Qeyri-neft sektorunun
qabaqcıl ünvanı
Sumqayıt
Texnologiyalar Parkında yeni layihələr
reallaşdırılır
...Texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrılıb. Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir.
İlham
ƏLİYEV
Azərbaycan Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye zonaları mühüm əhəmiyyət kəsb edir.
Sumqayıt Texnologiyalar Parkı bu sahədə
reallaşan ilk layihədir. Park 17 zavodu birləşdirir.
Müəssisədə dünya standartlarına
cavab verən müxtəlif çeşidli məhsullar, o
cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli
avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri,
borular, texniki qazlar istehsal edilir. Burada 500
kilovoltluq güc kabelləri buraxılan iki izolyasiya xətti
var. Belə məhsullar MDB və Yaxın Şərq regionunda
yalnız Azərbaycanda istehsal olunur.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun
inkişafında mühüm əhəmiyyət
daşıyan Sumqayıt Texnologiyalar Parkı 250 hektar sahədə
yerləşir. Burada 4500-dən çox işçi
çalışır. Müəssisələrin
ən böyüyü 6500 çeşiddə məhsul
istehsal edən Kabel Zavodudur. Zavodun məhsullarından
məişət avadanlıqlarında, kontakt sistemində
geniş istifadə olunur. Yüksək gərginliyə
davam gətirən güc kabellərinin MDB məkanında,
qonşu Türkiyə və İranda, hətta bir sıra
Avropa ölkələrində analoqu yoxdur.
Sumqayıt Texnologiyalar Parkının ikinci ən
böyük müəssisəsi Polimer Məmulatları
Zavodudur. Burada su və kanalizasiya polimer boruları, onların
fitinqləri istehsal edilir. Gündə 500
ton polimer məhsulları hazırlamaq gücünə malik
müəssisədə 50-dən çox istehsal xətti fəaliyyət
göstərir.
Qeyd edildiyi kimi, texnoparkda yüksək avadanlıq və
texnologiyalardan istifadə edilir ki, bunun da sayəsində müəssisədə
dünya standartlarına cavab verən məhsullar buraxmaq
mümkündür. Texnoparkın Sendviç Panellər Zavodu fasad və arakəsmə
divarları, peneplas, profnastil, tor panellər və metal torlar,
Texniki Qazlar Zavodu maye və qaz halında oksigen, azot, arqon, maye
və quru buz halında karbon istehsalı ilə məşğuldur.
Cihazlar Zavodu isə Qafqazda ilk elektron cihazlar
istehsal edən müəssisədir.
Sumqayıt
Texnologiyalar Parkının Ağır Maşınqayırma
Zavodunda tikinti-quraşdırma, elektroenergetika,
maşınqayırma və digər sahələrdə istifadə
olunan metal konstruksiyalar, ağır tonnajlı
körpülü kranlar, hidroturbinlər, külək
generatorları, Dəqiq Mexanika Zavodunda qeyri-standart avadanlıq
və mürəkkəb konstruksiyalı maşın mexanizmi
elementləri, eləcə də digər məhsullar
hazırlanır. Texnoparkda günəş
kollektoru qazanları, həmçinin bir çox sahələrdə
tələbat duyulan yüksək keyfiyyətli, standartlara
uyğun məhsullar istehsal edən digər müəssisələr
də fəaliyyət göstərir.
Bu gün Sumqayıt Texnologiyalar Parkının məhsulları
ölkəmizdə tikilən elektrik stansiyalarını,
yarımstansiyaları yüksək gərginlik kabelləri və
digər zəruri məmulatlarla təmin edir. Ağır
Maşınqayırma Zavodunun istehsal etdiyi müxtəlif
markalı maşınlara da artıq Azərbaycanın
yollarında rast gəlmək olar.
Sumqayıt Texnologiyalar Parkının ixrac potensialı da
yüksəkdir. Bu səbəbdən texnoparkın müəssisələrində
hazırlanan çoxçeşidli, rəqabətqabiliyyətli
malların dünya bazarına çıxarılması
üçün xeyli iş görülüb. Hazırda
Gürcüstana, Qazaxıstana, Əfqanıstana, Hindistana və
bir sıra ölkələrə müxtəlif
çeşidli mallar göndərilir. Bununla bərabər,
BP şirkəti ilə neft sektorunda bir sıra layihələrin
həyata keçirilməsi nəzərdə tutulub.
Yeri gəlmişkən qeyd edək ki, bu günlər
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvləri Sumqayıt Kimya Sənaye
Parkında olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı
ilə reallaşan səfər zamanı əvvəlcə
Sumqayıt Kimya Sənaye Parkının ofisində
görüş keçirilib, qonaqlara SKSP-də görülən
işlər barədə məlumat verilib, təqdimat
keçirilib.
Görüşdə
sənaye və sosial zonalardan ibarət olan və ümumi ərazisi
295,62 hektar təşkil edən Sumqayıt
Kimya Sənaye Parkı, parkda investorlar üçün
yaradılmış güzəşt mexanizmləri və xidmətlər
barədə məlumat verilib. Bildirilib ki, sənaye
parkının yeraltı və yerüstü infrastrukturu, o
cümlədən yeraltı qalereyalar, ərazidaxili
kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və
daxili dəmir yol xətləri dövlət büdcəsindən
maliyyəşdirilir. Artıq sənaye
parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya
xətlərinin tikinti-quraşdırma işləri başa
çatıb. Hazırda sənaye
parkının daxili avtomobil yollarının, Peşə Tədris
Mərkəzinin, ərazidaxili elektrik xətlərinin,
110/35/6.3 kV-luq yarımstansiyanın tikinti-quraşdırma
işləri davam etdirilir. Yarımstansiyanın
tikintisi bu ilin noyabrında tamamlanacaq. Sumqayıt
Kimya Sənaye Parkının yaradılmasından qısa zaman
keçməsinə baxmayaraq, hazırda 9 şirkətə
rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında
cəlb edilmiş investisiyaların həcmi 1,1
milyard ABŞ dolları təşkil edəcək. İnfrastruktur işləri ilə yanaşı, sənaye
parkına yeni rezidentlərin cəlb edilməsi və
parkın təbliği istiqamətində işlər davam
etdirilir. Birinci mərhələ üzrə SKSP-də
5-7 min yeni iş yerinin yaradılması nəzərdə
tutulur.
Qeyd olunub
ki, sənaye parklarında rezidentlərin qeydiyyatının
“bir pəncərə” sistemi ilə həyata keçirilməsi,
rezidentlərin 7 il müddətinə mənfəət, əmlak
və torpaq vergilərindən, həmçinin idxal olunan
texnika, texnoloji avadanlıqlar və qurğulara görə
ƏDV-dən və gömrük rüsumundan azad olması bu
parkların üstünlüklərindəndir. Bütün
bunlar isə investisiya layihələrini daha səmərəli
edir.
Qonaqlar
Sumqayıt Kimya Sənaye Parkının ərazisində
ümumi sahəsi 10 660 kv.metr təşkil edən Peşə
Tədris Mərkəzi ilə də tanış
olublar. Burada 500 nəfər təhsil alacaq.
Mərkəzdə auditoriyalar, fənn və
peşə otaqları, kitabxanalar, yaradıcılıq
otaqları, tibb məntəqəsi, təqdimat otağı,
arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq.
Eyni zamanda mərkəzdə sənayenin müxtəlif
istiqamətləri üzrə (kimya, inşaat, mexatronika və
s.) peşə hazırlığı həyata keçiriləcək.
Tədris mərkəzinin işini Avropa standartlarına
uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin
kurikulumlarına müvafiq olaraq “Paralel təhsil” (“dual
education”) modeli tətbiq olunacaq. Tədris
prosesi təhsil-təcrübə-tətbiqetmə
ardıcıllığı üzrə həyata keçiriləcək.
Mərkəzdə təhsil alanların əldə
etdikləri biliklərin təcrübədən keçirilməsi
üçün emalatxanalarda lazımi şərait
yaradılması nəzərdə tutulub.
Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkının
rezidentləri və onların istehsal edəcəkləri məhsullar,
Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları
haqqında məlumatlar millət vəkillərinin diqqətinə
çatdırılıb. Məlumat verilib ki, ümumilikdə
Sumqayıt Kimya Sənaye Parkında istehsal olunacaq müxtəlif
sənaye məhsulları, o cümlədən polipropilen,
yüksək sıxlıqlı polietilen, şüşə
lövhələr, ferroərintilər, yüksək təzyiqə
davamlı xortum və fitinq, inşaat qatqıları
üçün xammal və hazır məhsulların Avropa və
MDB ölkələrinə ixracı nəzərdə tutulur.
Qonaqlar sənaye
parkının ərazisində aparılan tikinti işləri,
parkın ilk rezidenti olan “Azertexnolayn” MMC-nin istehsalat müəssisələri,
Aqrokimya Azərbaycan” MMC, eləcə də “SOCAR Polymer” layihəsi
çərçivəsində görülən işlərlə
də tanış olublar. Onlara məlumat
verilib ki, “Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan,
ölkəmiz üçün mühüm əhəmiyyət
kəsb edən və eksport potensialına malik polad boru,
qofralı boru, fitinqlər, metal konstruksiya, metal hasar və s. məhsullar
istehsal edir. “Azertexnolayn” MMC-yə məxsus Polad
Boru, Polietilen Məmulatları və Hidrotexniki Avadanlıqlar
zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda burada istehsal olunan məhsulların 75 faizi
ixrac edilir. Artıq “Azertexnolayn” MMC tərəfindən
bu ilin 9 ayında istehsal edilən 47 milyon manat həcmində
müxtəlif borular, mexaniki və hidrotexniki avadanlıqlar
“Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac
olunub.
“SOCAR Polymer” MMC isə sənaye parkının ərazisində
Polipropilen Zavodunun tikintisini davam etdirir. Artıq ərazidə
polipropilen istehsalı üçün lazım olan
bütün obyektlərin tikintisinə başlanılıb.
Hazırda tikintidə 1100 nəfər
çalışır. Yüksəksıxlıqlı
polietilen istehsal edən zavodun inşasına başlandıqdan
sonra tikintidə çalışanların sayı 1500 nəfəri
ötəcək. Sumqayıt şəhər
sakinlərinin tikinti işlərinə cəlb edilməsinə
xüsusi önəm verilir. Layihənin
investisiya dəyəri 750 mln. ABŞ
dollarıdır. Polipropilen Zavodunun 2017-ci
ilin sonu, Yüksəksıxlıqlı Polietilen Zavodunun isə
2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.
“SOCAR Polymer” layihəsi son 40 ildə bu sahədə
miqyasına görə Azərbaycanın neft-kimya sənayesində
həyata keçirilən ilk belə layihədir.
Sumqayıt
Kimya Sənaye Parkının rezidenti kimi “Aqrokimya Azərbaycan”
MMC isə Türkiyə, Almaniya, ABŞ və İtaliya
texnologiyası əsasında ildə 57 min ton maye halında və
1000 ton toz halında pestisidlər istehsalını həyata
keçirəcək. Layihə dəyəri 16
mln. dollar olan zavodun fəaliyyətə
başlaması ilə 100 nəfər daimi işlə təmin
olunacaq.
Hazırda
SKSP-nin 4 rezidenti -
“SOCAR
Polymer”, “Aqrokimya Azərbaycan”, “Ferro Ərintilər Zavodu”, “MST
Engineering” tərəfindən istehsal sahələrinin tikinti-quraşdırma
işləri aparılır.
Rüstəm KAMAL,
Azərbaycan.-
2016.- 1 noyabr.- S. 6.