Parlament hakimlərin səlahiyyətini ömürlük müddətə təsdiq etdi
Mayın
6-da Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyində 16 məsələ müzakirəyə
çıxarıldı.
Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki “Azərbaycan
Respublikası Ali Məhkəməsi
hakimlərinin təyin
edilməsi haqqında”
birinci məsələni
təqdim etmək üçün sözü
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə verdi.
Ə.Hüseynli bildirdi
ki, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən,
Milli Məclis qərara alır ki, 2016-cı il aprelin 25-də səlahiyyət
müddəti bitən
hakimlər Qürbət
Əsgərov, Vəfaddin
İbayev və Zakir Quliyev Azərbaycan
Respublikası Ali Məhkəməsinin
hakimləri təyin edilsinlər. Təyinat Milli Məclis
tərəfindən qəbul
olunarsa, sözügedən
hakimlərin səlahiyyət
müddətləri ömürlük
olacaq. Məsələ səsə qoyularaq
təsdiq edildi. İclasda Rəşadət Əhəd
oğlu Ağayevin Şirvan Apelyasiya Məhkəməsinin hakimi
təyin edilməsi haqqında məsələ
də təsdiqləndi.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqda məlumat verdi. Bildirdi ki, Türkiyə Azərbaycanla strateji tərəfdaş, eyni zamanda, qardaş ölkə olduğundan bu sazişin təsdiq edilməsi vacibdir.
Məsələyə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da münasibət bildirdi. Qeyd etdi ki, bu sazişin imzalanması və təsdiqi hər iki ölkə üçün çox əhəmiyyətlidir. S.Novruzov Azərbaycan ilə Türkiyə arasında viza məsələsinə də toxundu. Vurğuladı ki, vizanın müddəti ya uzadılmalı, ya da tamamilə ləğv edilməlidir. Çünki Türkiyə bizə ən yaxın münasibətdə olan ölkədir. Belə olarsa, bu, digər qonşu dövlətlər üçün də bir nümunəyə çevrilər. Layihə səsə qoyularaq təsdiq edildi.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihələri də təsdiqləndi.
Sonra komitə sədri Əli Hüseynli “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsindən danışdı. Onun sözlərinə görə, hər bir razılığa gələn tərəfin dövlətinin etibarlı xidməti pasportlara malik olan vətəndaşları digər razılığa gələn tərəfin dövlətinin ərazisinə istənilən 180 gün ərzində 90 gündən artıq olmayan müddətə vizasız daxil ola, tranzit keçə və ya qala bilərlər. Saziş Milli Məclis tərəfindən təsdiqləndi.
Gündəlikdə olan digər məsələ - Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verən Ə.Hüseynli dedi ki, Azərbaycan Respublikasının Prezidenti “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 3 iyun tarixli sərəncam imzalamışdır. Dəyişiklik həmin sərəncamın icrasını təmin etmək məqsədi daşıyır. Gündəlikdə olan “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında danışan komitə sədri Ziyad Səmədzadə qeyd etdi ki, qanunun 12-ci maddəsində əksini tapan “Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər” yeni redaksiyada təqdim olunur. Bu dəyişiklik də Qaradağ Sənaye Parkının yaradılması haqqında Prezident sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Bildirildi ki, “Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də eyni məqsədlə dəyişiklik edilib. Hər bir qanun layihəsi ayrılıqda səsə qoyularaq qəbul edildi.
Ziyad Səmədzadə iclasın gündəliyində olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında iki qanun layihəsini də təqdim etdi. Bildirdi ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə vergi ödəməkdən azad edilməlidir. Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutan digər qanun layihəsinə əsasən isə bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən qayda və meyarlar əsasında müəyyən edilir.
Qanun layihələri barədə deputatlardan Elmira Axundova, Vahid Əhmədov, Cavid Qurbanov, Eldar Quliyev, Əflatun Amaşov, Çingiz Qənizadə, Xanhüseyn Kazımlı və İlham Əliyev öz fikir və təkliflərini səsləndirdilər. Z.Səmədzadə onların sual və təkliflərini cavablandırdıqdan sonra qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul olundu.
İclasda “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarıldı. Komitə sədri Ziyad Səmədzadə qeyd etdi ki, hər iki qanuna təklif edilən dəyişikliklər Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 49-1-ci maddəsinin müddəalarına uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihələri ayrılıqda təsdiq edildi.
Sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə danışan komitə sədri Əli Hüseynli bildirdi ki, dəyişikliklər mülkiyyət əleyhinə olan cinayətlər, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə törədilən əməllərin dekriminallaşdırılması, bu əməllərə görə onu törədən şəxslərin məsuliyyətini yüngülləşdirmək məqsədilə edilir. Bu məqsədlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə də müəyyən dəyişikliklərin edilməsi təklif olunur. Qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdə olan sonuncu məsələ - “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi ikinci oxunuşa əsas kimi qəbul edildi. Layihə barədə məlumat verən Ziyad Səmədzadə bildirdi ki, geniş müzakirələrdən sonra qanun layihəsinin dili xeyli asanlaşdırılıb, qeyri-müəyyən olan ifadələr çıxarılıb. Bəzi maddələr daha anlaşıqlı olsun deyə, ayrıca redaksiyada verilib.
Qeyd edək ki, sözügedən qanun layihəsi Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılan və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyəcək. Qanun layihəsi fəsil-fəsil, sonra ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Elgün MƏNSİMOV,
Azərbaycan 2016.- 7 may.- S.3.