Azərbaycan məhsulları
dünya bazarına
çıxır
Azərbaycan
Prezidenti İlham Əliyev Bakıda
keçirilən
XXII Beynəlxalq qida sənayesi və X
Beynəlxalq kənd
təsərrüfatı sərgiləri ilə tanış
olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də
Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq
qida sənayesi və X Azərbaycan beynəlxalq kənd təsərrüfatı
sərgiləri ilə tanış olub.
Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına məlumat verdi ki, XXII Beynəlxalq qida sənayesi sərgisində 34 ölkədən 313 şirkət təmsil olunur. X dəfə keçirilən Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisinə də dünyada maraq artmaqdadır. Sərgi iştirakçılarının 67 faizi xarici şirkətlərdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanın “TUNA” şirkəti 1998-ci ildən fəaliyyət göstərir, yumşaq və sərt paketləmə ilə məşğuldur. Şirkətin üstünlüklərindən biri xammalın müəssisənin özündə istehsal olunmasıdır. Burada quraşdırılan avadanlıq hesabına təkrar istehsal da mövcuddur. Gələcəkdə şirkətin məhsullarının Rusiyaya və Qazaxıstana ixracı planlaşdırılır.
Azərsun Holdinqin stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına 1996-cı ildə çay fabrikinin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyələrinə əsasən “Azərçay” markasının inkişafı və bu brendin dünyada təbliği ilə bağlı görülən işlər barədə məlumat verildi. Qeyd edildi ki, Masallı, Lənkəran və Astara rayonlarında yeni çay plantasiyaları salınıb, çayçılıq sahəsində məhsuldarlıq ildən-ilə daha da artır. Hazırda 50 ölkənin 100-dən çox hava limanında “Azərçay” markası ilə buraxılan məhsullar satılır. Bildirildi ki, bir qrup alim Azərbaycan çayının yeni fermentasiyası üsulunu ixtira edib.
Dövlətimizin başçısına məlumat verildi ki, Kənd Təsərrüfatı Nazirliyi sərginin iştirakçılarına “elektron kənd təsərrüfatı” xidmətlərindən istifadə qaydalarını da nümayiş etdirir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər fermerlərin reyestrində qeydiyyatdan keçmək, kənd təsərrüfatı texnikasının, cins heyvanların, subsidiyaların alınması üçün onlayn xidmətlər, kənd təsərrüfatı texnikalarının qeydiyyatı, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi xidmətlərindən istifadə edə bilər.
Azərbaycanın “Buta Group” şirkəti aqrar sahədə iki şirkətlə təmsil olunur. Prezident İlham Əliyevə məlumat verildi ki, Pomidor istehsalı ilə məşğul olan “AzTomato” şirkətinin illik ixrac gücü 1300 tondur. Gələcəkdə bu rəqəmin 3 min tona çatdırılması planlaşdırılır. “İsmayıllı Tərəvəzləri” şirkəti isə intensiv tərəvəzçiliklə məşğuldur. Burada müxtəlif çeşiddə kartof, soğan, kök, çuğundur, kələm istehsal edilir. Müəssisənin hazırda 5 min ton olan ixrac potensialının gələcəkdə 10 min tona çatdırılması planlaşdırılır. Hər iki şirkətdə istehsal olunan məhsullar ərəb ölkələri və Rusiya bazarlarına da çıxarılır.
Sərgidə ilk dəfə iştirak edən
şirkətlər arasında “Agropromotion”da var. Belçika
şirkəti olan “Agropromotion” Bolqarıstandan Azərbaycana
süd məhsulları idxal edir. Şirkət
qarşısına Azərbaycan bazarında layiqincə təmsil
olunmağı məqsəd qoyub. Azərbaycana
Bolqarıstandan idxal olunan pendir növləri yüksək
keyfiyyətinə görə seçilir. “Agropromotion”
Azərbaycandan başqa bir sıra ölkələrə də
Bolqarıstanın süd məhsullarını idxal edir.
Türkiyənin “CANSA” şirkətinin stendi ilə
tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat
verildi ki, bu müəssisə kənd təsərrüfatı
avadanlıqlarının istehsalı ilə məşğuldur. 1983-cü ildə
yaradılan şirkət “Keyfiyyətli məhsul və yüksək
xidmət” devizini fəaliyyətində əsas istiqamət
kimi götürüb. Sərgidə
şirkətin istehsalı olan müxtəlif kənd təsərrüfatı
avadanlıqları nümayiş etdirilir. Şirkətin
məhsulları dünyanın əksər ölkələrinə
ixrac edilir. “CANSA” şirkəti ilk dəfədir
sərgiyə qatılıb.
Belarus da builki sərgidə bir neçə şirkətlə
təmsil olunur. Onlardan biri Qrodnodakı “Neman” tütün
fabrikidir. Bu şirkət 40-dan çox
çeşiddə məhsulunu dünya bazarına
çıxarır. Müəssisəsinin
istehsal gücü illik 20 milyon siqaretə bərabərdir.
Sərgidə öz imkanlarını təqdim edən
yerli şirkətlərdən biri də “Kaspi yıldız Azər-türk”
müəssisəsidir. Prezident İlham Əliyevə müəssisə
barədə məlumat verildi. Bildirildi ki,
özəl sektorda 20 ildir uğurla təmsil olunan bu şirkət
ölkə iqtisadiyyatının inkişafına töhfələr
verib. 2012-ci ildə təsis edilən “Lerik
broyler” müəssisəsi artıq ölkənin kənd təsərrüfatı
sektorunda kifayət qədər tanınıb. Bu yaxınlarda isə şirkət ölkəmizdə
kənd təsərrüfatı texnikasının və
avadanlıqlarının istehsalına başlayıb. Sərgidə bu avadanlıqlar geniş şəkildə
təqdim olunur.
“AZTEXNİKA” şirkəti sərgidə dördüncü
dəfədir iştirak edir. Şirkət “John Deer”
brendini Azərbaycana idxal edir. Ümumilikdə,
bu brend altında istehsal edilən 20 adda kənd təsərrüfatı
texnikası ölkəmizə gətirilir. 2007-ci ildən Azərbaycana idxal edilən bu brendin məhsulları
keyfiyyəti və səmərəliliyi ilə seçilir.
Sərgidə iştirak edən müəssisələr
arasında Azərbaycanın “Bee Hive” şirkəti də var.
Şirkət tərəvəz və meyvə çiçəklərinin
istixana və açıq bağlarda təbii
tozlandırılması ilə məşğuldur. Dövlətimizin
başçısına məlumat verildi ki, müəssisə
İsrailin “Bio Bee” şirkətindən xüsusi cins ana
arılar alır və onların yetişdirilməsini təmin
edir. 2015-ci ildə yaradılan “Bee Hive” gələcəkdə
fəaliyyətini genişləndirərək məhsullarını
ixrac etməyi nəzərdə tutur.
Sərgidə bir sıra ölkələr milli stendlərini
təqdim edirlər. Onlardan biri də İndoneziyadır.
Bu ölkə Azərbaycanda müxtəlif sahələrə
aid keçirilən sərgilərdə həmişə fəal
iştirak edir. Stend İndoneziyanın Azərbaycandakı
səfirliyinin dəstəyi ilə təşkil edilib. İndoneziyadan sərgidə, ümumilikdə, 8
şirkət iştirak edir. Onlar kənd təsərrüfatının
müxtəlif sahələrini əhatə edir. İndoneziyanın milli stendində bu ölkənin mətbəxi
də iştirakçılara geniş təqdim edilir. İndoneziya dünyanın əsas tropik kənd təsərrüfatı
məhsulları istehsalçısıdır.
Azərbaycanda keçirilən bu sərgiyə
böyük maraq göstərən ölkələrdən
biri də Hollandiyadır. Bu ölkənin
Bakı sərgisindəki milli stendində yeddi müxtəlif
şirkət təmsil olunub. Prezident
İlham Əliyevə məlumat verildi ki, bu şirkətlər
istehsalda innovativ texnologiyalardan istifadə etməklə ənənəvi
keyfiyyəti qoruyub saxlayır. Buna görə
də onların məhsullarına beynəlxalq bazarlarda
böyük tələbat var. Hollandiya stendi ilə
tanışlıq zamanı dövlətimizin
başçısına hədiyyə təqdim edildi.
Sərgidə Gürcüstanın milli stendi də məhsulun
çeşidinin çoxluğu və müxtəlifliyi ilə
diqqəti cəlb edir. Burada Gürcüstanda istehsal edilən
müxtəlif kənd təsərrüfatı məhsulları
nümayiş etdirilir. Onların arasında mineral sular, təbii
şirələr, bal və digər məhsullar
var. Kənd təsərrüfatı məhsulları üzrə
ixtisaslaşan doqquz müxtəlif şirkətin sərgidə
nümayiş etdirdiyi məhsullar təbiiliyi və keyfiyyəti
ilə seçilir. Gürcüstan artıq
Bakı sərgisində ikinci dəfədir ki, milli stendlə
təmsil olunur. Stendlə
tanışlıq zamanı Prezident İlham Əliyevə hədiyyə
təqdim edildi.
“Maschio Gaspardo” şirkətinin məhsulları da sərgidə
böyük maraqla qarşılanır. Dövlətimizin
başçısının diqqətinə
çatdırıldı ki, 1964-cü ildə yaradılan bu
şirkət müxtəlif kənd təsərrüfatı
avadanlıqlarının istehsalı ilə dünyada məşhurdur.
Şirkətin kultivatorları, müxtəlif
ölçülü dərmansəpənləri və
kotanları yüksək keyfiyyəti ilə fərqlənir.
İtaliyada yeddi, həmçinin Avropa, Asiya və
ABŞ-da üç istehsal sahəsi və 13 filialı olan
şirkət rəqabətədavamlı məhsulları ilə
seçilir. Şirkətin məhsulları
ətraf mühitin qorunması ilə bağlı nəzərdə
tutulan bütün tələblərə cavab verir.
Uzun illərdir kənd təsərrüfatı
texnikası istehsal edən “Rostselmash” şirkətinin məhsullarına
dünyanın əksər ölkələrində tələbat
var. On üç müəssisəni birləşdirən
“Rostselmash” Rusiyanın ən iri kombayn
istehsalçısıdır. Bu şirkətin
məhsullarına ölkəmizdə böyük tələbat
var. Hazırda bu istehsalçının məhsulu olan “Niva”
kombaynı ölkəmizdə fəaliyyət göstərən
fermerlərə təklif edilir. Şirkətin
taxılyığan iri “TORUM” kombaynları da sərgidə
nümayiş etdirilir.
Diqqətə çatdırıldı ki, Almaniyanın
“Horsch” şirkəti sərgidə qarğıdalı, soya,
günəbaxan toxumu səpən “Maestro” qoşqusunu təqdim
edir. Bu kənd təsərrüfatı texnikası
innovativ sistemi özündə birləşdirərək, əkin
və toxumsəpmə proseslərində fermerlərə
böyük səmərə əldə etməyə
geniş imkanlar yaradır.
“Grow Group Azerbaijan” MMC Avropa texnologiyaları ilə təchiz
olunan və ən son standartlara cavab verməklə
yanaşı, tam avtomatlaşdırılan müasir plastik və
şüşə istixana komplekslərinin satışı və
quraşdırılması ilə məşğuldur. Dövlətimizin
başçısının diqqətinə
çatdırıldı ki, şirkət hollandiyalı tərəfdaşları
ilə birgə şüşə örtüklü
istixanaların da quraşdırılmasını həyata
keçirir.
Amerikanın “John Deer” şirkəti dünyada ən
etibarlı istehsalçılardan hesab edilir. Şirkətin
fəaliyyətində innovasiyaların tətbiqinə və
keyfiyyətə xüsusi diqqət yetirilir. Bu şirkətin məhsulları da sərgidə
geniş nümayiş olunur.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev “Gəncə
Avtomobil Zavodu” İstehsalat Birliyinin sərgidə
nümayiş etdirilən traktorlarına baxdı. Burada müəssisənin
istehsalı olan 10 müxtəlif model traktor, otbiçən və
kotanlar nümayiş etdirilir. Traktor modellərindən
bəziləri ilk dəfə olaraq müəssisə tərəfindən
sərgidə təqdim edilir. Onların
arasında pambıq əkini və kəskin isti hava şəraitində
məhsul yığımı üçün nəzərdə
tutulan kondisionerli traktorlar da var. Sərgidə nümayiş
olunan traktorların 3-ü xüsusi təyinatlıdır.
Onlardan tikinti, kommunal və yol təsərrüfatı
sahələrində istifadə edilə bilər.
“Azərtexnika” MMC ölkəmizə Avropa və
Türkiyədən kənd təsərrüfatı
texnikasını idxal edir. Onların arasında
Türkiyə istehsalı olan müxtəlif markalı
traktorlar da var. Eyni zamanda, burada heyvandarlıq təsərrüfatlarına
aid texnikalar da nümayiş olunur. Şirkətin
sərgidə nümayiş etdirilən südsağan
aqreqatları və südsoyudan çənləri, buğda,
arpa, qarğıdalı, kartof və pambıq toxumu səpən
avadanlığı, ağacları dərmanlayan
qurğuları, kiçik və iri inkubatorları
böyük maraqla qarşılanır.
Prezident İlham Əliyevə ölkəmizdə tərəvəz
bitkiləri üzrə toxumçuluq layihəsi barədə
də məlumat verildi. Bildirildi ki, layihənin əsas məqsədlərindən
biri daxili bazarda güclü tələbat olan, o cümlədən
ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət
daşıyan tərəvəz bitkiləri üzrə
yüksək məhsuldar toxumlar əldə etməkdir.
Sərgidə kənd təsərrüfatı sahəsində
dünya liderlərindən olan Almaniyanın “Claas” brendinin məhsulları
da nümayiş olunur. Bu brendin ölkəmizdəki rəsmi
nümayəndəsi “Original Motors” şirkətidir. Sərgidə şirkətin nümayiş etdirilən
taxıl və qarğıdalı yığan kombaynları, həmçinin
traktorları yüksək keyfiyyəti ilə seçilir.
Prezident İlham Əliyev “Şəki-İpək” ASC və
“İntertextil” şirkətinin stendlərinə də
baxdı. Məlumat verildi ki, təbii ipəkdən müxtəlif
məhsullar istehsal edən “Şəki-İpək” ASC fəaliyyətini
ildən ilə genişləndirir və məhsulun
çeşidini artırır. Şirkətin
məhsulları arasında ipək parçalar, kəlağayılar,
əllə toxunan Azərbaycan xalçaları diqqəti cəlb
edir. “İntertextil” şirkətinin məhsulları
da keyfiyyəti ilə seçilir. İllik
istehsal gücü 4 min ton pambıq ipliyi olan müəssisə
müxtəlif çeşiddə məhsullar buraxır.
Burada, eyni zamanda, uniformalar və məktəbli
geyimləri də istehsal edilir.
Şəki, Zaqatala və Qaxda istehsal sahələri fəaliyyət
göstərən “İntertobacco” müəssisəsi
2006-cı ildə yaradılıb və indiyədək bir
sıra iqtisadi uğurlara imza atıb. Şirkət məhsullarını
xarici ölkələrə ixrac edir.
Oğuz qarğıdalı emalı məhsulları
kompleksi ən müasir texnoloji avadanlıq və yeni istehsal
sahələri ilə təchiz edilmiş müəssisədir. Burada istehsal
edilən qlükoza, fruktoza, quru nişasta qida sənayesi
sektorunda, kəpək, qarğıdalı
qırıntısı heyvandarlıq, quşçuluq və
balıqçılıqda istifadə edilir.
“CTS-Aqro” MMC-nin stendi ilə tanışlıq zamanı
dövlətimizin başçısına məlumat verildi ki,
2004-cü ildən fəaliyyət göstərən bu qurum əsasən
pambıq istehsalı, onun tədarükü və emalı ilə
məşğuldur. MMC üzrə 2016-cı il mövsümündə
respublikanın 16 rayonunda 18 min hektar, 2017-ci ildə 25 min hektar,
2018-ci ildə 30 min hektar, 2019-cu ildə 35 min hektar, 2020-ci ildə
isə 50 min hektar sahədə pambıq əkini nəzərdə
tutulur.
Kənd Təsərrüfatı
Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin
təşkilatçılığı ilə keçirilən
bu sərgilər artıq yeni məhsul və texnologiyaların
təqdimatı üçün nadir platformaya çevrilib.
AZƏRTAC
Azərbaycan.- 2016.- 21 may.- S.1-2.