Əli bəy
Hüseynzadə və füyuzatçılıq
XIX əsrin ikinci yarısında Əli bəy Hüseynzadə dünyaya gələndə (24 fevral 1864-cü il, Salyan şəhəri) Azərbaycanda ictimai-mədəni düşüncə epiqonçu ənənələr əsasında davam edirdi. Ölkədə çarizmin monarxist idarə üsulu hökm sürür, kəndlərdə təhkimçilik hüququ öz təsirini hələ də göstərir, ümumxalq təfəkküründə “zillüllah” (padşahı Allahın kölgəsi saymaq) fəlsəfəsi əsas yer tuturdu. Ə.Hüseynzadə Tiflisə babası Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin yanına gedib orada gimnaziya tələbəsi olanda da (1875-1885) ictimai-mədəni şüurun səviyyəsi təxminən belə idi. Doğrudur, “az-az ayılanlar” (C.Məmmədquluzadə) var idisə, yenə də “xabi-qəflət qaranlığında Allahu-əkbər” sədasından başqa bir şey eşidilmirdi.
Belə bir vaxtda Tiflisdə Şərqin maarifçi-materialist filosofu, dünyəvi elmlərə böyük rəğbət bəsləyən mütəfəkkir M.F.Axundzadə şəxsiyyəti ilə babasının məclislərində tanış olan Əli bəy təbiət elmlərinə böyük maraq göstərməyə başladı. Və bu həvəs onu Sankt-Peterburq Universitetinin Fizika və təbiət fakültəsinə gətirdi. Bir müddət burada dövrün məşhur elm adamlarından, o cümlədən Mendeleyev, Vaqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “Xalqçılar” hərəkatına rəğbət bəsləyir və nəhayət, bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır...
Əli bəy İstanbula gəlir və burada darülfünunda əsgəri tibb fakültəsində oxumaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, “Qırmızı ay” heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul Darülfünunda Əsgəri tibb fakültəsində professor köməkçisi olur. Ə.Hüseynzadə burada da təqib edilir, çünki o, darülfünun tələbəsi ikən inqilabçı “Gənc türklər” hərəkatına qoşulmuşdu.
Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin bir fikir adamı idi. Türkiyədəki təqiblərdən sonra vətəni Azərbaycana qayıdan Əli bəy “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını əsasən burada dərc etdirir və “Gənc türkçülük” nədir?” adlı məqaləsi ilə Türk tənzimat hərəkatının mahiyyətini şərh edir. Ə.Hüseynzadə bu zaman artıq yeni ampluada çıxış edir, islahatçı-reformist ideya adamı kimi tanınmağa başlayırdı. Az sonra o, dövrünün məşhur ilahiyyatçı-alimi, ictimai xadim və publisist Əhməd bəy Ağaoğlu ilə birlikdə və milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayır. Bu qəzet Əli bəyi Azərbaycana “ağır başlı” filosof, “sədrə şəfa verən” (ağla qida verən) sözlər söyləyən mütəfəkkir kimi tanıdır və əsərlərini burada dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi:
- Həqiqətin də dadı və ləzzəti var.
- Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..
- Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər... Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar.
- Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...
Ə.Hüseynzadənin Azərbaycanın ictimai-mədəni həyatı və milli jurnalistika tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edən onun ardıcıl olan söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Ədəbi-tənqidi və publisistik məqalələri, şeirləri, bədii nəsri və siyasi-fəlsəfi pamfletində Ə.Hüseynzadə azadlığı, hürriyyəti obrazlı şəkildə təqdim edir, azad sözü “pəruyi-hürriyyət” (azadlıq pərisi) adlandırır və onu “Kuhi-Qaf və Suimurq quşu” məqaləsində Qaf dağlarına zəncirlə bağlanmış məşhur “od oğrusu” Prometeyə bənzədir. Azad sözün cəmiyyətdə varlığını Prometeyin odu, işığı ilə müqayisə edən Əli bəy 1905-1907-ci illərdə Azərbaycanda mətbuat və fikir azadlığının cəfakeşlərindən biri, milli ziyalılıq simvolu idi. Elə buna görədir ki, o, müasirlərinə hər bir insanın “baş tacı olan” azadlığın mahiyyətini anladır və deyirdi: “Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin, nə də bir fərdin etiqad və əfkarindən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə, hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib-yazmaqda muxtardır (Mövlude-Nəbi. “Füyuzat” jurnalı, 1907-ci il).
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəməyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
“Füyuzat” jurnalının birinci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözü olub lüğəvi mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz, zövq, feyz almaq, feyziyab olmaqdır. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birlikdə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq kimi onlarla müəllifin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. “Füyuzat”da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi: “Bizə fədai lazımdır! Türki hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Təzə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” və s. mətbuat orqanları tərəfindən “türkləşmək, islamlaşmaq, müasirləşmək bərabərdir azərbaycançılıq” şəklində formulə edilərək təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
“Füyuzat” jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.
Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan füyuzatçılar rus inqilabçı-demokratların, türk tənzimatçılarının, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir. Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların aparılmasını məqsəd bilirdi. Bu mənada “Füyuzat” və füyuzatçıların məşğul olduqları əsas problemləri qısa şəkildə belə təsnif etmək olar:
- Türkləşmək, islamlaşmaq, avopalaşmaq bərabərdir azərbaycançılıq.
- Demokratik axtarışlar.
- Neoromantik ədəbiyyatın yaradılması.
- Füyuzatçı jurnalistika məktəbinin təsisi.
- “Dildə, fikirdə, işdə birlik” konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması.
- “İttihad və tərəqqi” ideyasını yürütmək və turançılığı təbliğ etmək.
- İctimai-siyasi şüurda islahatların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması.
- Yenilikçilik - “təcəddüdçülük” hərəkatını gücləndirmək və bu əsasda dünyəvi məktəbdarlıq işini həyata keçirmək.
- Söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s.
“Füyuzat” və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında onu da ayrıca qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon - birtipli düşüncə tipindən imtina edir, yalnız “köhnə müsəlman” (M.Ə.Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə, onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki, Əli bəy Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.
Şamil VƏLİYEV,
Bakı Dövlət Universitetinin
professor
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 4.