Muxtar respublikada İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi olub

 

Noyabrın 1-də Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin açılış tədbiri olub.

AZƏRTAC xəbər verir ki, festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Sonra qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində Naxçıvanda nəşr olunan elmi kitablardan, jurnallardan, arxeoloji tapıntılardan, rəsm əsərlərindən və xalq yaradıcılığı nümunələrindən ibarət sərgiyə baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikada keçirilən İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin iştirakçılarını və qonaqları salamlayıb, festivalın işinə uğurlar arzulayıb.

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında elmin inkişafının həmişə diqqət mərkəzində olduğunu vurğulayan Rəhman Məmmədov bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu daha da təkmilləşdirilib, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi təsis edilib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, EtnoqrafiyaArxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün binalar tikilibya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar otaqları qurulub. Bununla yanaşı, elektron kitabxana da yaradılıb.

Qeyd olunub ki, muxtar respublikada zəruri elmi infrastrukturla yanaşı, elmi kadrların hazırlanması da diqqətdə saxlanılıb, AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində dissertasiya şuraları fəaliyyətə başlayıb. Bunun nəticəsində muxtar respublikanın elmi potensialı ildən-ilə artıb.

Elmi potensialın artması fundamental tədqiqatların aparılmasına və elmi nəticələrin əldə olunmasına əlverişli şərait yaradıb. Naxçıvanda aparılan elmi araşdırmaların ən son nailiyyətləri, məlumatları və ümumiləşdirici fikirləri nəşr olunan əsərlərdə öz əksini tapıb” deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, üçcildlik “Naxçıvan tarixi” və “Naxçıvan folklor antologiyası”, ikicildlik “Naxçıvan ensiklopediyası” və Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”ı, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan teatrının salnaməsi” kimi ümumiləşdirici əsərlər hazırlanaraq nəşr olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla şöbəsinin müdiri elm adamlarının elmimizi daha da zənginləşdirəcəklərinə əminliyini ifadə edib, İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsinin işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli çıxışında ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisə olan İkinci Azərbaycan Elm Festivalının ilk mərhələsinin qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Akademik respublikamızda, o cümlədən muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdikləri uğurlu elmi nəticələrin əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən ətraflı söhbət açıb. Bildirib ki, Azərbaycan elmi ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə böyük inkişaf yolu keçib. Dahi Heydər Əliyev epoxasının Azərbaycan Elmlər Akademiyası keçmiş Sovet İttifaqında tanınmış mühüm elmi qurumlardan birinə çevrilib. Ulu öndər 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi fərman imzalayıb. Həmçinin bu istiqamətdə verilən digər qərarlar akademiyanın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaradıb. Bütün bunların nəticəsində AMEA-nın fəaliyyət dairəsi genişlənib, elmin davamlı inkişafı təmin edilib. Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli fərmanı bütövlükdə elmimizin inkişafına böyük töhfə verib.

“Ölkəmizdə bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, onun inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biridir” deyən AMEA-nın vitse-prezidenti qeyd edib ki, ümummilli lider Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması kimi mühüm vəzifələri qarşıya qoyaraq, AMEA Naxçıvan Bölməsinin təsis edilməsi istiqamətində müdrik addım atıb. Bu elmi müəssisə isə, öz növbəsində, mühüm töhfələri ilə bölgədə elm mərkəzinə çevrilibelmi inkişafa stimul verib. İyirmi beş ildir blokada vəziyyətində yaşayan muxtar respublikada bu gün ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan bütün sahələr üzrə, o cümlədən elmdə böyük inkişaf yolu keçib.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev vurğulayıb ki, bu gün respublikamızda elmin cəmiyyətdə rolu gündən-günə artmaqdadır. Bunun bir səbəbi elmə dövlətin diqqət və qayğısının artması ilə bağlıdırsa, digər bir səbəbi isə elm siyasətinin elm adamlarına güclü təsiri və gənclərin bu sahəyə göstərdiyi ciddi maraqla əlaqədardır. Naxçıvan Muxtar Respublikasında da elm adamları yüksək qayğı və diqqətlə əhatə olunublar. Nəticədə son illərdə muxtar respublikada elmi mühit formalaşıb, elmdə kəmiyyət və keyfiyyət artımı özünü əyani şəkildə göstərib.

“Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tərkibində 4 elmi-tədqiqat institutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bunlardan üçü təbiətşünaslıq-texniki, qalan üçü isə ictimai-humanitar istiqamətlərdə elmi-tədqiqat işlərini həyata keçirir” deyən İsmayıl Hacıyev bildirib ki, bölmənin elmi əməkdaşlarının 119 monoqrafiyası, 145 kitabı, 4717 məqaləsi, 1251 tezisi, 18 xəritəsi nəşr olunub. Həmçinin 25 patent alınıb, bölmənin elmi əməkdaşları 19 qrant layihəsində qalib gəliblər. Elmi əməkdaşların 46 elmi əsəri impakt faktorlu jurnallarda dərc olunub.

Tədbirdə “Azərbaycanın elm məbədi” adlı sənədli film nümayiş etdirilib.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı olub.

Festival AMEA Naxçıvan Bölməsində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam etdirilib.

Tədbir iştirakçıları Naxçıvan şəhərində yerləşən tarixi abidələrlə, səhiyyə, mədəniyyət müəssisələri ilə də tanış olublar.

 

Azərbaycan.- 2016.- 2 noyabr.- S. 4.