Çoxmədəniyyətlilik mingəçevirlilərin həyat tərzidir

 

Azərbaycan doğmalığın, isti münasibətin, qarşılıqlı hörmət hissinin, çoxmədəniyyətliyin,  bir sözlə, multikulturalizmin bərqərar olduğu bir məkandır. Bu dəyər bütün dünyaya hələ çox illər bundan sonra da nümunə olacaqdır.

Ölkəmizdə inkişaf edən multikultural dəyərlər bölgələrdə də inkişaf etməkdədir. Mingəçevir şəhərində bu məsələdə diqqət böyükdür. Xalqımızın qədim tarixi kökləri üzərində pərvəriş tapmış  102 mindən çox əhalisi olan Mingəçevirdə bir çox millətlərin nümayəndələri yaşayırlar. Rus, ləzgi, talış, avar, tatar, ukraynalı, saxur, gürcü, kürd və yəhudilərin nümayəndələri şəhərdə mehriban ailəni xatırladır. II Dünya müharibəsindən sonra əsir düşmüş almanların bir hissəsi Mingəçevirdə su elektrik stansiyasının tikintisində, “Qarabağ” və “Şirvan” kanallarının çəkilişində yaxından iştirak etmişlər. 6000 nəfərdən çox alman əsiri arasındakı  mütəxəssislər şəhərin abadlaşdırılmasında, arxitektura baxımından gözəl binaların tikilməsində və küçələrin salınmasında böyük əmək sərf etmişlər. Tikintidə çalışan almanlar azərbaycanlılar tərəfindən həmişə qayğıyla əhatə olunmuşdular.

Regionun iqlim şəraitinə dözməyərək rəhmətə gedən almanlar üçün şəhərin kənarında qəbiristanlıq salınmışdır. Həmin qəbiristanlıq müstəqillik illərində Alman-Azərbaycan Cəmiyyəti tərəfindən abadlaşdırılmış, ətrafı hasarlanmış və yaşıllıq salınmışdır. 911 məzar olan həmin qəbiristanlıq hazırda şəhər bələdiyyəsi tərəfindən nəzarətdə saxlanılır.

Bundan başqa, şəhərdə olan rus və digər millətlərin də qəbiristanlıqları bir abidə kimi qorunur. Mingəçevirdə “Sodrujestvo” cəmiyyətinin şəhər şöbəsi, “Rus icması” şəhərin ictimai-siyasi həyatında iştirak edir, tədbirlərin fəal iştirakçısı olurlar.

Ölkəmizdə bütün dövrlərdə digər millətlərin nümayəndələrinə  hörmətlə yanaşılmış və hazırda da belədir. Bu gün nəinki Mingəçevirdə, Azərbaycanın bütün bölgələrində  mövcud olan mədəniyyətlərə yüksək qiymət verilir, qarşılıqlı hörmət əsasında müxtəlifmədəniyyətlilik təmin olunur.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərlə bağlı demişdir:  “... bütün siyasi proseslərdə, dinlərarası, millətlərarası münasibətlərdə daim dövlət dəstəyi olmalıdır. Azərbaycan dövlətinin bu məsələlərlə əlaqədar çox düşünülmüş siyasəti vardır və ölkəmizin hərtərəfli inkişafı məhz bu şəkildə mümkün olacaqdır. Hər bir vətəndaş eyni hüquqlara malikdir. Biz bunu təkcə rəsmi qanunlarla yox, konstitusiya ilə yox,  gündəlik fəaliyyətlə hər gün təsdiq etməliyik. Elə etməliyik ki, ölkəmizdə yaşayan bütün vətəndaşlar dinimilli mənsubiyyətindən asılı olmayaraq, özlərini tam hüquqlu vətəndaşlar kimi hiss etsinlər, ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynasınlar”.    

 

Lazım  QULİYEV,

 

Azərbaycan 2016.- 5 mart.- S. 5.