İki şəhid anası Zeynəb Bayramova: “Övladlarımla qürur duyuram

 

1992-ci il idi. Başqa uşaqlar kimi, Vaqif də dərsdən sonra həmyaşıdları ilə həyət-bacada oynayır, dünyada nələr baş verdiyini dərk etmirdi. Cəmi 13 yaşı vardı. Ancaq tez-tez yaxınlıqda səslənən top, mərmi səsləri onun da uşaq qəlbində narahatlıq yaradırdı. Bir gün anasından soruşdu:

- Ana, bu nə səsdir?

Anası Zeynəb xala dərindən köks ötürüb - müharibədir bala, - dedi. Ermənilər Qarabağımıza göz dikiblər. İstəyirlər ki, onu bizdən alsınlar.

Bu söhbətdən xeyli vaxt keçmişdi. Vaqif bir gün yenə anasının yanına gəlib əlində tutduğu pulları ona göstərib dedi:

- Ana, bu pulları velosiped almaq üçün yığmışam. Ancaq istəyirəm ki, onu əsgərlərimizə göndərim ki, silah alıb, düşmənlərimizi qovsunlar.

 Anası uşağı bağrına basıb alnından öpdü qardaşı Mehmanın könüllülər batalyonunda düşmənə qarşı döyüşdüyünü xatırlatdı.

Həmin vaxtlar Vaqifin böyük qardaşı Mehman Bayramovun şücaəti barədə doğulub boya-başa çatdığı Naftalan şəhərində hamı ağızdolusu danışırdı. Onun Başkənd, Boris, İrkəc, Mənəş, Buzluq, Gülüstan digər kəndlər uğrunda gedən gərgin döyüşlərdəki igidliklərindən danışılırdı. Zeynəb xala balaca Vaqiflə tez-tez döyüş bölgəsinə gedər, oğlu Mehmanla görüşər, bişirdiyi yeməkləri, eləcə öz əlləri ilə toxuduğu isti paltar corabları əsgərlərə paylayardı. Günlərin birində yenə balaca Vaqiflə əsgərlərin görüşünə gedərkən qəflətən yanlarındaqradpartladı Zeynəb xala balaca Vaqifi qorumaq üçün özünü onun üstünə atdı. Ayılanda özünü xəstəxanada gördü. Balaca Vaqif yanında idi. Yaralanmışdılar...

...Bir gün qəflətən eşitdiyi bəd xəbər Zeynəb xalanı sarsıtdı. Oğlu Mehman  Qaraçinar uğrunda gedən döyüşdə igidlik göstərərək şəhid olmuşdu. Onun ölümü kiçik qardaşı Vaqifə çox təsir etdi məktəbi bitirəndə mütləq hərbçi olmağı qarşısına məqsəd qoydu. 8-ci sinfi başa vuranda Naxçıvanski adına hərbi liseyə daxil oldu. Müəllimlərindən hərbin sirlərini öyrənmək üçün var qüvvəsini əsirgəmədi. Liseyi fərqlənmə ilə başa vurdu. Sonra təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirdi. Baş leytenant rütbəsi ilə vətənin keşiyinə yollandı. Döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə dəfələrlə  diplomlarla, fəxri fərmanlarla, eləcə müxtəlif medallarla təltif olundu. Hətta bir dəfə düşmənin təxribatının qarşısını alarkən minaya düşərək üz ayaq nahiyəsindən yaralandı. Müalicədən sonra xidmət etdiyi hərbi hissəyə qayıtdı. Lakin bu ilin aprel ayının 6-da ermənilərin növbəti təxribatının qarşısını alarkən xain düşmən gülləsi ondan da yan keçmədi. Vaqif  36 yaşında qəhrəmancasına şəhid oldu o, Naftalanda böyük izdihamla canı qədər sevdiyi torpağa tapşırıldı.

İndi Vaqif Bayramovun ailəsində üç uşaq böyüyür. Vətənin bölünməzliyi uğrunda iki şəhid vermiş Dilqəm və Zeynəb övladları ilə fəxr etdiklərini söylədilər. Son dəfə Vaqifin evə gəlişinin səbəbini söylədi. Dedi ki, qızı Ümidin ad günü idi. Çox sevinirdi. Deyirdi ki, güclü ordumuz var. Əgər Ali Baş Komandan əmr versə, bir neçə günə torpaqlarımızı ermənilərdən təmizləyə bilərik. Azərbaycan xalqının ruh yüksəkliyindən danışan Vaqif onu da böyük inamla dedi ki, sağlıq olsun, tezliklə  Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq. Özüo bayrağı  ən uca zirvədə mən dalğalandıracam.

Bizimlə söhbət zamanı əllərini qar kimi ağarmış saçlarına çəkən Zeynəb xala başını dik tutaraq bunları dedi:

- Övladlarımla qürur duyuram. Lazım gəlsə, bu yaşımda mən də cəbhəyə gedərəm. Təki qarı düşmən torpaqlarımızdan rədd olsun!..

 

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2016.- 1 may.- S. 8.