Torpağı bərəkətli,
insanları səxavətli Lənkəran
Lənkəranın böyük və zəngin tarixində XX əsrin öz yeri var. Xüsusilə, 1970-1980-ci illər Lənkəranın inkişafında xüsusi yer tutur. 1969-cu ilin yayında Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev o zaman respublikada hökm sürən sükunəti qısa bir vaxtda canlanma ilə əvəz etdi. Hər yerdə əmək coşqunluğu, ruh yüksəkliyi yarandı. Ulu öndər Lənkərana da tez-tez səfərlər edər, əmək kollektivləri ilə bilavasitə iş üstündə görüşüb söhbətlər aparar, fikrini öyrənər, müəyyən məsələlərlə, o cümlədən Lənkəranın inkişafı ilə əlaqədar mühüm qərarlar verərdi. Bunların nəticəsi idi ki, rayon hər ili böyük nailiyyətlərlə başa vurardı. O zaman Lənkəran Moskvanın tərəvəz bazası hesab olunurdu. Həmin illər neçə-neçə əmək qabaqcılı ən yüksək mükafatlarla təltif olunardı. İqtisadi inkişaf subtropik iqlim şəraitinə malik olan bu rayonun əhalisinin gün-güzəranını yaxşılaşdırmış, Lənkəran şəhəri abadlaşmışdı.
O dövrdə respublikamıza səfər edən yüksək rütbəli qonaqlar da Lənkərana gedər, diyarın əsrarəngiz təbiətini seyr edər, ətirli çayından, sitrus meyvələrindən dadar, rayonun tarixi ilə maraqlanardılar. Onların bir çoxunun Lənkəranın təbiəti, insanları haqqında yazdığı xoş sözlər rayonun tarix-diyarşünaslıq muzeyinin xatirə kitabında saxlanılır.
Keşməkeşli
90-cı illər
1990-cı illərdə respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr Lənkəranda da özünü qabarıq şəkildə büruzə vermişdir. Ölkədə yaranan hakimiyyətsizlikdən istifadə edən separatçı qüvvələr başda Əlikram Hümbətov olmaqla xam xəyallara düşmüşdülər. Lakin Lənkəranın müdrik ağsaqqalları, ziyalıları bu dəfə də öz sözlərini dedilər, onları yerlərində oturtdular. Bu yolda canlarından keçənlər də oldu. 3 nəfər lənkəranlı gənc Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Yaranan vəziyyətin gərginliyini görən bölgənin əhalisi yeganə çıxış yolunu dəmir iradəyə, böyük təcrübəyə malik olan Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında gördülər. Onlar inanırdılar ki, Azərbaycanı məhv olmaq təhlükəsindən yalnız bu tarixi şəxsiyyət xilas edə bilər. Belə də oldu, əvvəlcə Milli Məclisin Sədri, sonra isə Prezident seçilən Heydər Əliyevin gərgin əməyi, dəmir iradəsi, böyük müdrikliyi ilə ölkədə sabitlik yarandı, cəbhədə atəşkəs razılığı əldə edildi. Bunlar dağılmış iqtisadiyyatın bərpasına, xarici ölkələrlə diplomatik əlaqələrin genişləndirilməsinə imkan yaratdı, müstəqilliyinin bərpasına nail olmuş Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı, ölkədə mühüm islahatlar həyata keçirildi, respublikamızın həyatında yeni bir dövr başlandı.
Hər şeyi
yenidən qurmaq lazım gəlirdi
Bu sətirləri yazarkən yadıma 2003-cü ilin payızı düşdü. Lənkəranda idim. İşlə əlaqədar o zaman şəhər icra hakimiyyətinin başçısı işləyən Yaşar Rzayevlə kabinetdə görüşəndə gördüm ki, otağında elektrik lampası zəif işıq saçır. Yaşayış evlərində, digər yerlərdə vəziyyət bundan da pis idi. Əhaliyə gün ərzində yaxşı halda 5-6 saat elektrik enerjisi verilirdi. Bəzən isə günlərlə kəsilirdi. Gərginliyin aşağı düşməsi ucbatından məişət cihazları tez-tez sıradan çıxırdı. Kondisionerdən, kombi istilik sistemindən o vaxt söhbət belə gedə bilməzdi. Uzun illərdən bəri təmir işləri aparılmayan küçələrdə, yollarda avtomobillər çətinliklə hərəkət edir, sınıb-dağılırdı. Şəhər təsərrüfatı iflic vəziyyətinə düşmüşdü. İqtisadiyyatın bütün sahələri çökmüşdü. Çay plantasiyaları, sitrus meyvə bağları otlaq sahəsinə çevrilmişdi. Mövcud olan zavod və fabriklər, müəssisələr fəaliyyətini dayandırmış, avadanlıqları ayrı-ayrı adamlar tərəfindən sökülüb dağıdılmış, talan edilmişdi. Bir sözlə, hər şeyi yenidən qurub-yaratmaq lazım idi.
Müstəqilliyimizin
quruculuq illəri
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, mühüm qərarlar illər ötdükcə öz nəticələrini daha çox göstərdi. Neftdən gələn gəlirlər paytaxt Bakının, eləcə də regionların sosial-iqtisadi inkişafına yönəldildi və bununla bağlı dövlət proqramları qəbul edildi, digər sosial yönümlü layihələrin icrası ilə bağlı sərəncamlar imzalandı. Bunlar Heydər Əliyev ideyalarının növbəti mərhələdə - 2003-cü il oktyabrın 15-də Prezident seçilən İlham Əliyev tərəfindən davam etdirilməsi idi. Həmin iqtisadi-siyasi sənədlər çərçivəsində respublikamızın hər yerində tikinti-quruculuq, abadlıq işlərinə başlanıldı. Yeni istehsal sahələri yaradıldı, minlərlə adam üçün iş yerləri açıldı. Bu inkişaf, yüksəliş haqqında söz açdığımız “Cənub mirvarisi” Lənkəranda da özünü göstərdi. Ölkə rəhbəri İlham Əliyev bu illər ərzində 10 dəfə Lənkərana səfər etmiş, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 10 sərəncam imzalamışdır.
Onların icrası sayəsində
çatışmazlıqlar mərhələ-mərhələ
aradan qaldırıldı. Astarada, habelə ölkəmizin digər
yerlərində tikilən müasir tipli elektrik stansiyaları
işıq problemini aradan qaldırdı. Normal elektrik enerjisinin olması sənayenin,
digər sahələrin inkişafına təkan verdi. Yol
infrastrukturundakı problemlərin aradan qaldırılması
sırasında 2006-cı ilin oktyabr ayında Lənkəran-
Lerik magistral şose yolunun tikilib istifadəyə verilməsini
göstərmək olar. Bu şose Lənkəranın
həmin yolun üzərində yerləşən kəndlərinin
və bütövlükdə Lerik rayonunun inkişafında, əhalinin
rahatlığının təmin edilməsində
mühüm rol oynayır. Qeyd edək ki,
regionlarin sosial-iqtisadi inkişafı Dövlət
Proqramları çərçivəsində Olimpiya idman
kompleksi, müalicə diaqnostika mərkəzi, hava limanı
tikilib istifadəyə verilib. Bu obyektlərin
hər biri nəinki Lənkəran, bütövlükdə
region üçün böyük əhəmiyyət kəsb
edir. Hazırda Olimpiya idman kompleksində
yenidənqurma işləri gedir. Fəaliyyət
dövründə isə burada rayon, respublika, hətta beynəlxalq
əhəmiyyətli idman yarışları keçirilib.
Regionlar üzrə ilk dəfə 3 nəfər
xəstə üzərində açıq ürək əməliyyatı
Lənkəran Müalicə Diaqnostika Mərkəzində
aparılıb.
Neft
kapitalını insan kapitalına çevirmək sahəsində
Lənkəranda son 13 il ərzində
çox işlər görülüb. Bu
dövrdə rayonda 37 müasir tipli yeni məktəb tikilib.
Onların 10-u Heydər Əliyev Fondunun dəstəyi
ilə inşa olunub. 4 məktəb isə
əsaslı şəkildə təmir edilib. Bunlardan əlavə,
5 saylı uşaq bağçası inşa olunmuş, O. Mirzəyev
adına qarışıq tipli uşaq evi və 17 saylı
uşaq bağçası yüksək keyfiyyətlə təmir
edilmişdir. Hər bir məktəb və
uşaq bağçası lazımi avadanlıqlarla təchiz
edilmişdir. Görülən işlər
təlim-tərbiyə prosesinə öz müsbət təsirini
göstərmişdir. Bu dövrdə tələbə
adını qazanan 12 nəfər Prezident təqaüdünə
layiq görülmüşdür. 2015-2016-cı
tədris ilinin nəticələri daha uğurlu olmuşdur.
Test imtahanları zamanı 30 nəfər 600-dən, 58 nəfər
500-dən çox bal toplayaraq seçdikləri
ixtisas üzrə ali təhsil almaq hüququ qazanmışlar.
Cari ildə rayonda 464 nəfər məzun ali
məktəblərə qəbul olunmuşdur ki, bu da ötən
ildəkindən 28 nəfər çoxdur. Aşağı
Nüvədi qəsəbə tam orta məktəbini bitirən
Xoşqədəm Əhmədova 695 bal
toplayaraq Ali Neft Məktəbinə daxil olmuşdur. O, Prezident
təqaüdçüsüdür. Müəllimlərin
də əməyi layiqincə qiymətləndirilmişdir.
Son 13 ildə 9 nəfər əməkdar müəllim, 15 nəfər
qabaqcıl təhsil işçisi, 5 nəfər əməkdar
məşqçi, 5 nəfər ilin ən yaxşı müəllimi
adına layiq görülmüş, 12 nəfər “Tərəqqi”
medalı ilə təltif olunmuşdur. Səhiyyə, mədəniyyət,
idman sahələrində də uğurlar az
deyil.
Həyata keçirilən işlər quruculuğun yeni
mərhələsi olan üçüncü dövlət
proqramı çərçivəsində də davam
etdirilir. Heydər
Əliyev xatirə parkı, Heydər Əliyev Mərkəzi,
gənclər mərkəzi, tarixi əhəmiyyət kəsb
edən Xan evi, şəhər mədəniyyət mərkəzi,
rayon mərkəzi xəstəxanası və digər obyektlər
əsaslı şəkildə yenidən qurulmuş, onlara
yenidən həyat verilmişdir.
Reallaşdırılan yol layihələri, demək olar
ki, 150 mindən çox əhalinin yaşadığı əraziləri
əhatə edir. İlkin olaraq minik
maşınlarının gedə bilmədiyi dağ kəndlərinə
asfalt yollar çəkilmiş, dəmir-beton konstruksiyalı
körpülər salınmış, 145 kilometrdən
çox kəndarası yollar təmir olunmuşdur.
Yaşayış məntəqələrinin
qazlaşdırılması davam etdirilir. Qəsəbə
və kəndlərin 87 faizi
qazlaşdırılmışdır.Yaxın vaxtlarda bu rəqəm
95 faizə çatdırılacaqdır.
Son illər
şəhid ailələri və Qarabağ əlilləri
üçün 120 mənzilli 3 çoxmərtəbəli
yaşayış binası və 15 fərdi yaşayış
evi tikilmişdir.
Sahibkarlığın
inkişaf etdirilməsi sayəsində rayonda sənaye
istehsalının 60,1, aqrar bölmədə
istehsalın 99, əhaliyə göstərilən pullu xidmətin
75 faizi özəl bölmənin payına düşür.
Cari ilin 9 ayı ərzində Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən iş adamlarına 343 min manat
güzəştli kredit verilmişdir.
Aqrar sahənin inkişaf etdirilməsi
dövrün tələbidir
Lənkəranın
bərəkətli torpağından, kənd təsərrüfatından
söhbət açanda çayçı alim, professor Fərman
Quliyevin bir neçə il əvvəl
çəkdiyi bir məsəli xatırlamamaq olmur. O deyirdi ki,
bir səyyah Lənkərandan keçib Şərq ölkələrinin
birinə gedirmiş. Yol gedərkən bir də
xəbər tutur ki, çəltiyin xeyli hissəsi xurcunun
küncündən yerə tökülüb. Səyyahın
təəssüf hissi keçirdiyini görən
yanındakı bələdçi ona deyir: “Kədərlənməyə
dəyməz. Səfərdən dönəndə
yerə dağılmış çəltik dənələrinin
100 qat bar verdiyini görəcəksən. Qayıdan
baş xurcununu doldurub gedərsən, hələ nə qədər
də artıq qalar”. Bəli, subtropik iqlimə
malik Lənkəran torpağı, həqiqətən, səxavətli,
bərəkətlidir. Burada çəltik,
çay, sitrus meyvələri yetişir. Ətirli
çay, limon onun vizit kartıdır. Şair və yazıçılarımız da Lənkəranın
gözəlliklərini, dadlı, ləzzətli nemətlərini
dönə-dönə tərənnüm etmişlər.
Hazırda rayonda aqrar sahənin inkişafı ilə
bağlı tədbirlər görülür. Dünya
bazarında neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsi mövcud ehtiyat mənbələrini
hərəkətə gətirməyi tələb edir. Buna görə də dövlət
başçısı İlham Əliyev kənd təsərrüfatının
inkişaf etdirilməsini prioritet məsələ kimi irəli
sürmüşdür. Məqsəd respublika
əhalisini ekoloji cəhətdən təmiz, keyfiyyətli kənd
təsərrüfatı məhsulları ilə təmin etməklə
idxaldan azad olmaq, “Azərbaycan brendi” adı altında xarici
bazarlara çıxa biləcək rəqabət qabiliyyətli
müxtəlif növ məhsullar istehsal etməkdir. Vəzifə məsuliyyətli olduğu qədər
də şərəflidir. Yeri gəlmişkən,
artıq bir neçə ildir Lənkəran çayı
xarici ölkələrdə rəğbətlə
qarşılanır.
Çay Lənkəran üçün ənənəvi
bitkidir.
1986-cı ildə burada 6 min 890 hektar çay plantasiyası
olmuş və 15 min 609 ton yaşıl çay yarpağı
yığılmışdır. Lakin müstəqilliyin
bərpasından sonrakı ilk illərdə buraxılan səhvlər
üzündən indi burada 566 hektar çay sahəsi
mövcuddur. Keçən il həmin
sahələrdən 101 ton məhsul əldə edilmişdir. Artıq son illər rayonda
çayçılığa da diqqət
artırılmışdır. Onun
keçmiş şöhrətini qaytarmaq üçün tədbirlər
görülür. Çay kolları əkiləndən
7-8 il sonra bar verməyə başlayır,
ancaq 100 il ömür edir. “Yaşıl
çay”, “İlyas çay” fermer təsərrüfatları,
“Fərmançay” MMC tərəfindən yeni məhsuldar
çay plantasiyaları salınmışdır. Çayçılığın inkişafı
üçün yeni şitillik təsərrüfatı
yaradılmaqdadır.
Lənkəranda
yetişdirilən çəltikdən alınan düyü də
tamı, xoş ətri ilə digərlərindən
fərqlənir. Buna görə son illər
respublika əhalisi Lənkəran və Astarada yetişdirilən
düyünü daha həvəslə alır. Tələbatın artdığını və məhsulun
münasib qiymətə satıldığını görən
fermerlər, torpaq mülkiyyətçiləri ildən-ilə
daha çox sahədə çəltik əkirlər.
Son illər sitrus meyvə bağları da xeyli genişləndirilmişdir. İndi burada 1268 hektar limon, naringi, portağal və feyxoa
bağları mövcuddur. Hər ağac kifayət qədər
bar gətirib. Hava şəraiti imkan verdikcə
meyvələr yığılıb daxili və xarici bazarlara
- Rusiya Federasiyasındakı şəhərlərə
göndərilir. Yeni yaradılmış
“Gilan sitrus” MMC-nin ümumi sahəsi 45 hektardır. 15 hektarda Cənubi Koreyadan gətirilmiş “Hallobong”
sitrus meyvə tingləri əkilmişdir. Təsərrüfatı
genişləndirmək məqsədilə əlavə 30 min ədəd
ting gətirilmişdir. Cari ilin 9 ayı ərzində rayonda
105 min 28 ton tərəvəz, 310 ton çəltik, 5 min 262
ton kartof, 7 min 311 ton meyvə, 2 min 410 ton bostan məhsulları,
302 ton çay, 4 min 519 ton ət, 24,1 min ton süd və 12,3
milyon ədəd yumurta tədarük edilmişdir.
Turizmi gəlirli sahəyə
çevirmək üçün tədbirlər
görülür
Ölkəmizdə turizmin inkişafı ilə
bağlı görülən tədbirlər sayəsində
respublikamıza gələn əcnəbi turistlərin sayı
ildən-ilə artır. Bakıda, regionlarımızda bunu
aydın şəkildə görmək olur. Xarici ölkələrin KİV-i, telekanalları da
son vaxtlar Azərbaycan turizmi ilə bağlı maraqlı
yazılar dərc edir, süjetlər göstərirlər.
Turizm ölkəmizə valyuta gətirməklə
bərabər, həm də Azəbaycanın və Azərbaycan
həqiqətlərinin dünyaya tanıdılmasında da ən
mühüm vasitələrdəndir. Turizm
imkanlarına malik olan rayonlarımızın sırasında Lənkəranın
da öz yeri var. Buranın təbiəti, tarixi abidələri,
mətbəxi, məişəti, adət-ənənələri,
folkloru hər bir turist üçün maraqlıdır.
Rayon ərazisində 16 mehmanxana və mehmanxana
tipli turizm obyekti fəaliyyət göstərir.
“Palıdlı sahil” istirahət mərkəzi, “Qafqaz sahili”,
“Palmalife”, “Lüks Lənkəran”, “Şah sarayı” hotelləri
bu sıradandır. 2016-cı ilin birinci
yarısında rayon ərazisində 3 yeni müasir mehmanxana və
mehmanxana tipli obyekt - “Mandarin”, “Mayak”, “Starvay” hotelləri tikilib
istifadəyə verilmişdir.
Rayonda Turizm İnformasiya Mərkəzi də fəaliyyət göstərir. Mərkəz mehmanxana və mehmanxana tipli obyektlərlə sıx əlaqə saxlayır, Lənkəranın turizm potensialının təbliğ olunması üçün tədbirlər həyata keçirir. Qurum rayonun turizm sektorunun imkanlarını əks etdirən nəfis bukletlər çap etdirmiş, rayon ərazisindəki mehmanxana və mehmanxana tipli obyektlərə, muzeylərə, kitabxanalara paylamışdır. Bukletlərin üstün cəhətlərindən biri də odur ki, onlar 3 dildə: Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir.
Bu ilin may ayında “Euronews” telekanalının əməkdaşları Lənkəranda olmuş, çay plantasiyalarını, tarixi abidələri çəkərək göstərmişlər. Süjet efirə gedəndən sonra Rusiya və Avropadan olan turistlər Turizm Mərkəzinə müraciət edərək həmin yerləri görmək istədiklərini bildirmişlər.
Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Lənkəran İcra Hakimiyyətinin birgə səyi ilə turizmin inkişafı üçün müxtəlif tədbirlər də həyata keçirilmişdir. Nəticədə rayona gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, 2010-cu ildə onların sayı 3 min, 2015-ci ildə 7 min olmuşdursa, cari ilin 9 ayında bu rəqəm 13 min nəfərə çatmışdır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Millətlərin, xalqların, etnik qrupların tolerantlıq, bir-birinə dərin hörmət, səmimi münasibət şəraitində yaşadığı respublikamız dünya üçün nümunədir. Paytaxt Bakıda, ayrı-ayrı regionlarımızda olduğu kimi, Lənkəranda da bununla əlaqədar müxtəlif tədbirlər həyata keçirilir.
Dünya üçün iqtisadi baxımdan çətin il olan 2016-cı il başa çatmaq üzrədir. Bütün çətinliklərə rəğmən, respublikamız iqtisadiyyat və mədəni quruculuğun bir çox sahələrində uğurlu nəticələr qazanır. Bu uğurlarda lənkəranlıların da payı var.
Seyran CAVADOV,
Azərbaycan.- 2016.- 2 noyabr.- S. 5.