Azərbaycan regionda sabitləşdirici,
barışdırıcı rol oynayır
Prezident İlham ƏLİYEV: “Biz
heç vaxt imkan verməmişik, vermirik və verməyəcəyik
ki, Azərbaycan başqa dövlətlərin maraqlarını
təmin etmək üçün qarşıdurma məkanına
çevrilsin”
Azərbaycan qlobal böhran şəraitində
makroiqtisadi sabitliyi təmin edən, məqsədlərinə
doğru inamla addımlayan, bütün sosial layihələri
gerçəkləşdirən dövlət olaraq öz
nümunəsini ortaya qoyub. Qlobal böhran
dövrünün çağırışlarına adekvat
aparılan çevik islahatlar iqtisadi
dayanıqlılığın təmin olunmasına şərait
yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmiz dünyada güclü, müstəqil,
müasir, davamlı inkişaf edən bir dövlət kimi
tanınır. Respublikamız bölgənin
və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
ciddi rol oynamağa başlayıb, öz peykini orbitə
çıxararaq kosmik klubun üzvü olub.
Qarşıda duran strateji vəzifə Azərbaycanın
müstəqilliyini daha da möhkəmləndirmək və
bütün sahələr üzrə onu dünyanın
inkişaf etmiş, rəqabətədavamlı ölkələri
sırasına çıxarmaqdır. Azərbaycanın davamlı
inkişafının və iqtisadi
dayanıqlığının təmin olunmasında ölkədə
yaradılmış siyasi sabitliklə yanaşı,
iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin
prioritet istiqamətlərindən olan regionların
sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti
var. 2004-cü ildən uğurla icra olunan bu proqramlar bölgələrdə
iqtisadi potensialın artmasına, infrastruktur təminatının,
kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya
mühitinin yaxşılaşmasına və əhalinin
rifahının yüksəlməsinə şərait
yaradıb. Dünya bazarında neftin qiymətinin
kəskin şəkildə aşağı düşməsinə
baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycan
iqtisadiyyatını rəqabət qabiliyyətliyinə görə
dünya miqyasında 40-cı yerə layiq görüb.
Cari ilin ilk rübündə dövlət sektorunda 30 minə
yaxın yeni iş yeri açılıb. Gəlirlərin
azalmasına, neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsinə baxmayaraq, maaşlar,
pensiyalar 10 faiz artıb. Böhranın dərinləşdiyi
bir dövrdə Azərbaycanın 40 milyard dollardan çox olan
strateji valyuta ehtiyatları var. Hazırkı şəraitdə
hökumətin bütün səyi özəl sektoru
böhranın mümkün mənfi təsirlərindən
qorumaq, istehsal sahibkarlığını inkişaf etdirməkdir.
Son illər Azərbaycanda yerli istehsala böyük əhəmiyyət
verilir, həm dövlət, həm də özəl sektora vəsait
qoyulur. Ölkədə biznes mühitinin daha da
yaxşılaşdırılması, lazımsız
yoxlamaların aradan qaldırılması və lisenziyalarla
bağlı vəziyyətin
yaxşılaşdırılması üçün iqtisadi
islahatlar məsələsinə mühüm əhəmiyyət
verilir. Azərbaycanın iqtisadi inkişaf
dinamikası əvvəlcə resurslara əsaslanırdısa,
hazırda iqtisadi şaxələndirmənin nəticəsi
olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir.
Qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini
təşkil edir. Ötən ildə də
qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin
artırılması, regionların tarazlı və davamlı
inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin
açılması, işsizlik probleminin aradan
qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi
istiqamətində bir sıra mühüm addımlar
atılmışdır. İqtisadiyyatın
liberallaşdırılması, xarici investisiyaların
qeyri-neft sektoruna, xüsusən də regionların
inkişafına yönəldilməsi, ölkədə əlverişli
sahibkarlıq və biznes mühitinin
formalaşdırılması kimi vacib məqamlar cənab
İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri
sırasında xüsusi vurğulanmalıdır.
Azərbaycan dünyada maliyyə böhranının dərinləşdiyi
bir dövrdə də iqtisadi islahatları davam etdirir. Qlobal
böhranın yeni fazasının əsas səciyyəvi cəhətləri
dünya istehlakının artım templərinin və qlobal
ticarətin zəifləməsi, bununla əlaqədar qiymət
şoklarının, əsasən də xammallar üzrə
qiymətlərin kəskin enməsidir. Belə bir şəraitdə
ölkəmizin əsas ixrac məhsulu və xarici valyuta
daxilolmalarının mənbəyi olan xam neftin qiymətinin 3
dəfədən çox azalması, 2000-ci illərin əvvəllərindəki
səviyyələrə enməsi ölkənin xarici ticarət
balansının müsbət saldosunu və valyuta
daxilolmalarının digər mənbələrini kəskin
azaltmışdır. Neftin qiymətinin dəfələrlə
aşağı düşməsi səbəbindən ölkənin
valyuta bazarına və manatın məzənnəsinə
ciddi neqativ təzyiqlərin yaranması nəzərə
alınaraq hökumət obyektiv zərurət kimi manatın
devalvasiyasını həyata keçirmiş, beləliklə,
bir tərəfdən ölkənin strateji valyuta
ehtiyatlarının sürətlə azalmasının
qarşısı alınmış və tədiyyə
balansı tarazlaşdırılmış, digər tərəfdən
milli iqtisadiyyatın rəqabətqabiliyyətliyi
artırılmışdır.
Azərbaycan dövləti praqmatizmə,
qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan açıq xarici siyasət xətti
yürüdür. Ölkə diplomatiyası regional əməkdaşlıq,
enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda
təmsilçilik kimi məsələlərdə milli
maraqların prioritetliyini maksimum səviyyədə təmin
edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik
meyillərinə rasional və təmkinli münasibət
göstərir. Təcrübə göstərir
ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə
çevik və adekvat reaksiyası ilə seçilən,
çoxqütblü əməkdaşlığa
üstünlük verən ölkələr tez bir zamanda
qarşıya qoyduqları bütün məqsədlərə
yetişə bilirlər.
Prezident
İlham Əliyev martın 19-da Bakıda Azərbaycan
xalqının milli bayramı - Novruz münasibətilə
ümumxalq şənliyində deyib: “Bugünkü dünyada
bir çox ölkələr üçün təhlükəsizlik
məsələləri ön plana çıxır. Azərbaycan bu sahədə nümunəvi ölkədir.
Azərbaycan xalqı rahat, təhlükəsizlik,
əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda kriminogen durum çox
yaxşıdır. Bu göstəriciyə
görə biz dünya miqyasında liderlər
sırasındayıq. Bir sözlə, hər
bir ölkənin inkişafı üçün ictimai-siyasi
sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas şərtlərdir.
Biz qürur hissi ilə deyə bilərik ki,
müstəqillik illərində, xüsusilə son illər ərzində
Azərbaycanda təhlükəsizlik tədbirləri ən
yüksək səviyyədə təmin edilir. Biz heç bir ölkənin daxili işinə
qarışmırıq, heç bir avantüraya qoşulmuruq,
öz işimizlə məşğuluq, öz ölkəmizi
inkişaf etdiririk, xalqımızın rifahını təmin
edirik. Əlbəttə, heç vaxt imkan
verməmişik və verməyəcəyik ki, kimsə bizim
daxili işimizə qarışsın. Çünki
Azərbaycan xalqı öz taleyinin sahibidir. Biz ölkəmizin inkişafı, çiçəklənməsi
üçün əlimizdən gələni edirik.
Bütün Azərbaycan cəmiyyəti vahid ideya, amal
uğrunda birləşibdir - ölkəmizi gücləndirək,
iqtisadiyyatı inkişaf etdirək, xalqımızın rifah
halını daha da yüksəklərə qaldıraq”.
Son illər
dünyada cərəyan edən proseslər - yaradılan
süni konfliktlər göstərir ki, “soyuq müharibə”nin əsas aktorları nəinki ayrı-ayrı
dövlətləri siyasi və iqtisadi nüfuz dairəsinə
salmaq istəyir, hətta onların Birləşmiş Millətlər
Təşkilatı tərəfindən tanınan qanuni sərhədlərini
də dəyişdirir, zorakı üsullarla ərazi ilhaqına
nail olurlar. Regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa
ciddi təhlükə olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı son bir ildə aparılan danışıqlarda da
ciddi nəticələr olmadı. Təəssüf
doğuran haldır ki, danışıqlar prosesinə real təsir
imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar
problemin həllinə nail olmaq üçün konkret təzyiq
mexanizmlərindən istifadə etmək istəmirlər.
BMT qərarlarının səmərəli təsir
gücünə malik olmadığını təşkilatın
Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar
siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnamənin
kağız üzərində qalması da təsdiqləyir.
İşğal faktı ilə
barışmayacağını hər zaman bəyan edən Azərbaycan
danışıqların sonadək nəticəsiz
qalacağı təqdirdə münaqişənin həllində
güc yoluna əl atacağını gizlətmir.
Azərbaycanın regionda lider mövqeyini qoruyub
saxlaması və bütün sahələrdə davamlı
inkişaf etməsi ölkəmizin beynəlxalq arenada
nüfuzunu daha da artırıb. Bərabərhüquqlu
tərəfdaşlıq və müstəqil xarici siyasət
prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin
Azərbaycanın daxili işlərinə
qarışmasına qətiyyətlə yol vermir. Azərbaycan qısa müddət ərzində
bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi
Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi, siyasi, hərbi sahədə qüdrətimizin
ildən-ilə əhəmiyyətli dərəcədə
artması deməyə əsas verir ki, ölkəmizlə təzyiq
dilində danışmaq qeyri-mümkündür. Azərbaycan yalnız onunla bərabərhüquqlu və
xoşməramlı əməkdaşlıq etmək istəyən
dövlətlərə öz qapılarını
açır.
Prezident
İlham Əliyev bununla bağlı bildirib: “Azərbaycan
dünya miqyasında böyük hörmətə malik olan
bir ölkədir. Bu ilin ilk ayları bunu bir daha
göstərir. Bütün beynəlxalq məsələlərlə
bağlı bizim prinsipial mövqeyimiz var və bu mövqeyə
heç bir kənar qüvvə təsir edə bilməz.
Biz ədalətin, beynəlxalq hüququn, əməkdaşlığın
tərəfdarıyıq. Biz heç vaxt
imkan verməmişik, vermirik və verməyəcəyik ki, Azərbaycan
başqa dövlətlərin maraqlarını təmin etmək
üçün qarşıdurma məkanına çevrilsin.
Əksinə, Azərbaycan əməkdaşlıq
məkanıdır. Biz bölgədə
sabitləşdirici, barışdırıcı rol
oynayırıq. Bizə olan hörmət
getdikcə artır. Çünki bizim
sözümüzlə əməlimiz birdir. Biz prinsipial mövqe nümayiş etdiririk. Bəzi ölkələrin bu mövqedən xoşu
gəlməyə bilər, ancaq bu, bizim problemimiz deyil. Belə olan halda, əlbəttə ki, təzyiqlər
də olacaq, bizi müxtəlif səmtlərə çəkmək
üçün səylər göstəriləcək.
Amma eyni zamanda, bizə olan hörmət daha da
artacaq. Biz öz siyasətimizlə
dünya miqyasında böyük hörmət
qazanmışıq və bu hörmət getdikcə
artır”.
Azərbaycanın bölgədə artan rolunu qərəzli
olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi
cəhdlərinə də rast gəlinir. Bu reallıq
sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş
və demokratiya yolunda olmayan heç bir ölkə ilə
davamlı, uzunmüddətli, qarşılıqlı faydalı
əməkdaşlıq münasibətləri qurmayıb.
Neftlə, qazla zəngin bir çox ölkələrdən
fərqli olaraq Azərbaycan daha çox demokratikləşmə
yolunda qazandığı uğurlarla Avratlantik məkana
inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə,
insan və vətəndaş hüquq və
azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini
sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq
və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi
Bakı hansısa dövlətin Azərbaycanın daxili
işlərinə qarışmasına da qətiyyətlə
yol vermir.
Elnur HACALIYEV,
Azərbaycan 2016.- 29 mart.- S. 1, 3.