Azərbaycanın
inkişafı Murmanskdan da
aydın görünür
Əsası 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dünya azərbaycanlılarının qurultaylarının vətəndən uzaq ellərdə yaşayan soydaşlarımızın bir araya gəlməsində mühüm amilə çevrilməsi danılmaz həqiqətdir. Bakıda Heydər Əliyev Mərkəzində keçirilən IV qurultay da bu baxımdan xalqımızın yaddaşına və tarixinə yazılaraq dəyərli və ümummilli məqsədləri özündə birləşdirən mədəniyyət hadisələrindən biridir.
Azərbaycanın keçdiyi inkişaf yolu dünyanın bütün qütblərindən daha aydın görünür. Xalqımızın uzaqlarda yaşayan övladlarının qəlbinin vətən üçün necə döyündüyü belə möhtəşəm tədbirlərdə bir daha özünün təsdiqini tapır. Azərbaycan Prezidenti İlham Əliyev qurultayda dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın diaspor təşkilatlarının formalaşması prosesində ürəkaçan işlərlə yanaşı, hələ də həllini gözləyən problemlərin mövcudluğunu da diqqətə çatdırdı.
Qurultay başa çatsa da, təəssürat, qarşıda duran mühüm vəzifələr və dövlət başçısının tövsiyə xarakterli tapşırıqları barədə ictimai diskussiya davam etməkdədir. Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrindən biri, Ümumrusiya Azərbaycanlıları Konqresi Murmansk vilayət təşkilatının sədri Afil Hüseynovla söhbətimiz də bu barədə oldu: “Keçmiş sovetlər dövründən soydaşlarımız doğma vətəndən uzaqlarda yaşamağa başlayıb. Bəlkə bu tarix bir qədər də qədimdir. 1941-1945-ci illər müharibəsindən sonra da xaricdə qalıb yaşayanlar az olmayıb. Rusiya Azərbaycanın qonşusudur və 70 il ərzində “sovetlər ailəsi”nin əsas mərkəzi sayılıb, ölkəmizlə məsafəcən də yaxın olduğu üçün azərbaycanlıların burada yaşaması və fəaliyyəti təbii hal sayılıb. Sevindiricidir ki, bu gün də qədim köklərə malik həmin qonşuluq münasibətləri hər iki dövlət rəsmiləri və xalqlarımız tərəfindən qorunub saxlanır”.
Murmansk buradakı digər xalqların nümayəndələri, o cümlədən azərbaycanlıların da ikinci vətəni sayılır. Həmsöhbətimiz dedi ki, əvvəllər soydaşlarımız Murmanskda ancaq dəniz limanında fəhlə qismində, ticarət mərkəzlərində və ya bazarlarda çalışırdılar. Çünki onların əksəriyyəti uzaq və soyuq diyara - Şimala məhz qazanc dalınca gəlmişdi: “Həmin dövrlər keçib getdi. Hətta özüm də bugünkü biznesi qurana kimi kiçik ticarətlə məşğul olmuşam. Hər bir işin ilkini çətinliklər yaradır. Məsələn, müstəqil respublikamızın ötən əsrin 90-cı illərini unutmaq olarmı? Köhnə quruluş dağılır, yenisi qurularkən ölkədə bir xaos, hərc-mərclik hökm sürür, düşmən tarixi ərazimizə diş qıcayır, əlacsız qalan xalq üz tutacağı, köməyinə ciddi ehtiyacı olan ulu öndər Heydər Əliyevi təkidlə tələb edir ki, hakimiyyətə dönsün. 1993-cü ilin iyun ayının 15-i məhz buna görə xalqımızın və müstəqil dövlətimizin tarixinə Qurtuluş Günü kimi yazıldı.
Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndəsi olmaqdan keçirdiyim qürur hissini sözlə ifadə eləmək çətindir. Azərbaycan dövlətinin başçısı, dünya azərbaycanlılarının da Prezidenti olan cənab İlham Əliyev növbəti dəfə bizi bir araya toplayaraq vətənimizi yaxından görməyi, inkişafına birgə sevinməyimizi, ona daha çox can yandırmağımızı istədi. Bəli, 2001-ci ildən bugünə kimi dünya azərbaycanlılarının keçirilən dörd qurultayında xalqımızın və dövlətimizin çətin, lakin şərəfli, müstəqil inkişaf yoluna baxanda ancaq qürur hissi keçirirsən”.
Azərbaycanın ildən-ilə keçdiyi sürətli inkişaf yolundan, hətta Avropa və dünyada nümunəyə çevrildiyindən qürur duyduqlarını dilə gətirən Afil Hüseynov qeyd etdi ki, beynəlxalq ictimaiyyət xalqımızı və ölkəmizi yaxından tanıdıqca həqiqətlər üzə çıxır. Bu həm də Ermənistanın illərlə yürütdüyü təcavüzkar siyasətin ifşası deməkdir: “Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərimbəyli kəndində 12 nəfərlik bir ailədə anadan olmuşam. Rusiyanın Murmansk vilayətində 1983-cü ildə hərbi xidməti başa vurduqdan sonra taleyim bu şəhərə bağlanıb. Keşməkeşli illər arxada qalıb. Vətənim Azərbaycana qurultay nümayəndəsi kimi gəldiyim üçün çox xoşbəxtəm. Prezident İlham Əliyev qurultayda bildirdi ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, o vaxt Sovet İttifaqı çərçivəsində başqa respublikalarda yaşayan azərbaycanlılara həmişə diqqət göstərirdi. Məhz ümummilli liderin təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi imtahan vermədən Rusiyanın, digər müttəfiq respublikaların ali məktəblərində hər il 800-dən çox gəncimiz ən qabaqcıl təhsil ocaqlarında oxumaq imkanı əldə etmişdi. Ondan sonra müstəqillik dövründə də ulu öndər bu məsələni daim diqqət mərkəzində saxlayırdı. 1991-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Gününün təsis edilməsi də məhz ümummilli liderin adı ilə bağlıdır. Həmin günü bayram kimi bütün dünya azərbaycanlıları qeyd edir”.
Murmansk vilayətində də soydaşlarımızın az olmadığını bildirən həmsöhbətimiz orada fəaliyyət göstərən diaspor təşkilatının həyata keçirdiyi layihələrin ümummilli əhəmiyyətindən söz açarkən qeyd etdi ki, xalqımızı kənarda təmsil etmək kimi missiya daşımaq şərəfli olduğu qədər də ciddi və məsuliyyətli bir vəzifədir. Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk vilayət təşkilatının da qarşısında duran mühüm vəzifələr ümummilli əhəmiyyət daşıyır. Bu təşkilatı özlərinin doğma ocağı hesab edən soydaşlarımız burada bir araya gələrək, istək və arzularını gerşəkləşdirirlər: “Xalqımızın milli-mənəvi dəyərlərinin adət-ənənələrinin yad ellərdə qorunub-saxlanması o qədər də asan deyil. Lakin biz buna çalışırıq. Əsas məqsədimiz xalqımızı layiqincə təmsil etməkdir. Milli xüsusiyyətlərimizdən və mətbəximizdən başlamış qonaqpərvərliyimizlə tolerantlığımızadək yol keçib, multikultural xalq olduğumuzu təsdiqləyirik. Təbliğatımız kampaniya xarakteri daşımır. Vətənimizin tərənnümündən başlamış xalqımızın və dövlətimizin illərdir qarşılaşdığı Qarabağ probleminə kimi həqiqətləri müxtəlif xalqların nümayəndələrinə çatdırırıq. Milli bayramlarımızla yanaşı, Ermənistanın təcavüzkarlığının qurbanına çevrilmiş rayonlarımızın işğal tarixləri, qaçqın-köçkün soydaşlarımızın ağrı-acılarını, erməni vandalizminin törətdiyi faciələri faktların dili ilə dünyaya bəyan edirik. Ən əsası isə, xalqımızın tarixi, coğrafiyası, dili və mədəniyyətinin təbliği qarşımızda duran mühüm məsələlərdəndir”.
Azərbaycanın dünyada daha yaxından tanıdılması üçün təbliğat aparılması mühüm məsələlərdəndir. Bu sahədə zəngin təcrübəmiz var. Təşkilatımızın mətbuat katibi və ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri, Rusiya və Azərbaycan jurnalistlər birliklərinin üzvü Əlihüseyn Şükürovun iş tempi təqdirəlayiqdir. Çünki istər ölkəmizdəki mədəni hadisələrin izlənməsi, istərsə də RF mətbuatında bu barədə məlumatların yayılmasında fəaldır. Qurultayda dövlət başçısı bu amili diqqətdən yayındırmayaraq bir daha vurğuladı ki, soydaşlarımızın yaşadıqları ölkələrdə təbliğat baxımından diaspor təşkilatlarının internet saytlarının açılması olduqca vacibdir. Azərbaycan Prezidenti təəssüflə bir çox hallarda bunun hiss olunmadığına diqqət çəkdi: Bildirdi ki, internet saytları soydaşlarımızın yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun.
Afil Hüseynov bildirdi ki, Azərbaycan dövlətinin 92 diplomatik nümayəndəliyi, 60 səfirliyi fəaliyyət göstərir. Onlar diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar: “Bizim Murmanskda yalnız bir qurumumuz fəaliyyət göstərir. Hər bir tədbirimiz orada fəaliyyət göstərən diplomatik korpusla birgə keçirilir. Təbliğatımızın əsasında Azərbaycanın dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınması durur. Fəaliyyətimizlə təsdiqləyirik ki, təcavüzkar Ermənistandan başqa heç bir xalq və ya ölkə ilə problemimiz yoxdur”.
Dünya azərbaycanlılarının növbəti qurultayının yaratdığı təəssüratlar zənginliyi, platforma və proqram xarakterliyi ilə də yadda qaldı. Dövlət başçısı xüsusi vurğuladı ki, Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmalıdır. Xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında soydaşlarımızın təmsilçiliyinə diqqət ayrılmalı, beynəlxalq media qurumları ilə əlaqələr tələb olunan səviyyədə qurulmalıdır ki, burada da əsas rolu diaspor təşkilatları oynamalıdır. Biz buna çalışmalıyıq.
M.NƏRİMANOĞLU,
Azərbaycan.-2016.- 30 iyun.- S.7.