiya dövlətinin tam təsiri
altına düşmüşdür. Bu
iddia heç bir fakta əsaslanmır. O dövrə aid
Anadoluda tapılan heç bir yazılı mənbədə
erməni adının heç bir forması
aşkarlanmayıb, erməni və Urartu dilləri arasında
heç bir oxşarlıq yoxdur: birincisi hind-Avropa dillərinə
aiddirsə, ikincisi Ural-Altay dillərinə mənsubdur. Onların mədəniyyətləri də müxtəlifdir.
Ərzurum ərazisində tapılan ən son
arxeoloji tapıntılar bu fikri aydın şəkildə təsdiqləyir.
Bütün bunlara əsaslanaraq demək olar ki,
Urartu əhalisinin ermənilərdən ibarət olduğu
iddiasını təsdiq edən heç bir dəlil yoxdur.
3.
Frakiya-Frigiya nəzəriyyəsi. Erməni tarixçilərinin
ən çox meyil etdiyi bu nəzəriyyədə deyilir ki,
onlar Balkan yarımadasından mənşəyini alan və eramızdan əvvəl XVI əsrdə
illiriyalıların təzyiqi altında Şərqi Anadoluya
köçən frakiya-frigiya tayfasından əmələ gəliblər.
Bu nəzəriyyə ermənilərin adının ilk dəfə
eramızdan əvvəl 521-ci ildə Midiya çarı
Daranın Bisütun yazısında çəkildiyi
faktına əsaslanır: “Mən erməniləri məğlub
etdim”. Sözügedən nəzəriyyə qəbul
edildiyi halda, Nuh və Urartu nəzəriyyələrini təkzib
etmiş olur.
4. Cənubi Qafqaz nəzəriyyəsi. Bu fikir ermənilərin
irqcə və mədəniyyətcə Cənubi Qafqaz
xalqlarına mənsub olduqlarını, buna görə də
köklərinin buradan gəldiyini iddia edir. Bu da öz növbəsində, ancaq Daranın
onları Qafqazda məğlub etdiyi faktına söykənir.
Ermənilər istənilən Qafqaz irqinə
heç bir halda aid deyillər.
5. Turan nəzəriyyəsi.
Bəzi ermənilər Qafqazın bəzi
türk qəbilələri ilə əlaqələrinin
olduğunu sübut etmək üçün erməni dilinin və
mədəniyyətinin onların dili və mədəniyyəti
ilə oxşarlığını təqdim edirlər, amma
bütün təqdim olunanların ciddi dəlillərə
ehtiyacı var.
Sayılan
nəzəriyyələrin hər hansı biri təsdiqlənərsə,
ermənilərin Şərqi Anadoluda köklərinin
olmadığı, iddia edildiyi kimi, orada 3-4 min il
əvvəl yaşadıqlarının doğru
olmadığı ortaya çıxacaq. Bütün
bu nəzəriyyələrin irəli sürülməsi ancaq
türklərin erməniləri min illərlə
yaşadıqları ana yurdlarından sürgün etməsi
iddialarını dəstəkləmək
üçündür, amma onlar faktlara əsaslanmır.
2-ci sual:
Türklər
ermənilərin ərazilərini gücləmi ələ
keçiriblər
Ermənilərin müəyyən zaman ərzində
birgə yaşadıqları ərazi heç vaxt müstəqil,
suveren dövlət kimi onlar tərəfindən idarə
olunmayıb. Bu ərazi ermənilərin orada məskunlaşmaları
haqqında məlumatlarda qeyd edildiyi kimi, ən qədim tarixlərdən
bəri başqaları tərəfindən idarə edilirdi.
Eramızdan əvvəl 521-ci ildən 344-cü ilədək
həmin ərazi Fars dövlətinin əyaləti idi. Eramızdan əvvəl
344-cü ildən 215-ci ilə qədər o, Makedoniya
imperiyasının ərazisi idi. Eramızdan
əvvəl 215-ci ildən 190-cı ilə qədər Selevkilər
tərəfindən idarə edilirdi. Eramızdan
əvvəl 190-cı ildən eramızın 220-ci ilinə
kimi Roma imperiyası və Parfiya dövləti arasında
tez-tez hökmdarlarını dəyişirdi. 220-ci ildən V əsrin əvvəllərinə kimi
Sasanilər imperiyasının əyaləti olmuşdur,
sonralar VII əsrədək Bizans imperiyasına mənsub idi.
VII əsrdən X əsrə qədər ərəblər
tərəfindən idarə olunurdu. X əsrdə yenə
Bizans imperiyasının tərkibinə qaytarıldı və
sonda XI əsrdən başlayaraq türklərin
hökmranlığı altına düşmüşdür.
Sadalanan müxtəlif dövlətlərin hakimiyyəti
altında bu ərazidə yaşayan ermənilər müstəqilliyin
heç bir növünü davamlı olaraq saxlamaq və ya
vahid erməni dövləti yaratmaq iqtidarında deyildilər. Ən
yaxşı halda bir neçə erməni zadəgan ailəsi
qonşu hökmdarların feodal vassalı kimi onları əhatə
edən güclü imperiyalar arasında bufer ərazisi kimi
xidmət edən müəyyən bölgələri idarə
edirdilər. Bu yolla həmin erməni “knyazlıqları”nın çoxu yerli erməni zadəganları
tərəfindən öz feodal əraziləri çərçivəsində
və ya qonşu imperiyaların öz hərbi qüvvələrini
düşmənlərdən qorumaq məqsədilə
yaradılmışdır. Bunun ən uğurlu misalı
Baqratid ailəsidir ki, erməni millətçi tarixçiləri
tərəfindən onların tarixi müstəqilliyinin
mövcudluğunun sübutu kimi daim irəli sürülür,
amma əslində, bu ailə ərəb xəlifələri tərəfindən
əraziyə nəzarət etmək üçün təyin
edilib. Bəzi hakimiyyətdə olan, “erməni” sayılan ailələr
əslən daha çox fars idilər, nəinki
erməni. Onların müstəqil dövlətin heç bir
növünü yaratmağa qadir olmadıqlarını erməni
tarixçi Asiyalı Gevork təsdiq edir: “Ermənilər yerli
əyanlar kimi yaşayırdılar. Onlarda milli
birlik hissi olmayıb. Aralarında heç
bir siyasi əlaqə və ya tellər yox idi. Yeganə bağlılıqları qonşu əyanlarla
idi. Bu səbəbdən sahib olduqları hər
hansı milli hiss məhəlli sayılırdı”.
Sözügedən erməni knyazlıqları əsrlər
boyu müxtəlif nəhəng imperiyaların və dövlətlərin
idarəsi altında yaşamış, mənfəətlərinin
maksimal dərəcədə təmin olunmasını güdərək
tez-tez tərəf dəyişirdilər, buna görə də
dövrün tarixçiləri tərəfindən daim tənqidi
və kəskin rəylər alırdılar. Misal
üçün, Roma tarixçisi Tasit öz “Annallar”ında
“Ermənilər gah Roma, gah da ki, Fars imperiyasını dəstəkləyərək,
tərəf dəyişirlər” yazmış və bu fikri
ermənilərin “qəribə xalq” olduqlarını söyləyərək
tamamlamışdır.
Ermənilərin əsl dövlət qurmalarının
uğursuz cəhdləri, qonşuları ilə müqayisədə
hər zaman zəif olmaları, yaşadıqları ərazinin
hər tərəfi əhatə edən daha güclü
qonşu süzerenlər arasında münaqişə səhnəsi
olması faktı, onların tarixdə peyda olduqlarında ilk dəfə
yaşadıqları torpaqlardan daim
köçürüldükləri və ya özlərinin
xoşluqla köçməsi öncə məhz bu şərtlərin
nəticəsidir, sonra isə ermənilər arasında
birliyin və gücün olmamasındadır. Beləliklə,
Fars dövlətindən qaçdıqdan sonra onlar Mərkəzi
Anadoluda, Kayseridə məskunlaşıblar. Bundan əvvəl
isə Sasanilər tərəfindən Mərkəzi İrana,
ərəblər tərəfindən Suriyaya və Ərəb
yarımadasına, Bizansdan Mərkəzi Anadoluya və
İstanbula, Makedoniyaya, Frakiyaya, Bolqarıstana, Rumıniyaya,
Macarıstana, Transilvaniyaya və Krıma
köçürülüblər. Səlib
yürüşü zamanı isə onları Kipr, Krit və
İtaliyaya köçürüblər. Monqollardan
qaçaraq onlar Mərkəzi Asiyada, Qazanda və Həştərxanda
yerləşiblər və son olaraq, ruslar tərəfindən
Rusiyanın daxili ərazilərinə
köçürülüblər. Bu əsrlər
sürən köçürmələr və miqrasiya nəticəsində
ermənilər Siciliyadan tutmuş Hindistana qədər,
Krımdan tutmuş Ərəbistana qədər geniş ərazidə
yayılıblar və beləliklə də, 1915-ci ildə
Osmanlıların onları köçürdüklərindən
əsrlər öncə ermənilərin “erməni diasporu”
adlandırdıqları icmalar yaranmağa başlayıb.
Ermənilər
xristianlığı qəbul edəndən 150 il əvvəl,
451-ci ildə Bizans kilsəsindən ayrılıblar, bu da əsrlər
sürən Bizans-erməni qarşıdurmalarına gətirib
çıxarmış və XI əsrin sonlarından
başlayaraq türklərin Anadoluda məskunlaşmalarına
qədər davam etmişdir. Bizans sahib olduğu
bütün ərazilərdə yunan ortodoksluğunun
yayılmasını dəstəkləyərək erməniləri
Yer üzündən silməyə və erməni
knyazlıqlarını aradan qaldırmağa
çalışırdı. Dövrün
erməni tarixçiləri ermənilərin bizanslılar tərəfindən
necə sürgün olunduqlarını, onlardan düşmən
qüvvələr əleyhinə Bizans ordusunun avanqardı kimi
necə istifadə olunmasından tam təfərrüatı ilə
bəhs edirlər. Bunun nəticəsidir ki, Səlcuq
türkləri XI əsrin sonlarından başlayaraq Anadoluya gəldikləri
zaman orada heç bir erməni knyazlığına rast gəlməyiblər;
qarşılarını alan yeganə
qüvvə bizanslılar idi. Səlcuq hökmdarı Alp Arslan
erməni knyazlığı olan Aninın torpaqlarını
1064-cü ildə zəbt edib, amma bu knyazlıq artıq 1045-ci
ildə, yəni, 19 il əvvəl
dağıdılmış və sürgün edilən ermənilərin
yerini doldurmaq üçün yunanlara verilmişdi. Buna görə Səlcuq türklərinin nəinki
erməni dövlətini, knyazlığını belə
dağıtdıqlarını iddia etmək səhv olardı.
O, artıq Bizans tərəfindən məhv edilmişdi və
yaranan sosial və iqtisadi vəziyyət, faktiki olaraq, türklərin
orada məskunlaşması üçün əlverişli
şərait yaratmışdı. Dövrün
erməni tarixçiləri Anadolunun türklər tərəfindən
işğalını onların Bizansın pis idarəsindən
və zülmündən azad edilməsi kimi təqdim edirlər.
Erməni tarixçisi Asoğik yazır: “Ermənilərin
bizanslılara qarşı olan ədavəti üzündən
onlar türklərin Anadoluya girməsini alqışlayıb, hətta
kömək belə ediblər”. Erməni
tarixçisi Edessalı Matiasın dediyinə görə,
türklər onun şəhəri Edessanı (indiki Urfa) zəbt
edəndə ermənilər sevinmiş, bu hadisəni xalq
içində geniş qeyd etmişdilər.
Erməni
knyazlığı 1080-ci ildə Kilikiyada yaranıb, amma bu,
iddia edildiyi kimi, türklərin Anadoluda məskunlaşmaları
nəticəsində yox, daha çox Bizansın Şərqi
Anadoluda erməni knyazlığını dağıtması
və bu səbəbdən Kilikiyaya erməni
axınının nəticəsi olaraq baş vermişdi. Həmin
knyazlıq türklərə yaxşı münasibət bəsləmişdir,
baxmayaraq ki, Müqəddəs torpaqlara yola düşən və
onların ərazisindən keçən Səlib
yürüşü iştirakçılarına kömək
göstərmiş, əvvəl Bizansın, onun süqutundan
sonra əhli-səlib krallıqlarının, monqolların və
sonunda Kiprin idarəsini ələ alan katolik Luzinyan ailəsinin
hakimiyyətini qəbul etmişdilər. “İmansızlar”a
göstərilən bu münasibət erməni qriqorian kilsəsini
sarsıdır və kilsənin daxili bölünməsinə
gətirib çıxarır ki, bu da öz növbəsində,
knyazlığın 1375-ci ildə Suriya və Misir məmlükləri
tərəfindən işğalında mühüm rol
oynayıb. Sonuncu erməni
knyazlığının buraxdığı ən önəmli
iz Eçmiədzində müstəqil kilsənin yaranması
idi ki, bu da bu günə qədər vacib bir məsələ
olaraq qalan erməni ortodoksal kilsəsində daxili
parçalanmanı gücləndirən amil idi.
Beləliklə, Şərqi Anadolu II Mehmet Fateh və
Sultan I Səlim Yavuz tərəfindən zəbt ediləndə
bu ərazi Bizansın süqutundan sonra Ağqoyunlu və Səfəvilər
dövlətinə məxsus idi. Səlim Yavuz isə
Kilikiyanı məmlüklərdən aldı. Odur ki, Osmanlı türkləri erməni dövlətini
və ya knyazlığını zəbt və ya istila etməmiş,
onlar artıq digər xalqlar tərəfindən işğal
olunmuşdular.
3-cü
sual:
Türklər
tarix boyu ermənilərə hücum edib incidiblərmi
Erməni
təbliğatçıları onların Osmanlı
imperiyasının ermənilərə qarşı həyata
keçirdiyi “soyqırımı” iddialarını dəstəkləmək
üçün belə bir fikir irəli sürürlər
ki, türklər qeyri-müsəlman xalqları, xüsusən
ermənilərlə tarix boyu pis rəftar ediblər,
çünki əks təqdirdə, türklərin ermənilərlə
800 ilə yaxın yanaşı, sülh şəraitində
yaşamalarından sonra hansı səbəbdən birdən-birə
qalxıb onlara qarşı soyqırımı törətdiklərini
anlatmaq çətin olacaq. Bundan əlavə, ermənilər
türklərin hakimiyyətini xristianlıq və islam arasında daim gedən mübarizə kimi
təqdim etməyə çalışıblar ki, müasir
xristian ölkələrində onların türklərə
qarşı iddialarına inam yaratsınlar.
Tarixi dəlillər bu iddiaları tamamilə inkar edir. Biz artıq
dövrün erməni tarixçilərinin yazılarında
Bizans ermənilərinin Səlcuq türklərinin
işğalını necə salamladıqları, qeyd etdikləri
və onların Bizansın zülmündən xilas
olunmasına görə minnətdarlıqları barədə
məlumatlıyıq. Səlcuqlar
Bizansın məhv etməyə çalışdığı
erməni kilsəsinin müdafiəsini təmin etdilər.
Bizansın erməni kilsələrinə,
monastırlar və keşişlər üçün təyin
etdiyi ağır vergiləri Səlcuqlar ləğv etmiş və
faktiki olaraq bütün bu növ institutları ümumiyyətlə
vergidən azad etmişdilər. Erməni
icması dini və təhsil məsələləri daxil
olmaqla, öz daxili işlərini istədikləri kimi aparmaqda
sərbəst buraxılmış və heç vaxt ermənilər
və ya istənilən digər qeyri-müsəlman
xalqları islamı qəbul etməyə məcbur edilməmişlər.
Faktlara əsasən ermənilərin dini lideri Səlcuq
sultanı Məlikşahın yanına gəlmiş, bu himayəyə
görə təşəkkürünü bildirmişdi.
Erməni tarixçisi Edessalı Matias yazır
ki, “Məlikşahın ürəyi xristianlara qarşı
sevgi və xeyirxahlıq ilə doludur; o, İsa peyğəmbərin
övladları ilə yaxşı rəftar eləyir və o,
erməni xalqına bolluq, sülh və xoşbəxtlik bəxş
etdi”.
Səlcuqlu
Sultan, Kılıç Arslanın ölümündən
sonra həmin tarixçi yazırdı: “Kılıç
Arslanın ölümü bütün xristianları matəm
içinə saldı, çünki o, mərhəmətli və
böyük şəxsiyyətli bir insan idi”.
Səlcuq türklərinin ermənilərlə
yaxşı rəftarı Taşirk ailəsi kimi bəzi erməni
zadəgan ailələrinin islamı öz istəkləri ilə
qəbul etməsi faktı və türklərlə
çiyin-çiyinə Bizansa qarşı döyüşlərdə
iştirakları ilə təsdiqlənir.
Türk ənənəsi və müsəlman hüququ
türk və müsəlman imperiyalarında qeyri-müsəlmanlarla
yaxşı rəftar olunmasını diktə edirdi. Buna görə
türklər qeyri-müsəlmanlarla bağlanan
razılaşmalarda onların “zimmi” statusunu qəbul etməsi
və nizamı saxlaması, hüquq və ənənələrinin
müdafiəsinin təmin edilməsi üçün
vaxtında vergilərin ödənməsi barədə
razılığa gəlirdilər. Müxtəlif
dinlərə mənsub olan insanlarla görünməmiş
tolerantlıqla rəftar edilirdi. Bu da
xeyirxahlığa və insani dəyərlərə əsaslanan
dövrün fəlsəfəsində öz əksini
tapır. İslam dünyasında məşhur olan Yunus
Əmrə və Mövlana Cəlaləddin Rumi kimi dahi
filosofların şüarı “bütün 72 müxtəlif
xalqlara eyni baxış” və “kimliyindən və dinindən
asılı olmayaraq xoş gələcəksiniz” olub. Belə bir rəftar xristian hökmdarlarının və
işğalçıların nəinki müsəlmanlar və
yəhudi kimi qeyri-xristian dinindən olanlara,
xristianlığın digər təriqətlərinə mənsub
olanlara qarşı belə rəftarının tam əksidir.
Misal üçün, erməni qriqorianlara
qarşı bizanslıların təqibi, Moreyada və Egey
adalarında yaşayan yunan ortodokslarının Venesiya tərəfindən
təqib olunması və bogomillərin macarlar tərəfindən
təqibi.
Osmanlı imperiyasının yaranması və genişlənməsi,
xüsusilə də Bizansın süqutu və bunun ardınca
Sultan Mehmet Fatehin 1453-cü ildə İstanbulu fəth etməsi
ermənilərin və digər qeyri-müsəlman və
müsəlman xalqlarının yeni dövlətdə dini,
siyasi, sosial, iqtisadi və mədəni rifahının yeni mərhələsinin
təməlini qoydu. Osmanlı imperiyasının ən birinci hökmdarı
Osman Qazi (1300-1326) erməniləri Bizansdan müdafiə etmək
üçün Şərqi Anadoluda, Kütahyada onların ilk
dini mərkəzinin yaradılmasına icazə verdi.
Bu mərkəz sonralar Osmanlıların
paytaxtının dəyişilməsi ilə bərabər əvvəl
1326-cı ildə Bursaya, 1461-ci ildə isə İstanbula
köçürülmüş və Sultan Mehmet Fatehin fərmanı
ilə patriarx Hovakimin və onun davamçılarının rəhbərliyi
altında erməni patriarxatı qurulmuşdur. Nəticədə minlərlə erməni
İrandan, Şərqi və Mərkəzi Anadoludan,
Balkanlardan və Krımdan İstanbula məcbur olduqları və
ya təqib edildikləri üçün yox, Osmanlı Fatehin
öz imperiyasını erməni həyatının əsl mərkəzinə
döndərməsi səbəbindən
köçmüşdür. Beləcə,
erməni icması və kilsəsi böyümüş və
Osmanlı imperiyasının genişlənməsi və
çiçəklənməsinin bir hissəsi kimi inkişaf
etmişdir.
Osmanlı imperiyasının qriqorian erməniləri, digər
əsas dini icmalar kimi, öz dini liderinin rəhbərliyi
altında milli icmaya birləşdirilmişdi. Belə ki,
Sultan Mehmet Fatehin İstanbulun erməni patriarxatının
yaradılmasına dair fərmanında deyilirdi ki, patriarx
yalnız dini lider yox, eyni zamanda, ermənilərin dünyəvi
lideridir. Ermənilər müsəlmanlarla
eyni hüquqlara malik idilər, amma bununla bərabər, onlara
xüsusi imtiyazlar verilirdi ki, onlardan ən önəmlisi hərbi
xidmətdən azad olunmalarıdır. Ermənilər və
digər qeyri-müsəlman xalqları müsəlmanlarla, demək
olar ki, eyni vergiləri ödəyirdilər, xərac və ya
cizyədən başqa, çünki bu vergilər
növü onlara islam dinində olan qanuna əsasən
təyin edilmişdi, amma müsəlmanlara aid olan zəkat və
üşr vergiləri onlardan
götürülmüşdü. Erməni dini
liderləri dindaşlarından özləri təyin etdiyi
vergiləri yığıb dövlətin xəzinə məmurlarına
təhvil verirdilər.
Ermənilərin
öz dini, mədəni, təhsil və xeyriyyə məsələlərini
həll etmək üçün lazımi maliyyə dəstəyinin
təmin olunması məqsədilə xüsusi vəqflərin
yaradılmasına icazələri var idi, bununla bərabər,
ehtiyac duyulanda Osmanlı dövləti xəzinədən bu
işləri həyata keçirən erməni
institutlarına, habelə erməni patriarxatının
özünə maddi yardımını əsirgəmirdi. Bu erməni vəqfləri Türkiyə
Respublikasında bu günə kimi fəaliyyətdədir və
erməni kilsəsinə davamlı olaraq maliyyə dəstəyi
göstərir.
Osmanlı qanunlarına görə, bütün yunan
ortodokslarına aid olmayan xristianlar erməni qriqorian kilsəsinə
daxil edilmişdi. Belə ki, Anadoluda pavlikianlar və yakubitlər,
Balkanlarda bogomillər və qaraçılar erməni hesab
edilirdi, bu da imperiyada yaşayan ermənilərin həqiqi
sayı barəsində gələcək mübahisələrin
yaranmasına gətirib çıxarmışdı. Erməni icması sultanların bəxş etdiyi
azadlıq sayəsində genişlənmiş və
çiçəklənmişdi. Həmçinin
ermənilər Türk-Osmanlı mədəniyyətini, həyat
və hakimiyyət tərzini mənimsəmiş və öz
töhfələrini o dərəcədə vermişdilər
ki, əsrlər boyu sultanların müəyyən
etibarını və inamını qazanaraq “sadiq millət”
adını almışdılar. Osmanlı
erməniləri olduqca dövlətli bankirlərə, tacirlərə
və sənayeçilərə çevrilmiş, əksəriyyəti
isə dövlət qulluğunun yüksək vəzifələrini
tutmuşdu. Məsələn, XIX əsrdə
29 erməni dövlət rütbələrinin ən alisini -
paşa rütbəsini alıb. İmperiyada xarici işlər,
maliyyə, ticarət və rabitə nazirləri daxil olmaqla 22
erməni nazir var idi, digər ermənilər isə xalq təsərrüfatı,
iqtisadi inkişaf və siyahıyaalma sahələrində
yüksək vəzifələr tuturdular. 1826-cı ildən
sonra formalaşan parlamentdə 23 millət vəkili, 6 səfir,
11 konsul-general və konsul, 11 universitet professoru, 41 digər
yüksək rütbəli məmur erməni idi.
Əsrlər boyu ermənilər türklərin və
Türkiyədə yaşayan ermənilərin fəxr mənbəyi
olan bir sıra birinci dərəcəli sənət adamı
dünyaya gətirərək Osmanlı türklərinin incəsənətinə,
mədəniyyətinə və musiqisinə böyük
töhfələr veriblər. İlk erməni mətbu
orqanı XVI əsrdə təsis edilmişdir.
Beləliklə, əsrlər boyu ermənilər,
türklər və imperiyada yaşayan digər millətlər
sülh və qarşılıqlı anlaşma şəraitində
yaşamış, Osmanlı sisteminə və ya
administrasiyasına qarşı ciddi şikayətlər
olmamışdır. Düzdür, vaxtaşırı ayrı-ayrı
millətlər arasında daxili çətinliklər yarana
bilərdi. Ermənilərin daxilində belə
mübahisə İstanbula Anadoludan və Krımdan gəlib
“yerli” sayılan və İrandan gəlib “şərqi” və
ya “əcnəbi” sayılan ermənilər arasında
patriarxın seçilməsi zamanı yaranmışdı.
Bu iki qrup həmişə Osmanlılara bir-birindən
şikayətlənmiş və öz namizədləri və
maraqları üçün dövlət dəstəyini
qazanmağa çalışmışlar. Qərar onların xoşuna gəlmədiyi halda,
Osmanlılardan şikayət etmişlər, baxmayaraq ki,
Osmanlılar bu iki qrup arasında neytrallığı
saxlamağa qərarlı idi. “Şərqlilər”in tədricən
qələbələri dinə aidiyyəti olmayan insanların
patriarx vəzifəsinə təyin olunmasına, korrupsiyaya və
icmadaxili pis idarəetməyə, mübahisə edən qruplar
arasında qanlı qarşıdurmalara gətirib
çıxarmış, bu da öz növbəsində, ermənilərin
bir-birini məhv etməməsi üçün
Osmanlıların müdaxilə etməsi zərurətini
ortaya qoymuşdu.
Bu daxili münaqişələr qriqorianlar arasında
dini standartların tənəzzülə uğraması ilə
bərabər, bir çox erməniləri XIX əsrdə
imperiyaya göndərilən əcnəbi katolik və
protestant missionerlərin yaydıqlarını qəbul etməyə
vadar etmiş, əsrin sonlarına yaxın müstəqil
icmaların yaranmasına səbəb olmuşdu. Erməni
qriqorian kilsəsinin başçıları Osmanlılardan bu
dindəndönmənin qarşısını almağı
xahiş etdilər, amma Osmanlılar bundan çəkinərək,
bunun dövlətin yox, icmanın daxili işi olmasını səbəb
gətirdilər. Qanlı toqquşmalar
davam edirdi, vəziyyət o səviyyəyə
çatmışdı ki, Çuhacyan və Tahtacyan adlı
qriqorian patriarxlarını bütün erməni
protestantları kilsədən ayırmış və
qovmuşlar. Bundan sonra erməni katolikləri ilə Papa
arasında münasibətlərdə ciddi qarşıdurmalar
yaranmışdı və bu da öz növbəsində,
Papanın ali hakimiyyətini qəbul etməyənlərin
kilsədən ayrılmaları ilə nəticələnmişdi.
Belə vəziyyət Osmanlıları
müdaxilə məcburiyyətində qoymuş və 1888-ci
ildə bu iki katolik qrupu barışdırmışdılar.
Osmanlılar tərəfindən qeyri-müsəlmanlara
yaradılan azadlıq və böyük tolerantlıq
mühiti bütün Avropada məşhur idi, buna görə
sultanların imperiyası dini və siyasi təqibdən
qaçan hər növ insan üçün
sığınacaq yerinə dönmüşdü. İspaniyadan
1492-ci ildə Rekonkista zamanı təqiblər üzündən
qaçan minlərlə yəhudidən başlayaraq Mərkəzi
və Şərqi Avropada və Rusiyada müntəzəm
talana məruz qalan yəhudilərin hamısı Osmanlı
imperiyasına qaçırdı. Osmanlı
imperiyasına gələn katoliklər və protestantlar
çox vaxt sultanların xidmətinə daxil olaraq, Osmanlı
hərbi və dövlət həyatına böyük
töhfələr vermişdilər. 1848-ci
ildə Avropada baş verən inqilabdan sonra mümkün
reaksiyalardan xilas olmaq istəyən siyasi qaçqınlar da
sığınacaq üçün Osmanlı imperiyasına
sığındılar.
Osmanlıların qeyri-müsəlmanlara, xüsusən də ermənilərə qarşı pis rəftar etdikləri barədə iddialar erməni tarixçiləri Asoğik və Matiasdan tutmuş Volter, Lamartin, Klod Ferrer, Pyer Loti, Noger Hon Kaetani, Filip Marşal Braun, Mişle, Çarlz Vilson, Politis, Arnold, Bronsart, Ru, Gruse Edgar Granvil Garnier, Toynbi, Bernard Luis, Şou, Prays, Luis Tomas, Bombaci və bu kimi tarixçilərə qədər rədd edilmişdir, baxmayaraq ki, onlardan bəzilərini heç də türkmeyilli adlandırmaq olmaz. Onların bir neçəsindən iqtibas gətirək:
Volter: “Böyük türklər müxtəlif dinlərə mənsub olan iyirmi milləti sülh içində idarə edir. Türklər xristianlara sülhdə mülayim, qələbədə həlim olmağı öyrətdilər”.
Filip Marşal Braun: “Qazandıqları böyük qələbəyə baxmayaraq, türklər tutduqları ərazilərdə yaşayan xalqlara öz ənənələrinə və qaydalarına uyğun hakimiyyət qurmaq hüququnu səxavətlə bəxş ediblər”.
Baş nazir Venizelos tərəfindən idarə edilən Yunanıstan hökumətinin xarici işlər naziri Politis: “Türkiyədə yaşayan yunanların hüquqlarını və maraqlarını türklərdən yaxşı heç kəs müdafiə edə bilməz”.
C.V.Arnold: “Danılmaz tarixi faktdır ki, türk ordusu heç vaxt işğal etdiyi ərazilərdə heç bir dini və mədəni məsələyə qarışmırdı”.
German Bronsart: “Məcburiyyət qarşısında qalmasalar, türklər dünyanın başqa dinlərə qarşı ən tolerant millətidir”.
Hətta Napoleon Bonapart 1798-1799-cu illərdə həyata keçirdiyi işğalı dəstəkləmək üçün Fələstində və Suriyada ermənilər arasında üsyan oyatmaq istəyəndə İstanbuldakı fransız səfiri Sebastiani belə cavab vermişdi: “Burada yaşayan ermənilər öz həyatlarından o qədər razıdırlar ki, bu, mümkün olan bir məsələ deyil”.
(ardı var)
Azərbaycan.-2016.-
30 iyun.- S.6.