Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq formatı getdikcə genişlənir

 

“Əsrin müqaviləsi”nin imzalandığı tarixdən - 1994-cü il sentyabrın 20-dən indiyədək Azərbaycan dünyada beynəlxalq əməkdaşlıq formatı yaradıb və onu getdikcə genişləndirir. Müxtəlif ölkələrlə birgə qlobal layihələr həyata keçirməsi və bu layihələrdə bir çox dünya şöhrətli şirkətlərin bir araya gələrək konsorsium yaratması Azərbaycanın hər yanda çox etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayıb.

Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul zamanı Prezident Əliyevin nitqində də bu mövzudan ətraflı bəhs edilib. Dövlət başçısı demişdir: “Azərbaycan o vaxt çətin iqtisadi vəziyyətlə üzləşmişdi. Bizim sənayemiz, demək olar ki, dağılmışdı, inflyasiya minlərlə faizlə ölçülürdü. Əlbəttə, belə vəziyyətdə xarici sərmayə olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməzdi. İqtisadiyyat inkişaf edə bilməsə, təbii ki, ölkə müstəqil həyat sürə bilməzdi. Ona gərə də 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmışdır ki, artıq o vaxtdan 22 il ötür. Amma bu gün də “Əsrin kontraktı” ölkəmizin inkişafında, güclənməsində öz rolunu oynayır”.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizindəki yataqların işlənməsinə xarici investisiya yönəldilməsinə yol açdı. Azərbaycana milyardlarla dollar həcmində investisiya cəlb edildi və ölkə inkişaf etməyə başladı.

“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən layihədə - “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsində hazırda 9 dünya şöhrətli şirkət pay bölgüsü ilə iştirak edir. Bundan əlavə, 22 il ərzində bu layihədə həyata keçirilən genişmiqyaslı tikinti işlərində və hasilatla bağlı əməliyyatlarda iştirak edən xariciyerli şirkətlərin sayı onlarcadır. Məhz bu layihədən sonra Azərbaycan dünyada işgüzar dostluq, sıx əməkdaşlıq, davamlı tərəfdaşlıq etməyi bacaran bir ölkə kimi daha yaxından tanındı.

Azərbaycan ulu öndər Heydər Əliyevin adını daşıyan, haqlı olaraq üçüncü minilliyin nəhəng mühəndis qurğusu sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini də əməkdaşlığın və tərəfdaşlığın bariz nümunəsi kimi araya-ərsəyə gətirdi. Bu layihədə Azərbaycanın və Böyük Britaniyanın, ABŞ-ın, Norveçin, İtaliyanın, Türkiyənin, Fransanın, Yaponiyanın, Hindistanın şirkətləri bir araya gəliblər. Kəmərin tikintisində və istismarında iştirak edən neçə-neçə digər ölkənin şirkətlərini də göstərməklə deyilənləri bir daha təsdiq etmiş olarıq.

Bu nəhəng layihələrin həyata keçirilməsində özünü etibarlı tərəfdaş kimi tanıtmış Azərbaycan sonra daha qlobal addımlar ata bildi. Hazırda uğurla həyata keçirilən “Cənub qaz dəhlizi” buna əyani misaldır. Bu layihənin reallaşması 7 dövlətin, 11 şirkətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığından bəhrələnir. Prezident İlham Əliyevin dediyi kimi: “Biz bu nəhəng enerji, iqtisadi layihəni uğurla icra edirik, bu, bizə gələcəkdə çox böyük əlavə dividendlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. Bizim enerji siyasətimiz dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatını yaratmışıq və bu formatı genişləndiririk”.

Məhz ildən-ilə genişlənən bu format həyata keçirilən layihələrin coğrafiyasının daha rəngarəng olmasına, əhatə dairəsinin böyüməsinə, əhəmiyyətinin artmasına imkan verir. Beləliklə, bu gün Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Ölkəni AvropaAsiya ilə bir az da yaxınlaşdıracaq Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsinə az qalır. İndi Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi də yaradır. Ölkəmizin göstərdiyi təşəbbüs, təqdim etdiyi regional əməkdaşlıq formatı nəticəsində on milyon tonlarla əlavə yükün daşınmasına şərait yaranacaq.

Bu nəhəng işlərin hamısı əməkdaşlıq və tərəfdaşlıq sayəsində mümkün olub və dövlət başçısı bu barədə belə deyir: “Azərbaycan bu gün dünyada cox etibarlı tərəfdaş kimi tanınır. Çünki bizim iştirak etdiyimiz bütün  layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik və həyat göstərir, düz hesab edirik ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər”.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S. 1.