Maliyyə-kredit sisteminin möhkəmlənməsinə mühüm töhfə
Yeni yaradılacaq kredit
büroları bankların xərclərinin azalmasına və
vətəndaşların hüquqlarının qorunmasına
xidmət edəcək
Prezident İlham Əliyev tərəfindən ölkədə iqtisadi islahatların dərinləşməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. İqtisadi islahatlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ölkənin yeni iqtisadi mənzərəsini yaradır və bu mənzərənin ab-havası gündən-günə hiss olunur. Ölkədə qeyri-neft sənayesinin, sahibkarlığın inkişafı, həmçinin şəffaflığın, xüsusən də maliyyə sahəsində artırılması, eləcə də ictimai nəzarət mexanizminin daha da fəallaşdırılması istiqamətində konkret addımlar atılır, mühüm sənədlər imzalanır. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi iqtisadi islahatlar ölkənin yeni inkişaf hədəflərinə hesablanıb.
Kredit bürolarının fəaliyyəti
nədən ibarət olacaq
Bu gün Azərbaycanda maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərdəndir. İslahatların keyfiyyətlə və nəzərdə tutulan istiqamətdə həyata keçirilməsinin ən əsas prinsipləri maliyyə sahəsində şəffaflığın, nəzarət mexanizmlərinin və bu bazarda likvidliyin təmin edilməsidir. Bütün islahatların əsasında maliyyə sabitliyi durur. Dövlət başçısı qeyd etmişdir ki, ilk olaraq bu sahədə dünya standartlarını tətbiq etməklə maliyyə sabitliyi, banklarımızın, maliyyə qurumlarımızın likvidliyi təmin edilməlidir. Bundan sonra isə digər sahələr üzrə əsaslı islahatlara getmək olar.
Maliyyə-kredit sisteminin daha da şəffaflaşdırılması, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti ilə bağlı yeni qurumlar yaradılır. Onlardan biri də yeni yaradılacaq kredit bürolarıdır. Xatırladaq ki, oktyabrın 28-də Milli Məclisin plenar iclasında dövlət başçısı tərəfindən parlamentə təqdim ediən “Kredit büroları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci və üçüncü oxunuşda qəbul olunub.
Belə bir qurumun yaradılmasında məqsəd problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunmasıdır.
Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Məqsəd fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir. Yəni əsas məsələ maliyyə inklüzivliyini, hər bir insanın və iş adamının maliyyə xidmətinə sərbəst qaydada çıxışını təmin etməkdir.
Kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin, kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.
Bankların riskləri
azalacaq, kredit faizləri
aşağı düşəcək
Mütəxəssislər hesab edirlər ki, kredit bürolarının yaradılması kredit faizlərinin aşağı düşməsinə, effektiv kreditləşməyə və dolayısı ilə də iqtisadiyyatda kreditləşmənin həcminin artmasına gətirib çıxaracaq. Kredit bürolarının yaradılması bankların risklərini və xərclərini də azaldacaq. Çünki hər bir bank borcgötürənin vəziyyətini qiymətləndirir və banklar bunu ayrı-ayrılıqda etdikdə xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların xərclərinin azalmasına, vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni əgər banklar əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Bu baxımdan kredit bürolarının fəaliyyəti həm bankların, həm də vətəndaşların xeyrinədir.
Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatı toplayır, təhlil edir və kredit hesabatlarını verir. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək.
Bir sözlə, kredit bürolarının fəaliyyəti ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək. Bununla da bank sektorunda problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 3 noyabr.- S. 1, 4.