“Eurovision”dan “İslamiada”yadək
“Formula-1” bu silsilədə estafeti uğurla davam etdirdi
Hər bir ölkəni dünya birliyi üçün cəlbedici
edən cəhətlərdən ən əsası onun malik
olduğu beynəlxalq imicdir. Bu kontekstdən
çıxış edən beynəlxalq təşkilatlar da
hansısa ölkədə öz tədbirlərini keçirərkən
onun imkanları və resursları ilə yanaşı, qlobal
miqyasda mövqelərini də nəzərə alırlar.
İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların
çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzulu tədbirləri
keçirilib. Onlara müxtəlif
mövzulu beynəlxalq konfransları, simpoziumları da aid etmək
olar. Bu, ondan xəbər verir ki, Azərbaycan
beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır.
İdeal təşkilatçılıq
və evsahibliyi
Son illər çoxsaylı tədbirlərin ən
mötəbər ünvanına çevrilən
respublikamız bunların hamısına layiqincə evsahibliyi
edib. Belə ki, bu evsahibliyinə və ideal təşkilatçılığa
başqa ölkələr ancaq həsəd apara bilərlər.
Belə tədbirlərdən biri Avropanın və
dünyanın yaxından izlədiyi “Eurovision” mahnı
müsabiqəsi idi. Bu müsabiqə ilə
Bakıya gələn hər kəs Azərbaycanın
inkişafını, xalqımızın qonaqvərvərliyini,
zəngin mədəniyyətini gördü. Bütövlükdə bu müsabiqə Azərbaycanı
beynəlxalq aləmə daha yaxından tanıtdı. Çoxsaylı xalqların, müxtəlif mədəniyyətlərin
bir araya gəldiyi bu musiqi yarışmasına Azərbaycanın
yüksək səviyyədə evsahibliyi etməsi ölkəmizin
beynəlxalq imicinin daha da artmasına mühüm töhfə
verməklə bərabər, sivil dünyanın ayrılmaz
hissəsi kimi ölkəmizin mütərəqqi bəşəri
dəyərlərə malik olduğunu bir daha dünyaya
nümayiş etdirdi.
Ölkəmizin
Avropanın ən nüfuzlu mahnı müsabiqəsində
iştirakının təşəbbüskarı Azərbaycanın
birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevadır. Məhz
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu bu layihədə ölkəmizin iştirakına
özünün fəal töhfəsini verən əsas
qurumdur. Fondun dəstəyi və təşkilatçılığı
ölkəmizin bu yarışmada uğurla təmsil
olunmasında hər zaman böyük rol oynayıb.
Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində
iştirakı 2008-ci ildən başlayır. Həmin ildən
Azərbaycan təmsilçiləri qatıldıqları
bütün yarışmaların hər birini uğurla
başa vurublar. 2011-ci ildə isə Azərbaycan
təmsilçiləri birinci yeri tutmaqla “Eurovision”u ölkəmizə
gətirdilər. O zaman qarşıda duran ən vacib məsələ
müsabiqəyə hazırlıq işlərini yüksək
səviyyədə həyata keçirmək idi. Elə buna görə də 2011-ci ildə
yarışmanın başa çatmasından bir neçə
gün sonra Prezident İlham Əliyevin sərəncamına əsasən
Azərbaycanın müsabiqədə iştirakının təşəbbüskarı
Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat
Komitəsi yaradıldı. Təşkilat
Komitəsi tərəfindən bir ildə hazırlıq
işləri ən yüksək səviyyədə həyata
keçirildi. Eyni zamanda müsabiqənin keçirildiyi
“Baku Crystal Hall”un tikintisi vaxtında
başa çatdırıldı. Beləliklə, son illər
çoxsaylı siyasi, mədəni, idman və digər səpkili
beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycan
bütün dünyanın yaxından izlədiyi
“Eurovision-2012” mahnı müsabiqəsinə də evsahibliyini
layiqincə etdi.
Bu yarışmanın yüksək səviyyədə təşkili
və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda
nüfuzunun daha da yüksəlməsinə növbəti
töhfə və dəstək oldu. Həmin günlərdə
bütün dünya Azərbaycandan danışdı,
Bakıdan yazdı. Paytaxtımıza təşrif
buyuran xarici vətəndaşlar, turistlər Azərbaycandakı
inkişafı gözləri ilə gördülər, ölkəmizi
daha yaxından tanımaq imkanı əldə etdilər.
Əcnəbilər təkcə bu mahnı
müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin
yaşadığı doğma Bakımızın gözəlliyinin,
müxtəlif mədəniyyətlərə məxsus elementləri
ahəngdar şəkildə özündə birləşdirən
adət və ənənələrimizin və azərbaycanlıların
səmimi qonaqpərvərliyinin şahidi oldular. Bu mənada “Eurovision-2012” mahnı müsabiqəsinin
Bakıda keçirilməsi Azərbaycanın
inkişafının və turizm potensialının beynəlxalq
miqyasda daha yaxından tanıtımı baxımından
böyük hadisəyə çevrildi. Digər
tərəfdən, bu müsabiqəyə yüksək səviyyədə
evsahibliyi etməklə Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq
tədbirlərin keçirilməsi üçün əsas
ünvanlardan biridir.
I Avropa Oyunları Azərbaycanın
möhtəşəm beynəlxalq uğuru idi
Müsabiqənin
keçirildiyi 2012-ci il Azərbaycanda
“İdman ili” idi. Həmin ilin sonlarına
doğru İtaliyanın paytaxtı Romadan gələn bir xəbər
“İdman ili”nə özünün möhtəşəm
möhürünü vurdu. Belə ki, Azərbaycanda
idmanın inkişafının, ölkəmizin beynəlxalq
Olimpiya hərəkatına verdiyi töhfələrin nəticəsi
olaraq həmin il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin
(AOK) 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq
tarixdə I Avropa Oyunlarının Bakıda keçirilməsi
haqqında qərar qəbul edildi. AOK-un qərarı
tarixi hadisə və ölkəmizin böyük uğuru idi.
Bu qərarın qəbul edilməsində ölkəmizin artan
beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi
tanınması, sosial-iqtisadi uğurlar, infrastrukturun müasir
tələblər səviyyəsində yenidən qurulması
və s. bu kimi dünyanın diqqətini çəkən məsələlər
rol oynamışdı.
Dünya idmanının tarixində ilk dəfə
keçirilən Avropa Oyunlarına evsahibliyi etmək
missiyasının Bakının üzərinə qoyulması
Azərbaycan üçün böyük önəm
daşıyırdı. Əlbəttə, qarşıda duran ən
vacib vəzifə hazırlıq işlərinin vaxtında
başa çatdırılması və yarışların ən
yüksək səviyyədə keçirilməsi idi.
Yay olimpiya oyunları üçün 7-8 il
vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına
hazırlıq işlərinə cəmi iki il vaxtı
vardı. Bu müddət yay olimpiya oyunları səviyyəsində
olan bir idman yarışmasının təşkili
üçün yetərli deyildi. Bundan
başqa, yay olimpiya oyunlarının keçirilməsində
artıq böyük təcrübə mövcuddur və Beynəlxalq
Olimpiya Komitəsi demək olar ki, hər bir sahə üzrə
göstərişlərini verir. Mövcud
təlimatlarda hər bir istiqamət üzrə müəyyən
edilmiş metodiki qaydalar var. I Avropa
Oyunları üçün isə heç bir təlimat və
təcrübə yoxdur. Belə olan halda
bütün məsuliyyət, təşkilati məsələlərin
yoluna qoyulması Azərbaycanın üzərinə
düşürdü.
Lakin Azərbaycan
iki il yarım vaxt ərzində ən
mükəmməl hazırlıq işlərini həyata keçirdi
və Avropaya öhdəliyə əməl etməyin yeni
nümunəsini göstərdi. Hazırlıq
işlərinə başlanandan sonra Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi I
Avropa Oyunlarının Təşkilat Komitəsi əzmkar,
yorulmaz və gərgin fəaliyyəti ilə bu idman
müsabiqəsinin qüsursuz keçirilməsi
üçün əlindən gələn hər bir şeyi
etdi. Müddətin az olmasına
baxmayaraq, komitə bütün işləri ən yüksək
səviyyədə başa vurdu. Həmin
dövrdə Bakıda 5 yeni və möhtəşəm idman
qurğusu inşa edildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli
Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı
Atıcılıq Mərkəzi və Veloparkdır. Yarışların keçiriləcəyi digər
idman kompleksləri ən müasir standartlar səviyyəsində
yenidən quruldu. Atletlər və Media kəndləri
bütün xarici qonaqları heyran etdi. Bütün
bunlar dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına
dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən
biri olan Azərbaycanın uğurlu inkişafının
göstəricisi idi. Bakıda yeni
infrastrukturun yaradılması və Oyunların təşkili
üzrə digər işlərin sürətlə həyata
keçirilməsini Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Təşkilat Komitəsi vaxtında başa
çatdırdı.
Beləliklə, Azərbaycan I Avropa Oyunlarını ən
yüksək səviyyədə təşkil etdi. Bakıya gələn
hər bir xarici qonaq xalqımızı daha yaxından
tanıdı, öyrəndi və təbii ki, bu, ölkəmizlə
bağlı onların təəssüratlarının
düzgün formalaşmasına imkan verir. Bu baxımdan I Oyunların Bakıda keçirilməsi
həm də ölkəmizin dünyada təbliği və
növbəti möhtəşəm beynəlxalq uğuru oldu.
Oyunların ideal təşkili bütün
Avropada etiraf olundu.
Bununla yanaşı, I Avropa Oyunları Azərbaycanın
gələcəkdə də mötəbər və daha
böyük idman yarışlarına evsahibliyi etmək
imkanlarını yüksəltdi. Belə ki, Oyunların
keçirilməsində əldə etdiyimiz təcrübə
gələcəkdə digər mühüm yarışlara
evsahibliyi etməyimizə şərait yaradır. Ən əsası, Azərbaycanın yay olimpiya
oyunlarına təşkilatçılıq etmək
şansları yüksəlib. Məlum
olduğu kimi, olimpiya oyunlarının Azərbaycanda
keçirilməsi üçün iki dəfə
Bakının namizədliyi irəli sürülüb. Bu mənada I Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi gələcəkdə yay olimpiya
oyunlarının da Bakıda təşkili üçün
gözəl zəmin yaradır. Beynəlxalq
idman təşkilatlarının Azərbaycanla bağlı
indiyədək yeganə narahatlığı ölkəmizdə
kompleks yarış təcrübəsinin olmamasına dair idi.
I Avropa Oyunlarından sonra isə bu narahatlıq
tamamilə aradan qalxıb.
Bakı bu dəfə Avropanın
sürət paytaxtı oldu
I Avropa Oyunları göstərdi ki, idman sahəsində
gerçəkləşdirilən dövlət siyasəti,
Olimpiya ideallarının təbliği, bu istiqamətdə
maddi-texniki bazanın möhkəmləndirilməsi,
tikilmiş müasir kompleksləri və digər tədbirlər
nəticəsində ölkəmiz son illər mötəbər
beynəlxalq yarışların keçirildiyi məkana,
dünyanın idman mərkəzlərindən birinə
çevrilib.
İyunun 17-19-da Bakıda keçirilən
“Formula-1” yarışlarının Avropa Qran-prisi bunu bir daha təsdiq
etdi. “Formula-1” yarışlarına
evsahibliyi edən Bakı bu dəfə Avropanın sürət
paytaxtına çevrildi.
“Formula-1” dairəvi və sürətli
avtoyürüş üzrə dünya
çempionatıdır. Hər il keçirilən bu
yarışın müxtəlif şəhərlərdə
qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən
pilotlar və komandalar ilin sonunda çempionluq titulu
qazanırlar. Onu da qeyd edək ki, bolid
adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra
özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik,
sürücü yeri və təkərləri
açıqdadır. Komandalar avtomobilləri
özləri istehsal etsələr də, hər biri
tanınmış avtomobil markalarının motorlarını,
yağını və digər detalları istifadə edir.
Builki
“Formula-1” Qran-pri yarışlarına mart ayında Melburn şəhərində
start verilib. Pilotlar və komandalar noyabr ayına
qədər 21 yarış mərhələsi keçməlidirlər.
Son yarış noyabrın 25-27-də
Əbu-Dabidə baş tutacaq. “Formula-1”in rəsmi
saytında bu il yarışın mərhələlərinin
keçiriləcəyi bütün ölkələr
sadalanıb və Azərbaycan mərhələsi Avropa
Qran-prisi adlandırılıb.
Bakı “Formula-1” yarışlarının ən yeni
ünvanı idi. Çünki indiyədək Bakıda bu
yarış keçirilməmişdi. Bu mənada
xüsusi olaraq inşa olunmuş Bakı Şəhər
Halqası “Formula-1” təqviminə ən yeni əlavədir.
Bakı Şəhər Halqasının, trekin
uzunluğu 6 kilometrdən bir qədər artıq idi. Bu
trek uzunluğuna görə dünyada ikincidir. Bakı
Şəhər Halqası paytaxtımızın tam mərkəzindən
və ən gözəl məkanlarından keçirdi. Təşkilatçılar trekin marşrutunu
seçərkən məhz bunu qarşıya məqsəd
qoymuşdular.
Unikal
xüsusiyyətlərə malik Bakı Şəhər
Halqası İçərişəhərin qala divarları ətrafında
enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir
göydələnləri, Xəzər dənizinə
möcüzəvi mənzərənin
açıldığı geniş sürət
zolağını özündə birləşdirən və
bütövlükdə Bakının ecazkar simasını,
keçmişi ilə bugününü canlandıran unikal
bir trek idi. Bu yarışda bütün dünya
bir daha paytaxımızın gözəlliyini gördü.
Bakının mərkəzində gözəllik,
sürət və həyəcan bir araya gələrək
“Formula-1” yarışının mahiyyətini tam simvolizə
etdi.
Azərbaycanın islam
həmrəyliyinə növbəti töhfəsi
Gələn
il isə Azərbaycan növbəti beynəlxalq
idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına
evsahibliyi edəcək. Bununla bağlı qərar İslam Həmrəyliyi
İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 21-25-də Səudiyyə Ərəbistanının
Ciddə şəhərində keçirilmiş 8-ci Baş
Assambleyasında səsvermə yolu ilə qəbul olunub. İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı
Təşkilatına daxil olan ölkələri bir araya gətirən
idman tədbiridir. Oyunların təşkilinə
və keçirilməsinə 57 müsəlman ölkəsini
özündə birləşdirən İslam Həmrəyliyi
İdman Federasiyası nəzarət edir. Bu
Oyunlar qısa müddət ərzində böyük nüfuz
və kifayət qədər azarkeş kütləsi
qazanıb.
İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin diqqəti çəkən mühüm özəlliyi var. Bu da ondan ibarətdir ki, Azərbaycan həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən dünyanın yeganə ölkəsidir. Məlum olduğu kimi, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan son illər sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun baş tutduğu əsas mərkəzə çevrilib. Azərbaycanda əhalinin əksəriyyəti müsəlmanlardan ibarət olsa da, tarix boyu digər etnik qrupların və dinlərin nümayəndələri bu torpaqlarda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Ona görə tarixən Azərbaycanda tolerant dəyərlər mövcud olmuş və əsrlərdən keçərək daha da möhkəmlənmişdir. Həm coğrafi kəsişmədə yerləşməsi, həm də mədəni müxtəliflik Azərbaycanda multikultural dəyərlərin formalaşmasına yol açıb. Bu gün multikulturalizm müasir və müstəqil Azərbaycan dövlətinin milli zənginliyinin, tolerantlığının əsas göstəricilərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz indi keçirdiyi tədbirlərlə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqları təşkil etməklə bəşəriyyətdə multikultural dəyərlərin möhkəmlənməsinə layiqli töhfələr verir.
Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin də bir rəmzi mənası var. Çünki I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri də özündə simvolizə edəcək. 2013-cü ilin sentyabrında İndoneziyanın Palembanq şəhərində ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilib. Müraciətdə bu barədə deyilir: “Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir”.
Ölkəmiz İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə multikulturalizm və sivilizasiyalararası dialoq məkanı olduğunu nümayiş etdirəcək. Eyni zamanda, bu mötəbər yarışın Azərbaycanda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində ölkəmizin malik olduğu potensial imkanları nümayiş etdirəcək, beynəlxalq idman aləmində nüfuzunu daha da artıracaq, ölkələr arasında idman əlaqələrini genişləndirəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2016.- 30 iyun.- S.7.