Maliyyə
Bazarlarına Nəzarət Palatasının fəaliyyəti qanunla tənzimlənəcəkdir
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Müzakirə üçün iclasın gündəliyinə 43 məsələ daxil edilmişdi.
Milli Məclisin Sədri Oqtay Əsədov gündəlik barədə məlumat verərək bildirdi ki, müzakirəyə çıxarılan 43 məsələnin 24-ü bir zərfdə parlamentə təqdim olunub. Bu məsələlər Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmana əsasən yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsini özündə ehtiva edən sənədlərdir.
Qanunlara edilən dəyişikliklərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirələr aparılıb. Bu səbəbdən də Oqtay Əsədov təklif etdi ki, öncə komitə sədrləri həmin sənədləri ümumilikdə təqdim etsinlər və sonra müzakirələrə başlanılsın. Ancaq gündəliyin ilk məsələsi Konstitusiya Qanunu (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi) olduğu üçün ayrıca səsə qoyulub qəbul edilməlidir.
Bu qanun layihəsi ilə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul edəcəyi qərarların normativ hüquqi qüvvəsi olmalıdır: “Məhz buna görə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa təklif olunur ki, 4-cü və 80-ci maddələrə “maliyyə bazarları tənzimləyicisinin qərarları” sözləri əlavə edilsin. Beləliklə, həmin qurumun qərarlarının normativ hüquqi akt qüvvəsində olacağı təmin edilir. Xatırladaq ki, 2011-ci ildə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul edilib. Ona görə bu qanuna edilən dəyişiklik də 95 səs çoxluğu ilə qəbul olunmalıdır. 6 aydan sonra bu qanun layihəsi yenidən səsə qoyulmalıdır”. Məruzədən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Əli Hüseynli Azərbaycan Respublikasının Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında, “Publik hüquqi şəxslər haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri barədə də məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər yaradılmış adıçəkilən yeni qurumun fəaliyyətini tənzimləyəcək. “Publik hüquqi şəxslər haqqında” qanuna edilən dəyişikliyə əsasən qanunun 7.6 maddəsi (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) ləğv olunub. Eyni zamanda, qanunun 5.3 maddəsi (Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər) də ləğv edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dövlət başçısının imzaladığı məlum fərmanın əhəmiyyəti barədə danışdı. Bildirdi ki, palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə yaradılıb. Ona görə də yeni palatanın yaradılması ilə bağlı bir sıra qanunlara dəyişikliklər günün tələbidir.
Komitə sədri dedi ki, parlamentə təqdim olunan Vergi Məcəlləsi, “Mərkəzi Bank haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunlarında edilən dəyişikliklər də Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin tənzimlənməsinə xidmət edir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dedi ki, layihəyə əsasən, qanunun 6-cı maddəsinin 9-cu bəndi qüvvədən düşəcək: “Belə ki, könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və ya vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək bəndi artıq ləğv edilir. Əvvəllər bu, yazılı şəkildə həyata keçirilirdi. Lakin müasir dövrdə texnologiya inkişaf etdiyindən bütün işlər elektron qaydada aparılır. Bu səbəbdən də məlumatın yazılı şəkildə verilməsinə ehtiyac qalmır”.
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında isə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Azərbaycanda iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar görülən işlərdən söz açan komitə sədri vurğuladı ki, gələcək inkişafda maliyyə resurslarından səmərəli istifadə edilməsi, maliyyə nəzarətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması ilə yanaşı, ən vacib məsələlərdən biri də ictimai nəzarətin gücləndirilməsidir. Milli Məclisə göndərilən 24 məsələ də məhz Prezidentin məlum fərmanı ilə əlaqədar olaraq qanunvericiliyə uyğunlaşdırma aparılması məqsədi daşıyır.
İclasda “İcbarı sığortalar haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara ediləcək müvafiq dəyişikliklər də diqqətə çatdırıldı. Bu dəyişikliklər də Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri ilə bağlıdır.
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən isə ölkədə idman mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Dəyişikliyə əsasən, qanun layihəsinin 53-cü maddəsindəki “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənir.
Sənəddə əksini tapan digər bir dəyişikliyə əsasən, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir.
Sonra iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı qurumun fəaliyyəti və qanunlara edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, dəyişikliklər müxtəlif funksional xarakter daşıyır.
Məruzəçi bank sistemində hazırkı vəziyyət, maliyyə bazarının durumu, yaranmış problemlər, onların həlli istiqamətində atılan addımlar, bu sahədə dünya ölkələrinin təcrübəsi barədə məlumat verdi. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri aradan qaldırmaqdır. Ötən dövr ərzində İşçi Qrup palatanın fəaliyyətinin mütərəqqi beynəlxalq prinsip və standartlara uyğun təşkil olunmasını təmin etmək məqsədilə bu sahədə mövcud olan beynəlxalq standartları araşdırıb. Bunun nəticəsi olaraq dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur. Yeni yaradılmış palata mütəmadi olaraq öz fəaliyyəti ilə bağlı dövlət başçısına məlumat verəcəkdir.
Çıxışdan sonra müzakirələr başlandı. Deputatlardan Qüdrət Həsənquliyev, Əli Məsimli, Vahid Əhmədov, Fəzail Ağamalı çıxış edərək bildirdilər ki, az bir müddətdə 24 sənədə edilən dəyişikliklər İşçi Qrupunun səmərəli fəaliyyətindən xəbər verir. Eyni zamanda maliyyə bazarına belə bir qurumun daxil olması bir çox proseslərə müsbət təsir göstərəcək.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə dedi ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə paket şəklində təklif olunmuş qanun layihələri çox önəmlidir. İqtisadi blokun inkişafı, dövlət büdcəsinə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin həyata keçirilməsi üçün bu qanunların qəbul olunması vacibdir.
Çıxışlardan sonra iqtisadi islahatlarla bağlı 24 qanundan ibarət zərfə daxil olan sənədlər tək-tək səsverməyə çıxarılaraq qəbul edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə açıqlama verdi. Bildirdi ki, qanuna 1.2-ci maddə əlavə edilir. Əlavəyə əsasən, dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək. Qeyd olundu ki, bu düzəliş ölkədə istehsal olunan məhsulların satınalınmasına, bu sahədə şəffaflığın, hesabatlılığın, açıq rəqabətin təmin edilməsinə, habelə yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Müzakirəyə çıxarılan digər məsələ - “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi barədə də komitə sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, qanun layihəsi Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qanun layihəsində körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastrukturların “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.
Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə, deputatlardan Fərəc Quliyev, Əli Məsimli ilk oxunuş üçün müzakirəyə çıxarılan bu qanun layihəsini yüksək qiymətləndirərək bəzi təkliflər də irəli sürdülər.
Qısa fasilədən sonra Ziyad Səmədzadə sualları cavablandırdı. Bildirdi ki, müzakirə zamanı mühüm təkliflər səsləndi. Onun sözlərinə görə, bu təkliflər araşdırılacaq və lazım gələrsə nəzərə alınacaq. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Sonra Z.Səmədzadə gündəlikdə olan “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi barədə danışdı. Bildirdi ki, komitənin iclaslarında qanun layihəsinə üçüncü oxunuşda edilən təkliflər nəzərə alınıb və sənəd üzərində xeyli təkmilləşdirmə işləri aparılıb. Təklif edirəm ki, bu layihə bugünkü iclasın gündəliyindən çıxarılsın. İcazələrin sayı haqqında siyahı tam dəqiqləşdikdən sonra yenidən Milli Məclisdə baxılsın.
Milli Məclisin Sədri Oqtay Əsədov təklifi qəbul etdi.
İclasda həmçinin M.A.Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi, İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli 1382-IVQR nömrəli Qərarında dəyişikliklər edilməsi, “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli 1383-IVQR nömrəli Qərarında dəyişikliklər olunması haqqında, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə məsələlərə baxıldı.
Sonra Z.Səmədzadə gündəlikdə olan “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na, “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə və “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verdi. Bildirdi ki, bu saziş Asiya ölkələrində bank sektoru üzrə əlaqələrin inkişafına dəstək olacaq. Sənədlərin hər biri səsə qoyularaq qəbul edildi.
İclasda “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında” və “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə” qanun layihələri də müzakirə edildi. Komitə sədri Z.Səmədzadə dedi ki, bu sahədə Azərbaycanın həyata keçirdiyi siyasət beynəlxalq prinsiplərlə tam uyğundur. Azərbaycan Respublikası bəyan edir ki, bu sahədə beynəlxalq hüquq və prinsiplərdən irəli gələn müddəalar Ermənistan Respublikasına tətbiq edilməyəcək.
Milli Məclisin Sədr müavini Valeh Ələsgərov sözügedən layihələrin tərcüməsinin təkmil hazırlanmadığını vurğuladı. Bildirdi ki, sənədin dili çox qəlizdir. Burada Azərbaycan dilinə uyğun olmayan, daha çox əcnəbi dillərə xas olan sözlər işlədilib. Sənədlərin hər biri Milli Məclis tərəfindən təsdiq edildi.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxıldı. Bildirildi ki, dəyişikliyə əsasən, sənədin 13.4-cü, 20.7-ci, 34.5-ci maddələrinə əlavələr ediləcək. 34.1-ci maddədə “inzibati” sözündən sonra “(yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına)” sözləri əlavə ediləcək. 35.1-ci maddədə isə “tələblərinin” sözü “yoxlamalarla bağlı müəyyən edilmiş tələblərinin və prosedurlarının” sözləri ilə əvəz ediləcək. Komitə sədri Z.Səmədzadə vurğuladı ki, bu dəyişikliklər sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinə və sahibkarların müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Layihə qəbul edildi.
İclasda “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1299-IVQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Eyni zamanda, “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edildi. Bildirildi ki dəyişiklik “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğunlaşdırılma məqsədi daşıyır. Layihə qəbul edildi.
Gündəlikdə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli danışdı. Onun sözlərinə görə, dəyişiklik “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda aparılan dəyişikliklərlə əlaqədardır. Bu layihə də qəbul edildi.
İclasda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək bildirdi ki, özlərini müxalifət partiyası adlandıran, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar: “Bu məsələni ciddi şəkildə müzakirə etməliyik. Başqa vaxt aşkarlıqdan, demokratiyadan, şəffaflıqdan danışan bu şəxslər təəssüf ki, öz maliyyə mənbələrinə gələndə bu prinsipləri yaddan çıxarırlar”. S.Novruzovun sözlərinə görə, bir sıra partiyalar ağ kağız göstərirlər ki, maliyyə dövriyyələri olmayıb: “Nəzər salanda görürsən ki, qərargahında onlarla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər, amma hesabat verməyə gələndə bundan boyun qaçırırlar. Çünki hesabatları şəffaf deyil. Qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaqdan, ölkə əleyhinə təbliğat aparmaqdan, böhtan atmaqdan ibarətdir. Gələcəkdə bu məsələlərə qarşı tədbirlər daha da güclənidirilməli və ya qanunvericiliyə başqa maddə əlavə etməliyik ki, il ərzində maliyyə hesabatı verməyən partiyaların yoxlanması və həmin təşkilatın ləğv edilməsi məsələsi gündəmə gətirilsin. Hesabatları şəffaf olmayan təşkilatların nə ilə məşğul olduqları məlumdur. Onlar xarici ölkələrdən, hətta erməni lobbisindən belə maliyyə almaqdan çəkinmirlər”.
Sonda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Kitabxana işi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, dəyişiklik redaktə xarakterlidir. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Rəşad BAXŞƏLİYEV,
Elgün MƏNSİMOV,
Azərbaycan 2016.- 5 mart.- S. 1, 2.