Ali Baş Komandan Azərbaycanın hərbi üstünlüyünü Qarabağda
elan etdi
Prezident İlham
Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında
xalqımızın və ordumuzun qəhrəmanlığı,
şücaəti, vətənpərvərliyi təcəssüm
etdi
Prezident İlham Əliyevin Qarabağa, birbaşa cəbhə xəttinə gedişi şübhəsiz ki, dövlət başçısının bölgələrə sistemli və mütəmadi hal alan səfərləri kontekstində əlahiddəliyinə görə xüsusi fərqlənir. Çünki bu səfərin əsas məqsədi Prezidentin məhz Ali Baş Komandan statasunda öz əsgərləri və savaşda zərər çəkən vətəndaşları ilə görüşü idi. Və bütün bu görüşlərin ən bariz göstəricisi o oldu ki, əsgərindən mülki vətəndaşına, zabitindən kəndlisinə qədər hər bir azərbaycanlını bütün dünya mübariz əhval-ruhiyyədə, yenilməz ovqatda gördü. Həmçinin hər kəs Baş Sərkərdənin qazandırdığı son hərbi üstünlüyü genişləndirməyə hazır olduğunu dönə-dönə vurğuladı.
Hərbi vəziyyət
Ali Baş
Komandanın birbaşa nəzarətindədir
Ölkə rəhbərinin və birinci xanımın ön səngərdə - işğalçı ordu ilə ən yaxın təmas xəttində yerləşən məntəqələrdə olmaları cəbhədəki hərbi durumu müəyyənləşdirən, üstünlüyün və ilkin qələbənin hansı tərəfdə olduğunu göstərən ən mühüm amil idi.
Bu səfərin psixoloji təəssüratları isə daha əhəmiyyətli görünürdü. Ali Baş Komandan hərbi gərginliyin şiddətləndiyi dövrdə böyük riskə baxmayaraq düşmənin birbaşa hədəf zərbəsi altında olan məntəqələrə getdi, açıq görüşlər keçirdi. Bu mübarizlik və mərdlik nümunəsi cəbhə xəttində yaşayan əhaliyə, həmçinin Silahlı Qüvvələrimizin şəxsi heyətinə olduqca böyük ruh yüksəkliyi bəxş etdi, onlarda özünə əminlik hissini möhkəmləndirdi. Eyni zamanda, bu ərazilərə nəzarətin məhz Azərbaycana məxsus olduğunu, hərbi üstünlüyün əsgərlərimizə məxsusluğunu, dövlət və xalq olaraq torpaqlarımızdan geri çəkilməyəcəyimizi düşmənə növbəti dəfə nümayiş etdirdi.
Ali Baş Komandan onun əmrlərini uğurla icra edən, hərbi üstünlüyə nail olan əsgərlərini yüksək qürur hissi ilə mükafatlandırdı, onlardan razılığını ifadə etdi. Eyni zamanda, düşmən təxribatları nəticəsində ciddi itkilərə məruz qalan vətəndaşların bütün problemlərinin dərhal həllini tapacağını bəyan etdi.
Əsgər arxasında qüdrətli Sərkərdənin, vətəndaş yanında güclü dövlətin, düşmən isə qarşısında onu tam zərərsizləşdirməyə qadir müzəffər Azərbaycanın olduğunu bir daha gördü!
Ali Baş Komandan qətiyyətli əsgər və zabitlərinin hərbi şücaətlərini məğrurluqla izlədi!
Prezident vətəndaşlarının onu və siyasətini birmənalı dəstəklədiklərini, Qarabağa məhz onun sayəsində geri dönəcəklərinə əmin olduqlarını tam aydınlığı ilə müşahidə etdi!
Lider böyük fədakarlıqla qurduğu qüdrətli və möhtəşəm dövlətin Qarabağdan daha əzəmətli görünən nailiyyətlərini məmnunluqla seyr etdi!
İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında bütünlüklə Azərbaycan övladlarının qəhrəmanlığı, igidliyi və vətənpərvərliyi təcəssüm etdi!
Qaliblərin görüşü
Prezidentin və xanımının təmas xəttində yerləşən Tərtər, Ağdam, Bərdə rayonlarında keçirdikləri görüşlərdə emosional məqamlar, rəsmiyyətdən çox uzaq olan mehriban ünsiyyət, yüksək səmimiyyət ovqatı, duyğusallıq xüsusi nəzərə çarpırdı.
Məsələn, hərbi nizamnaməylə ciddi tənzimlənən Ali Baş Komandan-zabit-əsgər ünsiyyət və davranış qaydaları hərbi hissədə öz rəsmi formasını bir qədər dəyişdi, xoş ab-hava ilə keçdi. Olduqca təsirli vəziyyət yaranmışdı: gənc əsgərlər onların raportunu dinləyən, hədiyyə təqdim edən Komandana həm də bir himayədar, qayğıkeş ATA kimi baxır, qürurlarından və minnətdarlıqlarından hər biri təsirlənirdi.
Ali Baş Komandan isə qarşısında dayanmış bu gənclərə onun əmrinə müntəzir olan əsgərdən daha çox, əməllərindən iftixar duyduğu övladları kimi yanaşırdı! Prezidentin nəzərlərindəki bu fəxarət, sevinc, sevgi görüş boyu əskilmədi...
Çünki bu, qaliblərin görüşü idi!
Bu görüşdə istər Komandan, istərsə də əsgər ol, fərqi yoxdur, əsas odur ki, qarşılıqlı inam, etimad, ən əsası, güvən var!
Ən maraqlı an o idi ki, Ali Baş Komandan da öz əsgərlərinə hesabat verirdi. Əldə edilən inkişafın, qazanılan uğurların son hərbi nailiyyətlərin əsas rəhni olduğu və hərbi üstünlüyün daha da genişlənməsi üçün dövlətin yetərincə gücə sahibləndiyi barədə sözləri əsgər və zabitlər böyük ruh yüksəkliyi ilə dinləyirdilər. Prezident beynəlxalq təzyiqlərin artdığı bir zamanda Ermənistanın atəşkəs rejimini pozaraq təxribata əl atmasını və onun bu avantürasının ordumuz tərəfindən dəf edilməsinin qaranlıq mətləblərinə aydınlıq gətirdi.
Silahlı Qüvvələrimizin şəxsi heyətinin məlumatlandırılmasına xidmət edən bu çıxışda ölkə rəhbəri birmənalı bəyan etdi: Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq; hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycan tərəfindədir və döyüş mövqelərimiz daha da möhkəmlənəcək.
Tərtər şəhərində və rayonun Qapanlı kəndində erməni vandalizminə məruz qalan sakinlərlə görüş də çox səmimi ovqatda baş tutdu. Prezident və xanımı rəsmi etiketi kənara qoydular, yollarını dəyişərək ağbirçək ananın yanına getdilər, onunla görüşdülər, dərdini dinlədilər, ona kömək olacaqlarına söz verilər...Yaxud müharibənin ağır məşəqqətlərini yaşayan körpələrlə görüşdə Prezidentin və Mehriban xanım Əliyevanın göstərdikləri nəciblik, alicənablıq çox təsirli idi.
Aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən başlayan yeni təxribatlar nəticəsində Tərtər böyük dağıntılara məruz qalıb. İriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində rayonda 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamam məhv edilib. Tək Qapanlı kəndində 55 ev ziyan çəkib, 14-ü tamamilə dağıdılıb. Dağılmış evlərə baxan Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirdi. “Ordumuz döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar” - ölkə rəhbərinin bu sözləri işğalçı ordunun hansı rəzilliyə düşdüyünü bir daha isbat etdi.
Ağdamın dəstəyi
dəyişməzdir: yalnız İlham
Əliyev!
Ağdam Qarabağ münaqişəsinin ən böyük çətinliklərini, ən ağır itkilərini, ən qanlı faciələrini görüb. 5 mindən artıq şəhidi ilə Azərbaycanın qəhrəmanlıq salnaməsinin şanlı səhifələrini yazan ağdamlılar tarixi ərazilərinin dörddə birində bu gün də igidlik, fədakarlıq göstərirlər. Düşmənin qarşısında həmişə mətin və dönməz dayanan Ağdam son erməni təxribatları nəticəsində də müvazinətini itirmədi, itkilərə baxmayaraq bir addım da geri çəkilmədi, bir ağdamlı da öz kəndini tərk etmədi.
Prezidentin və xanımının bu mərd və məğrur insanlarla görüşü son günlər böyük dağıntılara məruz qalan Mahrızlı kəndində baş tutdu. Ölkə rəhbəri və Mehriban xanım Əliyeva görüş iştirakçılarının istisnasız olaraq hər biri ilə şəxsən salamlaşdılar, hamının fikrini soruşdular, onlara mənəvi dayaq oldular və hərtərəfli yardım ediləcəyini bildirdilər.
Ağdamlıların isə mövqeyi də, seçimi də, sözü də, istəyi də dəyişməmişdi: yalnız İlham Əliyev!
Ağdamlılar 28-ci ilinə qədəm qoyan bu qanlı savaşın məhz Prezidentin əzmkarlığı sayəsində bitəcəyinə əmin olduqlarını, bu prosesdə hamının bir nəfər kimi Ali Baş Komandanın əsgərinə çevriləcəyini bəyan etdilər. İllərin sınağından çıxmış bu səmimi dəstək və mənəvi bağlılıqla ağdamlılar Prezident İlham Əliyevə sonadək arxalandıqlarını, ona güvəndikləri üçün torpaqlarını tərk etmədiklərini bildirdilər.
Ölkə rəhbəri də düşmənlə tam üzbəüz mövqelərdə yaşayan ağdamlıların fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğuladı, bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirdi, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirdi.
Prezidentin və xanımının səfəri Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində başa çatdı. Sağlamlıq mərkəzində düşmənin dinc əhalini hədəfə alması nəticəsində yaralanmış sakinlər müalicə alır. Dövlət başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar, tezliklə sağalmalarını arzuladılar.
Qarabağa səfərin ilkin
nəticələri
Beləiklə, Prezidentin üç mərhələdə - hərbçilər, mülki əhali və xəsarət almış sakinlərlə keçirdiyi görüşlərin ilkin təəssüratları olduqca pozitivdir, həmçinin cəbhə xəttində daha böyük nailiyyətlərə əminlik yaradır.
Bu səfərin mühüm nəticələri isə budur:
* Ali Baş Komandan böyük hərbi riskə baxmayaraq ön səngərə getdi, cəsarət və mərdliyi ilə şəxsi nümunə göstərdi, ümumilikdə xalqımızın və ordumuzun qorxmazlığını nümayiş etdirdi;
* Qarabağ mövzusu bütünlüklə Prezidentin şəxsi nəzarətindədir;
* Erməni təxribatları nəticəsində meydana gələn hərbi gərginliyi Azərbaycanın hərbi üstünlüyünə çevirmək təcrübəsi mükəmməldir və ordumuz bunu birmənalı nəticəyə çevirmək potensialına sahibdir;
* Ali Baş Komandan yüksək əhval-ruhiyyədədir, əsgər və zabitlərimiz əsl döyüş ovqatındadırlar;
* Ali Baş Komandan Silahlı Qüvvələrin şəxsi heyətinin hərbi hazırlığını yüksək qiymətləndirir, onun yeni döyüş əmrlərini layiqincə icra edəcəyinə əmindir;
* Prezident cəbhə bölgəsində itkilərə məruz qalan vətəndaşların sosial problemlərinin həllini birbaşa öz üzərinə götürür, onlara mənəvi və maddi himayəsini daha güclü davam etdirir;
* Təmas xəttində məskunlaşan insanlarda qorxu hissi yoxdur, düşmənlə üz-üzə mövqedə çəkinmədən yaşayırlar, onlar Prezidentə, orduya tam güvənir, etibar edirlər…
Bu səfərin ən mühüm nəticəsi isə şübhəsiz, Ali Baş Komandanın Azərbaycanın hərbi üstünlüyünü Qarabağda elan etməsi oldu!
Bu, həm də bir çağırış idi...
Azərbaycanın düşmənə son xəbərdarlığı...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 3 may.- S. 1.