Düşmənə
hər an sarsıdıcı zərbə vurmağa hazır olan
müzəffər ordu
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu günlərdə Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri orada yaşayan əhalinin, xüsusən də əsgər və zabitlərin əhvali-ruhiyyəsini daha da yüksəltdi. Dövlət başçısının cəbhə bölgəsinə budəfəki səfəri göstərdi ki, hərbçilərimizin döyüş əzmi çox güclüdür. Əsgər və zabit heyəti Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını bir daha hiss etdilər.
Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda ölkə Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri düşmənə layiqli cavab verərək istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha göstərdi.
Birgünlük müharibə Azərbaycan Ordusunun qüdrətini göstərdi
Xatırladaq ki, ötən ayın əvvələrindən başlayaraq cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələri ağır hərbi texnikadan istifadə etməklə təmas xəttində təxribat xarakterli hərəkətlər edərək açıq-aşkar danışıqlar prosesini pozmaq niyyətlərini göstərdilər. Düşmənin təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri görüldü. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Aprelin 5-də Azərbaycan tərəfi sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdi. Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq. Erməni tərəfi isə həmişə olduğu kimi, bu dəfə də təxribatçı hərəkətlərinə “sadiq” qaldığını nümayiş etdirərək aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutdular. Təkcə bir fakt deyək ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev dağıdılıb. Bütövlükdə isə 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev isə tamamilə dağılıb.
Azərbaycan Ordusu təmas xəttində üstünlüyü
tam ələ alaraq döyüş mövqelərimizi daha da möhkəmləndirib
Müzəffər Azərbaycan Ordusu düşmən təxribatının qarşısını bu dəfə də aldı və erməni qüvvələri böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qaldılar. Ordumuz təmas xəttində üstünlüyü tamamilə ələ alaraq döyüş mövqelərimizi daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artırılması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.
Son illər hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitlərin artırılması həqiqətən də ulu öndər Heydər Əliyevin bununla bağlı tövsiyələrinə ciddi əməl olunmasından xəbər verir. Dövlət başçısı İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur.
Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin nəzərəçarpacaq dərəcədə artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsində orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.
Ali Baş Komandan İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissədə şəxsi heyətlə görüşü zamanı bildirib: “Mən həmişə orduda xidmət edənlərə böyük hörmətlə yanaşmışam. Ordu quruculuğu üçün nə lazımdırsa o da olacaq. Onu da edirik. Ən böyük xərclər hərbi xərclərdir. Artıq neçə ildir ki, bu, belədir. Bəzən müxtəlif ölkələrdən olan ermənipərəst siyasətçilər məni günahlandırırdılar ki, nə üçün Azərbaycanda hərbi büdcə getdikcə artır? Ona görə ki, biz işğala məruz qalmışıq. Əgər bu işğal olmasaydı, əlbəttə ki, buna ehtiyac olmazdı. Ancaq həyat göstərdi ki, biz nə qədər haqlıyıq. Əgər bizdə güclü hərbi imkanlar olmasaydı, bu gün təmas xəttində vəziyyət fərqli ola bilərdi. Həm döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizat, silah, texnikanın alınması, vətənpərvərlik ruhu, hərbçilərimizin peşəkarlığı, məharəti, aprel döyüşlərində göstərdikləri şücaət və qəhrəmanlıq bizim böyük sərvətimizdir.
Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz. Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük, şərəfli missiyadır. Sizi bütün uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Yeni uğurlar arzulayıram. Bundan sonra da Vətənə həmişə bağlı olun, Vətəni sevin, torpağımızı qoruyun, vətəndaşları müdafiə edin. Eşq olsun Azərbaycan Ordusuna!”
Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını düşmən tərəfi Bakının Azadlıq meydanında dövlət müstəqilliyimizin 20-ci ildönümü münasibətilə keçirilən möhtəşəm paradda görmüşdü. Bakı səmasında nümunəvi uçuşlar edən Azərbaycan “şahinləri” hər bir azərbaycanlıda böyük qürur və sevinc hissləri doğurmuşdu. 2014-cü il 26 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi ordumuzun möhtəşəmliyini bir daha göstərdi. Ümumilikdə təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.
“Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək” - deyən Prezident İlham Əliyev qüdrətli Azərbaycan Ordusunun hər an torpaqlarımızı düşmən tapdağından azad etmək gücünün olduğunu bir daha bildirib. Ölkə başçısının diqqət və qayğısı nəticəsində bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib, sosial məsələlər həll olunub. Göstərilən qayğını, etimadı doğrultmaq üçün şəxsi heyət daim döyüş hazırlığı səviyyəsini yüksəldir.
Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri bir daha göstərdi ki, Azərbaycanın güclü ordusu var. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. İşğalçı Ermənistan dövləti də qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, yoxsa təcavüzkar Ermənistan öz qarşısında qüdrətli Azərbaycan Ordusunu görəcək.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 4 may.- S. 3.