Perunun nüfuzluEl Peruano” qəzeti Azərbaycanın uğurlarından yazıb

 

Perunun nüfuzlu “El Peruano” qəzetində tanınmış jurnalist Xulio Cesasr Panduronun “Qafqazın mirvarisi” sərlövhəli məqaləsi dərc edilib.

Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən müəllif səfər təəssüratlarını oxucuları ilə bölüşüb.

Müəllif qeyd edib ki, Azərbaycan qədim tarixi, mədəni sərvətləri, valehedici memarlıq abidələri, adət və ənənələri, nağılabənzər istirahət guşələri olan zəngin ölkədir, qədimliklə müasirliyin qovuşduğu paytaxt Bakı isə dünyanın ən gözəl şəhərlərindən biridir. Məqalədə Azərbaycanın günbəgün dəyişdiyi və bu gün Qafqazda ən mühüm mərkəzə çevrildiyi vurğulanıb.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi 25 il ərzində sürətli inkişaf yolu keçdiyi, neft-qaz sahəsindən əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə yönəldildiyi, öz uğurları ilə Avrasiyanın bir çox ölkələri üçün nümunəyə çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

Daha sonra müəllif möhkəm qala divarları ilə əhatə edilmişorta əsr memarlıq abidələri olan İçərişəhərin çox gözəl qorunub saxlandığını və UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edildiyini bildirib. Şəhərin qədim Qız qalası abidəsinin Azərbaycanın rəmzlərindən biri olduğundan, onun şəklinin milli valyutanın üzərində təsvir edildiyindən söhbət açılıb. Həmçinin diqqətə çatdırılıb ki, artıq Bakının yeni rəmzləri də yaradılıb. Bu sırada “Alov Qüllələri”ndən və Dənizkənarı Milli Parkdan ətraflı danışılıb.

Bakının sakinləri barədə məlumat verən müəllif onların çox səmimi və gülərüz olduğunu qeyd edib. Həmçinin bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, burada əhalinin mütləq əksəriyyətinin müsəlmanlar olduğu, həmçinin müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı diqqətə çatdırılıb. Ölkədə gözəl tolerantlıq mühitinin hökm sürdüyünü bildirən müəllif qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Yazıda Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə, birinci Avropa Oyunlarına, “Formula 1” Qranpri yarışlarına, Ümumdünya Şahmat Olimpiadasına, həmçinin Bakı Beynəlxalq Humanitar forumlarına uğurla ev sahibliyi etdiyi vurğulanıb. Bildirilib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ilielan edilib və gələn il ölkə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəkdir.

Bakıda beynəlxalq hava limanının, bir sıra mədəniyyət mərkəzlərinin, parkların Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıdığı vurğulanıb, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən söhbət açılıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən müasir müstəqil Azərbaycan regionun lider dövlətinə çevrilib və inkişafını yüksələn xətlə davam etdirir.

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S. 4.