Bakıda VII Azərbaycan-Rusiya
Regionlararası Forumu keçirilib
“Əməkdaşlıq
körpüsü” adlandırılan Forum Azərbaycan ilə
Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə
edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər
və iş adamlarının faydalı görüşləri
ilə əlamətdar olub
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində
VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya
Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı
ilə keçirilən Forumda Azərbaycan və Rusiyanın
dövlət rəsmiləri, parlament və icra hakimiyyəti
orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye,
turizm, kənd təsərrüfatı, tikinti, ticarət,
konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə
və s. sahələrində fəaliyyət göstərən
sahibkarlar və KİV təmsilçiləri iştirak ediblər.
Foruma Rusiyanın 9 subyektindən 250-dən
çox, Azərbaycan tərəfdən isə 300-dək
olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı
qatılıb.
VII Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi
açılış mərasimində Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov və
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə
regionlararası və mədəni əlaqələr idarəsinin
rəisi Vladimir Çernov dövlət
başçılarının Forum
iştirakçılarına təbrik məktublarını
oxuyublar.
Forumda çıxış edən Azərbaycan
Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev
qonaqları salamlayaraq, Forumun keçirilməsinin Azərbaycan
və Rusiya dövlət başçılarının təşəbbüsü
olduğunu və artıq ənənəyə
çevrildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın
bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi
ölkələrimiz arasında uğurlu əməkdaşlığın
göstəricisidir. Nazir əmin
olduğunu bildirib ki, builki Forum da əvvəlki illərdə
keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin
inkişafına öz töhfəsini verəcək.
Şahin Mustafayev qarşılıqlı hörmət və
mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin
xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya
əlaqələrinin strateji səviyyədə olduğunu
vurğulayıb. Bildirilib ki, dövlət
başçıları siyasi-iqtisadi əlaqələrin inkişafına
xüsusi önəm verirlər. Prezidentlərin, dövlət
rəsmilərinin və iş adamlarının
çoxsaylı qarşılıqlı səfərləri bu
böyük önəmin göstəricisidir. Son
10 ildə Prezident İlham Əliyev Rusiya Federasiyasına 30-dan
çox, Prezident Vladimir Putin isə Azərbaycana 10-a yaxın
səfər edib. Qarşılıqlı səfərlərin
ölkələrimiz arasında əlaqələrin
inkişafına göstərilən böyük maraqdan xəbər
verdiyini qeyd edən Şahin Mustafayev Rusiya nümayəndə
heyətinin Azərbaycana növbəti səfərinin də əməkdaşlığın
genişləndirilməsinə öz töhfəsini verəcəyini
vurğulayıb.
Ölkələrimiz arasında yaradılmış
möhkəm müqavilə-hüquqi baza ticarət-iqtisadi, kənd
təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət
və digər sahələrdə əlaqələrin
genişləndirilməsinə imkan verir. Ümumiyyətlə,
50-dən çoxu iqtisadi sahədə olmaqla, 170-dən
çox sənəd imzalanıb. İkitərəfli
iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Rusiya
Hökumətlərarası Komissiyası, parlamentlərarası
qruplar və səfirliklər də önəmli rol
oynayırlar.
Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əməkdaşlığının
vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Bu ilin
yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət
dövriyyəsində müsbət dinamika müşahidə
edilib. Hazırda Azərbaycanın ticarət
dövriyyəsində Rusiya üçüncü, idxalda isə
birinci yeri tutur. Ölkələrimiz arasında azad ticarət
rejimi mövcuddur və bu, ticarət əlaqələrinin və
iş adamları arasında əməkdaşlığın
inkişafına əlavə imkan yaradır.
Məlumat verilib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə
yaxın şirkət fəaliyyət göstərir. Son illər
Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard
ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard
dollardan çox birbaşa investisiya yönəldib. Azərbaycanın
“Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində
25 milyon dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini
istifadəyə verib, “Azərsun Holdinq” şirkəti Krasnodar
vilayətində 8 milyon dollar dəyərində meyvə-tərəvəz
konservlərinin istehsalı zavodu və 3 milyon dollar dəyərində
çay fabriki tikib. “Karvan-L” şirkəti Kabardin-Balkar
Respublikasında “Stalprom” müəssisəsinin tikintisi və
təchizatı, Dağıstan Respublikasında isə təqribən
1,5 milyon dollar dəyərində “Anji” İdman Mərkəzinin
tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti Krasnodar vilayətində
33 milyon dollar dəyərində quru tikinti
qarışıqları istehsalı zavodunun tikintisinə
başlayıb. Noyabrın 2-də isə
Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya
Şirkətinin və Rusiyanın “R-Farm” şirkətinin
iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq
zavodunun təməli qoyulacaq.
İnvestisiya
sahəsində əməkdaşlığın
inkişafında iş adamlarının iştirakı ilə
keçirilən biznes forumların və digər tədbirlərin
əhəmiyyətini qeyd edən Şahin Mustafayev 2015-ci ildə
keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumundan
ötən müddətdə ölkəmizdə 10-a yaxın
biznes forum, “dəyirmi masa” və işgüzar
görüşün keçirildiyini, belə tədbirlərin
Azərbaycanda və Rusiyada yaradılmış əlverişli
investisiya mühitinin göstəricisi olduğunu bildirib.
Nazir Şahin Mustafayev Azərbaycan Respublikası
Prezidentinin təşəbbüsü ilə qəbul
edilmiş yeni islahatlar proqramı barədə Forum
iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki,
sahibkarlıq subyektlərində aparılan yoxlamalar
dayandırılıb, lisenziyalaşdırılmış fəaliyyət
növlərinin sayı əhəmiyyətli dərəcədə
azaldılıb, sahibkarlığa dövlət dəstəyi
gücləndirilib, elektron xidmətlərdən istifadə
imkanları genişləndirilib, investisiya qoyuluşu və
qeyri-neft ixracı stimullaşdırılıb. Rusiyada da
iqtisadiyyatın diversifikasiyası, özəl sektorun
inkişafı, ixrac imkanlarının genişləndirilməsi
istiqamətində islahatlar aparılır və bu, Azərbaycan
sahibkarlarının dost ölkəyə marağını
daha da artırır.
Qeyd olunub ki, Azərbaycan-Rusiya əməkdaşlığının
perspektivli istiqamətlərindən biri də tranzit
yükdaşımalarıdır. Bu baxımdan
Şimal-Cənub nəqliyyat dəhlizi xüsusilə əhəmiyyətlidir.
Azərbaycan, Rusiya və İran dövlət
başçılarının 2016-cı ilin avqustunda
keçirilən görüşü bu sahədə yeni layihələrin
reallaşdırılmasına impuls verib. Hazırda
İran sərhədinə qədər olan dəmir yolunun
qalan hissəsinin və dəmir yolu körpüsünün
tikintisi davam etdirilir.
Təhsil, elm, səhiyyə, mədəniyyət, idman
sahələrində də əlaqələr genişlənib. 2008-ci ildən Bakıda
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına
Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət
göstərir. Bakı Slavyan Universitetində azərbaycanlı
gənclərin rus və digər slavyan dillərini öyrənməsi,
340 mindən çox şagirdin təhsil aldığı 320
məktəbdə isə rus dilində təhsil imkanı
yaradılıb. Rusiyanın ali təhsil
müəssisələrində 14 mindən çox Azərbaycan
vətəndaşı təhsil alır.
Heydər Əliyev Fondu Azərbaycan-Rusiya humanitar əlaqələrinin
genişləndirilməsinə mühüm töhfələr
verir. Bu sahədə Rusiyada Azərbaycanlı Gənclər
Birliyi (AMOR) də önəmli fəaliyyət göstərir.
Ölkəmizin
Rusiya Federasiyasının subyektləri ilə uğurlu əməkdaşlığından
danışan Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və
Rusiya prezidentlərinin birgə təşəbbüsü ilə
başlanmış regionlararası əməkdaşlıq
çərçivəsində rəsmi şəxslər və
iş adamları çoxsaylı qarşılıqlı səfərlər
həyata keçirirlər. Son iki ildə
Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz,
Tatarıstan, Dağıstan respublikalarının,
Sankt-Peterburq, Həştərxan və Vladimir vilayətlərinin
nümayəndələri Azərbaycanda səfərdə
olub. Rusiya Federasiyasının 17 subyekti ilə
ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə
sazişlər imzalanıb, 4 subyekti ilə hökumətlərarası
komissiya fəaliyyət göstərir. Ümumilikdə,
Azərbaycan Rusiyanın 78 subyekti ilə ticarət-iqtisadi əməkdaşlıq
edir.
Şahin
Mustafayev Forum çərçivəsində keçirilən
“dəyirmi masa”larda müzakirə edilən məsələlərin,
imzalanacaq sənədlərin sənaye, kənd təsərrüfatı,
humanitar, turizm və s. sahələrdə əlaqələrin
genişlənməsi üçün yeni imkanlar açacağına
əminliyini vurğulayıb.
Rusiya
Federasiyasının iqtisadi inkişaf nazirinin müavini
Aleksandr Sıbulski çıxışında Forumun iki
ölkənin dövlət və regional hakimiyyət
orqanları arasında dialoq üçün səmərəli
platforma olduğunu qeyd edib, tədbirin əməkdaşlığın
gələcək inkişafında əhəmiyyətli rol
oynayacağını, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığı
üçün yeni perspektivlər açacağını
diqqətə çatdırıb. Aleksandr
Sıbulski Azərbaycan və Rusiya arasında iqtisadi və
ticarət sahəsində əməkdaşlıq barədə
məlumat verib, Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya
işgüzar şuralarının yaradılmasının təqdirəlayiq
olduğunu bildirib. Qeyd edilib ki, Rusiyadakı sənaye
parklarında əməkdaşlıq üçün
geniş imkanlar var və artıq Azərbaycan iş
adamları “Lotos” iqtisadi zonasına maraq göstərirlər.
Bundan başqa, sənaye, energetika, nəqliyyat, xidmət,
humanitar və s. sahələrdə əməkdaşlıq
imkanları diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri
Polad Bülbüloğlu və Rusiya Federasiyasının Azərbaycandakı
səfiri Vladimir Doroxin çıxışlarında ölkələrimiz
arasındakı əməkdaşlığın genişləndirilməsi
istiqamətində diplomatik nümayəndəliklərin
gördüyü işlər barədə məlumat veriblər.
Rusiya Federasiyası Dağıstan Respublikasının
başçısı Ramazan Abdulatipov, Tümen vilayətinin
qubernatoru Vladimir Yakuşev və Arxangelsk vilayətinin
qubernatoru İqor Orlov Rusiya və Azərbaycan regionları
arasında müxtəlif sahələrdə mövcud əlaqələrdən
və əməkdaşlığın perspektivlərindən
söhbət açıblar.
Bakı
şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev, Xaçmaz Rayon
İcra Hakimiyyətinin başçısı Şəmsəddin
Xanbabayev və İmişli Rayon İcra Hakimiyyətinin
başçısı Vilyam Hacıyev çıxış
edərək, Azərbaycan regionları ilə Rusiyanın
federal subyektləri arasındakı sıx əlaqələr
və səmərəli əməkdaşlıq barədə
danışıblar.
Sonra Azərbaycan
və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd
– Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya
Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort şəhəri
Administrasiyası arasında əməkdaşlığa və
qardaşlaşmaya dair Saziş, Bakı şəhərinin Nərimanov
Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan
vilayəti arasında əməkdaşlıq barədə
Niyyət Protokolu, Rusiya Federasiyasının Həştərxan
vilayətinin “Nərimanov rayonu” bələdiyyə təsisatı
ərazisində yaradılmış sənaye-istehsal tipli
Xüsusi İqtisadi Zonada sənaye-istehsal fəaliyyətinin həyata
keçirilməsi haqqında Saziş, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) ilə Stavropol diyarının Ticarət-Sənaye
Palatası arasında əməkdaşlığa dair
Saziş, AZPROMO ilə Dağıstan Respublikasının
Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq
haqqında Memorandum, AZPROMO və Xəzər regionunda Xarici
İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq
barədə Memorandum, Azərbaycan Tibb Universiteti ilə
Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa
dair Çərçivə Sazişi, Quba Turizm İnformasiya
Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi
arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət
haqqında Saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi
ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında
turizmin inkişafı sahəsində birgə fəaliyyət
haqqında Saziş, Azərbaycanın Meyvə-Tərəvəz
İstehsalçıları və
İxracatçıları Assosiasiyası ilə Xəzər
regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası
arasında əməkdaşlığa dair Memorandum
imzalanıb. Forum çərçivəsində, həmçinin
“Bentonit” MMC, “ADY Exspress” MMC və “AzRosPromİnvest” MMC
arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq
haqqında Memorandum və Azərbaycanın “Qlass Haus” şirkəti
ilə Dağıstan Respublikasının “Xəzər Vərəqə
Şüşə Zavodu” ASC arasında mallar təchizatı
üzrə Niyyət Sazişi imzalanıb.
Daha sonra Forumda mükafatlandırma mərasimi
keçirilib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə təhsil sahəsində
səmərəli fəaliyyətinə və xidmətlərinə
görə təltif edilmiş Həştərxan vilayətində
yerləşən Heydər Əliyev adına
11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya “Tərəqqi”
medalı təqdim olunub. Medalı Azərbaycan
Respublikası Prezidentinin köməkçisi Əli Həsənov
təqdim edib.
Xatırladaq
ki, Heydər Əliyev adına 11 nömrəli
orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə açılıb və Fondun Həştərxan
vilayətində həyata keçirdiyi layihələrdən
biridir. Azərbaycanın birinci xanımı Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu fəaliyyətinə
görə “Həştərxan vilayəti
qarşısındakı xidmətlərinə görə” ordeni
ilə təltif edilib.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə
regionlararası və mədəni əlaqələr idarəsinin
rəisi Vladimir Çernov “Azərbaycan” nəşriyyatının
baş direktoru Ağabəy Əsgərova Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin təşəkkürnaməsini
təqdim edib.
X X X
VII Azərbaycan-Rusiya
Regionlararası Forumu çərçivəsində iş
adamları arasında ikitərəfli görüşlər
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya tərəfindən
sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət,
konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə
və digər sahələrdə fəaliyyət göstərən
iş adamları iştirak edib. İkitərəfli
görüşlərdə iş adamları arasında yeni əlaqələr
qurulub, bir sıra məsələlərə dair
razılıqlar əldə olunub.
Forum
çərçivəsində Azərbaycan və Rusiya
arasında sənaye, aqrar, turizm və humanitar sahələrdə
əlaqələrə və əməkdaşlıq
perspektivlərinə dair “dəyirmi masa”lar
keçirilib.
Dövlət
sektorunu və özəl sektoru təmsil edən nümayəndələrin
iştirakı ilə keçirilmiş “Sənaye: ikitərəfli
əlaqələrin perspektivləri” mövzusunda “dəyirmi
masa”da Azərbaycan və Rusiyanın sənaye potensialı, bu
sahədə fəaliyyət göstərən müəssisələr
arasında əməkdaşlıq və birgə layihələrin
həyata keçirilməsi məsələləri müzakirə
edilib, hər iki ölkənin sənaye müəssisələrinə
və sənaye parklarına dair təqdimatlar keçirilib.
“Turizm sahəsində əməkdaşlığın
inkişafı: problemlər və perspektivlər” mövzusunda
keçirilən “dəyirmi masa”da Azərbaycan və Rusiya tərəfindən
dövlət qurumlarının və turizm şirkətlərinin
nümayəndələri iştirak edib. “Dəyirmi
masa”da hər iki ölkənin turizm potensialı və bu sahənin
inkişafı üçün həyata keçirilən tədbirlər
barədə məlumat verilib, əməkdaşlıq
perspektivləri müzakirə edilib, Rusiya və Azərbaycan
regionlarının turizm potensialına dair təqdimatlar olub.
“Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin başlıca istiqamətləri” adlı “dəyirmi masa”sında hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, tətbiq olunan qabaqcıl texnologiyalara və baş verən yeniliklərə, aqrar məhsulların keyfiyyətinin artırılmasına, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, logistikanın inkişafının hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış Azərbaycan regionlarının potensialına dair təqdimatlar keçirilib. “Dəyirmi masa”da müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
“Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilmiş “dəyirmi masa”da təhsil, elm, mədəniyyət və idman sahələrində birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri və gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil proqramlarına dair təqdimatlar keçirilib. “Dəyirmi masa”da elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, çıxışlar dinlənilib.
Sonra “dəyirmi masa”lar çərçivəsində aparılan müzakirələr və əldə olunan nəticələr barədə moderatorların məruzələri dinlənilib.
Forumda yekun nitqi ilə
çıxış edən Azərbaycan Respublikasının
iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya
Federasiyasının iqtisadi inkişaf nazirinin müavini
Aleksandr Sıbulski VII Azərbaycan-Rusiya Regionlararası Forumun
işinin uğurlu olduğunu, iki ölkə arasında əlaqələrin
inkişafına öz töhfəsini verəcəyini
vurğulayıblar.
Azərbaycan.- 2016.- 2 noyabr.- S. 2.