“Ağ
örpəkli tarlaların gəlini”
O illərdə pambıqçı qızlar haqqında mahnılar bəstələnərdi. Sürəyya, Şamama, Qızqayıt, Vəsilə, Fatma və başqalarının əməyi şeirlə, nəğmə ilə vəsf olunardı. İndi o mahnılar səsləndirilmir. İllər keçib, zaman dəyişib və həmin nəğmələrin qəhrəmanlarının əksəriyyəti artıq aramızda yoxdur. Elə mahnılar da var idi ki, ümumən pambıqçı qızlara həsr edilərdi. “Ağ örpəkli tarlaların gəlini” misrası o mahnılardan birinin sözlərindəndir.
Mahnı müəllifləri “ağ örpəkli” sözlərini bəmbəyaz məhsulla örtülmüş tarlayamı, yoxsa burada çalışan gözəl-göyçək Azərbaycan qızlarınamı ünvanlayıb, bilmirəm. Amma hər halda pambıqdan, pambıqçılıqdan söz düşəndə bəyaz tarlanı və günəşin qızmarından saçlarını, üz-gözlərini yaylıqla, ləçəklə qoruyan qız-gəlini bir-birindən ayrı təsəvvür etmək çətindir.
O illərdə ən yaxşı oçerklər də pambıqçılar haqqında yazılardı. O oçerkləri radioda dinləyər, qəzetdə oxuyar, tarla qəhrəmanlarının obrazını gözümüz önündə canlandırardıq. Yadımdadır ki, unudulmaz müəllimimiz, professor Nurəddin Babayev bizə - jurnalist olacaq tələbələrə belə oçerklərin nümunəsində bu janrın məziyyətlərini öyrədərdi.
Vaxt keçdi və bir gün özüm bu mövzuda yazmalı oldum. Qəhrəmanım Qızqayıt Həsənova idi. O zaman bütün SSRİ-nin tanıdığı bu pambıq ustasının bütün həyat yoluna artıq qəzetlərin, radio və televiziyanın vasitəsilə bələd idim. Bilirdim ki, Biləsuvar rayonunun Xırmandalı kəndindəki kolxozun sədridir. Əvvəllər adi pambıqçı olub. Sonra əllə sürətli yığım ustası kimi ad-san qazanıb, orden və medallara layiq görülüb. Ali təhsil alaraq aqronom ixtisasına yiyələnib, həmyerlilərinin etimadını qazanaraq təsərrüfat rəhbəri seçilib. Sosialist Əməyi Qəhrəmanıdır. SSRİ Ali Sovetinin deputatıdır.
Fikirləşirdim ki, Qızqayıt xanımdan daha nə soruşum. Dolubədənli, klassik üslubda səliqəli geyinmiş, əllərindən, çöhrəsindən zəhmətdə bərkdən-boşdan çıxdığı görünən bir xanımla üz-üzə oturmuşduq. Bütün bu sadalananlarla yanaşı, çox suyuşirin idi, oturuşu-duruşu əsl qadın zərifliyindən, xanım-xatınlığından xəbər verirdi. Məni çoxdandır düşündürən bir sualı kimə verəcəyimi indi bildim. Soruşdum ki, qadın və qəhrəmanlıq anlayışları bir araya necə sığır? Axı qəhrəmanlıq göstərmək comərdlik, hünər tələb edir, qadın isə çiçək kimi incə məxluqdur.
Qızqayıt xanım səsində fikrimə etiraz tonu olaraq qısaca cavab verdi: “Qadının tək bircə gecə beşik başında səhərəcən oyaq qalmasının özü qəhrəmanlıqdır”. Açmasını belə başa düşdüm: “Qadın kimi güclü, ana kimi fədakar bir məxluqun tarlada pambıq becərib toplaması nə çətin iş imiş ki?!”
Əslində isə pambıqçılıq çox çətin sahədir, lakin bu sahədə hünər göstərənlər, hətta qəhrəman adı alanlar az deyildi.
Pambıq kolu özü balaca olsa da, minlərlə insanın əsl çörək ağacı idi. Qonaq getdiyimiz Salyan rayonunda bir pambıqçı ilə tanış olmuşduq. O, başçılıq etdiyi manqanın qızları ilə hər il tarlalardan bol məhsul toplayan, camaat arasında hörməti olan əmək qabaqcılı idi. Adı yaddaşımda Laura Səlimova kimi qalıb. Tikintisi təzəcə başa çatan evini göstərərək demişdi ki, bu, pambıqdan qazanılan halal pulla ərsəyə gəlib...
Prezident İlham Əliyevin bu il sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanış olduğu barədə yazını oxuyanda həmin hadisəni xatırladım. Fatma xanım Prezidentə pambıqçılığı bərpa etdiyi üçün özünün və rəfiqələrinin minnətdarlığını çatdırdı: “Allah sizə ömür versin. Bax, bu, qızların çörəyidir, həyatıdır, Vallah, hamısı sevinir. Eşidən də deyir Allah Prezidentin köməyi olsun ki, bunu bərpa etdi, təzədən qaytardı”.
Deməli, tarlada hünər göstərə bilən qızlar yenə də var.
Dövlət başçısı da pambıqçılığı inkişaf etdirməkdə başlıca məqsədlərdən birinin insanların rifahının yaxşılaşdırılması olduğunu bildirdi: “Əgər bu il təxminən 51 min hektar əkilibsə, gələn il ölkə üzrə təqribən 120-130 min hektar əkilməlidir. Bu da iş yerləri deməkdir. İnsanları işlə təmin etmək üçün bu, çox vacib sahədir. Yaxşı pul alacaqlar”.
Başqa sözlə, dövlət “ağ qızıl”lı tarlalarda çalışanlara hər cür kömək və dəstək göstərir.
Prezident İlham Əliyev pambıqçılığın şöhrətini qaytarmaqla yanaşı, bir sıra dəyərli ənənələri də bərpa edir: “1970-ci illərdə bizim mərkəzi qəzetlərdə pambığın, üzümün tədarükü ilə bağlı belə bir cədvəl verilirdi ki, hansı rayon nə qədər istehsal edib. Rayon əhalisi də baxırdı, qabaqda olanlar sevinirdi. Ondan sonra mükafatlandırma aparılırdı. Əfsuslar olsun ki, bu müsbət prinsiplər ya yaddan çıxır, ya tarixdən silinir. Biz buna bir daha baxmalıyıq, onları bərpa etməliyik”.
Olsun ki, bu da jurnalistlərə bir mesajdır. Bizlərin işi pambıqçılığı diqqət mərkəzində saxlamaq, bu mövzunu jurnalistikanın bütün janrlarından istifadə edərək hərtərəfli işıqlandırmaqdır. O cümlədən pambığı becərib yığmaqda məharətini göstərən, halal pul qazanan qız-gəlinin əməyini vəsf etməkdir. Bu gün də Azərbaycan kəndində Bəstilər, Şamamalar, Sürəyyalar, Xuramanlar, Sonalar, Tərlanlar az deyil. Hətta onlar əvvəlkindən də çoxdur.
Bir vaxtlar pambıq toplamağa tələbələri də aparardılar (Çünki onda işçi qüvvəsi indiki qədər deyildi). 1979-cu ilin sentyabrında BDU-nun riyaziyyat fakültəsində oxuyan bacımgilin qrupunu da, o dövrün ifadəsi ilə desək, pambığa aparmışdılar. 15 nəfər tələbə qız Neftçala rayonunun Xolqarabucaq kəndində cavan bir ailənin evində məskunlaşmışdı. Evin xanımı üç körpənin anası olduğu üçün tarlaya çıxmırdı. Amma hər axşam qızlar pambıqdan qayıdanadək həyətdə böyük bir samovar qaynadır, süfrəyə qənd, limonlu karamel düzür və qızları iri fincanlarda çaya qonaq edirdi. Deyirdi ki, əlimdən gələn budur, iş üçün darıxsam da, hələlik tarlaya çıxa bilmirəm. Heç olmasa qızlara çay verim...
Çay demişkən, həmin il bacımı çoxlu pambıq topladığına görə mükafatlandırmışdılar - ona qiymətli çay dəsti bağışlamışdılar. Həmin qabları bir yadigar kimi onun cehizlərinə qoşduq... Yeri gəlmişkən, bizim Azərbaycan qızları hər çətin sahədə, ən məhdud şəraitdə də öz bacarıqlarını, zəhmətsevərliklərini göstərə bilirlər.
İndi şagirdlərin, tələbələrin pambıq toplamasına ehtiyac yoxdur. Prezident İlham Əliyevin dediyi kimi: “Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki bizdə kifayət qədər əmək resursları var. Ona görə pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir”.
Keçən əsrin 60-cı illərinin əvvəllərində Sevil Qazıyevanın və onun ardınca ilk mexanizator qızların pambıqyığan maşınların sükanı arxasına keçməsi bir sensasiya idi. Bu gün şəhərdə, lap elə bölgələrin özündə də istənilən markalı maşınları idarə edən xanımları görmək adi haldır. Deməli, qızlar maşınla pambıq yığımında da öz məharətlərini göstərə bilərlər.
Dövlət başçısı pambıq tarlalarında işləyənlər üçün yaxşı şərait yaradılması barədə göstərişlər verib. Tapşırıb ki, hər yerdə tarla düşərgəsi olsun. Orada lazımi ərzaq təminatı, içməli su təşkil edilsin. Çünki pambıqçılıq ağır sahədir. Bütün bunları aidiyyəti təşkilatların hamısı diqqət mərkəzində saxlamalıdır.
İndi buyurun, bu iş, bu meydan, bu da şərait...
Dövlət başçısı işdə fərqlənənlər üçün “Əmək” ordeninin təsis ediləcəyini də bildirib. Əgər yaxşı nəticə olarsa, bu ordenin ilk dəfə pambıqçıya veriləcəyini deyib.
Odur ki, haqqında yazacağım sinəsi “Əmək” ordenli, Qızqayıt timsallı, Sevil hünərli yeni qəhrəmanım haqqında indidən düşünürəm. Yaxın zamanda görüşənədək, “ağ örpəkli tarlaların gəlini!..”
Flora SADIQLI,
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 5.