Multikulturalizmin Azərbaycan modeli:
dünyanın mükəmməl nümunəsi
Millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə Dövlət
müşavirinin xidməti, Ağsaqqallar Şurası, “Azərbaycan”
qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin
birgə keçirdiyi konfrans
Özünəməxsus
milli və yüksək humanist ənənələrə
malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini
dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə
bu sahədə bərqərar olan münasibətlər təsdiq
edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan
milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin
yaşam tərzi olub. Bu gün isə reallıq odur ki,
artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və
bu, mükəmməl örnək kimi ölkəmizdəki
çoxsaylı fərqli etnik qrupların sülh şəraitində
yaşamasına, bərabərhüquqlu fəaliyyətinə
tam zəmin yaradır.
Prezident
İlham Əliyevin “2016-cı ilin Azərbaycan
Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında”
11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir
ki, multikulturalizm ənənələrinin qorunub saxlanması,
daha da inkişaf etdirilməsi və geniş təbliğ
olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Bu məqsədlə il ərzində çoxsaylı beynəlxalq
və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi
nəzərdə tutulur. Belə tədbirlərdən biri bu
günlərdə Qəbələdə keçirilən
“Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl
nümunəsi” mövzusunda konfrans idi. Azərbaycan
Respublikasının Millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşavirinin xidməti, Azərbaycan Ağsaqqallar
Şurası, “Azərbaycan” qəzeti və Qəbələ
Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi konfransda
ölkəmizdə multikultural dəyərlərin
inkişafı və təbliği ilə bağlı
müzakirələr aparıldı.
Qəbələ
şəhərindəki Mədəniyyət Mərkəzində
keçirilən konfransın iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin abidəsinin önünə
gül dəstələri düzərək, multikulturalizmi
dövlət siyasətinin prioriteti kimi təsbit edən
ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.
Konfransın moderatoru “Azərbaycan” qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV
açılış nitqi ilə çıxış edərək
dedi:
- Azərbaycan
Respublikasının Millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşavirinin xidməti, Azərbaycan Ağsaqqallar
Şurası, “Azərbaycan” qəzeti və Qəbələ
Rayon İcra Hakimiyyətinin birgə keçirdiyi
“Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl
nümunəsi” mövzusunda konfransda hamınızı
salamlayıram.
Qərblə
Şərqi birləşdirən Azərbaycan fərqli
sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni
rəngarənglik mühitinin formalaşdığı,
müxtəlif millətlərin və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınmışdır. Burada
heç vaxt milli və dini zəmində ayrı-seçkilik
və qarşıdurma baş verməmiş, cəmiyyətdə
multikultural dəyərlər hakim olmuş,
qarşılıqlı etimada və hörmətə əsaslanan
mütərəqqi milli-mədəni və dini münasibətlər
hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini
səciyyələndirən gözəl ənənəyə
çevrilib.
Müstəqillik
illərində isə bu mühüm tarixi ənənənin
daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin
ən böyük nailiyyətlərindən biridir. Lakin Azərbaycanda
əsrlər boyu bu dəyər, müxtəlif xalqların və
konfessiyaların nümayəndələrinə hörmətlə
yanaşılması ənənəsi mövcud olsa da, cəmiyyətin
multikultural xarakteri məhz Heydər Əliyevin dövlətçilik
dühası, onun siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində
siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş,
Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olaraq qəbul edilmişdir.
Təsadüfi
deyildir ki, ulu öndərimizin banisi olduğu azərbaycançılıq
ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin
ideoloji sistemini təşkil etməklə yanaşı,
ölkəmizdə yaşayan bütün etnosların vahid
maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi
birliyini əlaqələndirir.
Ümummilli
lider Heydər Əliyevin ölkəmizdə multikultural dəyərlərin
qorunması və inkişaf etdirilməsi sahəsində həyata
keçirdiyi siyasi fəaliyyəti layiqincə davam etdirən
Prezident İlham Əliyev ənənəvi olaraq ölkəmizdə
yaşayan xalqların, dini icmaların nümayəndələri
ilə görüşür, onların ehtiyac və problemləri
ilə maraqlanır, milli və dini bayramları münasibətilə
təbrik edir. Prezidentin sərəncamı ilə 2014-cü il
fevral ayının 28-də Azərbaycan Respublikasının
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşavirliyinin təsis edilməsi
də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin
göstəricisidir. Eyni zamanda, multikulturalizmi dövlət
siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin
nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident
İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradıldı.
Azərbaycan
artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq
məkanı kimi qəbul edilir. Xalqımızın sahib
olduğu multikultural dəyərlərin dünyaya təqdim
edilməsində Heydər Əliyev Fondunun böyük əməyini
də xüsusi qeyd etməliyik. Multikulturalizm və
tolerantlıq məsələləri Heydər Əliyev
Fondunun fəaliyyətində başlıca yer tutmaqla
yanaşı, həm də artıq Azərbaycan
hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən
Afrikayadək böyük bir coğrafi arealı əhatə
edir. Heydər Əliyev Fondu fəaliyyəti ilə müxtəlif
xalqlar arasında humanizm, həmrəylik və
dözümlülük kimi bəşəri dəyərlərin
bərqərar olmasına, ölkəmizdə
formalaşmış mükəmməl ənənəyə
töhfələrini verməkdədir.
Beynəlxalq
anlayışda multikulturalizm eyni ölkədə yaşayan
xalqların mədəniyyət hüquqlarını
tanıyan humanist dünyagörüşü və ona
uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu
prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin,
dinlərin və mədəniyyətlərin nümayəndələrinin
sərbəst yaşamaları üçün zəruri şəraitin
mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə
düşən vəzifələri layiqincə yerinə
yetirdiyini görürük. 2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan edilməsi isə ölkəmizdə bu
məsələyə olan xüsusi diqqət və
qayğının birbaşa təzahürü sayıla bilər.
Bir məqamı
da xüsusilə qeyd etmək istəyirəm. Bütün
dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi
toqquşmalarla yanaşı, humanitar problemlər
ayrı-ayrı ölkələrin faciəsinə
çevrilib. Təəssüf ki, bu faciələr həm də
milli və dini zəmində özünü göstərir.
Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış
millətlər düşmənə çevrilirlər. Qərb
dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə,
sivilizasiyalararası ziddiyyətlər dərinləşir.
Lakin Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə
“Multikulturalizm ili” elan etməklə dünyaya sülh
mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu
ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan
bütün xalqların mehriban və dostluq şəraitində
birgəyaşayışının, onların
inkişafının, adət və ənənələrinin
qorunmasının təminatçısıdır.
2016-cı
ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə
bağlı il ərzində müxtəlif tədbirlər həyata
keçiriləcək. Bugünkü konfrans formatında ilk tədbiri
isə Qəbələdə keçiririk. Bu konfransın Qəbələdə
təşkil olunmasının rəmzi mənası var.
Çünki Qəbələ ölkənin əsas
çoxetnoslu rayonlarından biridir. Sakinlərinin təxminən
20 faizi ayrı-ayrı xalqların təmsilçiləridir.
Bu mənada rayonun səfalı, füsunkar təbiəti ilə
yanaşı, onu səciyyələndirən başlıca
amillərdən biri də burada müxtəlif etnosların
tarixən məskunlaşmasıdır. Qədimdən burada
yaşayan bütün xalqları vahid maraqlar birləşdirib.
Onlar tarix boyu düşmənə qarşı birgə
mübarizə aparıblar. Bu gün isə müstəqil Azərbaycan
dövlətinin möhkəmlənməsi və
inkişafı həmin xalqların əsas maraqlarıdır.
Qəbələdə bütün azsaylı xalqlar yüksək
qayğı ilə əhatələniblər. Onlar rəhbər
vəzifələrdə, yerli özünüidarətemə
orqanlarında təmsil olunur, rayonun ictimai həyatında fəallıqları
ilə seçilirlər.
Qəbələnin
etno-siyasi mənzərəsində və buradakı
xalqların sülh və əmin-amanlıq şəraitində
yaşamasında Azərbaycan multikulturalizminin nümunəsi
aydın görünür. Təbii ki, bütün bunlar barədə
konfransda çıxış edənlər tərəfindən
ətraflı söz açılacaq və digər aktual məsələlərə
toxunulacaq. Beləliklə, konfransı açıq elan edirəm.
Konfrans
başlamamışdan öncə ulu öndərimiz Heydər
Əliyevin abidəsi önündə bu dahi şəxsiyyətə
sonsuz ehtiramımızı bildirərkən də
vurğuladıq ki, Azərbaycan multikulturalizmi məhz ulu
öndərimizin banisi olduğu azərbaycançılıq
ideyasından, onun alternativsiz siyasi irsindən qaynaqlanır və
ölkəmizdə yaşayan bütün xalqların
rifahını, əmin-amanlığını birmənalı
təmin edir. Heydər Əliyev birləşdirici lider kimi
ölkədəki bütün etnosların vahid hədəflər
uğrunda fəaliyyət birliyinə nail olmuşdur. Təsadufi
deyildir ki, Heydər Əliyev irsi Azərbaycanda yaşayan
bütün etnosların birləşdirici, səfərbəredici
istinad mərkəzinə çevrilib. Bu mövzuda
çıxış etmək üçün söz Milli Məclisin
deputatı, Respublika Ağsaqqallar Şurasının sədri
Fəttah HEYDƏROVa verilir.
Fəttah HEYDƏROV:
- Bu
gün qədim Qəbələ torpağında sizlərlə
bərabər çox əhəmiyyətli bir tədbirin
iştirakçılarıyıq. Möhtərəm
Prezidentimiz tərəfindən 2016-cı ilin “Multikulturalizm
ili” elan olunması bu istiqamətdə qarşımıza
mühüm vəzifələr qoyub. Bu konfransın
keçirilməsi də hesab edirəm ki, bu sahədə həyata
keçirilən dövlət siyasətinə, Prezidentin siyasi
kursuna bizim mühüm töhfəmiz, əməli dəstəyimizdir.
Konfransın
Qəbələdə baş tutması isə məncə, həm
də rəmzi bir məna daşıyır. Çünki Azərbaycan
mültikulturalizminə ən mükəmməl nümunə
axtarsaq, Qəbələ rayonunda tarixən azərbaycanlıların,
udilərin, ləzgilərin, rusların və digər
etnosların dinc yanaşı, dostluq şəraitində
yaşadıqlarını göstərə bilərik. Ölkəmizin
hər yerində olduğu kimi, Qəbələdə də
başqa millətlərə və dinlərə
dözümlü munasibət, hörmət var. Qəbələ
ta qədimdən bugünədək çoxmillətli və
fərqli mədəniyyətlərin qovuşduğu,
xalqların birgə yaşadıqları, müxtəlif mənəvi
dəyərləri bölüşdükləri məkan olub.
Burada etnik zəmində qarşıdurmalara, problemlərə
heç zaman təsadüf edilməyib, heç vəchlə
yol verilməyib. Rayonun hər bir kəndində, qəsəbəsində
multikulturalizmin parlaq nümunələrinə rast gəlmək
olar.
Qəbələ
Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir.
Hələ 2000 il öncə salnaməçilər burada
yaşayışın olmasını qeyd edirdilər. 1500 il əvvəl
- Qafqaz Albaniyası dövründə Qəbələ paytaxt
şəhəri kimi bütün Qafqazın ən
mühüm iqtisadi-siyasi mərkəzlərindən idi. Bu ulu
torpağın zənginliyi yalnız onun qədim və
möhtəşəm tarixi ilə, misilsiz coğrafi şəraiti
ilə ölçülmür. Qəbələnin ən
böyük zənginliyi onun insanlarıdır, çoxmillətli
etnik tərkibidir.
Bu
insanların fərqli milli kimlikləri və dilləri,
müxtəlif inancları və dəyərləri olsa da, bu
keyfiyyətlər minilliklərdir onları ayırmır, yada
çevirmir. Ancaq insanlar onları fərqləndirən dəyərlərə
əhəmiyyət vermir, tam əksinə, onları birləşdirən,
qovuşduran dəyərlər yaradır və onu daim möhkəmləndirirlər.
Bu torpaqlarda uzun illər savaşlar olub, yadellilərin hərbi
yürüşləri buradan keçib. Amma hər bir
müdaxilə məhz tarixi Qəbələ torpaqlarında
yaşayan müxtəlif xalqların bir hədəfdə, bir
məramda birləşməsi nəticəsində dəf
edilib. Bu xalqların igid oğulları ən qədim
zamanlardan son Qarabağ savaşınadək Azərbaycan
uğrunda şəhid olublar. İndi Qəbələnin
ölkəmizin inkişaf etmiş, abad rayonlarından birinə
çevrilməsi kimi tarixi nailiyyətin əsasını da məhz
burada yaşayan xalqların əməksevər nümayəndələrinin
birgə zəhməti, fədakarlığı təşkil
edir.
Multikulturalizm
termininin əslində, çox tərifləri var. Amma onun nə
qədər çox hüquqi, siyasi və mədəni tərifi,
təsnifatı olsa da, xalqımızın şüurunda
multikulturalizmin adı çox sadədir. Bu, əsrlər boyu
formalaşmış milli dəyərimiz, hər bir kənddə,
rayonda, şəhərdə özünü təsdiq edən
yaşam tərzidir. Yəni, multikulturalizm elə əsl azərbaycançılıqdır.
Hesab edirəm ki, “Multikulturalizm azərbaycanlıların həyat
tərzidir” deyimi tamamilə real əsaslara söykənir.
Xalqımızın
sıx bağlı olduğu multikultural dəyərlər ulu
öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə
olduğu 70-80-ci illərdə xüsusən sürətlə
inkişaf etdi. Ulu öndər hakimiyyətinin ilk dövrlərindən
etibarən xalqın mənəvi dəyərlərini, dilini məharətlə
qorudu, təbliğ etdirdi. Eyni əzmkarlıqla bu ərazidə
yaşayan etnosların da hüquqlarına sahib
çıxdı.
Necə
ki Azərbaycanın unudulmuş tarixi qəhrəmanlarını,
dövlət adamlarını yenidən xalqa qaytardı, eyni fədakarlıqla
da digər xalqların görkəmli nümayəndələrinin
xatirəsini əbədiləşdirdi.
Həmin
illərdə Heydər Əliyevin böyük etimadı ilə
müxtəlif yüksək vəzifələrdə
çalışmışam, habelə Naxçıvanda -
Ordubad, Culfa rayonlarına rəhbərlik etmişəm.
Böyük şəxsiyyətin bu istiqamətdə həyata
keçirdiyi tədbirləri yaxşı xatırlayıram.
Dahi rəhbərin biz məmurlardan bir əsas tələbi də
var idi: Daim deyirdi ki, azərbaycanlılarla yanaşı, digər
xalqların da hüquqlarını qoruyun, onları incitməyin.
Onların mədəniyyətlərini, adət-ənənələrini
yaymalarına şərait yaradın. Qoy bayramlarını
keçirsinlər, öz tarixlərini unutmasınlar. Heydər
Əliyevin tələblərindən biri də o idi ki, milli
azlıqların kompakt şəkildə yaşadıqları
kənd və qəsəbələrdə sosial problemlər dərhal
aradan qaldırılsın, onlar üçün zəruri
infrastrukturlar yaradılarkən, hökmən klublar, muzeylər,
bir sözlə, onların milli dəyərlərini
yaşadacaq mərkəzlər xüsusi nəzərə
alınsın. Elə bu gün konfrans keçirdiyimiz Qəbələdə
də udilərin, ləzgilərin yaşadıqları kəndlərin
abadlaşması və onların mənəvi
hüquqlarının tanınması məhz ulu öndərimiz
Heydər Əliyevin fəaliyyətinin bəhrəsi idi.
Təsadüfi
deyildir ki, məhz ötən əsrin 70-80-ci illərində
Azərbaycanda yaşayan xalqlar da milli-mənəvi intibah mərhələsini
yaşadılar. İlk olaraq hər birinin folklor ansamblları
yaradıldı, arxasınca tarixi qəhrəmanları və
şəxsiyyətləri barədə kitablar nəşr
olundu, onların xatirələri əbədiləşdirilərək
küçələr adlandırıldı, büstləri
qoyuldu. Mədəniyyət abidələri təmir və bərpa
edildi, mənəvi dəyərlərinin təbliği
üçün dövlət dəstəyi
formalaşdırıldı. Müxtəlif mədəni
festivallar keçirilirdi. Bir sözlə, Heydər Əliyevin
sayəsində çoxmillətliliyin əslində, etnik zənginlik
olduğu bir həqiqət kimi ortaya çıxdı.
Heydər
Əliyevin müdrikliyini və misilsizliyini sübut edən
faktlardan biri də budur ki, o, xalqımızın bütün
müsbət xüsusiyyətlərinin üzə
çıxmasına şərait yaradıb. Bu dəyərlərin
küll halında təbliğini təmin edib. Bu xüsusda
multikulturalizm və tolerantlıq xüsusi əhəmiyyət
daşıyır. Heydər Əliyev bu iki ali meyarı azərbaycançılığın
mühüm tərkib hissələri kimi nəzərdən
keçirirdi.
Təsadüfi
deyil ki, hələ ötən əsrin 70-80-ci illərində
ulu öndərimiz ölkədə yaşayan bütün
xalqları Azərbaycanın mənəvi bayrağı
altında demək olar birləşdirdi. Təəssüf ki,
ümummilli liderimizin 1987-ci ildə məlum istefasından sonra
Heydər Əliyevin müəllifi olduğu “Vahid maraqlar, Azərbaycan
mənafeyi ətrafında birləşmiş millətlərin
mənəvi ittifaqı” da dağıldı, ölkə
separatizm və savaş meydanına çevrildi.
Ötən
əsrin 90-cı illərində Azərbaycan müstəqillik
qazansa da, bütün sahələrdə acınacaqlı vəziyyət
hökm sürürdü. Bu dövrdə həm xarici təsirlər,
həm də güclü hakimiyyətin olmaması səbəbindən
ölkədə separatizm meyilləri güclənirdi.
İctimai vəziyyət dözülməz həddə
çatmışdı, yüzilliklər boyu bir-birlərini
qardaş hesab edən millətlər öz aralarında
artıq etnik fərqlilik axtarışına
çıxmışdılar. Bu zərərli meyilləri
zorakılığa çevirmək üçün
çoxsaylı cəhdlər baş
qaldırmışdı. Amma Heydər Əliyev dühası
bunların qarşısını mətinliklə aldı. Adi
bir çağırışla rus da, talış da, ləzgi
də, kürd də, tat da, molokan da... bir sözlə,
bütün xalqlar vahid dövlət maraqları ətrafında
səfərbər oldular. Bütün xalqlar anladılar ki,
yalnız “Heydər Əliyev bayrağı” altında
onların təhlükəsizliyi, rifahı təmin oluna bilər,
milli hüquqları qorunar. Belə də oldu.
Heydər
Əliyev birləşdirici şəxsiyyət idi. Onun
ideyaları təkcə kiçik bir qrupu, toplumu yox,
ümumilikdə vahid sərhədlər hüdudunda yaşayan
bütün millətləri birləşdirmək
gücünə malik idi. Bu baxımdan tam əminliklə deyə
bilərəm ki, Heydər Əliyevin müəllifi olduğu
azərbaycançılıq ideyası azərbaycanlılarla
yanaşı, digər millətlərin də
maraqlarını uca tutan, hüquqlarını tanıyan və
təmin edən, onlara bərabər imkan yaradan mənəvi
normalar sistemidir.
Məlumdur
ki, azərbaycançılıq ideyası
xalqımızın minilliklər boyu
formalaşdırdığı dəyərlər toplusu, mənəvi
külliyatıdır. Dədə Qorquddan Nizamiyə, Nəsimiyə,
Füzuliyə, Mirzə Fətəli Axundzadədən Mirzə
Cəlilədək bir çox ziyalılar - əsl vətənpərvərlər
bu ideyanın inkişafına töhfələr vermiş, onu
daim təkmilləşdirmiş, yaymışlar. Fəqət,
Heydər Əliyev dühasının böyüklüyü
onda idi ki, o həmin ideyanı müasir dövrün tələblərinə
uyğunlaşdıra bildi və onu artıq müstəqillik
mübarizəsinin məramına çevirdi. Hələ 70-ci
illərdən onu müstəqil dövlətçiliyin təməl
prinsipi kimi formalaşdırmağa başladı. Yəni, əsrlər
boyu təshih oluna-oluna təkmilləşən bu ideya əvvəllər
daha çox maarifçilik qayəsi kimi idisə, Heydər
Əliyevin sayəsində o, sırf dövlətçilik və
müstəqillik amalının konseptual təməlinə
çevrildi.
Ən əsası,
azərbaycançılıq ideyası Heydər Əliyev tərəfindən
milli kimliyimizin ideoloji göstəricisi miqyasını
aşdı. Eyni zamanda, artıq bu ərazidə yaşayan
bütün etnosların birləşdirici gücünə
çevrildi. Heydər Əliyevin azərbaycançılıq
ideologiyası həm də mükəmməl bir
ideologiyadır: o, Azərbaycanda yaşayan bütün
insanları ayrı-seçkilik qoymadan vahid amal, vahid dövlət,
vahid maraqlar ətrafında birləşdirir.
Heydər
Əliyevin fəaliyyətinin mahiyyətini və müəllifi
olduğu azərbaycançılıq ideyasının məğzini
təşkil edən əsas prinsip budur ki, müxtəliflik -
istər milli, istər dini baxımdan olsun, - bizi
ayırmır, əksinə, birləşdirir. Fərqlilik bizi
zəiflətmir, əksinə, gücləndirir.
Fikrimcə,
ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
ideologiyası bütün milli xüsusiyyətləri ilə
yanaşı, həm də bəşərilik prinsiplərinə
əsaslanır. Bu ideologiya Azərbaycanda yaşayan,
özünü Azərbaycan vətəndaşı, hətta
azərbaycanlı sayan milyonlarla insanın mənəvi istinad
mənbəyinə, birləşdirici amilə çevrilib.
Yuxarıda
xatırlatdığım kimi, ölkəmizin ciddi sınaq
qarşısında qaldığı həmin çətin
günlərdə - 1993-cü ildə burada yaşayan
bütün xalqların ulu öndərin bir çağırışı
ilə Azərbaycanın düşmənlərinə
qarşı vahid qüvvə kimi səfərbər
olmasının da səbəbi məhz Heydər Əliyev
şəxsiyyəti və onun formalaşdırdığı
azərbaycançılıq ideyası idi. Sonrakı tarixi
sınaqlarda da digər xalqların nümayəndələri
daim ön cərgədə oldular, müstəqilliyimizin
qorunub saxlanmasında fədakarlıqlar göstərdilər.
Yəni, Heydər Əliyevin sayəsində Azərbaycanda
yaşayan bütün insanlar anladılar ki, millətindən
asılı olmayaraq bu vətən onlarındır, bu vətənin
sahibi həm də onlardır!
Hesab edirəm
ki, bu gün dünyada mükəmməl örnək, təkmil
model kimi qəbul edilib öyrənilən Azərbaycan
multikulturalizmi və tolerantlığı prinsiplərinin
mayası, qayəsi də məhz Heydər Əliyevin azərbaycançılıq
ideyasından irəli gəlir.
Təəssüf
ki, bu gün dünyada multikulturalizm və tolerantlıq kimi dəyərlərə
böyük təhlükə var. Özü də bu təhlükənin
demokratik dəyərləri əldə dəstəvuz edən
Qərbdən gəldiyini açıq deməliyik. Amma Azərbaycandakı
vəziyyət tamamilə fərqlidir. Bizim ölkəmiz digər
ölkələrə yaxşı mənada örnək
göstərilir. Bu da təsadüfi deyil. Azərbaycanda belə
bir unikal cəmiyyətin qurulması möhtərəm
Prezidentimiz İlham Əliyevin də diqqət mərkəzindədir.
Azərbaycan təkcə iqtisadi, siyasi, mədəni, habelə
idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə
deyil, həm də ölkədə mövcud olan siyasi sabitliklə,
dini, milli, irqi dözümlülüklə fərqlənir.
Azərbaycanda
mövcud olan multikulturalizmin və tolerantlığın ən
bariz nümunəsinin nə olduğu sualına mən konkret
belə cavab verərdim: bu, müqəddəs Ramazan
bayramındakı iftar mərasimində hər il süfrənin
başında möhtərəm Prezidentimizin
Şeyxülislamla və xristian, yəhudi icmalarının rəhbərləri
ilə bərabər əyləşməsidir. Bu mənzərə
- hər üç səmavi dinin ruhani təmsilçiləri
ilə onların vəhdətini və dostluğunu təmin edən
dövlətin rəhbərinin birgə görüntüləri
yalnız rəmzi məna kəsb etmir. Bu, Azərbaycanın ən
ucqar kəndindən ölkənin ən ali məqamınadək
silsiləvi uzanan həyat tərzi, yaşam norması, fəaliyyət
prinsipidir!
Azərbaycanda
multikulturalizm və tolerantlığın vəziyyətindən
danışarkən, Heydər Əliyev Fondunun və onun
prezidenti Mehriban xanım Əliyevanın xidmətləri
xüsusi qeyd edilməlidir. Son illər fondun təşkilatçılığı
ilə dünyanın onlarla ölkəsində mədəniyyət
və təhsil ocaqları müasirləşdirilib, bərpa
edilib, mədəni irsin qorunmasına dəstək verilib.
Bütün bunlar həm də Azərbaycanın malik
olduğu zəngin dəyərlərin dünyaya təqdimatı
üçün əlverişli vasitədir. Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
və təşkilatçılığı ilə 2009-cu
ildən başalayaraq hər il Qəbələ şəhərində
Beynəlxalq musiqi festivalı keçirilir. Hesab edirəm ki,
bu tədbir ölkəmizdəki mükəmməl multikultural
dəyərlərin təbliği üçün ən
mükəmməl vasitələrdən biridir. İndiyədək
bu festifallarda dünyanın 20-dən çox ölkəsindən
tanınmış musiqiçilər iştirak ediblər. Bu
beynəlxalq tədbirlər təkcə Azərbaycanın zəngin
mədəniyyətinin, musiqisinin, incəsənətinin təbliği
ilə yadda qalmır. Qəbələnin timsalında
dünyanın tanınmış musiqiçiləri, sənət
adamları, ictimai-siyasi xadimləri ölkəmizin azsaylı
xalqlara, millətlərə, eləcə də dinlərə
dözümlü münasibətinin şahidi olurlar. Qəbələnin
əcnəbi qonaqları özlərinə qarşı
mehriban və qonaqpərvər münasibət fonunda Azərbaycan
mültikulturalizminin parlaq təzahürlərini qabarıq hiss
edirlər.
Bu gün
başqa millətlərin təmsilçiləri Azərbaycanda
hakimiyyətin bütün qollarında yüksək vəzifələr
tuturlar. Ölkənin ictimai-mədəni həyatında
çox fəaldırlar. Yenə də Qəbələ
rayonundan nümunə gətirmək istərdim. Rayonda
bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər.
Onlar rəhbər vəzifələrdə, yerli
özünüidarəetmə orqanlarında təmsil olunur,
rayonun ictimai həyatında fəallıqları ildə
seçilirlər. Onlar bildirirlər ki, Azərbaycan onların
vətənidir və bu Vətəni sevirlər. Heydər
Əliyev ideyalarına, cənab İlham Əliyevin
yürütdüyü siyasi kursa sadiqdirlər.
Bir
mühüm məqama da toxunmaq istərdim. Bu gün Azərbaycanda
müxtəlif xalqların sülh və
qarşılıqlı etimad şəraitində
yaşamasının əsas səbəblərindən biri də
bu millətlərin ağsaqqallarının düzgün
mövqeyi, müdrik nəsihətləridir. Hansı etnik qrupa
mənsub olmasından asılı olmayaraq
ağsaqqallarımız daim insanları, xüsusən də gəncləri
birgəyaşayış dəyərlərinə hörmətə
çağırır, onları Azərbaycan adlı vətənlərinə
sadiq olmağa səsləyirlər. Respublika Ağsaqqallar
Şurasının üzvləri sırasında ölkəmizdə
yaşayan bütün xalqların təmsilçiləri var.
Onlar əcdadlarımızdan bizə miras qalan dəyərlərimizin
təbliğində və gənclərimizə
aşılanmasında mühüm işlər görürlər.
Bugünkü konfransın təşkilatçılarından
olan Ağsaqqallar Şurası il boyu müxtəlif bölgələrdə
bu kimi tədbirlər keçirəcək, ön sırada
olacaqlar.
Bu gün
Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl
modelini yaradıb. Fəxr edirik ki, artıq bu model ən
inkişaf etmiş ölkələrin ali məktəblərində
tədris olunur, elmi mərkəzlərində öyrənilir,
təhlil edilir. Son illərdə bu sahədə həyata
keçirilən tədbirlərdən saatlarla danışsaq,
yenə də bitməz. Yalnız onu demək kifayət edər
ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq
ideyası var olduqca, ölkəmizdə multikultural,
tolerantlıq dəyərləri də inkişaf edəcək,
zənginləşəcək. İndi olduğu kimi gələcəkdə
də bu məkanda yaşayan bütün millətlərin təmsilçiləri
ulu öndərimiz Heydər Əliyevin bu sözlərini təkrarlayacaqlar:
Fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Bəxtiyar SADIQOV:
-
Milli-etnik zənginliyin təcəssümü olan Qəbələ
rayonu həm də regional inkişafın uğurlu mərkəzlərindəndir.
Bu gün Qəbələ milli yüksəliş rəmzlərindən
birinə çevrilərək, sosial-iqtisadi tərəqqi və
abadlıq-quruculuq prosesində də xüsusi fərqlənir.
Şübhəsiz ki, bu nailiyyətlərin əldə
olunmasında rayonda yaşayan bütün xalqların təmsilçilərinin
birgə zəhməti, fədakarlığı mühüm
amildir. Bu barədə çıxış üçün
söz Qəbələ Rayon İcra Hakimiyyətinin
başçısı Səbuhi ABDULLAYEVə verilir.
Səbuhi ABDULLAYEV:
- Sizi qədim
və tarixi Qəbələ torpağında salamlamaqdan məmnunluq
duyur, hamınıza qəbələlilərin səmimi və
xoş arzularını çatdırıram. Belə bir
mötəbər tədbirin bu gün Qəbələ
rayonunda keçirilməsi müstəqil Azərbaycanda
mövcüd olan mükəmməl multikulturalizm prinsiplərinin,
milli-mənəvi dəyərlərin və mədəniyyətlərin
sistemli inkişafının əyani nümunəsidir.
Bildiyiniz kimi, Qəbələ milli-etnik zənginliyin ən
mükəmməl təcəssümlərindən biridir və
əsrlər boyudur ki, müxtəlif xalqlar bu ərazilərdə
mehribanlıq, sülh və qarşılıqlı etimad
şəraitində yaşayırlar.
Ümummilli
liderimiz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq
ideologiyasının təməl prinsiplərindən olan
multikulturalizm və tolerantlıq əslində, Azərbaycan
xalqının həyat tərzidir. Ulu öndərimiz bu mənəvi
dəyərlərimizin yaşadılması üçün
böyük fədakarlıqlar göstərmiş, ölkəmizdəki
bütün xalqları vahid bayraq, vahid milli mənafelər,
vahid hədəflər ətrafında sıx birləşdirmişdir.
Bu prosesi daha da inkişaf etdirən möhtərəm
Prezidentimiz İlham Əliyevin böyük müdrikliyi sayəsində
ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri
elə möhkəmlənmişdir ki, artıq dünya Azərbaycanın
bu sahədəki təcrübəsini mükəmməl model
kimi qəbul edir və öyrənir.
Böyük
qürur hissi ilə deyə bilərəm ki, rayonumuzda
mövcud olan müxtəlif xalqların birgəyaşayış
ənənələri dünyada az-az təsadüf olunan ən
demokratik multikulturalizm modelinin gözəl nümunəsi və
təzahürüdür. Qəbələnin milli tərkibinə
görə əhalisininin 78,9 faizini azərbaycanlılar, 17,1
faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər
və 0,2 faizini digər millətlər təşkil edir.
Burada milli mənsubiyyətindən asılı olmayaraq
hamı bayram, yaxud hüznlü günlərdə birlikdə
olur, dini və milli mənsubiyyətinə görə biri-digərinə
fərq qoymur, vahid ailə kimi yaşayır. Ümumtəhsil
məktəblərinin ibtidai siniflərində ləzgilər
və udilər üçün öz ana dillərində dərslər
tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin
3 məktəbində tədris rus dilində aparılır.
Ölkədə
əsası ulu öndərimiz tərəfindən qoyulan və
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilən müdrik siyasətin nəticəsində
dini tolerantlıq bərqərar olmuş, bütün dini
icmaların normal fəaliyyət göstərməsinə
lazimi şərait yaradılmışdır. Rayonumuzda olan 43
məscid və 1 kilsədə qeydiyyata alınmış 22
islam, 1 xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa
dini inancını və ayinləri icra etmək
üçün lazımi şərait
yaradılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
rayonumuza etdiyi səfərlər zamanı udilərin
yaşadığı Nic qəsəbəsində və ləzgilərin
yaşadığı Yenikənd kəndində ictimaiyyət
nümayəndələri ilə
görüşmüşdür. Həmin görüşlərdən
sonra bu yaşayış məntəqələrində
müasir məktəb binaları tikilmiş, yeni yollar və
körpülər salınmış, uşaq
bağçası açılmış, məscid binası
inşa olunmuş, istirahət parkı yaradılmış,
qaz xəttinin çəkilişinə
başlanılmışdır. Rayonda həyata keçirilən
bütün sosial-iqtisadi layihələrdən milli azlıqlar
yetərincə bəhrələnmiş, onların məşğulluğu
diqqətdə saxlanılmışdır.
Eləcə
də Qəbələdə aparılan abadlıq və
quruculuq işlərində bütün etnik qrupların
böyük əməyi olmuşdur. Onlar bu gün də
rayonumuzun iqtisadi inkişafına uğurlu töhfələr
verir, bu torpağı özlərinin əzəli və əbədi
vətəni hesab edirlər. Beynəlmiləl tərkibə
malik olan Qəbələnin qurub-yaratmaq üçün fədakarlıq
göstərən insanlarının sayəsində şəhərimizin,
qəsəbə və kəndlərimizin siması, görkəmi
gündən-günə dəyişir, müasirləşir və
bu füsunkar diyar dünyanın mədəniyyət mərkəzlərindən
birinə çevrilir. İnşaat sektorunun sürətli
inkişafı sayəsində yeni yaradılan sənaye obyektləri,
turizm infrastrukturu burada çalışan xalqların birgəyaşayış
və dostluq hisslərinə stimul verir.
Ölkəmizin
multikulturalizm məskəninə çevrilməsində Heydər
Əliyev Fondunun məqsədyönlü fəaliyyəti
xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi ilə
müxtəlif xalqlar arasında humanizm, həmrəylik və
dözümlülük kimi bəşəri dəyərlərin
bərqərar olmasına xidmət edir.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
və yaxından köməyi ilə rayonumuzda keçirilən
beynəlxalq musiqi və kino festivalları, rəsm sərgiləri,
idman yarışları və digər bu kimi tədbirlər
öz tarixi şöhrətinə qovuşmaqda olan Qəbələnin
həm də dünyanın cəlbedici turizm məkanına
çevrilməsi istiqamətində çox böyük əhəmiyyət
kəsb edir. Birinci xanımın qeyd etdiyi kimi, Qəbələ
məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin
qorunub saxlanıldığı, müxtəlif xalqların və
dinlərin nümayəndələrinin əsrlər boyu
sülh və əmin-amanlıq içində
yaşadığı, mədəniyyət və
sivilizasiyalararası dialoqun təşviqinə və
inkişafına daim öz töhfəsini verən məkan
kimi tanınmaqdadır.
Multikulturalizm
bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Ölkə başçısı cənab İlham Əliyev
tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi
çoxmillətli Azərbaycanda ümumbəşəri,
humanist dəyərlərə söykənən davamlı və
ardıcıl milli siyasətin həyata keçirildiyini
göstərir. Biz bunu milli dövlətçiliyimizin
böyük uğuru, tarixi-mənəvi irsin və etnik-mədəni
müxtəlifliyin qorunması kimi qiymətləndirir,
multikulturalist ənənələrə söykənən
içtimai münasibətlərin təbliğini, eləcə
də təşviq edilməsini fəaliyyətimizin
başlıca istiqamətlərindən biri hesab edirik.
Əminliklə
bildirmək istəyirəm ki, Qəbələ rayonunda əsrlərin
sınağından keçən millətlərarası
tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsi
istiqamətində əldə edilən nailiyyətlər və
görülən işlər bundan sonra da uğurla davam
etdiriləcək, xalqlararası dostluğa böyük
töhfələr veriləcəkdir.
Bəxtiyar SADIQOV:
- Ölkəmizdə
multikulturalizm siyasətinin həyata keçirilməsində
şübhəsiz ki, Millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri xidmətinin də mühüm rolu var. Bu sahədə
son dövrlərdə genişmiqyaslı iş aparan xidmətin
fəaliyyətini uğurlu saymaq olar. Azərbaycan
Respublikasının multikulturalizm siyasətinin əsas istiqamətləri
barədə danışmaq üçün söz Azərbaycan
Respublikasının Millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri xidmətinin baş məsləhətçisi
Etibar NƏCƏFOVa verilir.
Etibar NƏCƏFOV:
- Azərbaycan
Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul
edən nadir ölkələrdəndir. Azərbaycanda
multikulturalizm siyasətinin əsasını ümummilli lider
Heydər Əliyev qoymuşdur. Ulu öndərin siyasi hakimiyyətə
qayıdışı tarixi tolerantlıq ənənələrinin
qorunması və inkişafı üçün real şərait
yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının
multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi
Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Prezident
İlham Əliyev çıxışlarında
multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə
qeyd etmişdir. Multikulturalizmin Azərbaycanın dövlət
siyasəti olmasının mühüm təzahürlərindən
biri burada dövlət-din münasibətlərinin yüksək
səviyyədə olmasındadır. Bu isə
özünü aşağıdakı məqamlarda: ölkəmizdə
dini azadlıqların təmin edilməsində, bütün
dinlərin, dini məzhəblərin qanun qarşısında
bərabər olmasında, onların fəaliyyətlərinə
dövlət tərəfindən hər cür dəstək
göstərilməsində və dinlərarası münasibətlərin
qarşılıqlı hörmət və əməkdaşlıq
əsasında qurulmasında göstərir.
Azərbaycan
nadir müsəlman ölkələrindəndir ki, müsəlmanların
arasında qanlı toqquşmalara səbəb olan şiə-sünni
qarşıdurması yoxdur! Bununla bağlı Prezident
İlham Əliyev qeyd edir: “Bir sıra ölkələrdə
sünni və şiələr arasında ziddiyyətlərin
kəskinləşdiyi bir zamanda, bu ilin yanvarında
Bakıdakı Heydər Məscidində şiələrlə
sünnilər birgə vəhdət namazı
qılmışlar”.
Prezident
İlham Əliyevin ölkədəki etnik-mədəni
müxtəlifliklərin tənzimlənməsində
multikulturalizm siyasətinə yüksək önəm verməsinin
əsas göstəricilərindən biri kimi cənab
Prezidentin sərəncamı ilə Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşavirliyi xidmətinin, Prezident yanında
Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılmasını və 2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan edilməsini göstərmək olar.
Multikulturalizm
sahəsində Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşavirliyi xidmətinin rəhbərliyi ilə
BBMM-in həyata keçirdiyi layihələr sırasında
aşağıdakıları qeyd etmək olar: Bakı Slavyan
Universitetində Azərbaycan Multikulturalizmi kafedrasının
açılması; Azərbaycan universitetlərində
“Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi”
fənlərinin tədrisi. Bu fənlər üzrə tədris
proqramlarının çap edilməsi və “Azərbaycan
multikulturalizmi” adlı dərsliyin hazırlanması üzrə
iş aparılması; “Multikulturalizmə giriş” və “Azərbaycan
multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin
hazırlanması üçün mütəmadi treninqlərin
təşkili; “Multikulturalizmə giriş” və “Azərbaycan
multikulturalizmi” fənlərini öyrənən Azərbaycan və
xarici ölkə tələbələri üçün
“Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: öyrən,
araşdır, paylaş. Beynəlxalq Yay-Qış məktəblərinin”
təşkili; Xarici ölkələrin intellektual və
administrativ məkanlarında Azərbaycan multikulturalizmi ilə
bağlı birdəfəlik mühazirələrin (“dəyirmi
masa”lar, konfranslar və s.) təşkili; Dünyanın 13
universitetində (İtaliya, Bolqarıstan, Rusiya, Çexiya,
Litva, İsveçrə, Ukrayna, Türkiyə, Portuqaliya,
Almaniya, Gürcüstan, Belarus, İndoneziya) və Azərbaycanın
28 ali məktəbində bu gün “Azərbaycan multikulturalizmi”
fənninin tədrisi; Azərbaycan multikulturalizminin ədəbi-bədii,
elmi-fəlsəfi və publisistik, siyasi və hüquqi
qaynaqlarının öyrənilməsi.
Bəxtiyar SADIQOV:
- Vaxtilə
qədim Alban dövlətinin paytaxtı kimi Qəbələ
Qafqazın ən güclü iqtisadi-siyasi mərkəzlərindən
biri olub. Bu möhtəşəm tarixdən danışarkən,
heç şübhəsiz ki, udi xalqını xüsusilə
qeyd etmək lazım gəlir. Azərbaycanın etnik zənginliyinin
incisi olan udilər öz dini inanclarını, milli dəyərlərini,
mədəniyyətlərini qorumuş və inkişaf etdirmişlər.
Son 20 il isə bu sahədə udilərin əsl intibah
dövrü sayılır. Qəbələdə yaşayan
udilərə dövlətin yaratdığı imkanlar barədə
danışmaq üçün söz Alban-Udi Xristian dini
icmasının sədri Robert MOBİLİyə verilir.
Robert MOBİLİ:
-
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən
siyasəti, həmçinin Prezident İlham Əliyevin son dərəcə
səmərəli fəaliyyəti sayəsində
respublikamızda sosial-siyasi sabitlik hökm sürür,
tolerantlıq və multikulturalizmin inkişafı əməli
şəkildə gerçəkləşdirilir, xalqlar və
etnik qruplar arasında sülh və əmin-amanlıq, birlik və
qarşılıqlı etimad bərqərar olunmuşdur. Azərbaycan
etnosunun inkişafı və formalaşması müxtəlif
tayfa və xalqların əlaqələri əsasında
baş verən uzun prosesdir və bu gün də respublikada əsas
etnosla yanaşı 20-dən çox milli azlıq
yaşayır. Onların hamısı vahid və çoxmillətli
Azərbaycan xalqını təşkil edir.
Yerli
azlıqlar arasında mənşəyi və tarixi artıq
200 ildir ki, dünya alimlərinin diqqətini cəlb edən
udilər də var. Udilər Azərbaycanın avtoxton xalqı
və Qafqazın ən qədim yerli etnoslarından biridir. Azərbaycanın
ərazisində yaşayan azsaylı xalqlar arasında alban-udilər
özlərinə məxsus etnoqrafik xüsusiyyətləri,
tarixi, dili və dini ilə seçilən unikal etnosdur. Bu
gün Azərbaycan Respublikası udilərin kompakt şəkildə
yaşadığı yeganə məkan - onların tarixi Vətəni
olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada
udilərin tarixi qorunub saxlanılır və
araşdırılır; dil, din, özünəməxsus mədəniyyət,
adət və ənənələr inkişaf etdirilir, udi
xalqının qədim məbəd və kilsələri, tarixi
abidələri bərpa olunur və qorunur.
Son
zamanlar Azərbaycanda dövlət hakimiyyəti
orqanlarının fəal dəstəyi ilə yaxın və
uzaq udi icmalarının, yaradıcı ziyalıların, bizim
qəsəbənin bütün sakinlərinin iştirakı
ilə dini və mədəni tədbirlərin keçirilməsi
ənənəyə çevrilmişdir. Son illər ərzində
xaricdə (İngiltərə, İtaliya, Fransa, Belçika,
ABŞ, Türkiyə, İsrail, Keniya, Rusiya, Ukrayna, Belarus,
Qazaxıstan, Gürcüstan), Bakıda və Nicdə
görüşlər, “dəyirmi masa”lar, beynəlxalq
konfranslar keçirilir və həmin tədbirlərdə
bizim icmanın üzvləri tərəfindən də “Azərbaycan
multikulturalizmi modelində udi nümunəsi” təqdimatı ilə
çıxışlar edilir.
Müstəqil
Alban kilsəsinin konfessional irsinin hüquqi və birbaşa
dini varisi kimi bizim icmamız onun bərpası
üçün çalışır. Tarixi məlumatlar
Alban kilsəsinin təkcə Qafqazda deyil, bütün Şərq
xristian dünyasında ən qədim kilsələrdən
biri kimi, apostol mənşəli olduğunu göstərir.
Uzun əsrlər boyu mövcud olmuş Alban kilsəsi bölgədə
xristianlığın tarixini təcəssüm etdirən
çoxsaylı abidələr qoyub getmişdir. 1836-cı ilə
qədər iqamətgahı Qandzasarda yerləşməklə
müstəqil şəkildə mitropoliya statusunda mövcud
olan Alban katolikosluğu həmin il martın 11-də Rusiya
çarı I Nikolayın “Erməni-Qriqorian kilsəsi
haqqında” reskripti ilə ləğv edilmiş, katolikosat xəttinə
və vəzifə təyinatına son qoyulmuşdur.
Bütün bunlar bədniyyətli qonşularımızın
iki əsr ərzində bizə qarşı
yürütdükləri tarixi saxtalaşdırma siyasətinin
tərkib hissəsi idi. Erməni kilsəsi nəinki Alban kilsəsinin
məbədlərini və dəftərxanasını, hətta
orada uzun əsrlər boyu saxlanan bütün əlyazmaları,
Alban kilsəsinin qədim abidələrini, Qüds şəhərində
yerləşən məbədi və Alban kilsəsinə məxsus
olan iqamətqahı mənimsədi.
Bu gün
Azərbaycan Respublikasında Alban kilsəsinin bərpası
ona Qüdsdəki kilsənin geri qaytarılmasını tələb
etməyə, bu irsin tamhüquqlu varisi iddiasını ortaya
qoymağa imkan verir.
Müasir
dünyanın gerçəklikləri - 180 il bundan əvvəl
ləğv olunmuş Alban kilsəsinin indiki obyektiv durumu,
kanonik zəmin və onun irsi, müstəqil Alban kilsəsinin
intibahı - bütün bunlar möhtəşəm hadisə
və tarixi ədalətin bərpasıdır. Deyilənləri
nəzərə alaraq hazırda müxtəlif
konfessiyaların, xüsusən Şərqin (Kopt, Suriya,
Qüds, Konstantinopol) dini liderlərinin, albanşünas alimlərin,
dinşünasların, mədəniyyətşünasların
və MDB dövlətlərindəki udi icmalarının təmsilçilərinin
iştirakı ilə “Alban kilsəsinin bərpası”
mövzusunda beynəlxalq konfrans keçirilməsi son dərəcə
zəruridir. Belə bir tədbirin keçirilməsi çox
aktualdır və respublikanın bütün əhalisinin, Azərbaycanda
yaşayan müxtəlif konfessiyalar və mədəniyyətlərin
təmsilçilərinin daha da sıx birləşməsi
üçün çox vacibdir və önəmlidir. Bu
cür tədbirlərin rolunu və əhəmiyyətini qiymətləndirməmək
mümkün deyil, çünki onlar polietnik və
polikonfessional dövlət üçün zəruridir və
multikulturalizm, xalqlar arasında sülh,
qarşılıqlı etimad və dostluq siyasətini fəal
şəkildə həyata keçirən Azərbaycan
Respublikasının həm bütün dünyada, həm də
ölkə daxilində nüfuzunu daha da artırır. Bu,
dünya mədəniyyəti tarixində mühüm yer
tutmaqla yanaşı, çağdaş dövrdə
aparılan dünyəvi dini-konfessional dialoqda da mühüm
hadisə olacaqdır.
Azərbaycanda
tarixən bərqərar olmuş tolerant cəmiyyət,
multikultural dəyərlər, milli və dini
ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış
udilərə öz varlığını qoruyub saxlamağa əlverişli
mühit yaradıb. Bu gün də Azərbaycan dövləti
udi icmasının fəaliyyətinə zəruri şərait
yaradıb; Nicdə “Orayin” udi milli-mədəniyyət mərkəzi,
Alban-udi xristian icması, Oğuzda udilərin cəmiyyəti fəaliyyət
qöstərir. Əlbəttə, xalqın kimliyini sübut edən
amillərdən biri də onun əsrlər boyu
yaratdığı maddi mədəniyyətidir. Milli geyim, mətbəx,
müxtəlif mərasimlər, yaşayış tərzi və
s. hər bir xalqı fərqləndirən xüsusiyyətlərdir.
Bugünədək özlərinin ənənəvi yemək
və içkilərini, dil iə din, milli geyim və mərasimlərini
qoruyub saxlayıblar. Budur Azərbaycanın həqiqəti.
Bəxtiyar SADIQOV:
-
Multikulturalizm, tolerantlıq dəyərləri Qəbələdə
əsrlərdir ki, insanlarımızın həyat tərzinə,
yaşam fəlsəfəsinə çevrilib və ən mükəmməl
birgəyaşayış nümunəsi kimi tanınıb.
Burada yaşayan bütün xalqların təmsilçiləri
dövlət strukturlarında layiqincə təmsil edilir,
rayonun ictimai-siyasi həyatında fəallıqları ilə
seçilirlər. Bir sözlə, Azərbaycanın
tamhüquqlu vətəndaşları kimi dövlətə
layiqincə xidmət göstərirlər. Bu mövzuda
çıxış üçün söz Nic qəsəbə
1 saylı tam orta məktəbin müəllimi Emil
ZƏKİyə verilir.
Emil ZƏKİ:
- Uzun əsrlərdir
ki, ölkəmizdə müxtəlif millətlərə mənsub
insanlar birgəyaşayış şəraitində tolerant həyat
tərzi sürürlər. Ölkədə hər zaman
azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə,
adət-ənənələrinə hörmətlə
yanaşılır. Bu gün doğma Azərbaycanımızda
müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin
inkişafı, möhkəmləndirilməsi
üçün bütün zəruru siyasi və sosial şərait
yaradılıb. Hər bir millətin nümayəndəsi
ölkəmizdə sərbəst yaşayır, öz adət-ənənələrini,
dinini, dilini qoruyub saxlayır, inkişaf etdirirlər.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
multikulturalizim ənənəsi bu gün möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. 2016-cı ilin “Multikulturalizm ili” elan
olunması bunun bariz nümunəsidir. Multikulturalizm Azərbaycanın
dövlət siyasəti və xalqımızın həyat tərzidir.
Çoxmillətli ölkəmizdə azərbaycanlılarla
yanaşı ruslar, ləzgilər, talışlar,
gürcülər, avarlar və digər milli-etnik toplumlar əsrlər
boyu mehriban dostluq şəraitində yaşayıblar.
Ölkəmizin
zəngin tarixə malik azsaylı xalqlarından biri də udilərdir.
Udilər Qafqazın qədim sakinlərindəndirlər. Tarixən
Günəşə, Aya və Oda sitayiş edən udilər
Qafqazda xristianlığı ilk dəfə qəbul edən
etnoslardan biridir. Qafqaz Albaniyasının yadigarları olan udilər
hazırda kompakt şəkildə Qəbələ rayonunun Nic
qəsəbəsində və qismən də Oğuz rayonunun
mərkəzində yaşayırlar. Bu gün Nic qəsəbəsini
tolerantlığın kiçik modeli kimi qəbul etmək
olar. Burada tarix boyu azərbaycanlılar, ləzgilər, udilər
mehriban şəraitdə, bir yerdə yaşayıblar.
Qəsəbədə
üç kilsə, iki məscid, habelə müsəlmanların
və xristianların ziyarət etdikləri müqəddəs
yerlər var. Dövlət tərəfindən udilərə
öz dilini, dinini, adət-ənənələrini, mədəniyyətlərini
qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər
cür şərait yaradılmışdır. Məktəblərimizdə
doğma dilimiz - udi dili tədris olunur. Uşaqlarımız bu
dildə yazmağı, oxumağı öyrənirlər.
Dövlət tərəfindən göstərilən
qayğının nəticəsidir ki, I-IV siniflər
üçün udi dilində “Ana dili” (“Nanay muz”) dərslikləri
çap olunmuşdur. Bunun üçün biz dövlətimizə,
onun rəhbərinə təşəkkür edirik.
Qəsəbədə
yaşayan bütün xalqların nümayəndələri mehriban
dostluq şəraitində bir ailə kimi yaşayırlar. Bu
münasibətlər o qədər sıx və istidir ki,
kimin hansı xalqa mənsub olması haqda qəsəbəmizdə
heç kəs düşünmür. Çünki bizim
bayramlarımız, xoş günlərimiz həmişə
bir yerdə olub. Həyatın qanunudur: hər kəsin bir
ağır günü, çətinliyi olur. Belə günlərdə
də biz azərbaycanlıları yanımızda
görmüş, onların mənəvi dəstəyini hiss
etmişik. Bu münasibətlər qohumluq, ailə münasibətlərinə
çevrilmişdir: Azərbaycanlı oğlanların udi
qızları ilə həyat qurduğu onlarla ailələr
var. Biz gənclər bu adət-ənənələrlə
böyümüş, tərbiyə almışıq. Hər
birimiz çalışacağıq ki, belə bir birgəyaşayış
tərzini qoruyub saxlayaq və gələcək nəsillərə
ötürək. Təbii ki, Azərbaycan kimi ölkədə
bu heç də problem deyil. Bu gün Azərbaycan tolerant
ölkələrin siyahısında ilk yerlərdədir. Azərbaycan
tolerantlıq ölkəsi kimi Şərq və Qərb
ölkələri arasında böyük bir körpü rolu
oynayır.
Müxtəlif
dinlərin nümayəndələri arasında mövcud olan
dostluq və qardaşlıq münasibətləri ölkəmizin
gələcək inkişafının əsasıdır. Biz
inanırıq ki, doğma Azərbaycanımızın
multikulturalizm modeli həmişə dünyanın siyasi
arenasında ön sırada dayanacaqdır.
Bəxtiyar SADIQOV:
-
Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir.
Təsadüfi deyildir ki, bu siyasətin həyata keçirilməsində
ictimai təşkilat kimi Heydər Əliyev Fondunun da dövlətimizə
böyük əməli dəstəyi var. Ulu öndərimizin
irsini layiqincə yaşadan və təşviq edən fondun bu
sahədəki fəaliyyəti artıq qlobal miqyasda təqdir
olunur. Ölkəmizdə və xaricdə multikulturalizmin əsas
təbliğatçısı olan Heydər Əliyev Fondunun Qəbələdə
həyata keçirdiyi uğurlu layihələr də yetərincədir.
Bu barədə danışmaq üçün söz Qəmərvan
kənd məktəbinin müəllimi Rəna HACIYEVAya verilir.
Rəna HACIYEVA:
-
Ümummilli lider Heydər Əliyevin banisi olduğu
multikulturalizm və tolerantlıq siyasəti bu gün Prezident cənab
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir və yeni qlobal çağırışlara
uyğun olaraq inkişaf etdirilir. Müstəqil Azərbaycan
dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin adını
daşıyan fond da bu prosesdə daim dövlətin
yanındadır. Fondun multikulturalizm ideya və dəyərlərinin
təbliğinə verdiyi önəm təkcə ölkə
daxilində deyil, dünya ictimaiyyəti tərəfindən də
yüksək qiymətləndirilir. Azərbaycanda
tolerantlığın, multikultural ənənələrin təbliği
ilə bağlı Heydər Əliyev Fondu tərəfindən
olduqca möhtəşəm layihələr həyata
keçirilir. Bu layihələr bir daha onu göstərir ki,
müxtəlif dini və etnik mənsubiyyətə malik
insanların Azərbaycanda əsrlər böyu dinc
yanaşı yaşaması ölkəmizdə tolerant cəmiyyət
modeli kimi mövcuddur.
Müxtəlif
azsaylı xalqların məskunlaşdığı doğma Qəbələmiz
tək turizm mərkəzi deyil, eyni zamanda, beynəlxalq tədbirlərin,
forum və sammitlərin keçirildiyi məkandır. Heydər
Əliyev Fondu özünün ən möhtəşəm
layihələrindən birini məhz Qəbələdə
reallaşdırmışdır. Artıq 8 ildir ki, Qəbələdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü və təşkilatçılığı
ilə dünyanın xeyli ölkəsinin məşhur
musiqiçilərinin və musiqi kollektivlərinin
qatıldığı Beynəlxalq Musiqi Festivalı
keçirilir. Dünyanın diqqətini cəlb edən bu
festival təkcə musiqinin deyil, sülhün,
barışın, əməkdaşlığın, birliyin təntənəsi
olur.
Qəbələdə
gerçəkləşdirilən IV Beynəlxalq İncəsənət
Sərgisi də mədəniyyətlərarası dialoqun ən
bariz nümunəsi olduğunu göstərdi. Multikulturalizmin
Azərbaycan modelini bütün dünyaya cəsarətlə
nümayiş etdirən Heydər Əliyev Fondu bir daha
sübut etdi ki, ölkəmizdə reallaşdırılan
bütün tədbirlər son nəticədə azərbaycançılıq
ideyasına, Azərbaycan dövlətçiliyinə xidmət
edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi uzun əsrlərdir
tolerantlıq mühitində yaşayan biz qəbələliləri
də çox sevindirdi. Dövlətimizin elə təkcə
mənim yaşadığım Qəmərvan kəndinə
göstərdiyi diqqət və qayğıdan çox
danışmaq olar. Lakin vaxt məhdudluğuna görə mən
bir neçə məsələni diqqətinizə
çatdırmaq istəyirəm. Qəmərvan dağlar
qoynunda yerləşən səfalı ləzgi kəndidir.
Əsasən qoyunçuluq və maldarlıqla məşğul
olan kənd sakinləri yarımköçəri həyat tərzi
yaşadığından sosial infrastruktur günün tələblərindən
çox geri qalırdı.
Azərbaycanın
müstəqillik qazanması, demokratik dövlətin
yaranması və ölkə başçısının
iqtisadiyyatın bütün sahələrinə, o cümlədən
kənd təsərrüfatına ayırdığı diqqətin
nəticəsində kəndimiz sürətlə inkişaf
etməyə başladı. Qısa müddət ərzində
kəndə asfalt yol çəkildi. Əvvəllər selin
tez-tez yuyub apardığı yola beton bənd vuruldu. Qəmərvanda
ləzgi balaları üçün müasir ikimərtəbəli
məktəb binası tikilərək istifadəyə verildi.
Bu gün məktəbdə ləzgi dilinin tədris
olunması dövlətimizin xalqımıza göstərdiyi dəstəklə
yanaşı, həm də ləzgi xalqının dilinə, mədəniyyətinə
olan qayğının təzahürüdür.
Ölkə
başçısının azsaylı xalqlara olan diqqətinin
nəticəsidir ki, bu gün kəndə qaz çəkilişi
başa çatmaq üzrədir. Rayonda mövcud olan tolerant ənənələrin
bariz nümunəsidir ki, keçən il yeni məsçid
binası tikilərək dindarların ixtiyarına
verilmişdir. Hazırda Qəbələ-Qəmərvan yolu
üzərində iki nəhəng körpünün tikintisi
gedir. Bu gün bütün qəmərvanlıların evində
telefon və internet vardır.
Bunlar
hamısı Azərbaycan dövlətinin biz ləzgilərə
olan qayğısının parlaq təcəssümüdür.
Əslində, biz ləzgilər azərbaycanlılardan
yalnız danışıq dilinə görə fərqlənirik.
Biz heç vaxt çox möhkəm qohumluq əlaqələrimiz
olan azərbaycanlılar arasında
sıxılmamışıq, əksinə, bizə olan sevgi,
hörmət, qayğı bir arada yaşamağımıza
stimul vermişdir. Qarabağ uğrunda gedən
döyüşlərdə Qəmərvan neçə şəhid
vermiş, itkin düşənlər olmuşdur. Bu, bir daha
sübut edir ki, bizim bir vətənimiz var - Azərbaycan!
Ölkə vətəndaşı olaraq biz bundan qürur
duyuruq.
Bəxtiyar SADIQOV:
- Prezident
İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm
ili” elan edərkən həm də xalqımızın tarixi
kökündə formalaşan və yaşayan möhtəşəm
mənəvi, elmi, siyasi qaynaqlara əsaslanırdı. Bu
qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi
zənginliyini adekvat göstərən zəngin mənbədir.
Bu günlərdə çapdan çıxan “Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı da
hesab edirəm ki, bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Elmi redaktoru Dövlət müşaviri,
akademik Kamal Abdullanın olduğu kitabda söz sənətkarlarımızın
ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara
ehtiramının təsviri, tərənnümü faktlarla
öz təsdiqini tapıb. Bu mövzuda çıxış
uçün söz Dilçilik İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor Möhsün
NAĞISOYLUya verilir.
Möhsün NAĞISOYLU:
- Azərbaycanda
ən qədim zamanlardan bəri müxtəlif dinlərə və
etiqadlara inanan, fərqli dillərdə danışan
çoxsaylı xalqlar və etnik qruplar sülh və əmin-
amanlıq, dinclik və bərabərlik şəraitində
yaşamışlar. Bu cür tolerant mühit və
multikultural tarixi şərait təbii olaraq azərbaycanlıların
bədii təfəkküründə, yəni, ədəbiyyatında
da özünün obrazlı ifadəsini tapmışdır.
Klassik Azərbaycan
ədəbiyyatını təmsil edən şair və
yazıçıların çoxu multikultural
düşüncə sistemindən qaynaqlanan bu mənəvi dəyərlərə
əsərlərində geniş yer vermiş və onları
yaymış, oxucularına təlqin etmiş,
aşılamışlar. Eramızın VII əsrinə aid
edilən, bir sıra epizodları ilə kökləri daha qədimlərə
gedib çıxan Azərbaycan qəhrəmanlıq dastanı
“Kitabi-Dədə Qorqud” eposunda multikultural dəyərlərlə
səsləşən bir sıra maraqlı məqamlara rast gəlirik.
Məsələn, Oğuz igidi Qanturalı başqa dindən
olan Trabzon təkurunun qızı ilə evlənir ki, bu fakt
oğuzların əski çağlardan bəri digər dinlərin
daşıyıcılarına olan isti münasibətindən
xəbər verir. Dastanın baş qəhrəmanı Salur
Qazanın, onun oğlu Uruzun, eləcə də Bamsı Beyrəyin
davranışlarında da digər xalqlara mərhəmət və
ehtiram duyğuları ifadə olunur. Bütün bunlar qədim
azərbaycanlıların multikultural düşüncələrindən
xəbər verir.
Azərbaycanın
digər folklor nümunələrində də, məsələn,
“Əsli və Kərəm” dastanında, “Şeyx Sənan” əfsanəsində
xristian qızı ilə müsəlman gəncinin yüksək
ülvi məhəbbətindən bəhs olunur ki, bu da
multikultural dəyərlər sırasında önəmli yer
tutur. Klassik Azərbaycan ədəbiyyatının ən
böyük nümayəndələrindən biri olan dahi
şair və mütəfəkkir Nizami Gəncəvinin
beş poemadan ibarət “Xəmsə”sində multikultural
düşüncələr daha konkret şəkildə və
geniş planda, həm də əlvan boyalarla öz əksini
tapmışdır. Nizami Gəncəvi “Yeddi gözəl” və
“İskəndərnamə” poemalarında bir sıra
xalqların nümayəndələrinin parlaq surətlərini
yaratmışdır. Bütün bunlar qüdrətli sənətkarın
böyük ideallar carçısı və yüksək multikultural
düşüncə sahibi olmasını
açıq-aşkar şəkildə ortaya qoyur.
XIV-XV əsrlər
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən
biri olan İmadəddin Nəsimi
yaradıcılığında da multikultural dəyərlərin
açıq-aşkar izlərinə rast gəlirik. Şairin
şeirlərinin mərkəzində insan amili, insana
böyük dəyər verilməsi, şəxsiyyət
azadlığı, insan adının uca tutulması kimi
yüksək bəşəri amallar dayanır. Klassik Azərbaycan
ədəbiyyatının digər bir böyük söz
ustadı Məhəmməd Füzuli də bədii
yaradıcılığında multikultural düşüncələrə
geniş yer vermişdir. Dahi şair
yaradıcılığının zirvəsi olan “Leyli və
Məcnun” poemasında baş qəhrəmanını - Məcnunu
kamillikdə Günəşə və İsa peyğəmbərə
bənzədir.
Multikultural
düşüncələrin Azərbaycan ədəbiyyatında
daha geniş vüsət aldığı dövr isə
heç şübhəsiz, XIX əsr və sonrakı
yüzilliyin ilk iki on illiyidir. XIX əsr ədəbiyyatının
görkəmli nümayəndəsi, təkcə Azərbaycanda
deyil, bütün müsəlman Şərqində
dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli
Axundzadənin yaradıcılığında multikultural fikirlər
də istər bolluğu, istərsə də rəngarəngliyi
ilə diqqəti çəkir. Məsələn,
böyük maarifçi sənətkar hələ 25
yaşında olarkən - 1837-ci ildə dahi rus şairi
A.S.Puşkinin ölümünə bir elegiya həsr
etmişdir. Bundan əlavə, maarifçi sənətkar
komediyalarında alman, fransız, erməni xalqlarının
nümayəndələrinin bədii obrazlarını
yaratmışdır. M.F.Axundzadənin kiçik müasiri
Seyid Əzim Şirvaninin yaradıcılığında da
multikulturalizm dəyərlərini əks etdirən fikirlər
kifayət qədərdir. Maarifçi şair ətrafında
baş verən bəlaların kökünü
savadsızlıq və cəhalətdə, dini-məzhəbi
ayrı-seçkilikdə, qaranlıq və nadanlıqda
görmüş, çıxış yolunun elmə və
biliklərə yiyələnmək olduğunu
vurğulamışdır.
XX əsrin
əvvəlində Azərbaycanda mətbuatın
inkişafı, xarici ölkələrlə mədəni-ədəbi
sahələrdə əlaqələrin qurulması multikultural
baxışların inkişafı üçün də
genuş üfüqlər açmışdır.
Yazıçı-dramaturq Nəriman Nərimanov “Bahadır və
Sona” adlı roman yazaraq dini ayrı-seçkiliyi pisləmiş
və ayrı-ayrı dinlərin
daşıyıcılarına olan fərqli
baxışları “uçurum” adlandırmışdır. Elə
bu zamanlarda böyük filosof şair Hüseyn Cavid də
“Şeyx Sənan” adlı məşhur faciəsini yazaraq
insanları ayrı-ayrı dinlərə bölənlərə
qarşı öz etiraz səsini ucaltmışdır.
Dahi
satirik şair Mirzə Ələkbər Sabir isə ayrıca
bir şeirində 1905-ci ildə baş vermiş erməni-müsəlman
davasına qəti şəkildə etirazını bildirərək,
hər iki xalqın nümayəndələrini barışa,
sülhə çağırmışdır. Beləliklə,
bütün bu deyilənlər klassik Azərbaycan ədəbiyyatında
multikulturalizm ənənələrinin dərin kökləri
və qədim tarixi olduğunu sübut edir.
Bəxtiyar SADIQOV:
- Tədbirimiz
olduqca məhsuldar və səmərəli keçdi.
Çıxış edən natiqlərin hər biri Azərbaycan
multikulturalizminin mühüm istiqamətlərindən, onun
ideya əsaslarından, nəzəri müddəalarından,
praktik təzahürlərindən ətraflı bəhs etdilər.
Bu
konfransın ən əlamətdar məqamlarından biri ondan
ibarətdir ki, çıxış edənlərin əksəriyyəti
Qəbələdə yaşayan millətlərin nümayəndələri
- udilər, ləzgilər, türklər idilər. Onlar Azərbaycanda
multikulturalizmin həyat tərzi kimi tətbiqini hamıdan
yaxşı bilirlər və bunu hamıdan yaxşı
söyləyirlər.
Bir məqama
da toxunmaq istəyirəm. Azərbaycanda yaşayan bütün
millətlərin nümayəndələri onların sabit
yaşayışı, sosial inkişafı, təhsili və mədəni
hüquqları üçün yaradılan münbit şəraitə
görə Azərbaycan xalqına və dövlətinə
daim minnətdarlıqlarını bildirirlər. Amma onlar bilməlidirlər
ki, qədirbilən Azərbaycan xalqı da onlara minnətdardır.
Çünki biz təkcə əsrlərin
ağrı-acılı sınaqlarından birgə və ləyaqətlə
çıxmamışıq. Biz həm də müstəqilliyin
ilk illərinin uğursuzluqlarını və çətinliklərini
birgə yaşamışıq. Qarabağda və digər ərazilərimizdə
erməni işğalçılarına qarşı
döyüşlərdə səngər yoldaşı olan
xalqlarımız etnik separatçılıq cəhdlərinin
də qarşısını eyni əzm və fədakarlıqla
alıblar.
Heydər
Əliyev siyasi kursu və azərbaycançılıq
ideyası ətrafında sıx səfərbər olan
xalqlarımızın birgə əməyinin, zəhmətinin
və mübarizliyinin nəticəsi olaraq bu gün Azərbaycan
sürətli inkişafa, davamlı yüksəlişə
nail olub.
Ulu
öndər Heydər Əliyevin qurduğu, Prezident İlham
Əliyevin möhkəmləndirdiyi müstəqil Azərbaycan
hər birimizin mənəvi istinadgahı və qürur mənbəyidir.
Azərbaycan hamımızın vətənidir. Və bu Vətən
var olduqca birliyimiz, dostluğumuz əbədi olacaq, gündən-günə
daha da möhkəmlənəcəkdir.
***
Konfransın
rəsmi hissəsindən sonra rayon Mədəniyyət Mərkəzində
Qəbələdə yaşayan xalqların təmsilçilərinin
böyük konserti keçirildi. 2 saylı məktəbin
şagirdlərinin şeir-kompozisiyası ilə başlayan tədbirdə
“Azərbaycanım” (Telman Hümbətov), “Azərbaycan
qızıyam” (Aydan), “Azərbaycan” (Samir Zülfüqarov)
mahnıları, həmçinin Qəndalı Rəşidovun
ifasında ləzgi dilində və Gena Vəzirxoyun təqdimatında
udi dilində mahnılar səsləndirildi. Nic qəsəbə
Yaradıcılıq evinin “Çəngi” qrupunun “Çəngi”
və “İncə” rəqs qrupunun “Mən güləm” rəqsləri
ilə yanaşı, Nic və Qəmərvan kənd məktəblilərinin
hazırladıqları ədəbi-bədii kompozisiyalar, 3
saylı məktəbin şagirdi Mədinə Rəhimovanın
səsləndirdiyi rus dilində şeir, Nurəddin Xanlarov və
aşıq Ayazın ifasında “Xəstə Qasım və Ləzgi
Əhmədin deyişməsi” təqdim edildi. Konsert
proqramı Müsavər Qasımovun ifasında “Dədə
Qorqudun xeyir-duası” ilə başa çatdı.
Azərbaycan.- 2016.- 10 mart.- S. 5, 6, 7