Bakı Dövlət Universitetində
görkəmli alimin
80 illik yubileyi qeyd olunub
Noyabrın 2-də Bakı Dövlət
Universitetində (BDU) görkəmli
türkoloq, Əməkdar
Elm Xadimi, “Şöhrət”
ordenli, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr edilən “Azərbaycan filologiyası:
inkişafın yeni mərhələsi” mövzusunda
respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda
BDU-nun rektoru, akademik
Abel Məhərrəmov T.Hacıyevin
səmərəli elmi
fəaliyyətindən, respublikamızda
dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki,
dilçi alim hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna
rol oynayıb və bütün ömrünü bu sahəyə həsr edib.
Rektor T.Hacıyevin 30 il
BDU-nun türkologiya kafedrasına
rəhbərlik etməsindən,
türkoloq mütəxəssislərin
yetişdirilməsindəki rolundan söz açıb. Diqqətə
çatdırılıb ki,
görkəmli alim
1969-cu ildən ömrünün
sonunadək bu ali məktəbdə
dosent, professor, müəllim,
kafedra müdiri kimi çalışıb,
filologiya və dilçilik elminin, türkologiyanın inkişafında
mühüm xidmətlər
göstərib.
Tədbirdə “Akademik Tofiq Hacıyevin həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış
edən BDU-nun filologiya
fakültəsinin dekanı,
filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin inkişafında xidmətlərindən danışıb.
Azərbaycan Respublikası Baş
nazirinin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov çıxışında
T.Hacıyevin ömür
yolundan, dilçilik sahəsində böyük
bir məktəb yaratmasından, prinsipial mövqeyindən, milli təəssübkeşliyindən bəhs edib. Bildirilib ki, hər hansı
bir ölkənin tərəqqisində elm müstəsna
rol oynayır. Azərbaycan elminin əsl himayədarı olan ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu
bütün dövrlərdə
elmimizin inkişafına
yüksək diqqət
və qayğı göstərib. Bu ənənə hazırda
Prezident İlham Əliyev tərəfindən
uğurla davam və inkişaf etdirilir.
Görkəmli dilçi alimlə
bağlı xatirələrini
bölüşən Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq Yazıçısı Anar
vurğulayıb ki, gözəl ailə başçısı, təvazökar
və səmimi insan olan T.Hacıyevin
zəngin elmi irsi daim yaşayacaq,
xalqımıza, elmimizə
xidmət göstərəcək,
nəsillərdən-nəsillərə ötürüləcək. T.Hacıyev kadr
hazırlığı sahəsində
də çox işlər görüb, dil tarixi, dialektologiya
üzrə respublikamız
və başqa türk xalqları üçün çoxlu
elmi işçi yetişdirib. Onun elmi
yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlar mühüm yer tutur.
Daha sonra şərqşünas alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Mövsüm Nağısoylu, filologiya elmləri doktoru Qəzənfər Paşayev çıxış edərək akademik T.Hacıyevin türkoloq, türkoloq-azərbaycanşünas kimi fəaliyyətindən, yalnız ölkəmizdə deyil, türk dünyası miqyasındakı xidmətlərindən, apardığı araşdırmalardan danışıblar. Diqqətə çatdırılıb ki, ölkəmizdə ədəbi fikrin, ədəbi dilin tarixinin bu günə gəlib çıxması və Azərbaycan dilinin türk dilləri müstəvisindəki mövqeyinin elmi-nəzəri baxımdan qiymətləndirilməsi alimin yaradıcılığının mərkəzində dayanırdı. Onun rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. Alim iştirakçısı olduğu mötəbər beynəlxalq tədbirlərdə çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. T.Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikamızda və onun hüdudlarından kənarda 500-dək elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb.
Akademikin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətlərini və elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirən natiqlər vurğulayıblar ki, T.Hacıyevin dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxlu sayda araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.
Mərhum alimin ailəsi adından çıxış edən oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Konfrans işini
“Tofiq Hacıyev – görkəmli türkoloq”, “Dilçilik”
və “Ədəbiyyatşünaslıq” bölmələrində
davam etdirib. Bölmə
iclaslarında ümumilikdə 117 məruzə dinlənilib,
müzakirələr aparılıb.
Azərbaycan.- 2016.- 3 noyabr.- S. 2.