Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 28 aprel tarixli fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
(bundan sonra - Xidmət) antiinhisar (rəqabət), dövlət
satınalmaları, reklam və istehlakçıların
hüquqlarının müdafiəsi sahələrində
(bundan sonra - müvafiq sahələr) dövlət siyasətinin
və dövlət nəzarətinin həyata keçirilməsini
təmin edən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni
və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
(bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər
tutur.
1.3. Xidmət
bu Əsasnamədə nəzərdə tutulan vəzifə və
funksiyalarını Azərbaycan Respublikasının
bütün ərazisində bilavasitə və öz regional
bölmələri vasitəsilə həyata keçirir.
1.4. Xidmət
öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən digər
icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları, qeyri-hökumət
təşkilatları ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
1.5. Xidmətin
müstəqil balansı, istifadəsində dövlət əmlakı,
xəzinə və bank hesabları, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri və öz
adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.6. Xidmətin
saxlanması xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə
tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyət istiqamətləri
2.0. Xidmət
aşağıdakı istiqamətlərdə fəaliyyət
göstərir:
2.0.1. müvafiq sahələrdə dövlət siyasətinin
hazırlanması ilə bağlı Nazirliyə təkliflər
verir və bu sahələrdə müəyyən olunmuş
siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. antiinhisar (rəqabət), dövlət
satınalmaları, reklam və istehlakçıların
hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə,
o cümlədən ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət qaydalarına riayət edilməsinə
dövlət nəzarətini həyata keçirir;
2.0.3. inhisarçılıq fəaliyyətinin,
haqsız rəqabətin və istehlakçıların
hüquqlarının və qanuni maraqlarının
pozulması hallarının qarşısının
alınması və belə pozuntuların aradan
qaldırılması üçün tədbirlər
görür;
2.0.4. dövlət satınalmaları zamanı
dövlət vəsaitindən səmərəli və qənaətlə
istifadə edilməsi, dövlət satınalmalarının
müsabiqə və aşkarlıq əsasında həyata
keçirilməsi, dövlət satınalmaları haqqında
qanunvericiliyin pozulmasının qarşısının
alınması üçün tədbirlər görür.
3. Xidmətin vəzifələri
3.0. Xidmət
bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq aşağıdakı
vəzifələri yerinə yetirir:
3.0.1. müvafiq sahələri tənzimləyən
normativ hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak edir, onlara dair rəy və təkliflər
verir;
3.0.2. inhisarsızlaşdırma, bazarda rəqabət
mühitinin inkişafı, istehlakçıların
hüquqlarının müdafiəsi və dövlət
satınalmaları sahələrində dövlət
proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin
hazırlanmasında və həyata keçirilməsində
iştirak edir;
3.0.3. rəqabətin təşviqi və
qorunması, rəqabət mühiti yaradan iqtisadi
strukturların, kiçik və orta müəssisələrin
inkişafı üçün tədbirlər görür;
3.0.4. inhisarçılıq fəaliyyətinin
qarşısının alınması, rəqabətin
qorunması, dövlət satınalmaları, reklam fəaliyyəti
və istehlakçıların hüquqlarının
müdafiəsi sahələrində dövlət və yerli
özünüidarəetmə orqanlarının,
qeyri-hökumət təşkilatlarının fəaliyyətini
əlaqələndirir;
3.0.5.
mülkiyyət formasından asılı olmayaraq, əmtəə
istehsalı, satışı (əldə edilməsi), işlər
görülməsi və xidmətlər (o cümlədən
maliyyə xidmətləri) göstərilməsi ilə məşğul
olan hüquqi və fiziki şəxslər və ya onların
birlikləri (bundan sonra - təsərrüfat subyektləri),
dövlət və yerli özünüidarəetmə
orqanları tərəfindən antiinhisar (rəqabət)
qanunvericiliyinin tələblərinə riayət olunmasına
dövlət nəzarətini həyata keçirir, rəqabətin
məhdudlaşdırılmasına, yaxud aradan
qaldırılmasına, təsərrüfat subyektlərinin və
istehlakçıların mənafelərinin pozulmasına gətirib
çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin
qarşısının alınması üçün tədbirlər
hazırlayır və həyata keçirir;
3.0.6.
antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması,
sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla
aparılması, bazar subyektlərinin tətbiq etdiyi haqsız
rəqabət hallarının, təsərrüfat subyektlərinin
kartel sövdələşmələrinin aşkarlanması,
aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin
bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin
antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi
ilə tədbirlər görür;
3.0.7. əmtəə və maliyyə xidmətləri
bazarlarında istehsal və xidmətlərin həcmi,
idxal-ixrac əməliyyatlarına dair və qanunla nəzərdə
tutulan digər mənbələrdən əldə olunan məlumatlar
əsasında rəqabətin vəziyyətini
araşdırır və təsərrüfat subyektlərinin
hökmran mövqeyini müəyyən edir;
3.0.8. təsərrüfat
subyektlərinin, dövlət və bələdiyyə müəssisələrinin
yaradılması, yenidən təşkili, ləğv edilməsi,
onlar arasında bağlanmış əqdlərin həyata
keçirilməsi, o cümlədən nizamnamə
kapitalındakı payların (səhm zərfinin)
alınması zamanı antiinhisar (rəqabət)
qanunvericiliyində nəzərdə tutulmuş hallarda və
qaydada razılıq alınmaqla aparılmalı olan belə hərəkətlərin
həyata keçirilməsinə razılıq verir;
3.0.9. hökmran mövqedən sui-istifadə edən,
inhisarçılıq fəaliyyəti göstərən,
öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran
və istehlakçıların mənafelərini pozan təsərrüfat
subyektləri ilə bağlı antiinhisar (rəqabət)
qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər
görür;
3.0.10. təsərrüfat subyektlərinin, icra hakimiyyəti
və yerli özünüidarəetmə orqanlarının
xarici ölkələrin hüquqi və fiziki şəxsləri
ilə bağladıqları saziş və müqavilələrin
milli bazarda rəqabətin məhdudlaşdırılmasına
gətirib çıxardığı hallarda tədbirlər
görür;
3.0.11. qiymətlərlə süni şəkildə
manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə
və qiymətlərin dempinqinə qarşı antiinhisar (rəqabət)
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər
görür;
3.0.12. qiymətlərin artmasına təsir göstərən
inhisarlaşma, rəqabətin məhdudlaşdırılması,
bazarların bölüşdürülməsi,
razılaşdırılmış qiymətlərin tətbiq
edilməsi hallarının qarşısının
alınması məqsədi ilə hər bir əmtəə
bazarı üzrə monitorinqlər aparır;
3.0.13. təbii inhisar subyektlərinin fəaliyyətinə
dövlət nəzarətini həyata keçirir, onların
istehlakçıların mənafeyinə və rəqabətə
mənfi təsir göstərə bilən hərəkətlərinin
qarşısının alınması və aradan
qaldırılması üçün antiinhisar (rəqabət)
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər
görür;
3.0.14. təbii inhisar subyektlərinin hər biri
üçün tətbiq edilməli olan tənzimləmə
üsullarını müəyyən edir və onların tətbiqini
təmin edir;
3.0.15. təbii inhisar subyektlərinin dövlət nəzarətində
olan hərəkətlərinin həyata keçirilməsinə
razılıq verir;
3.0.16. təbii
inhisar subyektlərinin siyahısının müəyyən
edilməsi məqsədi ilə təkliflər verir, həmçinin
maliyyə-sənaye qruplarının, habelə müvafiq əmtəə
bazarında payı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş həddən
çox olan müəssisələrin dövlət reyestrini
aparır;
3.0.17.
maliyyə-sənaye qruplarının fəaliyyətinə nəzarət
edir, onların fəaliyyətində aşkar edilmiş
nöqsanların aradan qaldırılması, qanun pozuntusuna yol
vermiş şəxslərin maliyyə-sənaye qrupları və
antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi
ilə tədbirlər görür;
3.0.18.
maliyyə-sənaye qruplarının dövlət
qeydiyyatından keçirilməsinə, yaradılması
haqqında müqavilə şərtlərində və qrup
iştirakçılarının tərkibində edilən dəyişikliklərin
antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə
uyğunluğu barədə rəy verir;
3.0.19. dövlət satınalmaları zamanı
antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə
riayət edilməsinə nəzarət edir, bütün
malgöndərənlərin satınalmalarda iştirakı
üçün bərabər rəqabət mühitinin
yaradılması məqsədi ilə tədbirlər
görür;
3.0.20.
dövlət vəsaiti hesabına malların (işlərin və
xidmətlərin) müsabiqə əsasında “Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun satın alınmasına nəzarət
edir, mübahisəli məsələləri
araşdırır, qanunvericiliyin pozulması hallarını
aşkar etdikdə, satınalma prosedurunu dayandırır və
satınalan təşkilat qarşısında tenderin nəticələrinin
ləğv edilməsi barədə məsələ
qaldırır;
3.0.21. satınalan təşkilatın tender təkliflərinin,
oferta və kotirovkaların aksept olunana qədər rədd
edilməsi və dövlət satınalmalarında
saxtakarlıq halları ilə bağlı qəbul etdiyi qərarları
təsdiq edir;
3.0.22. açıq tender və kotirovka sorğusu
metodları istisna olmaqla, satınalan təşkilatın
satınalmaları digər satınalma metodlarının tətbiqi
ilə həyata keçirməsi haqqında qərarlarını
təsdiq edir;
3.0.23. tenderin yekun protokolunun surətini alır, həmin
sənəd əsasında satınalan təşkilatın
tender prosedurlarının keçirilməsi ilə əlaqədar
qərarını təsdiq edir;
3.0.24. satınalma müqaviləsi imzalanarkən,
malların (işlərin və xidmətlərin) hər
vahidinin qiymətini və meyarlarını dəyişdirməmək
şərtilə, malların (işlərin və xidmətlərin)
həcmini 15 faizə qədər artırıb-azaltmağa
satınalan təşkilata razılıq verir;
3.0.25. dövlət satınalmalarında iştirak edən
iddiaçıların və malgöndərənlərin
(podratçıların) şikayətlərinə baxır,
bu barədə satınalan təşkilata (və ya təsdiq
edən orqana), satınalma prosedurlarında iştirak edən və
bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə
(podratçılara) bildiriş göndərir, şikayətə
baxılması üzrə əsaslandırılmış qərar
qəbul edir və onun bir nüsxəsini həmin şəxslərə
göndərır;
3.0.26. dövlət satınalmalarının təşkili
və aparılması üzrə satınalan təşkilatlara
metodiki və təşkilati kömək göstərir, məsləhətlər
verir, mütəxəssislərin ixtisas səviyyəsinin
artırılması üçün kurslar yaradır,
seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki
materialları hazırlayır;
3.0.27. dövlət satınalmalarına dair
hesabatların tərtibi qaydaları ilə bağlı Nazirliyə
təkliflər verir, dövlət satınalmalarını tənzimləyən
normativ hüquqi aktların və bu sahədə məlumatların
ictimaiyyətə çatdırılmasını təmin
edir;
3.0.28. dövlət satınalmaları üzrə
illik hesabatları hazırlayır və Nazirliyə təqdim
edir;
3.0.29. dövlət satınalmaları sahəsində
məlumat bazasını, dövlət satınalmaları
üzrə tenderlər, təkliflər sorğusu və
kotirovka sorğusu barədə elanların və onların nəticələri
barədə məlumatların yerləşdirildiyi dövlət
satınalmalarının rəsmi internet saytını
yaradır;
3.0.30.
reklamvericinin, reklam yaradıcısının, reklam
istehsalçısının, reklam agentinin və reklam
yayıcısının reklam fəaliyyətinə dövlət
nəzarətini həyata keçirir, reklam haqqında
qanunvericiliyin tələblərinə cavab verməyən
reklam yayımının qarşısının
alınması və qanun pozuntusuna yol vermiş şəxslərin
reklam qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb edilməsi məqsədi ilə tədbirlər
görür;
3.0.31. reklamvericilərdən, reklam
yaradıcılarından, istehsalçılarından,
yayıcılarından və agentliklərindən reklam
materiallarını əldə edir, onlara qanunvericiliyin
pozulmasına yol verdikləri haqqında xəbərdarlıq
edir, reklamın təkzib olunması və digər
pozuntuların aradan qaldırılması haqqında icrası
məcburi olan göstərişlər (qərarlar) verir;
3.0.32.
istehlakçıların hüquqlarının müdafiəsi
haqqında qanunvericiliyə, o cümlədən ticarət,
ictimai iaşə, məişət və digər növ xidmət
qaydalarına riayət olunmasına dövlət nəzarətini
həyata keçirir, bu sahədə qanun pozuntularının
qarşısının alınması və pozuntuya yol
vermiş şəxslərin qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi
ilə tədbirlər görür;
3.0.33. malların (işlərin, xidmətlərin)
müvafiq standartda, texniki reqlamentdə və digər normativ
hüquqi aktda müəyyən olunmuş tələblərə
uyğunluğunu qiymətləndirir, həmin tələblərə
cavab verməyən mallar (işlər, xidmətlər) barədə
qanunla müəyyən edilmiş tədbirlər
görür, aşkarlanmış nöqsanların aradan
qaldırılması ilə bağlı müvafiq qurumlara təqdimatlar
verir;
3.0.34.
müvafiq standartda, texniki reqlamentdə və digər normativ
hüquqi aktda müəyyən olunmuş tələblərə
cavab verməyən, insanların həyatı və
sağlamlığı, ətraf mühit üçün təhlükə
yaradan, məcburi sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmamış, mənşəyi məlum
olmayan, saxlanma və yararlılıq müddəti
ötmüş malların (işlərin, xidmətlərin)
satışının (icrasının)
qarşısını alır;
3.0.35. istehlakçıların hüquqlarının
müdafiəsi və haqsız rəqabətin
qarşısının alınması məqsədi ilə
saxtalaşdırmaya qarşı tədbirlər görür;
3.0.36. malların saxlanılması və ya
satışı zamanı mal qonşuluğunun və
satılmış malların dəyişdirilməsi və ya
geri qaytarılması qaydalarının pozulmasına
qarşı tədbirlər görür;
3.0.37. istehlakçıların çəkidə
(ölçüdə), qiymətdə, hesabda aldadılmasına,
mallar (işlər və xidmətlər) barədə
istehlakçılara tam və düzgün məlumatların
(keyfiyyəti, kəmiyyəti və s.) verilməməsinə,
satış (icra) və mallara (işlərə və xidmətlərə)
müvafiq zəmanətlərin verilməsi zamanı
istehlakçılarla müqavilə şərtlərinin və
ticarət qanunvericiliyinin tələblərinin pozulmasına
qarşı tədbirlər görür;
3.0.38. özgənin ticarət markalarından və əmtəə
(xidmət) nişanlarından, əmtəənin mənşə
yerinin adından və ya eynicinsli əmtəələrin
adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı
tədbirlər görür, o cümlədən aşkar
edilmiş nöqsanların aradan qaldırılması ilə
bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar
verir;
3.0.39. qiymətləri dövlət tərəfindən
tənzimlənən malların (işlərin, xidmətlərin)
satışı (icrası) zamanı qiymət intizamına nəzarət
edir;
3.0.40. istehlakçıların hüquqlarını
məhdudlaşdıran müqavilə şərtlərinin dəyişdirilməsi
və ya ləğv edilməsi ilə bağlı tədbirlər
görür;
3.0.41.
taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə
taxıl haqqında qanunvericiliyə uyğun qaydada dövlət
nəzarətini həyata keçirir, bu məqsədlə
monitorinq, araşdırma və ekspertizalar keçirir,
taxıl məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin
akkreditasiya olunmuş laboratoriyalarda vahid metodika əsasında
qiymətləndirilməsini təmin edir, aşkar olunmuş
pozuntuların aradan qaldırılması üçün
göstərişlər verir və qanunla nəzərdə
tutulmuş digər tədbirlər görür;
3.0.42.
Nazirliyin tabeliyindəki hüquqi şəxs vasitəsilə
malın mənşə ölkəsinin müəyyən
edilməsi üzrə ekspertizalar keçirir və belə
ekspertizaların nəticələrinə uyğun olaraq,
malın mənşə ölkəsini təsdiq edən
sertifikat verir;
3.0.43. səlahiyyətlərinə aid edilmiş
inzibati xətalar haqqında işlərə baxır və
inzibati tənbeh tədbirləri tətbiq edir;
3.0.44. antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması
hallarının aradan qaldırılması barədə
verilmiş qərarlar (göstərişlər) yerinə
yetirilmədikdə, onların məcburi icrası məqsədi
ilə məhkəməyə müraciət edir;
3.0.45. antiinhisar (rəqabət) qanunvericiliyini pozan
şəxslər maliyyə sanksiyasını vaxtında
ödəmədiyi və ya qismən ödədiyi halda, maliyyə
sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin
məcburi qaydada ödənilməsi üçün tələbin
icraya yönəldilməsi haqqında qərar qəbul edir və
bu qərarın məcburi qaydada icrası üçün onu
icra məmurlarına göndərir;
3.0.46. antiinhisar (rəqabət) və
istehlakçıların hüquqlarının müdafiəsi
haqqında qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat
subyektinə verilmiş lisenziyanın dayandırılması
üçün onu vermiş icra hakimiyyəti orqanlarına təqdimat
göndərir;
3.0.47. istifadəyə yararsız malların
götürülməsi, zərərsizləşdirilməsi,
təkrar emalı və ya məhv edilməsi barədə qərar
qəbul edir;
3.0.48.
Avropa İttifaqı ölkələrinə ixrac edilən
yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində
infrastruktur və məhsulların təhlükəsizlik meyarları
üzrə ekspertizaların keçirilməsini təşkil
edir, belə ekspertizaların nəticələrinə
uyğun olaraq, müəssisələrə təsdiqedici kod
nömrələri və ixracatçılara keyfiyyət
sertifikatları verir, həmin məhsulların istehsal və
emal müəssisələrinin reyestrini aparır və Avropa
İttifaqının bu sahədə tələblərinin
icrasını həyata keçirir;
3.0.49. fəaliyyət istiqamətləri üzrə
aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar,
ekspertizalar və onların nəticələri ilə
bağlı görülən işlərə dair məlumatları
təhlil edir və vahid informasiya bankı yaradır;
3.0.50.
Xidmətin fəaliyyətinin təşkili ilə
bağlı ayrılan büdcə vəsaitlərindən,
kreditlərdən, qrantlardan, xüsusi vəsaitlərdən və
digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
edir;
3.0.51. fəaliyyət istiqamətləri üzrə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklərin icrasını təmin
edir;
3.0.52. dövlət sirrinin və məxfilik rejiminin
qorunmasını təmin edir, habelə fəaliyyət istiqamətlərinə
uyğun təhlükəsizlik tədbirləri görür;
3.0.53. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini
təmin edir;
3.0.54. fəaliyyət istiqamətləri üzrə
kadr hazırlığını təmin edir, həmçinin
mütəxəssislərin hazırlanması və
ixtisasının artırılması üçün tədbirlər
görür;
3.0.55.
Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər görür;
3.0.56. fəaliyyət istiqamətləri üzrə
daxil olan ərizə, şikayət və təkliflərə
baxır;
3.0.57. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirir.
4. Xidmətin hüquqları
4.0. Xidmət
öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqları həyata
keçirir:
4.0.1. müvafiq sahələr üzrə Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təkliflər verir;
4.0.2. fəaliyyət
istiqamətlərindən və vəzifələrindən irəli
gələn tədbirlərin həyata keçirilməsi
üçün dövlət və yerli özünüidarəetmə
orqanlarına, təsərrüfat subyektlərinə, təbii
inhisar, dövlət inhisarı və reklam subyektlərinə,
satınalan təşkilatlara, malgöndərənlərə
(podratçılara), vəzifəli şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu verir və
onlardan həmin məlumatları (sənədləri), habelə
antiinhisar (rəqabət), dövlət satınalmaları,
reklam, taxıl və istehlakçıların
hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin
pozulması ilə bağlı yazılı (şifahi)
izahatlar alır;
4.0.3. müvafiq sahələrdə beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq edir,
xarici dövlətlərin təcrübəsini öyrənir;
4.0.4. fəaliyyət istiqamətlərinə və vəzifələrinə
uyğun olaraq analitik materiallar hazırlayır, təhlillər,
ümumiləşdirmələr, tədqiqatlar aparır, rəy
və təkliflər verir;
4.0.5.
maliyyə-sənaye qruplarının və müvafiq əmtəə
bazarında payı qanunvericiliklə müəyyən
edilmiş həddən artıq olan təsərrüfat
subyektlərinin dövlət reyestrinə daxil edilməsi və
ya dövlət reyestrindən çıxarılması barədə
qərarlar qəbul etmək üçün aidiyyəti
dövlət və yerli özünüidarəetmə
orqanlarından, təsərrüfat subyektlərindən məlumatlar
alır;
4.0.6.
maliyyə-sənaye qruplarından, təbii inhisar subyektlərindən,
inhisarçı müəssisələrdən fəaliyyətləri
haqqında hesabatlar və məlumatlar, o cümlədən təbii
inhisar subyektlərinin investisiya layihələrini alır;
4.0.7.
antiinhisar (rəqabət), istehlakçıların
hüquqlarının müdafiəsi və taxıl
haqqında qanunvericiliyə dövlət nəzarətini həyata
keçirmək məqsədi ilə tabeliyindən və
mülkiyyət formasından asılı olmayaraq, hüquqi və
fiziki şəxslərin satış, xidmət və saxlama
sahələrinə, o cümlədən antiinhisar (rəqabət)
qanunvericiliyinin pozulması hallarının
qarşısını almaq məqsədi ilə istehsal sahələrinə
qanunauyğun qaydada daxil olur, nəzarət sahəsinə aid məlumat
və sənədləri alır, satılan və ya
satılması nəzərdə tutulan istehlak
mallarının müayinəsini həyata keçirir;
4.0.8. dövlət satınalmaları sahəsində
elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat
bazalarını yaradır, məsləhət xidmətlərinin
göstərilməsini təşkil edir, dövlət
satınalmaları sahəsində əldə olunmuş
müsbət təcrübəni öyrənir və geniş
yaymaq məqsədi ilə müvafiq tədbirlər
keçirir, məlumatlar verir;
4.0.9. vəzifə və hüquqlarının həyata
keçirilməsi ilə bağlı məhkəmələrə
iddialarla (ərizələrlə) müraciət edir və
öz adından məhkəmələrdə iştirak edir;
4.0.10. fəaliyyət istiqamətləri üzrə məsləhət
xidmətləri göstərir;
4.0.11. müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb edir;
4.0.12. öz vəzifələrini icra edərkən,
hüquq mühafizə və digər dövlət
orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət
göstərir;
4.0.13. dövri mətbuat orqanı təsis edir,
xüsusi bülletenlər və digər nəşrlər
buraxır;
4.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirir.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmətin
strukturunu və işçilərinin ümumi say həddini Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir.
5.2. Xidmətə Azərbaycan Respublikasının
iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin
və vəzifədən azad edilən rəis rəhbərlik
edir.
5.3. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsinə və hüquqların həyata
keçirilməsinə görə şəxsən məsuliyyət
daşıyır.
5.4. Xidmət
rəisinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
üç müavini vardır.
5.5. Xidmətin
rəisi:
5.5.1. Xidmətin
işini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. Xidmət
rəisinin müavinləri arasında vəzifə
bölgüsü aparır;
5.5.3.
müəyyən edilmiş əməyin ödənilməsi
fondu və işçilərin say həddi daxilində Xidmətin
aparatının, regional bölmələrinin strukturunu,
ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində xərclər smetasını təsdiq edilmək
üçün Nazirliyə təqdim edir;
5.5.4. Xidmət
rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər
işçilərini vəzifəyə təyin və vəzifədən
azad edir, barələrində həvəsləndirmə və
intizam tənbehi tədbirləri görür;
5.5.5. Xidmətə
dövlət büdcəsindən ayrılmış vəsaitlərin
xərclənməsinə dair hesabatları Nazirliyə təqdim
edir;
5.5.6. tabeliyində olan qurumlara icrası məcburi
olan əmr və göstərişlər verir;
5.5.7. dövlət və yerli özünüidarəetmə
orqanları, hüquqi və fiziki şəxslərlə
münasibətlərdə Xidməti təmsil edir;
5.5.8. Xidmətin
fəaliyyəti barədə Nazirliyə rübdə bir dəfə
hesabat verir.
5.6. Xidmətin regional bölmələrini,
müəyyən olunmuş əməkhaqqı və
işçilərin say həddi daxilində, Nazirlik yaradır
və ləğv edir.
Azərbaycan.-
2016.- 4 may.- S. 2.