Bölgələrdə
yeni mədəniyyət ocaqları
yaradılır
Mədəniyyətin inkişafı son illər dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin bu sahədə başladığı islahatları uğurla davam etdirərək bölgələrdə yeni mədəniyyət ocaqlarının yaranmasına xüsusi diqqət yetirmişdir. İlk növbədə hüquqi cəhətdən mükəmməl, dünya standartlarına uyğun və milli özəllikləri nəzərə alan qanunlar qəbul edilmişdir. “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Muzeylər haqqında”, “Memarlıq fəaliyyəti haqqında” və s. qanunlar qüvvəyə minmişdir.
Yeni qanunlara əsasən bu gün böyük şəhərlərdə olduğu kimi, bölgələrdə də azsaylı xalqların, etnik qrupların milli adət-ənənələrini, mədəniyyətlərini yaşatmaq və inkişaf etdirmək üçün lazımi şərait yaradılmışdır. Məsələn, udinlərin “Cəngi” folklor qrupu, ləzgilərin “Abay” rəqs kollektivi, avarların “Hudulki”, saxurların “Ceyranım” xalq kollektivlərinin fəaliyyət dairəsi daha da genişləndirilmişdir.
Bölgələrdə mövcud mədəniyyət və incəsənət obyektlərinin yenidən qurulması və inşası indi də gündəmdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə səfəri zamanı hər dəfə yeni mədəniyyət ocaqlarının açılışı buna bariz nümunədir. Təsadüfi deyil ki, ölkə başçısı Qazax və Ağstafaya səfəri zamanı hər iki rayonda həyata keçirilən infrastruktur layihələri ilə tanış olarkən yeni mədəniyyət ocaqlarının açılışında da iştirak etmişdir.
Yenidənqurmadan sonra istifadəyə verilən Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1984-cü ildə yaradılıb. Muzey o vaxtdan müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Yeni binanın inşasına 2015-ci ilin noyabrında başlanılıb və cari ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın tikinti sahəsi 432,6, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbii sərvətlərini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.
Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim Daş dövrü, orta əsrlər və s. bölmələr var.
Muzeyin ikinci mərtəbəsində “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqqında maraqlı məlumatlar və eksponatlar toplanılıb. Binanın mansarında isə konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb.
Qazaxa qonşu Tovuz, Şəmkir və Gədəbəy rayonlarında olduğu kimi, Ağstafa rayonunda da ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzi əsaslı şəkildə yenidən qurulub. Burada aparılan yüksək keyfiyyətli təmir və yenidənqurma işlərindən sonra 400 yerlik akt zalında rayon əhəmiyyətli tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam və xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Ekoturizm, uşaq yaradıcılıq və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları açılıb. Burada kiçik kinozalı da rayon sakinlərinin ixtiyarına veriləcək.
Ağstafa şəhərində daha bir mədəniyyət ocağı - müasir tələblərə cavab verən Musiqi Mərkəzi yaradılıb. Ağstafa Mədəniyyət Mərkəzi də əsaslı təmir və yenidənqurmadan sonra qapılarını şəhər sakinlərinin üzünə açıb.
Bu il Salyan və Masallı rayonlarında da yeni mədəni infrastrukturlar istifadəyə verilib. Salyan Tarix-Diyarşünaslıq Muzeyinin binası 1982-ci ildə tikilib. Ötən müddət ərzində tikili yararsız hala düşdüyündən 2016-cı ilin may-avqust aylarında əsaslı təmir olunaraq yenidən qurulub. İkimərtəbədən ibarət muzeyin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada fond otağı və digər yardımçı otaqlar yerləşdirilib. İkinci mərtəbə əsasən ekspozisiya zallarından ibarətdir. Muzeydə 12 mindən çox eksponat var və onlardan 800-ü ekspozisiya zallarında nümayiş etdirilir.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin binası isə üçmərtəbəlidir. Muzey 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işində daha model layihələrin tətbiq edilməsi Masallı Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkilinə zəmin yaratmışdır. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılmışdır. Muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat var, onlardan 2 mini ekspozisiya zalında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Muzeydə rəsm otağı, sərgi zalı, fond otağı və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı yaradılıb.
Yeni mədəniyyət ocaqlarının istifadəyə verilməsi sırasında Masallıdakı 640 yerlik Uşaq incəsənət məktəbi də var. Məktəb 1979-cu ildə inşa edilib. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəb indi daha müasir və geniş binada yerləşir. İkimərtəbəli binada 33 sinif otağı var. Otaqlar müasir avadanlıqlarla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Hazırda 70 müəllimin çalışdığı Masallı rayon Uşaq incəsənət məktəbində 305 şagird təhsil alır.
Rəhman SALMANLI,
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 7.