Qarşılıqlı
maraqlar TAP-ın çəkilişinin uğurunu təmin edir
“XXI əsrin layihəsi” adlandırılan 3500 kilometrlik “Cənub qaz dəhlizi” boyunca tikinti işləri uğurla irəliləyir. Belə ki, Azərbaycanın və Gürcüstanın ərazisində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK), Türkiyədə Transanadolu Qaz Boru Kəmərinin (TANAP) və dəhlizin qalan hissəsini təşkil edən, qazın Avropaya daşınması üçün nəzərdə tutulan Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi davam edir.
Bu günlərdə Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri TAP-ın bu ölkədən keçən hissəsində də tikinti işlərinin uğurla aparıldığı barədə məlumat verib. İndiyədək kəmərin Albaniyadakı marşrutunun 22 kilometrlik hissəsində borular xətt boyu düzülüb və ümumi uzunluğu 14 kilometrə qədər bir-birinə qaynaq edilib.
Xatırladaq ki, TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Kəmər biri Yunanıstanda, digəri isə Albaniyada yerləşən iki kompressor stansiyasına malikdir. TAP-ın ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr təşkil edəcək. Əlavə qaz ehtiyatlarının nəql ediləcəyi halda kəmərin ötürücülük gücünü ildə 20 milyard kubmetrədək artırmaq imkanı olacaq.
TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində TANAP-la birləşəcək. Buradan TAP-ın Yunanıstan və Albaniya ərazisi ilə keçən yolu başlanacaq. Beləliklə, şərqdən qərbə istiqamət götürən kəmər Adriatik dənizinin sahilinə çatacaq. Sonra dənizin dibi ilə uzanaraq İtaliyanın Puqlia bölgəsində quruya çıxacaq. İtaliya torpağında TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi şəbəkəyə qoşulacaq.
TAP boru xəttinin ümumi uzunluğu təxminən 870 kilometrdir. Onun marşrutunun 550 kilometri Yunanıstandan, 210 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçir. Qalan bir neçə hissə isə İtaliyada quru ərazidə yerləşir. Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə təbii qazın ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan interkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.
TAP-ın diametri 48 düym təşkil edir. Suyun altından keçən
boruların diametri isə buna nisbətən
bir qədər dar - 36 düymdür.
Xəttin çəkilişini tam başa çatdırmaq üçün 53 mindən
çox boru hissəsindən istifadə
ediləcək. Bunun
da 32 mini Yunanıstan,
12 mini Albaniya, 8 min 750-si Adriatik
dənizi, 660-ı isə
İtaliya hissələrinin
payına düşəcək.
Kəmərin çəkilişinə sərf
olunan boruların ümumi çəkisinin
526 min ton olması da görülən işlərin
həcminin böyüklüyündən
xəbər verir. Albaniyada 126 min ton, Yunanıstanda 323 min ton, sualtı
hissədə 72 min ton, İtaliyada
isə 5 min ton borudan istifadə olunacaq.
TAP layihəsi 6 dünya şöhrətli neft-qaz şirkətinin səhmdarlığı
ilə ərsəyə
gəlir. SOCAR (Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti) layihədə
20 faizlik payla iştirak edir. 2020-ci
ilədək layihə
üzrə Azərbaycan
şirkətlərinin xərclərinin
1,2 milyard dollar olacağı gözlənilir.
TAP üzrə tələb
olunan kapital xərcləri isə 5 milyard dollar təşkil edir.
Qeyd edək ki, TAP-ın təməli bu ilin may ayında
Yunanıstanın Saloniki
şəhərində qoyulub.
Yunanıstanın, ABŞ-ın,
Avropa Komissiyasının,
Albaniyanın, İtaliyanın,
Türkiyənin, Bolqarıstanın
yüksək vəzifəli
şəxslərinin, Azərbaycanın
nümayəndə heyətinin,
konsorsiuma daxil olan şirkətlərin rəhbərlərinin iştirak
etdiyi təməlqoyma
mərasimində TAP-ın
Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayacağı bir daha vurğulanıb.
Prezident
İlham Əliyev TAP-ın tikintisinin layihədə iştirak edən bütün tərəflərin ümumi
işi olduğunu qeyd edərək demişdir: “Cənub qaz dəhlizi” artıq reallıqdır və icra edilir.
Əminəm ki, Cənubi
Qafqaz qaz kəmərinin genişləndirilməsi
işləri, TANAP layihəsinin
icrası vaxtında yerinə yetiriləcək.
Beləliklə, Azərbaycan “Şahdəniz-2”dən
qazı həm Gürcüstana, həm Türkiyəyə nəql
edə biləcək.
Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir
problem yaşanmayacaq. Hesab edirəm
ki, burada bütün tərəflər
böyük məsuliyyət
göstərməlidirlər. Çünki bu, bizim ümumi işimizdir”.
Avropanın enerji xəritəsini
dəyişdirəcək “Cənub
qaz dəhlizi”nin reallaşmasında
2015-ci ilin və
2016-cı ilin əvvəllərində
layihənin Məşvərət
Şurasının Bakıda
keçirilən birinci
və ikinci toplantılarının mühüm
əhəmiyyəti olub.
Məşvərət Şurasının iclaslarında TAP-ın tikintisinə aid məsələlər
də müzakirə edilib. Bu il fevral ayının sonunda keçirilən ikinci toplantıda TAP-ın icraçı direktoru İn Bradşav mühüm müzakirələr üçün
Bakıda yaradılmış
imkanlara görə Azərbaycan hökumətinə
minnətdarlığını bildirmişdir. O, TAP-ın
2016-cı ildə tikinti
fazasına daxil olacağını və
ilk qazın Avropaya
2020-ci ilin əvvəlində
çatdırılacağını vurğulayaraq demişdir:
- Artıq qeyd olunduğu kimi, “Cənub qaz dəhlizi” Avropa enerji təhlükəsizliyinin
şaxələndirilməsi baxımından böyük
əhəmiyyətə malikdir.
Lakin bu layihə yalnız TAP kəmərinin
ərazisindən keçən
ölkələr, Avropa
İttifaqı, bizim
Trans-Atlantik və Azərbaycandan olan tərəfdaşların dəstəyi
ilə həyata keçirilə bilər.
Biz bütün tərəfdaşlara dəstəyə
görə təşəkkürümüzü
bildirir və gələcəkdə də
onlardan güclü dəstək gözləyirik.
TAP-ın getdikcə beynəlxalq aləmin daha böyük dəstəyini qazanması
təqdirəlayiq haldır.
Başqa
sözlə, Xəzərin
Azərbaycan sektorundan
çıxarılacaq qazın
Avropa bazarlarına vaxtında çatdırılmasında
istehsalçı, tranzit
və istehlakçı
ölkələrin qarşılıqlı
iqtisadi maraqlarının
təmin edilməsi böyük əhəmiyyət
daşıyır.
Bütün dəhliz boyu görülən işlərin,
o cümlədən TAP-ın
tikintisinin rəvan getməsi isə qarşılıqlı maraqların
olduğunu bir daha təsdiqləyir.
Flora SADIQLI,
Azərbaycan.- 2016.- 2 noyabr.- S. 8.