İqtisadi islahatların yeni istiqamətləri

 

Antiböhran tədbirləri makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edir

 

Geosiyasi səbəblərlə bağlı dünyada neftin qiymətlərinin 3 dəfədən çox aşağı düşməsi əksər ölkələri iflic duruma salan qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin mümkün dərəcədə aradan qaldırılması yolu ilə iqtisadi inkişaf prosesində mütərəqqi meyillərin qorunub saxlanılmasını obyektiv tələbata çevirmişdir.

Son aylar həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində böhranın psixoloji gərginlik mərhələsi geridə qalmış, neftdən asılı olmayan yeni makroiqtisadi sistemə keçid prosesi xeyli dərəcədə sürətlənmişdir.

Qeyd etmək lazımdır ki, 2015-ci ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, bölgələrdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar hökumətin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bunun nəticəsi olaraq ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4, qeyri-neft sənayesi 8,4 faiz artmışdır.

Qlobal maliyyə-iqtisadi qurumlarının proqnozlarına baxmayaraq, 2015-ci ildə dünya iqtisadiyyatının inkişaf templərinin azalması müşahidə olunmuşdur. Bu prosesin əsas səciyyəvi cəhətləri dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsidir. Belə bir şəraitdə ölkəmizin əsas ixrac məhsulu və xarici valyuta daxilolmalarının mənbəyi olan xam neftin qiymətinin 3 dəfədən çox azalması ölkənin xarici ticarət balansının müsbət saldosunu və valyuta daxilolmalarının digər mənbələrini kəskin şəkildə azaltmışdır.

Məlumdur ki, qlobal iqtisadiyyatda cərəyan edən neqativ proseslər - enerji daşıyıcılarının qiymətlərinin düşməsi əsas gəlirləri neft və qaz satışı olan Azərbaycana da təsirsiz ötüşməmiş, ilin əvvəllərindən başlayaraq ölkəmizdə xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin azalmasına gətirib çıxarmışdır. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşmış, bu çağırışlara müvafiq olaraq büdcə-vergi və pul-məzənnə siyasətində adekvat manevrlər həyata keçirilmişdir. Bir tərəfdən ölkəyə valyuta daxilolmalarının azalması, digər tərəfdən isə qonşu ölkələrdə milli valyutaların sürətlə dəyərsizləşməsi psixoloji olaraq ölkəmizə də təsirini göstərmiş, Mərkəzi Bank milli valyuta ehtiyatlarını qorumaq üçün 2015-ci ilin fevral ayında manatın devalvasiyasına, dekabr ayında isə “üzən məzənnə” rejiminə keçid barədə qərar qəbul etmişdir.

Dövlət başçısı Nazirlər Kabinetinin yanvarın 10-da keçirilmiş iclasında bununla bağlı demişdir: “Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da, əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”.

Strateji valyuta ehtiyatlarının qorunub saxlanılması, idxalın optimallaşdırılması və ixracın stimullaşdırılmasına xidmət edən devalvasiya qərarlarının əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməməsi, habelə ölkə iqtisadiyyatının yaranmış vəziyyətdən maksimum az itki ilə çıxması üçün dövlət başçısının rəhbərliyi ilə kompleks antiböhran tədbirləri işlənib hazırlanmış və həyata keçirilməsinə başlanılmışdır.

Ümumiyyətlə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu il yanvarın 10-da 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında, eləcə də yanvarın 16-da iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə, habelə yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının ikinci ildönümünə həsr olunmuş iclasında qlobal böhranın və devalvasiyanın ölkəmizə mənfi təsirlərinin tez zamanda aradan qaldırılması ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısı bildirmişdir ki, ölkə iqtisadiyyatını mənfi təsirlərdən qorumaq üçün maliyyə intizamı gücləndirilməli, lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə hesablanmış layihələrin icrası təxirə salınmalı, valyuta bazarının sabitləşməsi üçün bir sıra səmərəli tədbirlər həyata keçirilməli, sahibkarlığın inkişafı, ixracın stimullaşdırılması istiqamətində islahatlar genişləndirilməlidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indiki şəraitdə hökumətin fəaliyyətində dinamizm və şəffaflıq artırılmalı, yeni dövrün aktual çağırışlarına cavab verən çevik idarəçilik modeli formalaşdırılmalı, dövlət büdcəsinin xərclər hissəsinin təsnifləşdirilməsi təkmilləşdirilməli, xərcləmələr üzrə yeni mexanizmlər işlənilib hazırlanmalı, fəaliyyət istiqamətləri oxşar olan, bir-birini təkrarlayan dövlət qurumlarının konsolidasiyası həyata keçirilməli, dövlət aparatının saxlanılması xərcləri maksimum dərəcədə optimallaşdırılmalı; büdcə yükünün azaldılması istiqamətində addımlar atılmalıdır. Dövlət qurumlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi, şəffaflığın artırılması, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində islahatlar genişləndirilməli, “e-hökumət” modelinin bütün sahələrdə tətbiqi təmin edilməlidir. Ölkədə biznes mühitinin liberallaşması, sahibkarların fəaliyyətinə dolayısı və birbaşa mane olan, onlara qarşı əsassız tələblər irəli sürən dövlət qurumlarına, o cümlədən yerli icra hakimiyyəti orqanlarına qarşı sərt mübarizə tədbirlərinin həyata keçirilməsi, rayonların dövlət büdcəsindən dotasiyasının ilbəil azaldılması, yerli xərclərin daxili imkanlar hesabına təmin edilməsi vacib məsələlər kimi qarşıda dayanır. Son aylarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması da məhz sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

Ölkə rəhbərinin antiböhran tədbirlərini bu cür ümumiləşdirmək mümkündür:

1) ölkə iqtisadiyyatının böhran dövrünün reallıqlarına adaptasiya edilməsi, büdcə vəsaitlərindən qənaətlə istifadə olunması, yalnız ən zəruri və təxirəsalınmaz investisiya layihələrinin maliyyələşdirilməsi;

2) biznes mühitinin liberallaşdırılması, sahibkarlar üçün daha əlverişli imkanların yaradılması istiqamətində islahatların davam etdirilməsi, vergi və gömrük orqanlarının fəaliyyətinin optimallaşdırılması;

3) devalvasiya prosesləri ilə əlaqədar vətəndaşlara dəymiş ziyanın maksimum dərəcədə kompensasiyası, sosialyönümlü tədbirlərin həyata keçirilməsi;

4) bank sisteminin dayanıqlığının və likvidliyinin təmin edilməsi, iqtisadiyyatın real sektoruna sərmayələrin yatırılmasının dəstəklənməsi, nağdsız ödənişlərin həcminin artırılması;

5) ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət modelinin formalaşdırılması, şəfflaflığın və hesabatlılığın artırılması.

Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış antiböhran strategiyası cəmi 3 aya yaxın müddətdə böhranın ictimai rəyə psixoloji təsirlərini azaltmış, postneft dövrünə səmərəli adaptasiyanı təmin etmişdir. Yalnız bu ilin əvvəllərindən başlayaraq qəbul olunan qanunlar, imzalanan fərman və sərəncamlar deməyə əsas verir ki, ölkə rəhbərliyi hazırkı mürəkkəb mərhələdə Azərbaycanın qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra olunmasını təmin edir.

Əksər dünya ölkələrini iflic duruma salan qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirlərinin qabarıq hiss olunmaması, eyni zamanda iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması “İnkişafın Azərbaycan modeli”nin dayanıqlığını bir daha təsdiqləyir. Ümumilikdə maliyyə-bank sektorunun dəstəklənməsi də daxil olmaqla ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə yatırımlarının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi qlobal böhrana qarşı effektiv tədbirlər sisteminin yalnız müəyyən qismidir. Bu müddətdə həmçinin fiksal və monetar siyasətin səmərəliliyi hökumət qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına əlverişli imkanlar yaratmışdır. Son ayların antiböhran paketinə potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarəsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması kimi vacib məsələlər də xüsusi qeyd olunmalıdır.

2015-ci ilin əvvəllərindən maliyyə böhranının ilk simptomlarını nəzərə alan Mərkəzi Bank respublika banklarının xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanılması üzrə konkret addımlar atmış və səmərəli nəticələr əldə etmişdir. Manatın sabitliyini qorumaq üçün valyuta bazarında tələb və təklif vaxtında tarazlaşdırılmış, preventiv tədbirlər nəticəsində respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmişdir. Respublika banklarının səhmlərinin dünya birjalarında dövriyyədə olmaması, dünyanın müflisləşən iri maliyyə qurumlarının səhmlərinə Azərbaycan banklarının portfel investisiyalarının yerləşdirilməməsi bu sektorun böhrandan ziyan çəkməsinin qarşısını almışdır.

Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranına qarşı səmərəli mübarizə aparması həm də respublikamızın müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir. Ölkəmizin maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştiraka haqlı olaraq ehtiyatlı yanaşması maliyyə böhranının respublikamıza təsirini zəiflədən əsas amillərdən olmuşdur. Azərbaycanın qlobal böhrana qarşı əzmkar müqaviməti həm də onunla şərtlənmişdir ki, ölkəmiz bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün cəhətlərindən biri sərbəst inkişaf etmək iqtidarında olmasıdır. Respublikada daxili investisiyalar xarici sərmayə qoyuluşlarını üstələyir, qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Zəngin təbii sərvətlərə malik olması Azərbaycan iqtisadiyyatının sərbəst inkişaf etmək imkanlarını təmin edir. Bu cəhətdən respublikamız hətta Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra başqa inkişaf etmiş ölkələrinə nisbətən daha dayanıqlı iqtisadi sistemə malikdir. Məsələ ondadır ki, hazırda dünyanın bir sıra nüfuzlu ölkələrinin iqtisadiyyatı möhkəm təməli olmayan dayaqlar üzərində qurulmuşdur. Həmin ölkələrin istehsal sahələri əsasən başqa yerlərdən gətirilən enerji-xammal əsasında inkişaf edir. Ölkələr arasında münasibətlərin hər hansı bir səbəbdən pozulması isə onların iqtisadiyyatını iflic vəziyyətinə salır. Qlobal iqtisadi böhranın əksər dünya ölkələrini çətin vəziyyətə salması da, əslində, bu bağlılığın nəticəsi idi. Azərbaycanda istehsal edilən məhsullar isə daxili istehlak tələbini müəyyən dərəcədə ödəməyə xidmət edir. Bu da kəskin dünya maliyyə böhranı fəsadlarının mənfi nəticələrinin Azərbaycan iqtisadiyyatına kəskin təsirini minimuma endirir. Lakin hökumət xüsusilə də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün idxalın əhəmiyyətli dərəcədə azaldılmasını vacib sayır və bu istiqamətdə sistemli addımlar atılır.

Prezidentin 4 mart 2016-cı il tarixli “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür.

Sərəncamda Dövlət Gömrük Komitəsinə bir sıra mühüm məsələlərlə yanaşı, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək tapşırılmışdır. Komitə həmçinin elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etməli; gömrük nəzarətinin səmərəliliyini artırmaq üçün gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirməlidir. Bundan başqa, gömrük sərhədindən mal dövriyyəsini sürətləndirməkdən ötrü beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılması və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatlandırılması təmin edilməlidir.

Göründüyü kimi, son ayların antiböhran tədbirlərinin ana xətti kimi sahibkarlıq fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri dayanır. Dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Son 12 ildə həyata keçirilən dövlət proqramları ilk növbədə regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmdirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayrılmışdır. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə bölgələrdə dönüş mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.

Məqsəd həm də Azərbaycan məhsullarının beynəlxalq bazarda rəqabətqabiliyyətlik imkanlarının geniş araşdırılması və bu xüsusda yeni istehsal müəssisələrinin açılmasının stimullaşdırılması, ölkənin milli brendi altında məhsulların xarici bazarlara idxal olunmasıdır. Xarici ticarətdə inhisarçılığın tamamilə aradan qaldırılması, idxalda azad rəqabətin təmin edilməsi də böhran şəraitində vacib addımlar sırasındadır. Bundan başqa, fermerlər də daxil olmaqla, müxtəlif həssas sahibkarlıq subyektlərinə güzəştli maliyyə yardımlarının verilməsi mexanizmi təkmilləşdirilir.

Dövlət başçısının imzaladığı fərmanla ixracyönümlü məhsullar istehsal edən müəssisələr üçün güzəştlərin tətbiqi də böhran dövründə mühüm addımlar sırasındadır. Ümumilikdə Vergi Məcəlləsinə 2016-cı il yanvarın 1-dən qüvvəyə minmiş əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət edir. Mühüm bir dəyişikliksə ƏDV-nin məqsədləri üçün ərizəvermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək artırılmasıdır. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək və bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcəkdir.

Devalvasiya prosesləri ilə bağlı valyuta bazarında mövcud olan süni ajiotajı aradan qaldırmaq, milli valyutaya etimadı gücləndirmək istiqamətində həyata keçirilən antiböhran tədbirlərini xüsusi qeyd etmək lazımdır. Son günlər isə neftin qiymətlərində artım müşahidə edilir və ekspertlər ilin ortalarında qiymətlərin 50 dollaradək yüksələcəyini proqnozlaşdırırlar. Bundan əlavə, Azərbaycanın 40 milyard dollara yaxın strateji valyuta ehtiyatları, habelə cəmi 6,7 milyard dollar olmaqla ümumi daxili məhsulun 12,4 faizini təşkil edən xarici borcu, beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirak etməməsi maliyyə böhranının təsirini zəiflədən əsas amillər sırasındadır.

Hökumətin bank və valyuta bazarının sabitləşdirilməsi istiqamətində atdığı addımlar - Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, Mərkəzi Bankın statusunun dəyişdirilməsi, bəzi bankların ləğvi və birləşdirilməsi, məbləğindən asılı olmayaraq bütün əmanətlərin sığortalanması mexanizminə keçid, habelə əmanətlərin vergidən azad edilməsi, valyuta rejiminin tənzimlənməsi və digər addımlar manata etimadın zamanla bərpa olunmasına şərait yaradır. Ölkədə dollarlaşma prosesinin qarşısının alınması məqsədilə manatla olan əmanətlərin sığortalanması üçün maksimum 12, dollarla olan əmanətlərdə isə cəmi 3 faiz müəyyən edilmişdir. Əhalinin banklardakı əmanətlərinin 3 il müddətində vergidən azad edilməsi də bank sisteminə real dəstəyin bariz təcəssümüdür.

Ölkə rəhbərinin 2 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 129-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 698 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı da bu baxımdan xüsusi qeyd olunmalıdır. Əlavə və dəyişikliklər nəticəsində 2016-cı il üçün dövlət büdcəsi qlobal böhran mərhələsinin reallıqlarına adekvat ali maliyyə sənədi sayıla bilər. Bu ilin büdcəsi qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadi inkişafına mümkün təsirləri, o cümlədən valyuta daxilolmalarının və tədiyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım sürətinin zəifləməsi, habelə neftin qiymətinin kəskin azalması nəzərə alınmaqla realist ssenarilər əsasında hazırlanmışdır.

Dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrə müvafiq olaraq bu il qeyri-neft sektorunun büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, eyni zamanda, iaşədə, ticarətdə və inşaat sektorunda tətbiq edilən güzəştlərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığının stimullaşdırılması, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması əsas prioritetlər sırasında olmuşdur. Bundan başqa, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olunmaqla, prioritetlik daşımayan xərclər üzrə, eləcə də büdcə təşkilatlarında israfçılığa qarşı sərt qənaət rejiminin tətbiqi, sosialyönümlü xərclərin vaxtlı- vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 milyon manat nəzərdə tutulmuşdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256 milyon manat və ya 15,5 faiz çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7 faiz çoxdur. Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 bareli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülmüşdür. 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 673 milyon manat təşkil edəcəkdir.

2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 10 milyon manatı və ya 41,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür ki, bu da təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə 108,3 milyon manat və ya 1,5 faiz azdır. Proqnozlaşdırılan daxilolmaların 23 faizi və ya 1610 milyon manatı neft sektorunun, 77 faizi və ya 5400 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolma hesabına formalaşacaq. Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 220 milyon manat və ya 13,8 faiz çoxdur. Bundan əlavə, 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 615 milyon manatı və ya 45,3 faizi Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertin payına düşəcəkdir. Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində ARDNF-nin gəlirlərinin 3 milyard 230,3 milyon manat azalması hesabınadır. İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1 faiz və yaxud 4 milyard 610,2 milyon manat artırılaraq 24 milyard 566,6 milyon manata çatdırılması təmin edilmişdir.

Bütün bu göstəricilər ölkədə iqtisadi tarazlığın qorunub saxlanılmasına yaxşı imkanlar yaradır. Azərbaycan Mərkəzi Bankının 2016-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı da göstərir ki, respublikamız bu il qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə maksimum müqavimət əzmi nümayiş etdirəcəkdir. Bəyanatda qeyd olunur ki, “ortamüddətli dövrdə milli iqtisadiyyatın “yenidən balanslaşdırılması”, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (“təklif iqtisadiyyatı”) keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran strateji çağırışdır. Bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcəkdir”.

2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcəkdir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görüləcəkdir. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.

Qeyd olunur ki, manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta ehtiyatlarının yüksək səviyyədə (hazırda ÜDM-in 100 fazindən çox) qorunub saxlanmasına gətirib çıxarmalıdır.

Ümumilikdə imzalanan sənədlər, eləcə də sahibkarların hüquqlarının qorunması məqsədilə keçirilən inzibati-hüquqi tədbirlər ölkə rəhbəri İlham Əliyevin sistem islahatları ilə bağlı söylədiyi fikirlərin reallaşdığını göstərir. Başqa sözlə, Prezident yeni şəraitdə dövlət idarəçilik sisteminin daha çevik və işlək mexanizmlərlə həyata keçirilməsini, ictimai həyatın bütün sahələrində şəffaflığın, hesabatlılığın təmin edilməsini və bu yolla ölkədə dayanıqlı iqtisadi inkişafın qarantı olan burjuaziyanın formalaşdırılmasını vacib sayır. Əminliklə deyə bilərik ki, dövlət başçısının siyasi iradəsi və qətiyyəti ilə həyata keçirilən kompleks tədbirlər ən qısa zamanda ölkədə biznes mühitinin əhəmiyyətli dərəcədə sağlamlaşmasını və Azərbaycanın böhrana qarşı əzmkar müqavimətini təmin edəcəkdir.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan 2016.- 30 mart.- S.1, 4.